Başqa üsullara da əl atdı. Tez-tez etiraf edənin etirafını, sözünü kəsib yalan dediyini iddia edirdi, onda adamlarımız günahkarı əziişdiridilər. Bəzən də etiraf edənin sözünü başqa bir dostunun onun əməllərini gördüyünü deyərək kəsərdi. Bir ara onları iki-iki hüzuruna çağırırdı. Onda həqiqətlərin çox da dərində qalmadığını, adamlarımın qətiyyətlə həyata keçirdikləri şiddətə baxmayaraq, kəndlilərin bir-birindən utandıqlarını görəndə əsəbiləşirdi. Heç cür dayanmaq bilməyən yağışlar başlayanda baş verənlərə sanki mən də inanmışdım. Xatırlayıram: palçıqlı bir kənd ərazisində, çox söz deyə bilməyən, çox söz deməyə də niyyəti olmayan kəndlilər saatlarla boş yerə döyülərək suyun içində gözləyirdilər. Ov səfərləri də getdikcə sönükləşərək azalırdı. Arada bir Padşahı hüznləndirən, gözəl gözlü ceyranı, ya da iri bir vəhşi donuzu baxmayaraq ki, vururduq, amma hamımızın fikrində ov ab-havası deyil, eynən ov kimi, hazırlıqlarına lap əvvəllər başlanılan istintaqlar vardı. Gecələr və gün ərzində etdiklərindən peşman olmuş kimi, Xoca ürək sirrini mənə açırdı. Olub keçəndən, əzab verməyindən özü də narahat idi, amma bir məlumatı da təsdiqləmək istəyirdi. Kəndlilər, görəsən, həqiqəti niyə gizlədirdilər ki? Sonra dedi ki, gərək müsəlman kəndlərinin birində eyni təcrübəni keçirməliyik, amma bu işdə uğur qazana bilmədi. Çox da sıxışdırmayaraq soruşsa da, onlara xristian qonşuları kimi üç aşağı, beş yuxarı eyni etirafları edib, eyni əhvalatları danışmışdılar. Yağışın heç cür kəsmək bilmədiyi o pis günlərdən biriydi, Xoca mızıldadı ki, onlar həqiqi müsəlman deyillər, amma görürdüm, axşam baş verənləri müzakirə edərkən bu həqiqətin Sultanın da gözündən yayınmadığını bilirdi. Bu da qəzəbini daha da artırmaqdan, artıq Sultanın belə şahidi olmaqdan çox da xoşhal olmadığı, amma, bəlkə də, mənim kimi, sırf maraqla arxasınca getdiyi şiddəti sonuncu ümidlə daha da reallaşdırmağından özgə heç bir işə yaramadı. Quzeyə tərəf irəliləyə-irəliləyə, təkrarən kəndlilərindən biri Slavyan dilində danışan meşəlik olan əraziyə gəlmişdik, balaca və canayatımlı bir kənd idi, gördük ki, o, bir uşaqlıq yalanından başqa, heç bir şey xatırlamayan yaraşıqlı cavan oğlanı döyür. Dedi ki, bir də belə şey etməyəcək, axşam həddindən artıq qəribə bir günahkarlıq hissinə qapıldı. Bir dəfə isə, sanki sarımtıl bir yağışın altında kəndli qadınların, kişilərin başına gələnlərə uzaqdan baxıb ağladığını görmüşdüm. İşlərində ustalaşan adamlarımız da baş verən hadisələrdən bezmişdilər, bəzən bizdən əvvəl gözlərini zillədikləri etiraf edən adamı onlar seçib gətirirdilər, hiddətindən yorğun görünən Xocadan əvvəl sorğu-suala tutulan tərcüməçimizin özü olurdu. Bu göstərdiyi şiddət haqqındakı əhvalatının kəndən-kəndə əfsanələşərək gəzdiyini, ya da sirrini çözə bilmədikləri ilahi bir ədalətin qorxusu və təəccübü ilə illərdir bu sorğu-sualı ürəklə gözləyirləmiş kimi, “bu etiraflarını uzun-uzadı nəql edən qəribə qurbanlarla qarşılaşa bilmədiyimizə görə belə deyildi, sadəcə bir-birini aldadan, ər-arvadın, varlı qonşusunu qısqanan kasıb