Heç özüm də bilmirəm ki, bu necə oldu. Bir gün oyanıb qarşımda Ninonu gördüm.
– Yaman tənbəl olmusan, Əli xan, – deyə Nino dilləndi.
Sonra isə döşəyimin qırağında oturdu.
– Üstəlik yatanda da xoruldayırsan, bu da heç sənə yaraşmır.
Ayağa qalxıb tərs-tərs ona baxdım: “Xoruldamaq tütünümə qatılan nəşədəndir” dedim.
Nino başı ilə sözlərimi təsdiqlədi:
– Elə isə nəşə çəkməyi gərək buraxasan.
– Ay səfeh, de görüm aldığın o yazıq iti niyə döyürsən?
İtimi, sol əlimlə onun quyruğundan yapışıram, sağ əlimlə də kürəyinə vura-vura onu döyürəm.
– Bəs itinə nə ad qoymusan?
Nino mülayim bir səslə:
– Onu Kilimancaro deyə çağırıram.
Gözlərimi ovuşdurdum və birdən hər şey gözlərimin qabağında canlandı: Naçararyan, Qarabağ atı, ay
işığı ilə aydınlaşmış yol və Seyidin tərkindəki Nino.
“Nino!” deyə bağıraraq yerimdən atıldım: “Buraya necə gələ bildin”?
Arslan ağa, məni öldürmək istədiyini şəhərdə hamıya danışıb. Elə ona görə də buraya gəldim.
Onun gözləri yaşla dolu idi.
– Sənin üçün elə darıxmışam ki, Əli xan, heç inanmazsan.
Əlim Ninonun saçlarına toxundu. Onu qucaqlayıb öpdüm, dodaqları açıldı. Dodaqlarının hərarəti
məni məst eylədi.
Ninonu döşəyə uzandırdım və əynindəki ipək paltarını çıxartdım. Onun bədəni yumşaq və ətirli idi.
Nino o qədər arıq idi ki, onun qabırğaları görünürdü. Onu qucağıma alıb elə bərk sıxdım ki, ağrıdan
zarıdı. “Nino” dedim. Bu kəlmənin sanki sehrli qüdrəti vardı. Bu kəlmənin sehri ilə real nə vardısa,
qeybə çıxdı. Bu reallıqdan yalnız ikiyaşarmış iri gürcü gözləri və hər şeyi – qorxunu, ləzzəti, marağı və
xoşbəxtliyi birdən-birə yaxşı yandıran ağrını əks etdirən gözlər qalmışdı. Nino heç ağlamadı, fəryad da
qoparmadı. Nino birdən-birə yorğanı qaldırıb, onun altına girdi və sifətini sinəmə dayayaraq gizlətdi.
Onun zərif bədəninin hər bir hərəkəti yağışa susamış torpağın imdadını xatırladırdı.
Yorğanı xəfifcə ayaq ucuma doğru çəkdim.
Bir müddət səssiz, yorğun və xoşbəxt halda uzandığımız yerdə qaldıq. Birdən Nino dilləndi:
– İndi mən evimizə qayıdacağam. Artıq sənin məni öldürməyəcəyini anladım.
– Burayatəkmi gəlmisən, Nino?
– Yox, məni buraya Seyid Mustafa gətirdi. O məni buraya gətirərkən dedi ki, səni Əli xanın yanına
aparıram. Amma onu incitsən, səni öldürərəm. Odur ha, Seyid Mustafa bayırda oturub, əlində də
tapança, əgər səni məyus etmişəmsə, onu içəri çağıra bilərsən.
Mən onu çağırmadım. Əvəzində Ninonu öpdüm.
– Elə bunun üçün buraya gəlmisən?
– Yox, – deyə Nino düzünü dedi.
– Elə isə söylə görüm, nə üçün buraya gəlmisən?
– Nəyi söyləyim? – deyə Nino dilləndi.
– O gecə Seyid Mustafanın atının tərkində Bakıya dönərkən niyə susurdun?
– Qürurumdan.
– Bəs indi nə üçün buradasan?
O da qürurumdan...
Onun əlini əlimə alıb, çəhrayı gül rəngli barmaqlarını oynatdım.
– Bəs Naçararyanməsələsini necə izah edəcəksən? – dedim.
Nino yavaşca dedi:
– Heç fikirləşmə ki, o məni zorla qaçırdırdı. Mən elə hərəkət etməklə də doğru etdiyimə inanırdım.
Lakin yanılmışdım. Günah məndə idi və mən ölməli idim. Onun üçün danışmayıb susurdum... Elə bu
səbəbdən də buraya gəlmişəm. İndi hər şeyi artıq öyrəndinmi?
Onun isti ovucunun içini öpdüm. Həqiqət onun özü üçün çox təhlükəli bir şey olduğu halda O,
açığını danışırdı. Sonra Nino ayağa durdu, otağa nəzər saldı, qəmgin halda dedi:
– İndi mən evimizə qayıdıram. Sən mənimlə evlənməli deyilsən.
Mən Moskvaya gedirəm.
Mən qapıya yaxınlaşıb, qapının bir tayını axıra qədər açdım. Çopur dostum Seyid Mustafa silahı əlində
qapının bayır tərəfində bardaş qurub oturmuşdu. Onun yaşıl qurşağı da belində idi.
– Seyid – dedim – get bir molla və bir şahid çağır. Bir saata evlənirəm.
Seyid cavab verdi:
– Molla çağırmayacağam. Yalnız iki şahid gətirəcəyəm. Kəbini də mən özüm kəsəcəyəm. Mənim buna
səlahiyyətim çatır.
