Birdən ekrandakı təsvir yoxa çıxdı və arxa tərəfdən səs-küy qalxdı. Dərhal işıqlar yandı və Damasoya elə gəldi ki, onu dövrəyə alıblar, hamı da ona baxır. O, az qala yerindən sıçramaq istədi, ancaq camaatı öz yerində sakitcə oturmuş görüb toxtadı. Polis biləyinə doladığı qayışın mis toqqasıyla kimisə çırpa-çırpa qovurdu. Döyülən zırpı bir zənciydi. Arvadlar bərkdən çığırışır, polisin səsi isə bütün səsləri üstələyirdi:
- Oğru! Oğru!
Zənci bağıra-bağıra cərgələrin arasıyla qaçır, arxasınca qovan digər iki polis kürəyini qamçılayırdı. Axırda onu tutdular.Mis toqqa ilə vuran bayaqkı polis zəncinin əllərini çəkib qayışla daldan bağladı və hər üçü yumruqlaya-yumruqdaya onu qapıya doğru itələməyə başladılar. Hər şey bir göz qırpımında və elə sürətlə baş verdi ki, bütün olub-keçənlər Damasoya yalnız zənci salondan çıxarılandan sonra çatdı. Köynəyi tikə-tikə cırıqlanmış zəncinin tərli üzü al qan içində idi. O, hönkürə-hönkürə, zarıya-zarıya eyni sözü təkrar-təkrar bağırırdı:
- Qatillər! Qatillər!
İşıqlar söndü, kino təzədən başlandı.
Damaso bundan sonra daha bir dəfə də olsun gülmədi. O, siqareti siqaretə calamışdı və gözü ekranda olsa da, fikrini heç cürə cəmləyə bilmirdi. Nəhayət, işıqlar yandı; bir-birinin üzünə indi hamı elə bil aşkar qorxu içində baxırdı.
- Əntiqə idi! – Damaso lap böyründə kiminsə heyrət dolu nidasını eşitdi.
-Kantinflasa söz ola bilməz, – deyə o, həmin adama tərəf baxmadan qısaca cavab verdi.
İnsan seli Damasonu qapının düz ağzına gətirdi; adamlar itələşə-itələşə bayıra axışırdı. Küçədə yeməli şeylər satan alverçi qadınlar şey-şüylərini də dallarına şəlləyib yavaş-yavaş evlərinə dağılışırdılar. Saat on ikiyə işləsə də, küçə adamla doluydu: zəncinin necə tutulması barədə bir şey öyrənmək məqsədilə hamı kinodakıların çıxmasını gözləyirdi.
Damaso bu dəfə evə çox asta, ayalarınının ucunda girdi; Anna onun gəldiyini biləndə, o artıq ikinci siqareti çəkirdi.
- Yemək plitənin üstündədir, – Anna köksünü ötürdü.
- Aclığım yoxdu, – Damaso cavab verdi.
- Yuxuda görürəm ki, Nora yağdan balaca oğlan fiqurları düzəldir, – deyə Anna yuxulu-yuxulu dilləndi və heç özü də hiss etmədən yuxuladığını yalnız bu vaxt anladı. Tez də çaşqın halda Damasoya tərəf döndü. – Xəbərin var, gəlməni tutublar.
Damaso dərhal cavab vermədi; onun təzədən dillənməsi bir xeyli çəkdi.- Nə bildin?
- Hə, kinoda tutublar, – deyə Anna danışmağa başladı, – elə indicə hamı ora getdi.
Sonra da kino vaxtı baş verənlərin təfsilatını öz bildiyi kimi, tam təhrif olunmuş şəkildə ətraflı nəql elədi. Damasonun düzəliş verməyə həvəsi yox idi.
- Yazıq! – deyə axırda Anna ah çəkdi.
- Yazıq deyirsən?! – Damaso cinləndi. – Bəs sən istəyirdin məni tutsunlar? İstəyirdin onun yerində mən olum?