kəndlilərin əhvalatları artıq Xocanı maraqlandırmırdı. Xoca tez-tez təkrarlayırdı ki, daha dərin bir həqiqət var, amma, zənnimcə, özü də bizim kimi, bu həqiqəti biləcəyinə bəzən şübhə eləyirdi. Ən azından, bizim narahatlığımızı hiss edərək əsəbiləşirdi, amma əl çəkməyəcəkdi. Biz də Padşaha göz qoyurduq. Bəlkə də, buna görə, imkanları tamamilə öz əlinə almağına qarşı heç bir şey edə bilmədik. Bir dəfə də, anasıyla pis davranan ögey atasından və ögey qardaş-bacılarından zəhləsi gedən cavan bir oğlanı, çatının altına çəkilərək qorunduğumuz sazanaq altında, tamamilə islanaraq saatlarla sorğu-suala çəkdiyini görəndə ümidləndik, amma sonra onun da unudulmalı adi bir cavan olduğunu deyərək bu mövzunu bağladı. Quzeyə, quzeyin lap ucqarlarına getmişdik, hücum qolu hündür dağların arasında fırlanaraq dərin və qaranlıq meşələrin içindəki palçıqlı yollarda yavaş-yavaş irəliləyirdi. Şam və qayın ağaclarıyla dolu olan meşələrdən gələn o sərin və qaranlıq havanı, şübhə oyandıran dumanlı sakitliyi, naməlumluğu xoşlayırdım. Kimsə bu adı çəkmirdi, amma, zənnimcə, uşaq vaxtı atamın əlində gördüyüm bacarıqsız bir rəssamın çəkdiyi Avropa xəritəsində, marallar və qotik qala şəkilləriylə bəzədilmiş Karpatın ətəyindəydik. Yağışdan soyuqlayan Xoca xəstəydi, amma yenə də sanki hədəfinə daha gec çatmaq üçün burulan yoldan, hər səhər ayrılıb, meşələrin içinə tərəf girirdik. Ov səfərləri sanki unudulmuşdu, suyun qırağında, bir uçurumun kənarında maral vurmaq üçün deyil, sanki bizə görə hazırlaşan kəndliləri gözlətmək üçün başımızı qatırdıq! Sonra fikirləşdik ki, artıq vaxt çatıb, kəndlərdən birinə girib, lazım olan işləri görəndən sonra, hər dəfə, axtardığı ləl-cəvahiri tapa bilməyən, amma vuruşub döyüldüklərini və ümidsizliyini unutmaq üçün, tez başqa bir kəndə qaçmağımızı istəyən Xocanın ardınca gedərdik. Bir dəfə sınaq keçirmək üçün səbri və maraq hissi məni təəccübləndirən Padşah, onun üçün iyirmi yeniçər gətizdirdi, eyni sualları bir dəfə onlardan, bir də evlərinin qarşısında gözləyən sarışın kəndlidən soruşdu. Bir dəfə də kəndliləri hücum dəstəsi üçün apardı, onlarla palçıqlı yollarda Sultanın əsgərlərinə çatmaq üçün qəribə cırıltıyla gücə düşən miniyimizi göstərdi, soruşdu ki, nə fikirləşirlər, cavablarını katiblərə yazdırtdı, amma, bəlkə də, dediyi kimi, biz, həqiqətən də, başa düşmədiyimizə görə, bəlkə də, boş yerə göstərdiyi şiddətdən özü də bezdiyi üçün, bəlkə, çəkdiyi vicdan əzabından, bəlkə də, ordunun və paşaların silah və meşədə baş verənlər haqqındakı sözsöhbətlərindən usandığı üçün, bəlkə də, təkcə xəsləlikdən –bilmirəm – artıq gücü tükənmişdi: öskürəndə artıq səsi əvvəlki kimi gur çıxmırdı, cavablarını əzbərlədiyi sualları indi əvvəlki kimi həyəcanla soruşmurdu, gecələr zəfərdən, gələcəkdən diksinib ayılmalıyıq deyə tapşıranda sanki getdikcə səsinin qısıldığına inanırdı. Ən axırıncı dəfə onu, təkrarən başlayan, solğun bir kükürd dumanının içində, təəccüblü bir neçə slavyan kəndlilərini inamsızca sorğu-sual edərkən gördüyümü xatırlayıram, biz artıq qulaq asmaq istəmədiyimizə