Qapını bağladım. Nino çarpayıda oturmuşdu. Onun qara saçlar çiyinlərinə tökülmüşdü. O güldü:
– Bir fikirləş nə edirsən, Əli xan. Sən pozğun bir qızla evlənirsən.
Mən onun yanına uzandım.
– Sən doğrudan da mənimlə evlənmək istəyirsən? – deyə Nino soruşdu.
– Əgər məni ərliyə qəbul edərsənsə...Bilirsən ki, qanlıyam, düşmənlərim məni axtarırlar.
– Bilirəm, amma onlar buraya gəlib çıxmazlar. Gəl elə biz də burada qalaq.
– Nino, sən həqiqətən burada mənim yanımda qalmaq istəyirsən? Bu dağ kəndində, bu kasıb komada,
evsiz, nökərsiz?
– Bəli, – deyə Nino cavab verdi. Mən burada qalmaq istəyirəm, çünki sənin burada qalmağın vacibdir.
Mən ev işlərini görərəm, çörək bişirərəm və sənə yaxşı arvad olaram.
– Bəs burada darıxmayacaqsan?
– Yox, axı necə darıxa bilərəm ki,... səninlə bir yorğanın altında yatacayıq.
Kimsə qapını döydü. Paltarımı geydim. Nino da pijamamı əyninə geydi. Başında təzə əmmamə olan
Seyid Mustafa içəri girdi. Onun dalınca da iki şahid. Sonra Seyid yerdə oturdu, qurşağından bir
qələmdan çıxartdı. Qələmdanın üstündə “Yalnız allah yolunda” sözləri yazılmışdı. O, bir kağız götürüb
sol ovucunda tutdu. Sonra qamış qələmi mürəkkəbə batırdı. Zərif bir xətlə yazmağabaşladı:
“Bismillahül – rəhmanür-rəhim”. Sonra mənə üzünü tutub soruşdu:
– Ağa, adınız nədir?
– Əli xan Şirvanşir. Şirvanşir nəslindən olan Səfər xanın oğlu Əli xan.
– Dininiz?
– Müsəlmanam əlhəmdülillah.
– İstəyiniz nədir?
– İstəyim bu qadınla evlənməkdir.
– Xanım, sizin adınız nədir?
– Prinses Nino Kipiani.
– Dininiz?
– Rum Ortodoks kilsəsinə mənsubam.
– Sizin istəyiniz nədir?
– Bu adamın arvadı olmaq istəyirəm.
– Dininizi saxlamaq fikrindəsiniz, yoxsa ərinizin dininə keçmək istəyirsiniz?
Nino bir anlığa tərəddüd etdi, sonra başını qaldırıb, qürur və qətiyyətlə dedi:
– Mən öz dinimi saxlamaq niyyətindəyəm.
Seyid cəsarətlə yazırdı. Kağız onun ovcunun içindən sürüşür və kağızın üzəri yavaş-yavaş çox gözəl
ərəb kəlmələrilə dolurdu. Kəbin kağızı hazır idi.
– İndi siz imzalayın – deyə Seyid dilləndi.
İmzamı kağızın altına atdım.
İndi mən hansı famili yazmalıyam? – deyə Nino soruşdu.
– Təzə famili.
Nino bir əllə qələmi möhkəm sıxıb yazdı: “Nino xanım Şirvanşir”.
Sonra şahidlər də imzalarını qoydular. Seyid Mustafa üzərində öz adı həkk olunmuş möhürünü
çıxardıb kağıza basdı. Zərif kufi xətti ilə orada bu sözlər həkk olunmuşdu: “Küll-İxtiyarın qulu Hafiz
Seyid Mustafa Məşhədi”.
Seyid kəbin sənədini mənə uzatdı. Sonra məni qucaqlayıb farsca dedi: “Əli xan, mən yaxşı adam
deyiləm”. Lakin Arslan ağa dediki, sən Ninosuz bu dağlarda əldən gedərsən və əyyaş olarsan. Bu da
günahdır. Nino yalvardı ki, onu da buraya gətirim. Əgər Ninonun dedikləri həqiqətdirsə, onu
sevməlisən. Həqiqət deyilsə, elə sabah onu öldürək.
– Onun dedikləri həqiqət deyil, amma onu öldürməyəcəyik, qoy yaşasın.
Seyid Mustafa çaşqın bir baxışla mənə baxdı. Sonra otağa göz gəzdirib qəh-qəhə ilə güldü.
Bir saatdan sonra sulu qəlyan təntənə ilə uçurumdan aşağı atıldı. Bütün toy mərasimimiz bundan
ibarət oldu.
Gözlənilmədən həyat birdən-birə yenidən gözəlləşməyə başladı. Mən küçədən keçəndə kənd camaatı
mənə baxıb gülümsəyirdi. Mən də onlara gülümsəyərək cavab verirdim. Çünki xoşbəxt idim. Özümü
misilsiz dərəcədə yaxşı hiss edirdim. İstərdim ki, bütün ömrümü balaca ayaqları olan, parlaq qırmızı
rəngli Dağıstan şalvarı geymiş Nino ilə birlikdə burada keçirdim.
Nino özünü auldakı həyata uyğunlaşdırmışdı. Nino auldakı bütün qadınlardan fərqli olaraq başqa cür
yaşamağı, başqa cür düşünməyi və başqa cür davranmağı bacaran bir qadın olduğunu kimsə hiss
etmirdi. Kənddə heç kimin ev xidmətçisi olmadığı üçün, Nino da xidmətçi tutmaqdan qətiyyətlə
imtina edirdi. Nino yemək bişirirdi, qonşuluqdakı qadınlarla laqqırtı vurur və kəndin bütün dedi-
qodularını da bir-bir mənə danışardı. Mən isə ata minib ova çıxır, ovladığım heyvanları evə gətirir və
Ninonun bişirdiyi bütün qəribə yeməkləri yeyirdim.
