Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2-ci hissə#
2-ci hissə#

Payıza yaxın, Paşa donanmasıyla səfərdən qayıtdı, top atəşi ilə Padşahı salamladılar, keçən il etdiyi kimi şəhər əhlini sevindirməyə çalışdı, amma məlum idi ki, bu səfər mövsümünü heç də yaxşı keçirməmişdilər. Zindana da az əsir gətirə bilmişdilər. Sonradan öyrəndik: venesiyalılar altı gəmi yandırıblar. Deyirdim ki, bir yolunu tapıb əsirlərlə danışım, bəlkə ölkəmdən xəbər tutaram. Çoxu ispaniyalı imiş. Səssiz, cahil, ürkək adamlardı, yardımdan və yeməyə nəsə dilənməkdən özgə bir halətləri yox idi. Ancaq bir nəfəri marağıma səbəb oldu. Qolu qopmuşdu, amma ümüdliydi, eyni sərgüzəştlərin ata-babalarının da birinin başına gəldiyini, sonra qurtulub qopmayan qoluyla bir cəngavər romanı da yazdığını, özünün də eyni şeyi etmək üçün qurtulacağına inandığını deyirdi. Sonralar yaşamaq üçün hekayələr uydurduğum vaxtlarda, əhvalatlar uydurmaq üçün yaşamağı xəyal edən bu adamı xatırladım. Çox keçmədi ki, zindanda yolxucu bir xəstəlik başladı, nəzrətçilərə rüşvət verərək özümü qoruduğum bu uğursuz epidemiya kölələrin yarısından çoxunu öldürəndən sonra çəkilib getdi. Sağ qalanları yenə işə aparmağa başladılar. Mən getmirdim. Axşamlar danışırdılar: Ta Xaliçin ucqarlarına gedirlərmiş, orada dülgərlərin, dərzilərin, boyaçıların ixtiyarına verilərək, müqəvvadan gəmilər, qalalalar, divarlar hazırlamaq üçün işlədilirlərmiş. Sonra öyrəndik: Paşa oğluna baş vəzirin qızını alacaq, və gözəl bir toy edəcəkmiş. Bir səhər məni Paşanın mülkünə çağırdılar. Nəfəs darlığının yenə başladığını düşünərək getdim. Paşa məşğul imiş, gözləmək üçün məni bir otağa apardılar, oturdum. Bir az sonra otağın digər qapısı açıldı, içəri məndən beş-altı yaş böyük olan bir nəfər girdi, üzünə baxanda təəccübləndim, qorxdum.

Otağa girən adam inanılmayacaq qədər mənə bənzəyirdi. Sanki mən də ordaydım. İlk anda belə düşündüm. Sanki mənə kələk gəlmək istəyən biri, mənim girdiyim qapının düz qarşısındakı qapıdan məni bir də içəri salır və belə deyirdi: bax, sən əslində belə olmalıydın, içəri belə girməliydin, əlini, qolunu belə yellətməli, otaqda oturan digər özünə-oxşarına belə baxmalıydın. Göz-gözə gələn kimi salamlaşdıq. Amma o çox da təccüblənənə oxşamırdı. O vaxt mənə elə də çox oxşamadığını yəqinləşdirdim, onun saqqalı vardı, həm də özüm özümün nəyə bənzədiyimi sanki unutmuşam. O qarşımda oturanda yadıma düşdü ki, bir ildir aynaya baxmıram. Az sonra mənim girdiyim qapı açıldı və onu içəri çağırdılar. Gözləyərkən bunun ustalıqla edilən zarafat deyil, mənim sıxıntılı düşüncəmin məhsulu olduğunu zənn etim. Çünki o günlərdə davamiyyətli olaraq xəyal görürdüm. Guya evə qayıdıram, hamı məni yaxşı qarşılayır, əsirlikdən də tez buraxırlarmış, guya gəmidə öz kameramda yatıram və bütün bunlar yuxudu deyə təsəlli nağılları uydurudum. Bunun da həmin nağıllardan biri olduğunu, amma reallaşdığını, ya da hər şeyin bir anda öz qaydasına düşəcəyinin işarəsi olduğunu düşünürdüm, elə bu vaxt, qapı açıldı və məni çağırdılar. Paşa