Damasoya yaxşı bələd odlduğundan Anna bir söz demədi,ta xoruzların birinci banınacan yerində sakitcə uzanıb, siqareti siqaretə çalayan ərinin xırıltılı nəfəsinə qulaq asdı. Gecənin bir aləmində isə onun qalxdığını və otaqdan çıxmadan qaranlıqda əlhavasına nəsə elədiyini eşitdi. Damaso çarpayının altını qazırdı; təxminən on beş dəqiqədən sonra işi bitirib qaranlıqda astaca soyunmağa başlayanda heç ağlına da gəlmirdi ki, bayaqdan bəri, bütün bu vaxt ərzində arvadı ona mane olmamaq üçün yalandan özünü yuxululuğa vurub. Annanın qəlbinin dərinliklərində nəsə tərpənən kimi oldu və Damasonun kinoda olması, hər şeyi öz gözləriylə görməsi, buna görə də çarpayının altını qazıb şarları yerə basdırması ona yalnız indi çatdı.
Bilyardxana bazar ertəsi açıldı və bunu hərisliklə gözləyən daimi müştərilər böyük həyəcan içərisində dərhal içəri doluşdular. Bilyard masasının üzərinə müəssisənin ümumi ab-havasına matəm çaları verən bənövşəyi örtük çəkilmiş, divardan isə elan asılmışdı: şarlar itdiyi üçün bilyardxana işləmirdi.
İçəri girənlər elanı elə bir ovqatla oxuyurdular ki, elə bil bu xəbəri ilk dəfə eşidirdilər. Bəziləri isə elanın qarşısında xeyli dayanıb baxır, qeyri-adi inadkarlıqla onu az qala gözlərinə təpir, təkrar-təkrar höccələməkdən yorulmurdular.
Ömrünün böyük bir hissəsini bilyardxananın tamaşaçılar üçün skamyasında keçirmiş Damaso da qapı açılan kimi özünü birincilər sırasında dərhal içəri salmışdı. Təəssüf hissi keçirdiyini bildirib dərdə şərikliyi izhar etmək uzun iş olmasa da, çox ağır iş idi. O, piştaxta dalında dayanan sahibkarın çiyninə vurub:
- Müsibətə bax, don Roke, – dedi.
- Neyləmək olar, – kişi başını yellədib acı-acı gülümsədi, sonra köks ötürüb yenə öz işinə davam etdi və müştərilərə qulluq göstərməyə başladı.
Damaso piştaxtanın yanındakı kətilə çökdü və bənövşəyi kəfənə tutulmuş bilyard stoluna nəzər salıb mızıldandı:
- Ağlasığmaz işdir!
- Çox dəqiq dedin, – o biri kətildə oturmuş bir kişi dərhal təsdiqlədi, – özü də tövbə həftəsində!
Bilyardxananın müştəriləri nahar eləməkçün evə dağılı-şanda Damaso musiqi avtomatına pul salıb tabloda yerini əzbər bildiyi Meksika balladasını yığdı. Don Roke bu vaxt stol-stulu içəri daşıyıb aparır, bir qıraqdan düzürdü.
- Xeyir ola, neyləyirsiz? – Damaso soruşdu.
- Şar gəlib çıxanacan bir şeylə baş qatmaq lazımdır, ya yox? İstəyirəm stollara kart qoyam.
Hər əlində bir stul tutmuş don Roke korsayağı inamsızhərəkətiylə təzəlikcə dul qalmış ahıl adam təsiri bağışlayırdı.
- Şarları haçan göndərəcəklər ki? – Damaso soruşdu.
- Mən biləni, bir aydan çox çəkməz.
- O vaxtacan köhnələr tapılar.
- Hara tapılır? – don Roke sıra ilə düzdüyü balaca stollara göz gəzdirdi, sonra da qoluyla alnının tərini silib işindən arxayın halda sözünə davam elədi: – Şənbə günündən bəri zəncini ac saxlayırlar, yenə bir şey çıxmır. Yəqin çaya tullayıb.
Damaso dodağını dişlədi.
- Bəs iki yüz peso?
- O da yoxdu. Zəncinin cibindən otuzca peso çıxıb.
Onlar göz-gözə gəldilər. Damaso hətta istəsəydi belə, heç cürə izah edə bilməzdi ki, niyə bu toqquşan nəzərlər ona iki iştirakçının baxışlarını andırdı. Günün axırlarında onun evə hansı ovqatla qayıtdığını Anna elə camaşırxanadanca gördü: Damaso xəyali rəqibə zərbə endirən boksçu kimi atıla-atıla yeriyirdi. Əri-nin arxasınca Anna da otağa keçdi.
- Hər şey qaydasındadı. Qoca şarlardan əlini üzüb, təzələrini sifariş verib. İndi bir balaca səbr eləmək lazımdır ki, ara soyusun, camaat olub-keçəni unutsun.