Bizim gündəlikhəyatımız belə keçirdi: səhər tezdən mən Ninonun ayaqyalın və əlində boş bir böyük
səhəng bulağa su gətirməyə getməsini seyr edirdim. Səhəngi doldurduqdan sonra o yalın ayaqlarını
kələ-kötür daşların üstünə ehtiyatda qoya-qoya geri qayıdırdı. Səhəngi sağ çiyninə qaldırıb, zərif əlləri
ilə onun dəstəyindən bərk-bərk yapışırdı. Nino yalnız bir dəfə büdrəyib yıxılmışdı, səhəng də əlindən
çıxıb yuvarlana-yuvarlana aşağı düşmüşdü. O zaman bu rüsvayçılığa dözməyən Nino acı göz yaşları
tökürdü. Qonşuluqdakı qadınlar ona təsəlli verirdilər. Bu hadisədən sonra Nino su gətirmək üçün hər
gün kəndin qadınları ilə birlikdə bulağa gedirdi. Onlar qaz yerişi ilə yamaclardan yuxarı dırmanırdılar.
Mən uzaqdan Ninonun yalın ayaqlarını görürdüm. Nino ciddi baxışlarla irəliyə baxırdı. Belə vaxtlarda
o mənə baxmazdı, mən də baxışlarımı onun yanından başqa tərəflərə çevirirdim. O dağlıların
qanununu yaxşı qavramışdı.Qanun isə bu idi ki, qadın heç bir vəchlə başqa adamların yanında öz
məhəbbətini biruzə verməməlidir. Nino qaranlıq komaya girir, qapını örtür, səhəngi yerə qoyur və
mənə bir parç su verirdi. Sonra küncdən çörək, pendir və bal çıxarıb gətirirdi və biz də kənd camaatı
kimi yeməyi əl ilə yeyərdik. Nino yerdə bardaş qurub oturmağı da öyrənmişdi.Yeməyimizi yeyib
qurtardıqdan sonraNino barmaqlarını yalayaraq ağappaq dişlərini göstərərdi. Sonra deyərdi:
Buradakı ənənəyə görə, indi mən sənin ayaqlarını yumalıyam. Lakin biz tək olduğumuza görə və mən
də bulağa gedib su gətirdiyimə görə, sən mənim ayaqlarımı yumalısan.
Mən onun ayaq adlandırdığı kiçicik, gülməli oyuncaqları suya qoyurdum. Nino uşaq kimi ayaqlarını
oynadır, üzümə su zərrələri sıçradırdı. Sonra da dama çıxıb orada otururduq. Nino bəzən pəsdən
mahnı oxuyardı, bəzən də Madonnaya bənzər sifətini mənə çevirib susardı. Mən isə Madonnanın
sifətinə baxmaqdan heç yorulmurdum. Hər gecə balaca bir heyvan kimi büzüşüb yatardı.
Bir dəfə Nino məndən soruşdu:
– Əli xan, xoşbəxtsənmi?
– Çox xoşbəxtəm. Bəs sən Bakıya qayıtmaq istəyirsənmi?
– Yox! – deyə ciddi cavab verdi – mən göstərmək istəyirəm ki, bütün Asiya qadınlarının bacardığını
mən də bacarıram, öz ərimə də qulluq edə bilirəm.
Neft lampasını söndürdüyümüz zaman Nino yatağa uzanır, qaranlığın dərinliklərinə baxaraq önəmli
məsələlər barədə düşünürdü: görəsən qoyun qızartmasına bu qədər sarımsaq tökmək lazım idi, ya yox?
Görəsən şair Rustaveli ilə kraliça Tamara arasında bir məhəbbət əlaqəsi vardı, yoxsa, yox? Kənddə
yaşayan zaman birdən diş ağrısı tutsa, kənddə nə edəcəm və nəyə görə dünən qonşudakı arvad ərini
süpürgə ilə amansızcasına döyürdü?
Nino dərdli-dərdli “Həyat möcüzələrlə doludur” deyib yatardı. Gecələr oyanar, dirsəyimə toxunar,
sonra da son dərəcə qürur və lovğalıqla: “mən Ninoyam” deyib yenə yatardı. Mən onun incə
çiyinlərini yorğanla örtərdim.
“Nino – deyə fikirləşirdim – sən həqiqətən Dağıstanın kəndindəki həyatdan daha yaxşı yerlərdə
yaşamağa layiq adamsan”.
Bir gün yaxınlığımızdakı Qunzax qəsəbəsinə getmişdim. Geriyə qayıdanda neft lampası, qrammofon
və bir ədəd də ipək şarf gətirdim... Nino qrammofonu gördükdə gözləri kəlləsinə çıxdı. Amma çox
təəssüf ki, bütün Qunzaxda ancaq iki qrammofon valı var idi. Onlardan biri dağlı rəqsi, ikincisi isə
“Aida” operasından bir ariya idi. Biz bu valların ahəngləri arasındakı fərqi bilməyincəyə qədər onları
dalbadal qoyub qulaq asırdıq.
Bakıdan arabir xəbər gəlirdi. Ninonun valideynləri bizə yalvarırdılar ki, bir mədəni ölkəyə gedib orada
yaşayaq, yoxsa bizə lənət oxuyacaqlar. Ninonun atası bircə dəfə yanımıza gəldi. Qızının komada
yaşadığını gördüyü zaman knyaz özündən çıxdı.
– Allah eşqinə, buranı tərk edin. Bu yabanı yerdə Nino həqiqətən xəstələnə bilər.