mənə oxşayan adamdan bir az aralıda ayaq üstə dayanmışdı. Ətəyini öpdürdü, xətrimi soruşanda hücrədə çəkdiyim sıxıntılardan, ölkəyə qayıtmaq istəməyimdən danışırdım ki, heç mənə qulaq da asmadı. Astronomiyadan, elmdən, mühəndislikdən başım çıxdığı haqda danışmağımı Paşa xatırlayırmış, yaxşı bəs o göy üzünə atılan həmin fişənglərdən, barıtdan da nəsə bilirdimmmi? Tez bildiyimi dedim, amma qəfil o biri adamla göz-gözə gələndə şübhələndim ki, mənə tələ qurub. Paşa edəcəyi toyun bənzərsiz olacağını deyirdi, həm də atəşfəşanlıq hazırlatdıracaqmış, amma görülən iş bundan əvvəlkilərə oxşamamalıydı, bundan əvvəl Sultan anadan olanda, sonradan ölən bir maltalının atəşbazlarla hazırladığı nümayişdə, Paşanın sadəcə “XOCA” dediyi bənzərim də çalışıbmış, bir az bu işi bilirmiş, amma Paşa düşünüb ki, mən də ona kömək edə bilərəm. Bir-birimizi tamamlamalıydıq. Yaxşı bir iş nümayiş etdirsək, Paşa bizi sevindirəcəkmiş. Məqamıdır deyə arzumun ölkəmə getməkdən ibarət olduğunu dedim, Paşasa gələndən bəri heç qadınlarla yatıb-yatmamağımı soruşdu məndən, cavabımı öyrənəndə isə o işi etməyəcəyəmsə, azadlığın da boş şey olduğunu vurğuladı. Nəzarətçilərin işlətdiyi kəlmələrlə danışırdı, yəqin ki, axmaq-axmaq baxırammış, çünki mənə baxıb qəhqəhə çəkdi. “Sonra “XOCA” dediyi bənzərimə tərəf çevrildi: məsuliyyət oxşarımın üstünə düşürdü. Otaqdan çıxdıq. Səhər bənzərimin evinə gedəndə düşünürdüm ki, ona öyrədə biləcəyim heç bir şeyim yoxdur. Amma onun da məlumatı mənimkindən artıq deyilmiş. Dübarə, məlumatlarımız birbirinə uyğun gəlirdi. Bütün problem yaxşı bir maddə qarışığı əldə etmək idi. Bunu üçün lazım olan nəsnə tərəzi və maddə ölçənlərlə ölçüb diqqətlə hazırladığımız qarışıqları gecələri qabın dibində alovlandırıb və gördüklərimizdən nəticə çıxarmaqdı. Hazırladığımız fişəngləri, bizi seyr edən uşaqların heyran olduğu adamlarımız yandırdarkən, biz lap sonraları gün işığında o inanılmaz silah üçün işləyərkən etdiyimiz kimi, qaranlıqdakı ağacların altında durub maraq və həyəcanla gözləyirdik. Sonra da bəzən ay işığında, bəzən qaranlıqda, kiçik bir dəftərə gördüklərimi yazmağa çalışırdım. Gecə biz ayrılmamışdan əvvəl, Xocanın Xaliçə tərəf baxan evinə qayıdır və nəticələr haqqında uzun-uzadı danışırdıq. Evi kiçik, sıxıntılı və cansıxıcı idi. Hardan axdığını heç vaxt bilməyəcəyim iylənmiş suyun palçığa çevrildiyi dolanbaclı, qarğaşalı bir küçədə girlənirdi. İçəridə demək olar ki, əşya yox idi, amma evə hər dəfə girəndə darıxır, qəribə bir sıxıntıya qərq olurdum. Bəlkə, bu duyğunu mənə, babasından qalan adını xoşlamadığı üçün, özünə “Xoca” deməyimi istəyən adam bəxş edirdi? Məni gözətləyirdi, sanki məndən nəsə öyrənmək istəyirdi, amma o vaxt həmin şeyin nə olduğunu bilmirdi. Divar diblərinə sərdiyi döşəkçələrdə oturmağa vərdiş etmədiyim üçün, sınaqlarımız haqda mübahisə edərkən, mən ayaq üstə dayanar, bəzən də otaqda hirsli-hirsli var-gəl edərdim. Məncə, Xocanın bundan xoşu gəlirdi, o oturardı, beləliklə, solğun lampanın işığında da olsa, mənə doyunca baxardı.