görə uzaqdaydıq, onlar yağışın titrətdiyi xəyali bir işığın altında. Xoca əllərdə gəzən ulduz çərçivəli yekə bir aynanın islaq olan tərəfinə boş-boş baxırdı. Bir də ova getmədik, çayı keçib Ləh (polyak) torpaqlarına girmişdik. Getdikcə artan murdar yağışın lehmələşdiyi yollarda irəliləyə bilməyən silahımız sürətlə irəliləməli olan hücum dəstəmizin sürətini azaldırdı. Paşaların onsuz da xoşlamadığı silahımızın uğursuzluğu, lənət gətirəcəyi haqdakı deyilənlər bu ərəfədə daha da artdı. Xocanın keçirdiyi sınaqlara qatılan yeniçərlərin dedi-qoduları da məni yandırıb yaxırdı. Həmişəki kimi Xocanı yox, mən kafiri günahlandırırdı. Xoca artıq Padşahı belə bezdirən o poetik boşboğazlığına başlayıb, silahın orjinallığından, düşmənin gücündən, silkinib hərəkətə keçməli olmağımızdan danışanda Padşahın çadırında ona qulaq asan paşalar bizim saxtakarlığımıza və silahın uğursuzluğuna daha çox inanırdılar. Xocaya yolunu azmış, amma tamamilə ümidi qırılmamış xəstə gözüylə baxırdılar, əsl təhlükəli olan, əsl günahkar, Xocayla Padşahı aldadaraq uğursuzluqluqları planlaşdıran mən idim. Gecələr çadırımıza çəkiləndə Xoca xəstə səsiylə onlardan, əvvəlki illlərdə axmaqlarından danışdığı kimi, bezərək və əsəblə danışardı, amma o illərdə azalmayan sevinc və umidimiz artıq, demək olar ki, qalmamışdı. Yenə də görürdüm, işdən, sən deyən də, asanca əl çəkənə oxşamırdı. İki gün sonra, silahımız yağışdan qatılşamış palçığa batıb, hücum dəstəsinin arasında batanda mən artıq ümidimi üzdüm, Xoca xəstə halıyla vuruşurdu. Heç kəs bizə adam vermirdi, hətta at da vermirdilər, Sultana deyib qırxa yaxın at tapdı, topların zəncirlərini açdırdı, adam yığdı, bütün gün əlləşəndən sonra axşama yaxın, palçığa batıb qalması üçün dua edənlərin baxışları altında, atları qəzəblə qırmanclayaraq böyük silahımızı tərpətdi. Axşam da, silahımız ancaq uğursuzluq gətirmədiyini, həm də əsgərlər ürək-dirək verdiyini deyərək, bizlərdən qurtulmaq istəyən paşalarla savaşdı, amma artıq hiss edirdim ki, zəfər qazanacağımıza inanmır. Gecə çadırımızdaydıq, əlimdə səfərə çıxanda özümlə götürdüyüm ud vardı, çalışırdım ki nəsə ifa edim, əlimdən alıb bir qırağa tulladı. Dedi ki, mənim ağlım lazımdı onlara və soruşdu: bunu özün bilirsən? Bilirdim. Mənim əvəzimə onun kəlləsini istəsəydilər daha xoşbəxt olacaqmış. Bunu da hiss edirdim, amma heç nə demədim. Udumu yenə də götürəcəkdim ki, məni saxladı, istədi ki, ölkəm haqqında danışım. Padşaha danışdığım kimi, bir neçə kiçik və uydurulmuş əhvalat danışanda hirsləndi. Həqiqəti istəyirmiş, əsl təfərrüatları: anamı, nişanlımı, və bacı-qardaşlarımı soruşdu. Mən də həqiqi təfərrüatları danışarkən sözümü kəsdi, məndən öyrəndiyi italyan diliylə mənasını çox da başa düşmədiyim mənasız kəlmələr, qısa və yarımçıq cümlələr mızıldandı. Növbəti günlərdə, əvvəlcə qüvvələrin ələ keçirdiyi yandırılımış düşmən palankalarını (palanka kiçik qala, hasar- F.H) görəndə sonuncu ümidlə bəzi qəribə və çirkin düşüncələrə qapıldığını hiss elədim. Səhəri gün yandırılmış bir kəndin içindən yavaş-yavaş keçirdik, divarın