- Bəs zənci necə olacaq? – Anna soruşdu.
Damaso çiyinlərini çəkdi:
- Necə olacaq ki? Şarları onda tapmayıb buraxacaqlar.
Şam yeməyindən sonra onlar çıxıb küçə qapısının ağzında oturdular; kinonun səsi kəsilib ətrafa sakitlik çökənəcən qonşularla söhbət elədilər. Yatmağa gedəndə Damasonun kefi əməlli-başlı kökəlmişdi.
- Ağlıma əntiqə şeylər gəlib, qəşəng işlər fikirləşmişəm.
Anna bildi ki, Damaso bütün axşamı beynində dolandırdığı fikirləri onunla bölüşmək istəyir.
- Şəhər-şəhər gəzib şarları oğurlayacam. Birindən oğurlayıb o birində satacam. Nə çox bilyardxana.
- Elə eləyəcəksən ki, axırda səni güllələyəcəklər.
- Yox bir! Güllələmək təkcə kinoda olur.
Damaso otağın ortasında durub öz planlarından əsl şövqlədanışır, Anna soyuna-soyuna ərini diqqətlə dinləsə də, özünü elə göstərirdi ki, guya bu onun heç vecinə də deyil.
- Kefim istəyən qədər kostyum alacam. Bax, düz burdan buracan, – deyə Damaso əllərini yana açıb, az qala bütün divarı tutacaq xəyalındakı paltar dolabının həcmini, nə boyda olacağını göstərdi. – Hələ düz əlli cüt də ayaqqabı.
- Allah işini avand eləsin.
Damaso qaşqabağını tökdü.
- Mənim işlərim səni maraqlandırmır.
- Sənin işlərin çox qəlizdir, beynimə batmır, – Anna işığı söndürdü, divar tərəfdən yerinə uzanıb dərindən köks ötürdü və sözünə davam edib acı-acı bildirdi: – Mən bircə onu bilirəm ki, sənin otuz yaşın olanda, mənim qırx yeddi yaşım olacaq.
- Axmağın yekəsi, – Damaso cibini eşələyib siqaret axtardı və yavaşdan əlavə etdi:– Onda sən daha paltar yumayacaqsan.
Anna kibriti alışdırıb ona uzatdı, sönənəcən alovdan göz çəkmədi, sonra yanıq dənəni kənara atdı. Damaso yerinin içində gərnəşib təzədən söhbətə girişdi:
- Heç bilirsən şarları nədən düzəldirlər?
Anna cavab vermədi.
- Fil dişindən. Ona görə çətin tapılırlar da, bildin? Gətirib çıxaranacan azından bir ay çəkəcək, başa dıüşürsən?
- Yat, – Anna onun sözünü yarımçıq kəsib sualını cavabsız qoydu, – mən obaşdan durmalıyam.
Damaso artıq özünə gələrək, öz təbii vəziyyətinə qayıtmışdı: günün birinci yarısını o, adətən siqaret çəkə-çəkə yataqda keçirir, günortadan sonra üst-başına əl gəzdirib küçəyə çıxır, axşamlar bilyardxanaya gəlib beysbol çempionatının radio verilişlərinə qulaq asırdı. Hər kəsə nəsib olmayan fövqəladə bir qabiliyyət vardı onda: öz ideyalarını hansı həvəslə işə salırdısa, onları eyni şövqlə də unuda bilirdi.
- Səndə pul var? – şənbə günü Annadan soruşdu.
- On bir peso pul qalıb, – deyə Anna cavab verdi və tez dəmülayim səslə əlavə elədi: – O da kirəhaqqıdır.
- Qulaq as, gör sənə nə deyirəm.
- Nədi ki?
- O pulu mənə borc ver.
- Kirə haqqını vermək lazımdır.
- Sonra verərsən.
Anna başını buladı. Damaso cəld onun qolundan yapışıb, indicə səhər yeməyi yedikləri masa dalından qalxmasına imkan vermədi; qadının əlini eyni vaxtda həm nəvazişlə, həm də fikri dağınıq halda sığallaya-sığallaya dedi:
- Cəmisi bir neçə günlüyə. Şarları satanda hər şeyə pulumuz çatacaq.