Mənə baxdığını biləndə aramızdakı oxşarlığı hiss etməməsi məni narahat edirdi. Bir-iki dəfə də oxşarlığımızı bilib, amma hiss etmirmiş kimi, bir tövrlə davrandığını başa düşdüm. Sanki mənimlə oyun oynayırdı, elə bil ki, məni kiçik bir sınaqdan keçirir, mənim başa düşmədiyim bəzi şeyləri yəqinləşdirirdi. Çünki əvvəliki günlərdə mənə həmişə məhz, belə baxardı. Elə bil ki, nəyisə öyrənir, öyrəndikcə də daha da maraqlanırmış kimi. Mənə darıxdırıcı gələn, evini cansıxıcı edən məhz bu davranış idi! Baxmayaraq ki, təvazökarlığı məni cəsarətləndirirdi, amma rahat olmağa qoymurdu. Bir dəfə sınaqlarımız haqqında danışanda, bir başqa dəfə də məndən hələ də niyə müsəlman olmadığımı soruşanda, məni gizli-aşkar bir mübahisəyə sövq etmək istədiyini başa düşəndə özümü güclə saxladım. Bu sarıdan çəkindiyimi hiss etdi, mənə yuxarıdan aşağı baxdığını başa düşdüm, bu da məni hirsləndirdi. O günlərdə razılaşdığımız bircə şey, bəlkə də, bu idi: İkimiz də bir-birimizə yuxarıdan aşağı baxırdıq. Bu atəşfəşanlıq nümayişini qəzasızbəlasız uğurla reallaşdırsaq, bəlkə, ölkəmə qayıtmağıma izin verərlər deyə fikirləşir və özümü saxlayırdım. Bir gecə olduqca yüksəkliyə qalxan fişəngin bəxş etdiyi zəfər həyəcanıyla Xoca dedi: nə vaxtsa ta aya qədər getməyə qüdrəti olan bir fişəng hazırlaya bilər: problem sadəcə olaraq barıt qarışığını tapmaq və barıta davam gətirə biləcək metal lövhəni hazırlamaqdır. Ayın çox uzaqda olduğunu deyirdim ki, sözümü kəsdi, o da ayın çox uzaqda olduğunu bilirmiş, amma dünyaya ən yaxın ulduz elə Ay deyildimi? Onun sözünə haqq qazandıranda düşündüyüm qədər də rahatlaşmadı, daha da narahat oldu, amma başqa söz demədi. İki gün sonra gecəyarısı təkrar Ayın ən yaxın ulduz olduğuna niyə bu qədər əmin olduğumu məndən soruşdu: Bəlkə də, özümü göz aldanışına inandırırdım. Onda ona aldığım astronomiya təhsilimdən birinci dəfə söz açdım. Ptlomey kosmoqrafiyasının əsas qaydalarını qısaca izah etdim. Maraqla qulaq asdığını görürdüm, amma marağını aşkar bildirəcək hansısa işarəni bəlli etməkdən çəkinirdi. Bir müddət sonra, mən susanda Ptlomey haqqında özünün də məlumatlı olduğunu, amma bununla belə Aydan daha yaxında bir ulduz ola biləcəyi haqqındakı şübhəsinə sadiq qalacağını dedi. Səhərə yaxın o, ulduzlardan elə danışırdı ki, sanki indidən ona ulduzların movcudluğu tam məlum idi. Səhəri gün əlimə səliqəsiz xəttlə yazılmış bir kitab verdi. Hələ kifayət qədər püxtələşməmiş türkcəmə baxmayaraq götürdüm. Almagestin (Ptolomeyin kitabıdır.F.H) məncə, deyəsən, özündən yox, sürətindən çıxardılmış ikinci nüsxəsiydi, məni isə təkcə planetlərin ərəbcə olan məlumatları maraqlandırırdı, o