Nino cavab verdi ki: – Ata, mən heç vaxt indiki kimi sağlam olmamışam. Biz buradan heç yana gedə
bilmərik. Mən bu yaşda dul qalmaq istəmirəm.
– Axı, dünyada bitərəf ölkələr var, məsələn İspaniya. Naçararyanlardan heç biri orada sizə ilişə bilməz.
– Bəs İspaniyaya necə gedə bilərik, Ata?
– İsveç yolu ilə.
Nino qəzəblə cavab verdi ki, mən İsveç yolu ilə heç yana getmək istəmirəm.
Knyaz Bakıya qayıtdı. O, hər ay bizə alt paltarları, şirniyyat və kitablar göndərirdi. Nino da kitabları
saxlayır, qalan şeyləri isə kənd camaatına hədiyyə verərdi.
Bir gün atam yanımıza gəldi. Nino onu utancaq bir təbəssümlə qarşıladı.
– Yeməkləri sənmi bişirirsən? – deyə atam soruşdu.
– Bəli, mən bişirirəm.
– Suyu da sən daşıyırsan?
– Bəli, mən daşıyıram.
– Yoldan yorğun gəlmişəm, mənim ayaqlarımı yuya bilərsənmi?
Nino dərhal gedib su və ləyəni gətirib atamın ayaqlarını yudu. Atam: “Təşəkkür edirəm” deyib
cibindən çəhrayı mirvaridən düzülmüş bir boyunbağı çıxardıb Ninonun boynuna taxdı. Sonra
Ninonun hazırlamış olduğu süfrəyə oturub onun bişirdiyi yeməyi yedi və qərarını bildirdi: “Əli xan,
sənə layiq bir arvadın var, yalnız onun aşpazlığı pisdir. Sənə Bakıdan bir aşpaz göndərəcəyəm”.
Nino qışqırıb dedi:
– Sizdən xahiş edirəm göndərməyin – dedi – mən ərimə özüm qulluq etmək istəyirəm.
Atam güldü və şəhərə qayıdan kimi Ninoya brilyant qaşlı bir cüt sırğa göndərdi.
Kəndimizdə həyat son dərəcə sakit idi. Yalnız bir dəfə Qazı Mollaböyük bir xəbərlə yanımıza gəlib
dedi ki, kəndin kənarında silahlı bir naməlum şəxs yaxalanıb. Deyirlər ki, bu naməlum şəxs erməni
imiş. Kənddə hay-küy qopdu... Çünki yaxalanan adamın hədəfi olan mən, kəndin qonağı idim.
Mənim ölümüm buradakı hər bir kəndlinin şərəf və heysiyyətinə vurulmuş silinməz bir ləkə ola
bilərdi. Bayıra çıxdım ki, gedim o adamı görüm. Həqiqətən bu adam erməni idi. Lakin onun
Naçararyan nəslindən olub-olmadığını söyləmək çətin idi. Kəndin ağsaqqalları toplaşıb
məsləhətləşirlərvə belə qərara gəlirlər ki, o adama bir neçə möhkəm şallaq vurub kənddən qovsunlar.
Əgər o Naçararyanların nəslindəndirsə, gedib o birilərinə xəbər verəcək. Yox, əgər o nəsildən deyilsə,
onda allah kəndlilərin xoş niyyətini görüb, onların günahını bağışlayacaq.
Haradasa, başqa bir planetdə müharibə gedirdi. Bizim bundan xəbərimiz yox idi. Dağlarımız Şamil
dövrünün əfsanələri ilə dolu idi. Müharibə xəbərləri bizə heç gəlib çatmırdı. Dostlarımız vaxtaşırı bizə
qəzet göndərirdilər, lakin mən gələn qəzetləri oxumadan bir kənara atırdım. Nino bir dəfə soruşdu:
– Yadından çıxmayıb ki, müharibə hələ də davam edir.
Mən gülə-gülə cavab verdim:
– Nino, doğrusunu deyim ki, müharibəni tamam yadımdan çıxarmışdım. Düzü, keçmişlə gələcək
arasında bəsit bir ara olsa belə, mənim üçün o anlarda yaşadığımdan daha gözəl bir həyat ola bilməzdi.
Bu, Əli xan Şirvanşirə olan Tanrının hədiyyəsi idi.
Elə bu vaxt tər içində olan atın üstündə bir nəfər bizə məktub gətirdi. Məktub nə atamdan, nə də
Seyid Mustafadan idi. Məktubun üstündə “Arslan ağadan Əli xana” sözləri yazılmışdı. Nino təəccüblə
soruşdu:
– O bizdən nə istəyə bilər?