dibində can verən yaralıları görən kimi atından düşüb onların yanına qaçdı. Əvvəlcə elə bildim ki, onlara kömək etmək istəyir, yanında tərcüməçi olsaydı, sanki onlardan dərd-sərlərini soruşacaqdı, uzaqdan ona baxırdım, sonra daha da aqresivləşdiyini anladım, bu aqressivliyin səbəbini sanki bilirdim, onlardan başqa şeylər də soruşacaqdı. Səhəri gün Padşahla birgə yolun sağında, solunda təmizlənmiş palankaları, kiçik hasarları görməyə gedəndə də eynən əvvəlki kimi həyəcanlıydı. Yerlə bir edilmiş tikililərin, top atəşləri ilə deşik-deşik edilmiş taxta divarlarının arasında, başı hələ də qopardılmamış yaralını görən kimi yanına qaçırdı. Baxmayaraq ki, çoxları düşünəcək ki, onu mən aldatmışam, bunu bilə-bilə, pis bir iş görməsin deyə, bəlkə də, sadəcə bayağı bir maraqla arxasınca gedirdim. Bədənləri mərmilərlə, güllə deşikləriylə parçalanmış yaralılar, ölüm maskasını üzlərinə keçirməmişdən əvvəl sanki ona nəsə deyəcəkdilər: Xoca həmin sözü desinlər deyə hazırlaşırdı ki, onları sorğu-sual etsin, hər şeyi bir anda dəyişdirəcək o dərin həqiqəti onlardan öyrənəcəkdi, amma gördüm ki, ölümlə qol-boyun olmuş o üzlrdəki ümidsizliyi həmin an öz ümidsizliyi ilə müqayisə etdi, onlara yaxınlaşdıqca heyrətdən sizində iştirak etmək istədiyiniz əyləncə, fövtə vermək istəmədiyiniz xoşbəxtlik var, amma hər an qurtaracağını zənn etdiyiniz yol qurtarmır ki, qurtarmır. Qaranlıq meşəylə, yamacın ətəkləri arasındakı düzənlikdə, tez-tez daşan çayın yaratdığı çirkli bataqlıq olduğunu, onu aşa bilən piyadalara, top atəşinin dəstək verməsinə baxmayaraq, yamacı heç cür keçə bilmədiklərini mən öyrənəndə, bizi bura gətirib çıxaran yolu düşünürdüm. Sanki hər şey, üstündə quşların uçuşduğu bəyaz qalanın, getdikcə qaranlıqlaşan yamacın, sakit və qaranlıq meşənin görünüşü kimi qüsursuzdur: illərdir ki, təsadüf bilib yaşadığım çox şeyin, indi zərurət olduğunu, əsgərlərimizin qalanın bəyaz qüllələrini heç vaxt ala bilməyəcəklərini, Xocanın da mənim kimi düşündüyünü bilirdim. Səhər hücüma keçəndə, silahımızın, içindəki və yanındakı adamları ölümün qucağına ataraq, bataqlığa batacağını, sonra uğursuzluq haqqındakı söz-söhbəti, qorxunu və əsgərləri sakitləşdirmək üçün onların qabağına mənim kəlləmin atılmasını istəyəcəklərini də, Xocanın da mənim qədər proqnozlaşdırdığını bilirdim. İllər əvvəl, bir dəfə onu özü haqqında danışdırmaqdan ötrü küyləyərək, eyni anda eyni şeyləri düşünmək vərdişinə yiyələndiyim bir uşaqlıq dostum haqqında danışdığımı xatırladım. Onun da həmin şeyləri düşündüyünə heç də şübhə eləmirdim. Gecə gec getdiyi Sultanın çadırından qayıtmadı. Çadırdakı paşalara, bu günümüzü və gələcəyi şərh etməsini istəyən Padşaha nə deyəcəyini çox yaxşı ehtimal etdiyimə görə, qəfil elə ordaca öldürüldüyünü və cəlladların bir az sonra mənə xəbər gətirəcəklərini fikrimdən keçirdim. Sonra çadırdan çıxıb, mənə xəbər verməmiş, birbaşa bəyaz divarları parıldayan qalaya getdiyini, növbətçilərin gözündən yayınaraq, bataqlığı və meşəni keçərək çoxdan çatdığını xəyalımda canlandırdım. Çox da həyəcanlanmayaraq, yeni