Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3ci hissə...
3ci hissə...

Anna bu səhər yuxudan oyananda özünü çox əzginhiss etdi, bununla belə, ümumi həyəcan ona da sirayət eləmişdi. Yuyulası paltarları həmişəkindən tez yığıb çay kənarına yollandı; nəyin bahasına olursa-olsun, zəncinin necə yola salınmasını öz gözləriylə görmək istəyirdi. Getməyə hazır dayanmış, indicə yola çıxacaq gəmilərin qənşərindəki körpünün üstündə iynə atsaydın yerə düşməzdi. Damaso da elə burdaydı; Anna barmağıyla onun toqqasını tıqqıldadanda, diksinib geri sıçradı.
- Sən burda nə gəzirsən?
- Sənnən vidalaşmağa gəlmişəm.
Damaso taxta fənər dirəyini tıqqıldadıb:
- Dilin qurusun! – dedi.
Axırıncı siqaretini alışdırıb boş qutunu çaya tulladı. Anna korsajın altından təzə bir qutu çıxarıb onun köynək cibinədürtəndə isə, özünü saxlaya bilməyib gülümsədi.
- Səfeh ki, səfeh!
Anna ürəkdən güldü.
Bir azdan zəncini darta-darta meydanın ortasına gətirdilər. Əllərini kəndirlə arxadan bağlamışdılar; polislərdən biri ipin ucundan yapışmışdı, əli tüfəngli digər iki polis yanıyla gedirdi.Zənci köynəksiz idi; dodağı tən ortadan paralanmışdı, qaşları da boksçularınkı kimi şişmişdi. Camaatın nəzərindən qurbanlıq bir adamın ləyaqəti ilə yayınırdı. Ən çox tamaşaçı bilyardxananın böyründə cəmləşmişdi ki, tamaşanın hər iki əsas ifaçısını görə bilsin. Bilyardxana sahibkarı kirimişcə durub ona baxır, tənə ilə başını yelləyirdi. Camaat zəncini gözüylə diri-diri yeyirdi.
Barkas lövbərini qaldırdı. Zəncini göyərtə uzunu aparıb əl-ayağını iri neft çəninə sarıdılar. Barkas çayın ortasında dövrə vurub son dəfə fit verərək yola düzələndə zəncinin kürəyi günün altında işım-işım işıldayır, par-par alışıb yanırdı.
- Yazıq, – Anna pıçıldadı.
Annanın böyründə dayanmış tanımadığı hansısa bir qadın da dözməyib dilə gəldi:
- Canilər! Heç adam da bu istiyə tab gətirər?
Damaso arxaya qanrılıb baxanda qadının ifrat dərəcədə kök olduğunu gördü. Sonra camaatın arasından keçib meydana tərəf irəlilədi. Gedə-gedə yolda Annanın qulağına pıçıldadı:
- Yaman çox çərənliyirsən ha. Bircə o çatmır ki, qışqırıb bütün meydana car çəkəsən.
Anna onu bilyardxanayacan ötürdü.
- Heç olmasa paltarını dəyişəydin, – aralanmazdan qabaq Damasonun yadına saldı. – Yoxsa lap dilənçi kökündəsən ey.
Yenilik bilyardxananı səsli-küylü müştərilərlə ağzınacandoldurmuşdu; içəridə adam əlindən tərpənməyə yer yox idi. Hər kəsin istəyini yerinə yetirmək xatirinə, don Roke eyni vaxtda bir neçə masaya xidmət edirdi. Damaso bir qıraqda hazırca dayanıb məqam güdür, don Rokenin gəlib yanından keçməsini gözləyirdi; qoca böyründən ötəndə cəld soruşdu:
- Sizə kömək eləyim?
Don Poke başına stəkan keçirilmiş altı şüşə pivəni Damasonun qabağına qoydu:
- Sağ ol, ay bala.