Anna razılaşmadı. Axşam klubda kinoya baxdıqları vaxt,hətta fasilə zamanı dostlarıyla söhbət edərkən də – bütün müddət ərzində Damaso əlini onun çiynindən götürmədi. Filmə o qədər də diqqətlə baxmırdılar. Axırda Damasonun səbri tükəndi.
- Onda gərək mən pulu hardansa oğurlayam.
Anna çiyinlərini çəkdi. Az sonra Damaso Annanı kinodan çıxan camaatın arasıyla itələyə-itələyə hədə-qorxuya keçdi:
- Qabağıma birinci çıxanı boğacam, baxarsan, məni adam öldürdüyümə görə damlayacaqlar.
Anna ürəyində güldü, ancaq öz dediyindən dönmədi.
Bütün gecəni çəkişdilər, səhər tezdən isə Damaso nümayişkaranə bir təhdidlə yerindən qalxıb tələm-tələsik geyindi və Annanın yanından ötərkən:
- Məni gözləmə, – dedi, – bir də qayıdan deyiləm!
Anna özünü ha sıxsa da, əsməsini gizlədə bilmədi.
- Yaxşı yol! – deyə onun arxasınca çığırdı.
Qapını arxasınca çırpıb çıxan Damaso üçün upuzun və mənasız bir bazar günü başlandı. Səkkiz saatlıq ibadətdən sonra uşaqları ilə kilsədən çıxan arvadların göz qamaşdıran açıq rəngli paltarları, bazarın rəngarəng səs-küyü meydana nəsə bir canlılıq verirdi, amma hava dözülməz dərəcədə qızmışdı.
O, bütün günü bilyardxanada keçirtdi. Səhər bir neçə kişi oturub orda kart oynayırdı; nahara yaxın qısa müddətə adam bir az çoxalsa da, açıq-aşkar hiss olunurdu ki, bilyardxana öz əvvəlki cazibəsini, marağını itirib. Yalnız axşam üstü, beysbol çempionatından radio verilişləri başlanan zaman bilyardxana həyatı nisbətən öz məcrasına qayıdıb ötən vaxtları xatırladırdı.
Bilyardxana bağlanandan sonra Damaso birdən ayıldı ki, bayaqdan bəri az qala qan-tər içində, məqsədsiz-filansız şəkildə veyillənə-veyillənə hansısa meydana doğru addımlamaqdadır. O, sahil küçəsinə paralel şəkildə uzanıb gedən yolla, xeyli aralıdaneşidilən şən musiqi sədalarının havasına üz tutub irəliləyirdi. Bər-bəzəyi təkcə elə rəngi bozarmış zəncirvari, bürməli-naxışlı kağızdan ibarət olan iri rəqs salonu bomboş idi; salonun dərinliyindəki taxta estradanın üstündə balaca bir orkest çalırdı. Qadın pomadasının boğucu ətri adamın nəfəsini kəsirdi.
O, keçib piştaxtanın böyründəcə oturdu. Musiqi nömrəsi başa çatan kimi, orkestrdə boşqab dınqıldadan yeniyetmə oğlan rəqs eləyən kişilərin arasıyala gəzib pul yığmağa başladı. Bir qız rəqs elədiyi oğlanı buraxıb Damasoya yanaşdı.
- Necəsən, Xorxe Neqrete?
Çəkilib yanında qıza yer elədi. Üzünə pudra çəkib qulağına qərənfil taxmış bufetçi əlüstü peyda olub zil səslə soruşdu:
- Nə içəcəksiz?
- Biz nə içəcəyik? – qız Damasoya sarı çöndü.
- Heç nə.
- Mənim hesabıma.
- Pul söhbəti deyil. Mən acam, yemək istəyirəm.
- Təəssüf, çox təəssüf! – deyə, bufetçi çox dərindən köks ötürdü. – Heç bu cür gözlərə yaraşan şeydimi!..
Salonun o biri küncünə, dib tərəfdəki yeməkxanaya keçdilər. Belə baxanda, qız lap sütüldü, yeniyetmə bir uşaqdı, amma üz-gözünün lay-lay pudrası, dodağının boyası onun həqiqi yaşını gizlədirdi. Yeyəndən sonra onlar mal-qaranın gövşəyi eşidilən qaranlıq patiodan keçib qızın otağına gəldilər. Çarpayının üstündə alabəzək əskiyə bükülmüş çağa yatırdı. Qız əskini açıb onu taxta yeşiyin üstünə sərdi və çağanı bələyib yeşiyin üstünə, yeşiyi isə yerə qoydu.