həyatımı düşünərək səhəri gözləyirdim ki, gəldi. Çadırdakılara ehtimal elədiyim şeyləri dediyini, çox sonra, illər sonra, onlarla diqqətlə və uzunuzadı danışandan sonra öyrənə bildim. Mənə heç nə danışmadı, yola çıxmamışdan əvvəl təlaşlanan adam kimi tələsirdi. Dedi ki, çöldə qatı bir duman var, başa düşdüm. Gün çıxana qədər ona ölkəmdə qoyub gəldiklərimi, evimi necə tapa biləcəyimi, Empolidə, Florensiyada necə tanındığımızı, anamı, atamı, qardaşlarımı, onların xarakterləri haqqında danışdım. İnsanları bir-birindən fərqləndirən bəzi kiçik detallardan danışdım. Bütün bunları – ta kiçik qardaşımın kürəyindəki iri xala qədər – ona əvvəl də danışdığımı, ona bunları nəql etdikcə xatırlayırdım. Amma Padşaha danışarkən, ya da indi bu kitabı yazarkən, bəzən, zənnimcə, həqiqəti yox, ancaq xəyallarımı ifadə etdiyim bu əhvalatlara, danışa-danışa özüm də inanırdım: Bacımın dilində az-maz pəltəklik olduğu da doğruydu, paltarlaımızda çoxlu düymələrin olmağı da, yaxud da evimizin arxa bağçasına baxan pəncərədən gördüklərim də. Səhərə yaxın bu əhvalatlara, bəlkə də, qaldıqları yerdən, gec də olsa, davam edəcəyinə inandığıma görə aldandığımı zənn elədim. Xocanın da eyni şeyləri fikirləşdiyini, öz əhvalatına sevinclə inandığını bilirdim. Paltarlarımızı, təlaşa qapılmadan sakitcə dəyişdirdik. Ona üzüyümü və illərdir ondan gizləyə bildiyim medalyonumu verdim. İçində nənəmin anasının şəkli və nişanlımın öz-özünə ağaran saçı vardı, zənnimcə, onu xoşladı, boynuna taxdı. Sonra çadırdan çıxıb getdi. Sakit dumanın içində yavaş-yavaş gözdən itməyinə baxdım. Hava işıqlanırdı, yuxum tökülürdü, onun yatağına uzanıb rahatlıqla yatdım.
Artıq kitabımın axrına çatmışam. Bəlkə də, ağıllı oxucularım, əslində, əsərimin çoxdan qurtardığına qərar verərək onu artıq əllərindən tullayıblar da. Bir vaxtlar mən də eyni cür düşünürdüm, illər əvvəl yazdığım bu səhifələri bir də təkrar oxumamağa qərarlı olaraq bir küncə tullamışdım. O vaxtlar ağlıma, Padşah üçün yox, özüm üçün ləzzətlə uydurduğum digər əsərlərə, aludə olub onların arasına qarışan bir tacirlə, heç görmədiyim ölkələrin kimsəsiz çöllərində və buzlu meşələrində baş verən eşq əhvalatlarına aludə etmək fikrinə düşmüşdüm, bu kitabı, bu əhvalatı unutmaq istəyirdim. Eşitdiyim o qədər söz söhbətdən, yaşadığı o qədər şeylərdən sonra, çox da asan olmayacağını bildiyim bu işi, bəlkə də, bacaracaqdım, amma iki həftə əvvəl məni görməyə gələn bir qonağımın sözlərinə aldanaraq kitabı yenidən ortaya çıxartdı. Bu gün ən sevdiyim kitabımın bu kitab olduğuna artıq inanıram, onu lazım olan tərzdə, istədiyim kimi, arzusunda olduğum kimi bitirəcəyəm. Kitabımı yazıb qurtarmaq üçün arxasına keçdiyim köhnə masamızdan, Cənnəthisardan durub İstanbula gedən kiçik bir yelkənli gəmini, uzaqdakı zeytunluqların içindəki dəyirmanlardan birini, bağçanın aşağı hissəsindəki, əncir ağaclarının arasında itələşərək oynayan uşaqları, İstanbuldan Gəbzə ərazisinə daxil olan tozlu yolu görürdüm.Yoldan qarda-qışda çox da keçən olmur, baharda və yayda, Şərqə, Anadoluya, Bağdada, şama gedən