Damaso şüşələri əlüstü götürüb masalara payladı, sifariş qəbul elədi, içki şüşələrini aşağı yuxarı daşıya-daşıya, ta bütün müştərilər nahar etməkçün evlərinə dağılışanacan don Rokeyə əl tutdu. Sübh tezdən evə qayıdanda onun bəs deyincə gillətdiyini, kefli olduğunu Anna dərhal hiss elədi. Götürüb Damasonun əlini qarnının üstünə qoydu.
- Hələ bir əl vur görüm. Nəsə eşidirsən?
Damaso heç bir sevinc-filan duymadı.
- Tərpənir ey, xəbərin var? – Anna həvəslə sözünə davam elədi. – Bütün gecəni təpikləyib.
Ancaq hər şeydən göründüyü kimi, bütün bunlar deyəsən Damasonun heç vecinə deyildi. Öz fikirlərinə qərq olmuş halda o, səhər obaşdan evdən çıxır, bir də gecə yarısı qayıdırdı; tək-tük hallarda – yataqda uzanıb siqaret çəkdiyi cəmi bir neçə dəqiqəlik müddətdə isə söhbətdən yayınır, heç nə danışmaq, heç nə eşitmək istəmirdi. Beləcə, düz bir həftə ötüb keçdi. Anna ona qarşı indi xüsusilə diqqətli olmuşdu. Birgə yaşadıqları ailə həyatının ilk dövrlərində də Damaso hərdən özünü eynən bu cür aparırdı və onda, xasiyyətinə yaxşı bələd olmadığından Anna onun zəhləsini tökür, Damaso da arvadı çarpayıya yıxıb üstünə çıxır, o ki var çırpırdı. İndi Anna kifayət qədər səbrli idi. Hələ dünəndən lampanın böyrünə bir qutu siqaret qoymuşdu; bilirdi ki, əri ac qalar, amma siqaretsiz qalmağa dözməz.
Və bir dəfə, iyulun ortalarında Damaso evə axşam çağı qayıtdı. Anna fikirləşdi və dərhal da narahat olub əl-ayağa düşdü ki, hərgah Damaso evə belə tez qayıdıbsa, deməli əməlli-başlı gillətməyə macal tapıb. Nəsə pəjmürdə görünürdü, elə bil keyləşmişdi; ağzını açıb bir söz demir, heç dinib-danışmırdı. Şam yeməyi də eləcə lal-dinməz ötüşdü, ancaq yatağa təzəcə uzanmışdılar ki, birdən dilləndi:
- Getmək istəyirəm.
- Hara?
- Hara gəldi.
Anna otaqdakı əşyaları bircə-bircə gözdən keçirtdi. Öz əli ilə jurnalların üz qabığından kəsib bütün divarlara yapışdırdığı kinoaktyorların rəngli fotoşəkilləri saralıb-solmuş, neçə yerdən cırılıb qopmuşdu. O, çarpayısında uzanıb həmin şəkillərə tamaşa eləyən, sonra da yavaş-yavaş onların rəngini canına hopdurub özüylə aparan kişilərin sayını çoxdan itirmişdi.
- Mənimlə birgə darıxırsan, – Anna dedi.
- Məsələ darıxmaqda deyil, şəhərdədi.
- Bütün şəhərlər necə, bizimki də elə.
- Şarları satmaq mümkün deyil.
- Çıxart o zəhrimarları beynindən. Nə qədər ki, canımda can var, nə qədər ki, paltar yumağa gücüm çatır – bu qara-qura işlərə qurşanmağa sənin heç bir ehtiyacın yoxdur.
Və bir qədər susandan sonra, ehtiyatla əlavə elədi:
- Baş açammıram ki, bu iş sənin necə ağlına gəldi.
Damaso siqareti dibinəcən sümürüb dedi:
- Elə asan oldu ki, heç mən də baş açammıram, nə əcəb buindiyəcən kiminsə ağlına gəlməyib…
- Fikrin-zikrin puldur, ona sözüm yox. Amma daha sənin kimi ikinci axmaq tapılmazdı ki, durub şar oğurlasın.