vaxt onları da özümə yaxın buraxacaq halda deyildim. Xoca bir tərəfə, baxdığım bu kitabın məni həyəcanlandırmadığını hiss edəndə daha da hirsləndim. Yəqin, doğru olardı altı altun verdiyi bu cildə təvazökarlığın daşını atıb, səhifələrini çevirib baxmaq. Sakit bir şagird kimi səbirlə təkrarən açdığım kitabın səhifələrini çevirərkən primitiv bir sxemlə qarşılaşdım. Dünyaya görə planetlər, bəsit çizgilərlə çəkilmiş kürələrə yerləşdirilmişdi. Baxmayaraq ki, kürələrin yeri doğru idi, amma aralarındakı nizam fərqi və rəssamın heç bir nəzərə çarpası hansısa fikri yox idi. Sonra Ayla yer arasında balaca bir planet nəzərimi özünə cəlb etdi, bir az diqqət kəsiləndə bunun əlyazmaya sonradan əlavə edildiyi mürəkkəbin təzəliyindən də bilinirdi. Əlyazmanı axıra qədər vərəqlədikdən sonra Xocaya verdim. Mənə o kiçik ulduzu tapacağını dedi. Heç də zarafat edənə oxşamırdı, heç nə demədim. Mənim qədər onun da əsəbləri ilə oynayan sakitlik çökdü. Başqa heç bir fişəngi, sözü astronomiya həddinə qədər çatdırmayana kimi, bu mövzu bir daha açılmadı. Özümüzün kiçik uğurumuz və sirrini əldə edə bilmədiyimiz bir təsadüf olaraq qaldı. Amma işığın və alovun gücü və parlaqlığı haqqında çox yaxşı nəticələr əldə edir, uğurumuzun sirrini də bilirdik. Xoca bir-bir gəzdiyi İstanbul dükanlarının birində, satıcının da adını bilmədiyi toz tapmışdı, mükəmməl parlaqlıq verən bu sarımtıl tozun kükürdlə gözdaşı qarışığı olduğunu müəyyənləşdirdik. Sonralar parlaqlığın rəngini daha da artırsın deyə ağlımıza gələn hər maddəni qarışdırdıq, amma bir-birinə oxşayan qəhvəyi rənglə, açıq yaşıl rəngdən özgə bir şey əldə edə bilmədik. Xocanın dediyinə görə, etdiyimizin bura qədər olan hissəsi belə, indiyə qədər İstanbulda düzəldilənlərin ən yaxşısı imiş. Toyun ikinci gecəsi göstərdiyimiz nümayiş də əlayımış, hamı belə dedi, hətta başımızın dalından iş tutub işimizi əlimizdən almaq istəyənlər də. Xaliçin qarşıdakı sahilindən, Paşdşahın bizə baxmağa gəlməsini deyəndə çox həyəcanlandım, nəsə alınmayacaq və illərcə ölkəmə gedə bilməyəcəyəm deyə qorxurdum, “başlayın” deyəndə də qorxdum. Əvvəlcə qonaqları salamlamaq və nümayişə başlamaq üçün dimdik qalxan rəngsiz fişəngləri odladıq, sonra da Xocayla “dəyirman” adlandırdığımız cəmbərli fişəngi atdıq, göy bir anda qırmızı, sarı və yaşıl oldu, qorxunc gurultu bizim gözlədiyimizdən də gözəl idi, fişənglər atıldıqca çevrə daha da sürətlə fırlandı, və birdən ətrafı gün kimi işıqlandıraraq dayandı. Bir an özümü elə hiss etdim ki, sanki Venesiyadayam, səkkiz yaşındayam, belə bir nümayişi birinci dəfə seyr edirəm və indiki kimi də xoşbəxt deyiləm, çünki təzə qırmızı