Atlı dedi ki, sizə çoxlu məktub göndəriblər, onlar yoldadırlar. Arslan ağa mənə çoxlu pul verdi ki, bu
xəbəri siz birinci olaraq ondan eşidəsiniz. “Auldakı həyatımız sona çatır” deyə düşünüb məktubu
açdım: Sonra məktubu oxumağa başladım:
“Sizi tanrı adından salamlayıram, Əli xan, necəsiniz? Atlarınız, şərabınız, qoyunlarınız və birlikdə
yaşadığınız insanlar necədirlər? Məni soruşsanız, mən yaxşıyam, atlarım, şərablarım və ətrafımdakılar
da yaxşıdır. Xəbərin olsun deyə bildirirəm ki, şəhərimizdə böyük hadisə baş verib. Məhbuslar
həbsxanadan buraxılıblar, indi onlar şəhərimizin küçələrində gəzişirlər. Bilirəm, indi soruşacaqsan ki,
bəs polislər haradadırlar? Amma bil ki, dünənə qədər hökumət nümayəndələri olan polislər indi dəniz
qırağındakı zindandadırlar. Bəs əsgərlər? Artıq əsgər-filan da yoxdur. Bilirəm, dostum, indi başını
yelləyib deyəcəksən ki, bəs bizim qubernator bu işlərə necə yol verir? Agah ol ki, bizim ağıllı
qubernatorumuz yararsız adamları idarə etməkdən yorulub, dünən şəhərimizdən qaçmışdır. Ondan
ancaq bir dəst şalvar və bir köhnə kokardı qalıb. Yəqin ki, mənə gülürsən, fikirləşirsən ki, yalan
danışıram. İnan dostum, mən yalan danışmıram. Bilirəm, indi özün-özünə sual verib deyəcəksən ki,
bəs nəyə görə çar şəhərimizə ordu birlikləri və yeni qubernator göndərmir? Xəbərin olsun ki, artıq çar
mövcud deyil. Ümumiyyətlə indi heç bir şey mövcud deyil. Hələ bilmirəm bu şeylərə nə ad verirlər,
lakin dünən məktəbin baş müəllimini döydük və heç kim bizə mane olmadı. Mən sənin dostunam,
Əli xan. Ona görə də bütün bunları sənə ilk dəfə xəbər verən mən olmaq istəyirəm. Bütün
Naçararyanlar ölkələrinə qaçıblar. Şəhərdə də daha polis mövcud deyil. Sağ-salamat qalın, Əli xan.
Sənin dostun və qulun Arslan ağa”.
Başımı qaldırdım. Ninonun rəngi qaçmışdı. O, titrək səslə dilləndi:
– Əli xan, yol açıqdır. Biz evə qayıdırıq, evə!
Güclü sevincdən vəcdə gələn Nino bu sözləri təkrar edirdi. O, boynuma sarılıb “gedirik” deyə hıçqıra-
hıçqıra ağlamağa başladı. O, yalın ayaqlarını auldakı tozlu həyətə döyəcləməyə başladı.
– Hə, elədir Nino, təbii ki, biz evimizə qayıdırıq.
Mən həm sevinirdim və həm də kədərlənirdim. Sarımtıl qaralı dağlar bütün gözəlliyi və cazibədarlığı
ilə uzaqda parıldayırdı.
Uçurumun üzərinə soxulmuş arı yuvalarını andıran kiçik komalara baxdım, sonra üzümü möminləri
ibadətə çağıran kiçik minarəyə çevirdim.
O gün aul həyatının son günü idi.
İnsanların sifətində qorxu və sevinc hissi bir-birinə qarışdığı aydın hiss olunurdu. Küçələrin bu
başından o başına kimi uzanan qızılı rəngli qiymətli kağızlarda mənasız şüarlar yazılmışdı. Bazarda alver
edən qadınlar tinlərdə toplanıb Amerika Hindularına və Afrika zəncilərinə azadlıq verilməsini tələb
edirdilər. Müharibənin gedişi tərsinə dönmüşdü. Böyük knyaz qeybə çıxmışdı və cırım-cındır, üst-
başdan tökülmüş, içində haldan düşmüş əsgər qalıqları şəhərin küçələrində sərgərdan dolaşırdılar.
Gecələr atışma səsləri eşidilir, gündüzlər isə qarışıqlıq yaradanlar dükanları qarət edirdilər.
Nino əyilib atlasa baxırdı. “Mən müharibə olmayan bir ölkə axtarıram” deyə Nino barmağını
rəngarəng bəzi sərhəd cizgilərinin üzərində gəzdirirdi.
Mən də istehza ilə dedim:
“Bəlkə Moskvaya və yaxud da Peterburqa gedək?” dedim.
Nino çiyinlərini çəkdi. Nino birdən barmağını Norveçin üzərində saxladı.
– Əlbəttə, o ölkənin barış içində olduğuna əminəm. Amma oraya necə gedə bilərik?
Nino köksünü ötürdü.
– Yox, oraya gedə bilmərik. Bəs Amerikaya nə deyirsən?
– Atlantik okean düşmənin sualtı qayıqları ilə doludur, – dedim. Bəs Hindistan, İspaniya, Çin,
Yaponiya?
– Oralarda da ya müharibə gedir, ya da oralara gedib çıxa bilmərik.
– Əli xan, deməli biz tələyə düşmüşük?
– Düz başa düşmüsən, Nino. İndi qaçmağın heç bir mənası yoxdur. İndi biz heç olmasa türklər gələnə
kimi şəhər əhlinin sağlam ağıllı və təmkinli olmasının yollarını axtarmalıyıq.
Nino narazı halda dilləndi:
– Axı niyə mən qəhrəmana ərə getmişəm! Mən şüarları, nitqləri sevmirəm. Əgər bu işlər belə davam
edərsə, İrandakı sənin əminin yanına qaçacağam.
– Belə davam edə bilməz, – deyib evi tərk etdim.
İslam xeyriyyə cəmiyyətinin binasında bir toplantı vardı. Bir neçə ay bundan qabaq atamın evində
xalqımızın aqibətinə böyük qayğı göstərən alicənab adamlar orada deyildilər. Binanın salonuna qolu
qüvvətli cavanlar doluşmuşdular. Qapıda İlyas bəyə rast gəldim. İlyas bəy Məmməd Heydərlə birlikdə
cəbhədən qayıtmışdılar. Çarın öz taxtını tərk etməsini eşidib şəhərə gəlmişdilər. Müharibədə
gördüklərini qiyamətə qədər ürəklərində daşıyacaq adamlara bənzəyirdilər.
– Əli xan – deyə İlyas bəy mənə müraciət etdi – biz hərəkət etməliyik. Düşmən şəhərin qapısında
dayanıb
– Bəli, biz özümüzü müdafiə etməliyik.