karvanları görürəm, ən çox ağır-ağır irəliləyən o sınıq-salxaq kağnılar (öküz arabası –F.H) keçir, bəzən də uzaqdan palatarını dəqiq seçə bilmədiyim bir atlını görərək həyəcanlanıram, amma yaxınlaşdıqca yolçunun mənim yanıma gəlmədiyini baş düşürəm. Son vaxtlar heç kəs gəlmir, artıq bilirəm ki, heç gəlməyəcəklər də. Amma şikayətçi deyiləm, tənhalıq adlı bir dərdim yoxdu. Baş münəccim olduğum illərdə çox pul topladım, evləndim, dörd uşağım var, bəlkə də sənətimin mənə qazandırdığı uzaqgörənliklə fəlakətləri əvvəlcədən görərək vaxtında işimdən uzaqlaşdım: Sultanın ordusu Viyanaya getməmiş, məğlubiyyətlərin qəzəbiylə ətrafındakı təlxəklərin, məndən sonrakı baş münəccimin boynu vurulmamış, heyvanlara həvəskar olan Padşahımız taxtdan salınmamışdan çox əvvəl, bura–Gəbzəyə qaçdım, bu evi tikdirib, xoşladığım kitablarım, uşaqlarım və bir-iki adamımla bura köçdüm. Baş münəccim olanda evləndiyim həyat yoldaşım məndən çox balacadı, ev işlərindən çox yaxşı başı çıxır, bütün evi, başqa xırda-para işlərimi o idarə edir, yetmiş yaşına nərdivan söykəyən məni də kitablarımı yazım və xəyala dalım deyə bütün günü bu otaqda tək qoyur. Beləliklə, əsərimə və həyatıma uyğun bir sonluq tapmaq üçün onu doyunca düşünürəm. Halbuki, əvvəlki illərdə çalışırdım ki, bunu heç etməyim. Bir-iki dəfə Padşah ondan danışmaq istəyəndə, mənim bu mövzunu heç xoşlamayacağımı görmüşdü. Zənnimcə, o da bu vəziyyətdən razı idi, sadəcə maraqlanırdı, amma bilmədim ki, nəyin onu nə qədər maraqlandırdığını heç vaxt dəqiq bilmədim. Əvvəllər mənə demişdi ki, ondan təsirləndiyim və ondan öyrəndiyim üçün gərək onu heç vaxt unutmayım. O vaxtlar ona təqdim elədiyim bütün o kitabları, təqvimləri, qənaətləri onun yazdığını lap əvvəlcədən bilirmiş, bunu evdə bataqlığa bataraq qalan silahımızın planları ilə əlləşəndə də ona bu sözləri deyib, onun da mənə, eynən mənim ona hər şeyi danışdığım kimi, bunları danışdığını da bilirmiş. Bəlkə də, o vaxtlar, ikimiz də kələfin ucunu tam itirməmişdik, amma Sultanın işini daha etibarlı tutduğunu bilirdim. Padşahın məndən daha intellektual olduğunu, bilinməli olan hər şeyi bildiyini, məni ələ almaq üçün oyun oynadığını o vaxt düşünürdüm. Bəlkə də, bataqlıqda rastlaşdığımız təxribatdan və uğursuzluq haqqında deyilənlərdən qəzəblənən əskərlərin hirsindən məni xilas elədiyi üçün ona olan minnət borcumun da buna təsiri vardı. Çünki kafirin qaçdığını öyrənəndə əsgərlərin bəziləri mənim başımı istəmişdilər. Əvvəlki illərdə açıq şəkildə soruşsaydı, zənnimcə, Sultana hər şeyi danışacaqdım. O vaxtlar artıq mənim mən olmadığım haqqında gəzən söz-söhbətlər də çıxmamışdı, baş verənləri kiminləsə danışmaq istəyirdim və ondan ötrü darıxırdım. Uzun illər birgə yaşadığımız evdə tək qalmaq əsəblərimi daha da pozdu. Ciblərim pulla doluydu, əsir bazarına ayağım o ərəfədə öyrəşmişdi, axtardığımı tapana qədər aylarla ora gedibgəldim. Nəhayət, mənə də, ona da oxşamayan bir məzlumu pulla alıb evə gətirdim. Gecə ona, mənə hər şeyi öyrətməyini, ölkəsi və keçmişi haqda danışmasını, ən vacibi pis əməllərini