- Anışdıra bilmədim, piştaxtanın dalında, qutunun içində gözümə qəfil sataşdılar. O saat fikirləşdim: bu qədər əziyyətdən sonra evə əliboş qayıdım?!
- Baxtın yatıb sənin.
Damaso bir az yüngülləşən kimi oldu.
- Təzələrini də göndərmirlər. Xəbər gəlib ki, şarlar bahalaşıb, don Roke də deyir ki, bəs mənə sərf eləmir.
O, təzə siqaret alışdırdı və danışa-danışa içinin qara-qura şeylərdən arıtlanıb az da olsa yüngülləşdiyini hiss etdi. Dedi ki, bəs guya don Roke bilyard stolunu satmaq qərarına gəlib, amma ona indi bir elə pul verməzlər, çünki bilyardı təzə öyrənənlərin naşılığı ucbatından cırıq-cırıq, deşik-deşik olmuş mahud yaman gündədir; başdan-başa allı-güllü yamağa tutulub. Ömrü bilyard masasının böyründə keçən əsl oyunçuların isə yeganə əyləncəsihələlik beysbol yarışlarıdır.
Damaso xeyli danışıb axırda sözünü belə tamamladı:
- Belə çıxır ki, özümüz istəməsək də, hamıya qarşı xalis əclaflıq etmişik.
- Özü də barı bir xeyrimiz ola! – Anna əlavə elədi.
- Gələn həftə çempionat da qurtarır.
- Dərd çempionat dərdi deyil, zəncinin dərdidir. Bu işdə adamı yandıran əsas məsələ odur.
Anna qabaqlar olduğu kimi, yenə uzanıb başını ərinin çiyninə qoymuşdu və onun qəlbindən keçənləri duyurdu. Damaso siqareti söndürənəcən beləcə gözləyib, sonra çox ehmalca:
- Damaso, – pıçıldadı.
- Nədi?
- Bəlkə şarları qaytarasan?
Damaso təzə siqaret alışdırdı.
- Neçə gündü elə özüm də bu barədə fikirləşirəm. Amma heç bilmirəm necə qaytarım.
Əvvəlcə belə danışdılar ki, şarları gediş-gəliş olan bir yerə qoysunlar, ancaq sonra Anna fikirləşdi ki, belədə bilyardxananın yarağı düzəlsə də, bunun biçarə zənciyə heç bir xeyri dəyməyəcək; şarların tapılmasını, zəncinin suçunu üstündən götürmədən polis yüz cürə yoza bilərdi. Başqa əngəl də mümkün idi: bəlkə heç şarları tapan adam nəfsinin ucbatından onları qaytarmacaq, sonradan satmaq umuduyla özündə saxlayacaqdı?
- Qaytaranda da elə qaytaraq ki, barı bir xeyri olsun,– deyə Anna fikirini yekunlaşdırıdı.
Şarları basdırdıqları yerdən qazıb çıxartdılar; Anna onları qəzetə bükdü, özü də elə düzəltdi ki, qıraqdan baxanda şar olmaları bilinməsin. Sonra bükülünü sandığa qoyub dedi:
- İndi gözləmək lazımdı münasib vaxt düşsün.
Ancaq iki həftə ötüb keçsə də, münasib bir fürsət düşmədi ki, düşmədi. Şarların oğurlandığı gündən düppədüz iki ay sonra,avqustun iyirmisində, axşamdan xeylaq ötmüş Damaso bilyardxanaya gəldi. Don Roke piştaxtanın arxasında tək-tənha oturub əlindəki yelpiklə milçəkləri qovurdu. Radio susurdu və bu susqunluq qocanın tənhalığını daha betər sezdirirdi.
- Hə, mən deyən oldumu? – don Roke Damasonu görcək ucadan səsləndi; sanki öz gümanının düz çıxmasından sevincək olmuşdu. – Cəhənnəm oldu hamısı!