- Orada onu siçovullar yeyər ki…
- Siçovulun uşaqla nə işi?
Qız əynindəki qırmızı paltarı soyunub üstündə iri, sarı gülləri olan yaxası, qolları açıq qısa bir don geyindi.
- Bunun atası kimdir?
- Allah bilir, – qız qısaca cavab verib qapıya tərəf yönəldi, çıxmazdan qabaq əlavə elədi: – İndi qayıdıram.
Damaso qapının çöl tərəfdən qıfıllandığını eşitdi, paltarını çıxarıb stuldan asdı və uzanıb dalbadal bir neçə siqaret çəkdi; mambo ritmində yırğalanan yataqda nə vaxt yuxuladığını da hiss eləmədi. Ayılanda çalğı kəsilmişdi və bəlkə bu səbəbdəndi ki, otaq ona bayaqkından daha iri görsəndi.
Qız elə çarpayının böyründəcə soyundu.
- Saat neçədir? – Damaso soruşdu.
- Dördə az qalıb. Uşaq ağlamamışdı?
- Deyəsən yox.
Qız Damasonun böyrünə uzandı, köynəyinin düymələrini aça-aça, yüngülcə xumarlanmış tutqun gözlərlə bir müddət ona tamaşa elədi. Qızın içdiyini, özü də çox içdiyini hiss edən Damaso əlini uzadıb lampanı söndürmək istədi. Amma qız buna imkan vermədi:
- Qoy qalsın. Gözlərinə baxmaq istəyirəm. Sənin gözlərinə baxmaq elə xoşuma gəlir ki…
Obaşdanın səs-küyü otağı dolduranda çağa oyanıb ağladı. Qız elə yataqdanca əlini uzadıb onu götürdü və döşünə saldı, ağzını açmadan sadə bir mahnını pəsdən zümzümə etməyə başladı. Axırda hamısı yuxuladı. Saat yeddiyə yaxın qızın çağanı götürüb otaqdan necə çıxdığını Damaso hiss eləmədi; qayıdanda isə uşaqsız qayıtdı.
- Camaat sahilə axışır.
- Xeyir ola? – Damasoya elə gəldi ki, bütün bu vaxt ərzində sanki bir tikə də çimir eləməyib.
- Şarları oğurlayan zəncini bu gün yola salacaqlar, camaat da yığışıb tamaşasına gedir.
Damaso siqaret alışdırdı.
- Yazıq! – deyə qız dərindən köks ötürdü.
- Sən ona yazıq deyirsən?! – Damaso özündən çıxdı. – Kim onu məcbur eləmişdi?
Qız başını sinəsinə əyib bir müddət fikrə getdi, az sonrasəsini qısıb yavaşdan dilləndi:
- Şarları o oğurlamayıb.
- Kim dedi ki?
- Dəqiq bilirəm. Bilyardxana yarılan gecə zənci Qloriya ilə olub, ertəsi gün də axşamacan onun evindən bayıra çıxmayıb. Kinodan qayıdanda isə dedilər ki, yazığı orda tutublar.
- Nə əcəb Qloriya polisə bir söz demir?
- Zənci özü deyib. Alkald Qloriyanın evini alt-üst eləyib, axırda da hədə gəlib ki, səni də ona qoşub damlayacam. Yazıq qız iyirmi peso ilə canını güclə qurtarıb.
Damaso yataqdan qalxanda saat səkkizə az qalmışdı. Qız onu buraxmaq istəmədi.
- Qal. Nahara səninçün toyuq kəsərəm.
Damaso əlində tutduğu darağın tüklərini çırpıb təmizlədi və onu dal cibinə soxdu.
-Qala bilmərəm, – dedi.
Sonra qızın əllərindən tutub onu özünə tərəf çəkdi; qız üz-gözünü yumuşdu və doğrudan da çox cavan görsənirdi. Onun iri, qara gözləri vardı və bu gözlər ona aciz, yazıq bir görkəm verirdi. Damasoya sarılıb təkrar yalvardı:
- Nolar, qal.
- Həmişəlik qalım?
Qız yüngülcə qızarıb onu buraxdı.
- Yalançı.
Tarix: 09.06.2015 / 13:17 Müəllif: Aziza Baxılıb: 296 Bölmə: Qabriel Qarsia Markes - "Bizlərdə oğru yoxdu"