– Yox, bizim hücuma keçməyimiz lazımdır.
İlyas bəy bu sözləri deyib xitabət kürsüsünə qalxdı və amiranə bir səslə danışmağa başladı: “Hörmətli
müsəlmanlar! Mən bir daha şəhərimizin vəziyyətini sizə izah etmək istəyirəm.
İnqilab başlanandan bəri cəbhə dağılır. Rus ordusundan qaçmış əlləri silahlı fərarilər soyğunçuluğa
hazır vəziyyətdə Bakının ətrafında dayanıblar. Şəhərdə yalnız bir müsəlman hərbi hissəsi vardır. Bu
hissə də “Vəhşi diviziya”nın könüllülərindən ibarətdir. Biz həm sayca və həm də hərbi sursat
baxımından rus ordusundan zəifik. Şəhərimizdəki ikinci hərbi hissə isə “Daşnaksütyun” adlı erməni
millətçi partiyasının hərbi dəstələridir. Bu partiyanın liderləri olan Stepan Lalayev və Andronik
Ozanyan bizimlə təmas yaratmışlar. Onlar Qarabağı və Ermənistanı müdafiə etmək üçün şəhərin
erməni sakinlərindən ibarət ordu düzəldirdilər. Biz bu ordunun yaradılması, eləcə də onun Ermənistan
tərəfə yürüş etməsi barəsindəki planı təsvib etmişik. Bu səbəbdən də ermənilər bizimlə birləşib ruslara
ultimatum verməyə razıdırlar. Biz tələb edirik ki, rus əsgərləri və qaçqınları bir də bizim şəhərimizdən
keçməsinlər. Ruslar bizim tələbimizi rədd etsələr, biz ermənilərlə ittifaqda öz tələblərimizi hərbi yolla
yerinə yetirmək iqtidarındayıq. Müsəlmanlar, “Vəhşi diviziya”ya yazılın və silaha sarılın. Düşmən qapı
ağzındadır”.
Mən qulaq asırdım. Bu nitqdən müharibə və qan iyi gəlirdi. Artıq neçə gün idi ki, kazarmanın
həyətində pulemyotdan necə istifadə etməyi öyrənirdim. İndi bu yeni bilgini lazımlı yerdə tətbiq
etmək olardı. Məmməd Heydər yanımda dayanıb patrondaşları ilə oynayırdı, əyilib onun qulağına
dedim: “Toplantıdan sonra İlyas bəylə bizə gəlin. Seyid Mustafa da bizdə olacaq. Biz vəziyyəti
müzakirə etməliyik”.
Məmməd Heydər başı ilə “gələrik” işarətini edib getdi. Dostları çox keçmədən gəldilər. Onlar silahlı
idilər. Həttə Seyid Mustafa belə yaşıl qurşağının altına bir xəncər taxmışdı. Nino bir evdar qadın kimi
tələsik çay hazırladı. İçimizdə anlaşılmaz bir sakitlik var idi. Müharibə ərəfəsində şəhər sıxıntılı və yad
görünürdü. Hələ də küçələrdə insanlar gəzişirdilər, işə gedirdilər və bazarlarda alver edirdilər. Amma
onların hərəkətlərində qeyri-real cəhətləri sezmək olurdu. Elə bil onlar həyatın gündəlik vərdişlərinin
tezliklə mənasızlığa çevriləcəyini indidən başa düşürdülər.
– Evinizdə kifayət qədər silahınız varmı? – deyə İlyas bəy soruşdu.
– Beş tüfəng, səkkiz tapança, bir pulemyot və döyüş sursatımız var.
– Bundan başqa evinizdə qadınlarla uşaqların sığınacağı üçün zirzəminiz varmı?
Nino birdən başını qaldırdı və qətiyyətlə dedi:
– Mən zirzəmiyə getməyəcəyəm. Mən evimi müdafiə edəcəyəm. Onun səsi çox sərt və qəti idi.
Məmməd Heydər çox sakit tərzdə dedi:
– Nino, biz silah tətbiq edəcəyik, əgər yaralansaq, siz də yaralarımızı sarıyarsınız.
Nino başını aşağı əydi. Onun səsi tutulmuş görünürdü: “Aman Allah, şəhərimizin küçələri döyüş
meydanına, teatrımızın binası da baş qərargaha çevriləcək. Bir azdan sonra isə, Nikolay küçəsinə
getmək Çinə getməkdən də çətin olacaq. Müqəddəs Tamara litseyinə getmək üçün ya dünyagörüşünü
dəyişmək və yaxud bir ordunu məğlub etmək lazım olacaqdır. Qubernator bağına qarnı üstə sürünə-
sürünə getməyinizi və vaxtı ilə Əli xanla görüşdüyüm hovuzun yanında pulemyot qurulacağını
xəyalımda canlandırdım. Biz çox qəribə bir şəhərdə yaşayırıq”.
Sonra İlyas bəy sözə başladı:
– Şəhərin içində döyüş olmayacağına əminəm. Ruslar bizim ultimatumu qəbul edəcəklər.
Məmməd Heydər acıqlı-acıqlı gülüb dedi:
– Sizə deməyi yaddan çıxartdım, buraya gələndə yolda Əsədullaha rast gəldim. O, dedi ki, ruslar
ultimatumu rədd ediblər. Onlar tələb edirlər ki, biz silahlarımızı təslim edək. Mən silahımı onlara
verməyəcəyəm.
İlyas bəy dedi:
– Bu bizim erməni müttəfiqlərimiz üçün müharibə deməkdir.