Damaso cibindən pul çıxarıb musiqi avtomatına saldı. Bir yandan mahnının gur sədaları, bir yandan da yanıb-sönən rəng-bərəng işıqlar onun bilyardxanaya həqiqi sədaqətini bir daha təsdiqləməkdə idi; hər halda özünə belə gəlirdi. Amma don Rokedeyəsən bunu çox da hiss etmirdi. Damaso keçib onunla yan-yana əyləşdi və toxtaqlıq verməyə çalışdı, intəhası sadaladığı dəlillər elə də tutarlı səslənmir, don Roke də etinasız bir görkəmlə qulaq asa-asa yelpiyini yelləyirdi.
- Çarə nədir, daha beysbol il uzunu ola bilməz ki.
- Nə bilmək olar, bəlkə şarlar tapıldı?
- Hara tapılır.
- Zənci onları yemədi ki!
- Polis hər yeri ələk-vələk eləyib, – deyə don Roke əsəbi bir qətiyyətlə təsdiqlədi. – Çaya tullayıb yəqin.
- Birdən möcüzə baş versə, şarlar tapılsa?
- Gümanuva güc vermə, bala. Düzələn iş deyil bu, məsələ bitib-bağlanıb. Sən bəyəm möcüzəyə inanırsan?
- Hərdən inanıram.
Damaso bilyardxanadan çıxanda camaat hələ kinoda idi; kino hələ bitməmişdi və filmin uzaqdan eşidilən uğultulu səsləri, əcaib-qəraib ifadələri yuxulu şəhərin başı üzərində gah əriyib yoxa çıxır, gah da təzədən ucalırdı və hələ açıq olan bir neçə qapı da indilərdə bağlanasıydı. Meydanda bir qədər veyillənib, sonra rəqs salonuna tərəf addımladı.
Salonda cəmisi bircə müştəri vardı; orkestr şəxsən ondan ötrü çalırdı, o da eyni vaxtda iki qadınla rəqs edirdi. Salondakı digər qadınlar divar boyunca elə cərgələnib oturmuşdular ki, eləbil hardansa nəsə bir xəbər gözləyirdilər. Damaso masa arxasına keçib əli ilə bufetçiyə işarə elədi ki, pivə gətirsin. Sonra nəfəsini dərə-dərə elə şüşədəncə içməyə başladı, özü də cüt qadınla rəqs edən kişidən göz çəkmirdi; pivə şüşəsi arxasından izlədiyi bu kişiboyca hər iki qadından balacaydı.
Gecə yarıdan ötəndə kinodan çıxan arvadlar, arxasınca da dəstə-dəstə kişilər hay-küylə içəri doluşdu; Damasonun tanış qızı da içəri təpilənlərin arasında idi və Damasonu görcək, keçib masa arxasında onunla üzbəüz oturdu.
Damaso qıza heç baxmadı da; o, pivənin altı şüşəsini artıq boşaltmışdı və hələ də rəqs eləyən kişiyə baxır, gözlərini ondan ayırmırdı. Kişi isə indi üç qadınla rəqs edirdi, ancaq rəqs etdiyi qadınları bir tikə də vecinə almır, onlara əsla məhəl qoymurdu; bütün fikri-zikri öz hoqqa çxaran ayaqlarında idi. O, dedikcə xoşbəxt görünürdü və daha da xoşbəxt olması üçün əl-ayağından savayı deyəsən təkcə quyruğu çatışmırdı.
- Bu tip mənim xoşuma gəlmir, – Damaso dilləndi.
- Onda baxma ona, – qız dedi və bufetçidən içki istədi.