açıbağartmasını deyəndə, onu aynanın qabağına çəkəndə məndən qorxdu. Çox pis gecəydi, məzluma yazığım gəldi, səhəri gün azad edəcəkdim, beynimin qurdu tərpəndi, aparıb qul bazarında qaytardım. Sonra evlənməyə qərar verərək məhəlləyə xəbər yaydım. Ən axırda məni də özlərinə oxşadacaqlarını, küçəyə rahatlıq gələcəyini düşündükləri üçün sevinclə gəldilər. Mən də onlara oxşamaqdan məmnun idim, nikbin idim, söz-söhbətin qurtardığını, illərdir Padşahıma əhvalatlar uydurub rahatlıqla yaşayacağımı düşünürdüm. Həyat yoldaşımı diqqətlə seçdim, O, gecələri mənimçün ud çalardı. Söz-söhbətlər təzədən başlayanda, əvvəlcə zənn elədim ki, bu Padşahın oyunudur, düşünürdüm ki, narahatlığıma göz qoymağı, məni təəccübləndirən suallar verməyi çox xoşlayır. İlk baxışda, mənə qəfildən -“özümüzü tanıyırıqmı, insan gərək kim olduğunu yaxşı bilə” – bu kimi sözlər deyəndə çox da narahat olmamışdım, bu əsəbləri pozan sualları, ətrafına təzədən toplamağa başladığı o təlxəklər arasındakı yunan fəlsəfəsinə marağı olan çoxbilmişdən öyrənib inandığını düşünürdüm. Bu haqda nəsə yazmağımı istəyəndə, ona, özləri üstündə çox da dayanmadıqları və kim olduqlarını heç bilmədikləri üçün xoşbəxt şən ceyranlar və sərçələr haqqında olan sonuncu kitabımı təqdim elədim. Kitabı diqqətlə yanaşaraq, ləzzətlə oxuduğunu öyrənəndə bir qədər rahatlaşdım, amma söz-söhbətlər mənim də qulağıma gəlib çatırdı. Guya Sultanı axmaq hesab eləyirəmmiş, çünki yerinə keçdiyim heç bir adama oxşamırmış, o daha zəif və incəymiş, mənsə gombulammış: Onun bildiyi hər şeyi mən heç vaxt bilməyəcəyimi deyəndə yalan dediyimi başa düşüblər, nə vaxsa müharibə vaxtı mən də uğursuzluğa onları mübtəla edəndən sonra qaçacaq, onun elədiyi kimi döyüş sirrini düşmənə verərək məğlubiyyəti asanlaşdıracaqdım və sair və ilaxır. Zənnimcə, Sultanın yaydığı bu söz-söhbətlərdən qorunmaq üçün əlimi-ayağımı əyləncədən çəkdim, ortalıqda çox da görünmədim, arıqladım və o son gecə Padşahın çadırında danışılanları diqqətlə araşdıraraq öyrəndim. Arvadım dalbadal uşaqlar doğurdu, gəlirim də yaxşıydı, söz-söhbətləri, onu, keçmişi unudub hüzrla işimə davam eləmək istəyirdim. Yeddi ilə yaxın dözdüm, əsəblərim daha sağlam olsaydı və ən vacibi, Sultanın ətrafındakı adamların bəzilərinin uzaqlaşdırılacağını sezməsəydim, bəlkə, axıra qədər də gedərdim, çünki onu unudaraq Padşahın mənə açdığı qapılardan keçə-keçə unutmaq istədiyim o əvvəlki mənimə bürünmüşdüm. Artıq əvvəllər məni narahat eləyən şəxsiyyət problemlərinə də daha bişmiş cavablar verirdim. Deyirdim ki, “İnsanın kim olduğunun nə önəmi var, vacib olan etdiklərimiz və edəcəklərimizdi”. Padşah, zənnimcə, ürəyimə bu üsulla yol tapdı! Məndən onun qaçdığı ölkə, İtaliya haqqında danışmağımı istəyəndə, çox da məlumatımın olmadığnı deyəndə əsəbiləşdi: O mənə hər şeyi danışmağını Sultana da deyib, həm də deyirdi ki, niyə qorxursan, onun danışdıqlarını xatırlamağım bunun üçün kifayətdir. Beləliklə, onun uşaqlığını və bir qismini bu kitabımda yazdığım gözəl xatirələrini, Sultana bir-bir təzədən danışdım. Lap əvvəllər əsəblərim