Nino susurdu, onun sifəti pəncərəyə tərəf çevrilmişdi. Seyid Mustafa əmmaməsini düzəldib dedi:
– Allah, Allah! Mən cəbhədə olmamışam. Əli xan qədər də ağıllı deyiləm. Lakin şəraiti yaxşı bilirəm.
Müharibə zamanı müsəlmanlar kafirlərin sədaqətinə bel bağlayarsa, o müharibədən xeyir gəlməz.
Əslində, başqasına bel bağlamağın özü pis şeydir. Şəriət belə buyurur, həyat da belədir. Erməni hərbi
dəstələrinə kimlər rəhbərlik edir? Stepan Lalay! Onu tanıyırsınız. Mən heç cürə inana bilmirəm ki,
ermənilər bizimlə birlikdə ruslara qarşı vuruşsunlar. Axı qarşımızdakı bu ruslar kimlərdir? Cır-Cındır
içində olan bir sürü anarxistlər və quldur dəstələri. Onların başçılarının adı Stepan Şaumyandır. O da
ermənidir. Erməni anarxistləri ilə erməni millətçiləri, müsəlman millətçiləri ilə erməni
millətçilərindən tez birləşərlər. Hər şey Quranın həqiqəti kimi aydındır.
Seyid – deyə Nino sözə başladı. Burada bir məntiq də vardır. Əgər Ruslar qalib gələrsə, hər halda
Stepan Lalay ilə Andranikə yaxşı münasibət bəsləməyəcəklər.
Məmməd Heydər birdən-birə qaqqıltı ilə gülüb dedi:
– Dostlar, məni bağışlayın, üzr istəyirəm düşünürəm ki, əgər biz müharibədə qalib gəlsək ermənilərin
vəziyyəti necə olacaq? Əgər türklər Ermənistana girsələr, biz onların ölkəsini müdafiə etməyəcəyik.
– İlyas bəy bərk hirslənərək dedi:
– Belə sözlər danışmayın, hətta ağlınıza belə gətirməyin. Erməni məsələsi çox asan və sadə yolla həll
ediləcək. Lalayın rəhbərlik etdiyi batalyonların döyüşçüləri Ermənistana gedəcək. Döyüşçülərlə
birlikdə onların ailələri də çıxıb gedəcəklər. Beləliklə, bir ilin ərzində Bakıda erməni qalmayacaq.
Onlar öz ölkələrinin sahibi olacaqlar, biz də öz ölkəmizin sahibi olacağıq. Ondan sonra da biz sadəcə
iki qonşu xalq olaraq ömür sürəcəyik.
Mən söz alaraq dedim:
– İlyas bəy, Seyid Mustafa heç də haqsız deyil. Bir siyasətçi olmalıdır, Əli xan. yəni elə bir adam
olmalıdır ki, xalqını qırğından xilas etmək naminə öz qəlbindəki şəxsi intiqam hissini boğsun. Əgər
onun ağlı başındadırsa, özünün və xalqının mənafeyi üçün bizim tərəfimizdə olardı.
Biz qaranlıq düşənə qədər öz aramızda mübahisə etdik. Sonra Nino sözə başladı:
– İstər siyasətçi və istərsə də sadə bir insan olun, lakin bir şey istəyirəm ki, bir həftədən sonra inşallah
sağ-salamat buraya qayıdasınız.
Əgər şəhərdə müharibə başlayarsa...
Nino sözünü axıra çatdıra bilmədi, susdu.
Gecə o mənim yanıma uzandı, amma yuxulaya bilmədi. Ağzı azacıq açıq, dodaqları nəm idi. Nino
gözlərini pəncərəyə zilləyib susurdu. Mən onu qucaqladım. O, üzünü mənə tərəf çevirib soruşdu: “Əli
xan, sən də döyüşə qatılacaqsanmı?”
Əlbəttə, Nino.
O da: “Əlbəttə vuruşacaqsan” – deyə təkrar etdi.
Birdən o başımı əlləri arasına alıb, köksünə sıxdı, gözlərini geniş açaraq, dinməzcə məni öpdü. Onu
çılğın bir ehtiras bürümüşdü. Məni şəhvətlə və qorxu içərisində özünə tərəf çəkdi. Onun simasında elə
bil bambaşqa bir dünyanın ifadəsi var idi. Birdən başımı gözlərinə yaxınlaşdırıb xəfif səslə dilləndi.
– Oğlumuza “Əli adı verəcəyəm” deyib yenə susdu. Sonra tərləmiş gözləri pəncərəyə tərəf zilləndi.
Qədim minarənin narın və zərif quruluşu ayın solğun işığına qərq olmuşdu. Qədim qala divarları isə
arxasına qaranlıq və qorxunc bir kölgə salmışdı. Uzaqlardan dəmirin dəmirə sürtülməsindən çıxan bir
səs eşidildi.
Kimsə xəncərini itiləyirdi və elə bil o gələcəkdən xəbər verirdi. Bu vaxt telefon zəng çaldı.
Yerimdən durdum və qaranlıqda yavaş-yavaş yeriyib telefonun dəstəyini götürdüm. Dəstəkdən İlyas
bəyin səsi gəldi:
– Ermənilər ruslarla birləşdilər. Onlar bütün müsəlmanların sabah saat üçə qədər tərksilah edilməsini
tələb edirlər. Təbii ki, biz bunu rədd edirik. Sən pulemyotu götürüb qala divarlarındakı Sisianaşvili
darvazasının solunda mövqe tutarsan. Sənin öhdənə otuz nəfər göndərəcəyəm. Darvazanı müdafiə
etmək üçün bütün hazırlıqları edərsən.
Telefonun dəstəyini yerinə qoydum. Nino çarpayıda oturub, gözlərini mənə zilləmişdi. Mən xəncəri
götürüb tiyəsini yoxladım.