İndi meydanca rəqs eləyən cütlüklərlə dolmuşdu, bayaqkı üç qadınla oynayan kişi isə sanki bunları görmür və özünü hələ də elə aparırdı ki, elə bil salonda tək idi. Hansısa anda baxışları ani olaraq Damasonun baxışlarıyla qarşılaşanda o, ayaqlarının çevikliyini daha da artırdı və gülümsəyib dovşan dişinə bənzəyənxırdaca dişlərini göstərdi. Damaso kirpik tərpətmədən eləcə düz onun gözünün içinə baxırdı. Və axırda kişi buna tab gətirmədi, təbəssümünü udub üzünü çevirdi.
- Özünü kefcil sayır.
- O elə gerçəkdən kefcildir, hər gələndə başqa kommivoyajörlər kimi öz hesabına musiqi çaldırır.
Damaso qızın üzünə çaşqın nəzərlərlə baxdı.
- Onda nə durmusan, get sən də qoşul. Üç adama çatan yem dördüncünü də görər.
Qız cavab qaytarmadı, üzünü rəqs meydançasına çevirib stəkandakı içkini qurtum-qurtum udmağa başladı. Rəngi solmuş sarımtıl donda o dedikcə ürkək və qətiyyətsiz görsənirdi.
Sonra rəqs eləməyə durdular. Damasonun sifəti getdikcə tutulurdu. Qız onun qolundan yapışıb piştaxtaya sarı çəkdi:
- Acından ölürəm. Elə sən də bir şey yesən pis olmaz.
Bu vaxt kefcil kişi yanındakı üç qadınla birgə qarşılarına çıxdı. Damaso ayaq saxladı.
- Bəri bax görüm…
Kişi gülümsədi, amma yerişini yavaşıtmadı, ötüb keçməkistədi. Damaso qolunu qızdan qoparıb onun yolunu kəsdi.
- Sizin dişləriniz mənim xoşuma gəlmir.
Kişinin rəngi ağarsa da, yenə gülümsəməyində idi.
- Heç mənim də.
Qız imkan tapıb qolundan yapışanacan, Damaso kişinin sifətinə tutarlı bir yumruq ilişdirib onu meydanın tən ortasına sərdi. Müştərilərdən heç biri işə qarışmadı. Çığırışa-çığırışa hər üç qadın Damaosya çarılıb onu kənara çəkmək istədilər, qız isə itələyə-itələyə salonun dib tərəfinə apardı. Qəfil zərbədən sifəti fətir kimi yastılanmış kişi meymun kimi tullanıb yerindən qalxdı və meydançanın tən ortasında durub bağırdı:
- Çalın!
Gecə saat ikiyə yaxın salon artıq boşalmışdı və içəridə çox az adam qalmışdı. Hava yamanca bürkü idi. Müştərisiz qadınlar şam yeməyinə oturmuşdular; qız da üstündə qızardılmış ət olan bir boşqab lobyalı düyünü gətirib qabağına qoydu və masanın arxasında oturub hamısını tək qaşıqla yeməyə başladı. Damaso qıza küt nəzərlə baxırdı. Qız qaşığı düyü ilə doldurub:
- Aç ağzını, – dedi.
Çənəsini sinəsinə dirəmiş Damaso başını buladı:
- Biz kişilər belə şey yemirik. Bu – arvad xörəyidir.
Qalxmaq üçün Damasoya hər iki əliylə stoldan bərk-bərk yapışmaq lazım gəldi. Özünü birtəhər tarazlamışdı ki, qarşısında əllərini sinəsi üstdə çarpazlayıb durmuş bufetçini gördü.
- Doqquz həştad! Bu monastır dövlətinki deyil.
Damaso onu kənara itələdi.
- Pederastlardan zəhləm gedir!
Bufetçi əvvəl onun qolundan yapışıb çəkmək istədi, ancaqqıza göz yetirib əl saxladı; arxasınca yalnız bunu qışqırdı:
- Eybi yox, nə qədər itirdiyini sonra bilərsən.


Tarix: 09.06.2015 / 13:18 Müəllif: Aziza Baxılıb: 243 Bölmə: Qabriel Qarsia Markes - "Bizlərdə oğru yoxdu"
loading...