çox da pozulmamışdı, Sultan mənə lazım olan şəkildə, başqasından eşitdiyi hadisəni danışan bir adama qulaq asan kimi qulaq asırdı, amma sonrakı illərdə daha diqqətcil oldu, danışdıqlarıma artıq ona qulaq asan kimi qulaq asırdı, amma onun bilə-biləcəyi təfərrüatları soruşandan sonra məndən xahiş elədi ki, qorxmayım ağlıma gələn cavabı verim: Bacımın kəkələməyi hansı hadisədən sonra başlamışdı, Padua Universitetinə niyə qəbul olunmamışdım, Venesiyada seyr elədiyi atəşfəşanlıqda böyük qardaşı hansı rəngdə paltar geyinmişdi? Bu detalları, öz başıma gəlmiş kimi Padşaha danışarkən, ya da bir qayıq gəzintisində, ya da qurbağalarla dolu olan su zanbaqları olan hovuzun yanında, ya da ədəbsiz meymunların gümüş qəfəslərinin qabağında, ya da bir vaxtlar birlikdə gəzdikləri üçün ortaq xatirələri ilə zəngin olan o bağçaların birində olurduq. O vaxt hekayələrdən və yaddaşımızın bağçasında açan çiçəklərin oyunundan xoşu gələn Padşah, mənə lap yaxınlaşır, bizə xəyanət edən köhnə bir dostu axtarırmış kimi ondan danışardı: O vaxtlar onun qaçmağının yaxşı bir hal olduğunu, yoxsa onu o qədər əyləndirməsinə baxmayaraq, həyəsızlığına dözə bilməyib onu öldürməyi çox düşündüyünü dedi. Sonra hansımız haqqında danışdığını tam müəyyənləşdirə bilmədiyim üçün, məni qorxudan bəzi şeyləri izah elədi, amma hiddətlə yox, xoş-xoş danışırdı. Bəzi vaxtlar özünü bilməməzliyə vurmağına dözə bilməyib onu öldürəcəyimdən qorxduğu
günlər olub, axırıncı gecə də az qala cəlladları çağırtdırırmış! Sonra mənə dedi: sən həyəsız deyilsən, amma özümü dünyanın ən ağıllı, ən bacarıqlı insanı zənn edirsən, vəbanın dəhşətini öz xeyrin üçün istifadə eləməzsən, kağıza yazılan uşaq kralların əhvalatları ilə gecələr heç kəsin yuxusunu qaçırtmazsan: Sultanın yuxularına qulaq asandan sonra evə qaçıb onu ələ salarkən düşünürdüm ki, onları danışmağa heç kəsin yoxdur, onu aldatmaq üçün birlikdə axmaq və əyləncəli bir əhvalat yazmağa da heç kəsin yoxdur! Bu sözlərə qulaq asarkən, zənn edirəm ki, yuxudakı kimi özümü və ikimizi kənardan görürəm, kələfin ucunu itirdiyimizi qorxuyla hiss edirdim, amma axır aylarda Sultan sanki məni dəli eləmək üçün daha da danışırdı: Sən mənim kimi deyiləsən. Mənim kimi ağlını da, onlarla-axmaqlarla bizi ayıran boş sözlərə vermisən”, ta illər əvvəl, birgə həyata keçirdiyimiz və Padşahın səkkiz yaşında, bizləri tanımamışdan əvvəl, qarşıdakı sahildən seyr elədiyi atəşfəşanlıqda, ona qaranlıq göldəki şeytanı zəfərə çatdıran mənim şeytanım, indi onunla birlikdəymiş və onunla birgə rahatlıq tapacağını zənn elədiyi ölkəyə gedib! Sonra bir-birininə oxşayan o bağça gəzintilərimizin şirin yerində Sultan diqqətlə soruşardı: İnsanlar, dörd bir tərəfdə, həmişə bir-birlərinə oxşadığını başa düşmək üçün, görəsən, mütləq Padşahmı olmalısan? Qorxaraq susardım: Sanki son dözümümü də qırmaq üçün bir də soruşardı: insanların hər yerdə bir-birinin bənzəri olduğunun ən yaxşı sübutu onların birbirlərinin yerinə keçməsi deyildimi?
Tarix: 09.06.2015 / 13:35 Müəllif: Aziza Baxılıb: 271 Bölmə: Orxan Pamuk - "Bəyaz qala"