– Nə olub, Əli xan?
– Düşmən qalanın ağzında durub, Nino.
Paltarımı geyinib xidmətçiləri səslədim. Onlar gəldilər. Onların hamısı enli kürəkli, güclü və
hündürboylu idilər. Hərəsinə bir tüfəng verdim, sonra aşağı enib atamın otağına getdim. O, güzgünün
qabağında dayanmışdı, xidmətçilərdən biri də onun çərkəz pencəyini şotka ilə təmizləyirdi.
– Harada mövqe tutacaqsan, Əli xan?
– Sisianaşvili darvazasında.
– Lap yaxşı. Mən İslam xeyriyyə cəmiyyətinin salonunda, qərargahda olacağam.
Onun qılıncı şaqqıldadı və bığlarını sığallayıb sözünə davam etdi: – Mətin ol, Əli xan. Düşmənlər qala
divarlarını aşmamalıdırlar. Onlar darvaza qabağındakı meydanı tutsalar, pulemyotla onlara atəş açıb
qabaqlarını al. Əsədullah ətraf kəndlərdən kəndliləri toplamağa getdi. Kəndlilər də düşmənə Nikolay
küçəsindəki arxadan hücuma keçəcəklər.
O, tapançasını cibinə qoydu və yorğun halda mənə baxıb dedi:
– İrana axırıncı gəmi saat səkkizdə gedir. Nino mütləq o gəmi ilə getməlidir. Çünki ruslar qalib
gəlsələr, bütün qadınların namusunu ləkələyəcəklər.
Mən otağıma getdim. Nino telefonla danışırdı.
– Yox, ana, mən burda qalıram. Yox, yox, burada heç bir təhlükə yoxdur. Sağ ol, ata, narahat olma,
bizim kifayət qədər ərzağımız var. Təşəkkür edirəm. Amma çox xahiş edirəm ki, özünüzü üzməyin.
Yox, gəlməyəcəyəm, yenə də təkrar edirəm, gəlmək istəmirəm – deyib telefonun dəstəyini yerinə
qoydu.
Mən bu söhbətə qulaq asırdım. Nino son sözləri hıçqıra-hıçqıra dedi:
– Nino, sən haqlısan, – dedim – çünki atangildə də əmin-amanlıq olmayacaqdır. Son gəmi İrana saat
səkkizdə gedir. Əşyalarını yığ.
Onun sifəti qıpqırmızı oldu.
– Sən məni buradan qovursan, Əli xan?
Mən Ninonu indiyədək belə qəzəbli görməmişdim.
– Nino, sən Tehranda əmin-amanlıqda yaşayacaqsan. Düşmən qalib gəlsə, onlar bütün qadınların
namusunu ləkələyəcəklər.
Nino başını qaldırıb qətiyyətlə dedi:
– Mənim namusuma heç kim toxuna bilməz! Arxayın ol, Əli.
– Hələ nə qədər vaxt var, İrana get, Nino.
Nino ciddi tərzdə dedi:
– Bəsdir, Əli xan. Mən düşməndən, müharibələrdən və bizi gözləyən bütün dəhşətli şeylərdən
qorxuram. Buna baxmayaraq mən burada qalıram. Düzdür, sənə köməyim dəyməyəcək, amma mən
səninəm. Mən burada qalmalıyam, vəssalam.
Elə də oldu. Ninonun gözlərindən öpdüm. Fəxr edirdim ki, belə arvadım var. Hərdən mənə söz
qaytarsa da, Nino yaxşı bir həyat yoldaşı idi.
Mən evdən çıxdım. Səhər açılırdı. Havada toz qoxusu vardı. Qala divarının üstünə çıxdım.
Xidmətçilərim əllərində tüfəngləri hazır vəziyyətdə dayanmışdılar.
İlyas bəyin göndərdiyi otuz nəfər adam da bomboş qalmış Duma meydanının gözətçiliyini edirdilər.
Qapqara bığları, qarabəniz olan bu adamlar səssiz və əsəbi halda idilər. Kiçik lüləli pulemyot bir rusun
fındıq burnunu andırırdı. Ətraf sükut içində idi. Qərargahla əlaqə saxlayan adamlar səssizcə qala
divarının üstündə ora-bura gedib qısa xəbərlər gətirirdilər. Ruhanilərlə ağsaqqallar son anda barış
möcüzəsinə nail olmağa çalışırdılar.
Gün çıxdı. Çevrilib qarşı tərəfdəki evimə baxdım. Nino damda oturmuşdu.
Günorta Nino yanımıza gəldi, o bizə yemək-içmək gətirmişdi. Ürkmüş halda gözlərini pulemyota
zillədi... Mən onu zorla evə göndərənə kimi səssiz-səmirsiz kölgədə durub ətrafa baxırdı. Saat bir idi.
Seyid Mustafa minarəyə çıxıb kədərli və ciddi bir səslə əzan verdi. Sonra yanımıza gəldi. O, tüfəngi
arxasınca sürüyürdü. Onun qurşağında Quran vardı.
Mən qala divarının bayırında Duma meydanından irəli baxdım. Yalnız qorxudan tələsən bir neçə kişini
qaçan gördüm. Çadralı bir qadın deyinə-deyinə meydanda oynayan uşaqlarının dalınca qaçırdı.
Bir, iki, üç. Bələdiyyə binasındakı saatın səsi sükutu pozdu. Bu səs sanki bambaşqa bir dünyanın
qapılarını açırmış kimi şəhərin ətraf məhəllələrindən ilk silah səsləri idi.
Tarix: 09.06.2015 / 13:04 Müəllif: Aziza Baxılıb: 328 Bölmə: Qurban Səid - "Əli və Nino"