paltarımı mənə yox, bir gün əvvəl əyin-başı davada cırılan böyük qardaşıma geyindiriblər, fişənglər də o gecə geyinə bilmədiyim və bir daha geyməməyə and içdiyim çoxlu düyməsi olan paltarımı qırmızısı ilə birgə parıldayırdı, düymələr də böyük qardaşıma dar olan paltarla eyni rəngdəydi. Sonra “çeşmə” adlandırdığımız fişəngi yandırdıq, beş adam boyu hündürlüyündə bir çatının ağzından alov püskürməyə başladı: yəqin ki, qarşıdakı sahildə dayananlar alov novlarını daha yaxşı görürdülər, sonra “çeşmə”nin ağzından fişənglər fışqırmağa başlayanda, yəqin ki, bizim qədər onlar da həyəcanlanmışdılar, amma istəmirdik ki, həyəcanları azalsın. Əvvəlcə oyuncaq qüllələr və hasarların daxilindən fişənglər alovlanaraq keçəndə yanıb tutuşdular, bunlar da simvolik olaraq keçmiş zamandakı zəfərləri təmsil edirdilər. Mənim əsir düşdüyüm ilin gəmilərini keçirərkən, digər gəmilər yelkənimizi fişəng yağışına qərq etdi, beləliklə, mən əsir düşdüyüm günü bir daha yaşadım. Müqəvva gəmilər yanıb batarkən iki sahildən də “Allah, Allah“ deyə qışqırırdılar. Sonra yaşav-yavaş əjdahalarımızı keçirdik, burun pərlərindən, ağızlarından, qulaqlarından alovlar püskürürdü. Bir-biri ilə vuruşdurduq onları, planlaşdırdığımız kimi, əvvəlcə başlamadılar, sahildən atdığımız fişənglə aranı daha da qızışdırdıq, sonra hava bir az qaralanda, qayıqların içindəki adamlarımız çarxları işə saldılar və əjdahalar yavaş-yavaş göyə qalxmağa başladılar, heyrətlə və qorxuyla bağırışırdılar, əjdahalar gurultuyla yenə bir-birinə dəyəndə qayıqlardakı bütün fişənglər alovlandı, bu varlıqların bədəninə yerləşdirdiyimiz fitillər də, yəqin elə bu vaxt yandırılmışdı ki, hər yan istədiyimiz kimi cəhənnəmə çevrildi. Uğurumuzu yanımızdakı bir uşağın qışqıra-qışqıra ağladığını eşidəndə başa düşdüm, atası oğlanı unudub, ağzı açıq halda dəhşətlərə bürünən göyə baxırdı. Artıq düşünürəm ki, məni ölkəmə buraxarlar. Elə bu vaxt bu cəhənnəmin içinə mənim “Şeytan” adlandırdığım məxluq, altında heç kəsin görmədiyi kiçik qara qayığı ilə hərəkətə başladı və o ona qədər fişəng bağlamışdıq ki, adamlarımızla birgə bütün qayıq havaya qalxacaq deyə qorxurduq, amma işlər öz axarında getdi, döyüşən əjdahalar alovlarını tükəndirərək gözdən itəndə “Şeytan” qəfil alovlanan fişəngləri ilə birgə göyə qalxdı, sonra bütün gövdəsiylə birgə havada partlayaraq alov topaları saçdı. Bir anda bütün İstanbulu teror və qorxuya aludə etdiyimizi düşünərək, sanki hansı şəhərdə olduğumun o vaxt heç bir əhəmiyyəti yoxuydu. Şeytanınsa orda, hamısının üstündə bütün gecə alov saçaraq qalmasını istəyirdim. Bir az sağa-sola vurnuxandan sonra, heç kəsə sataşmadan, iki sahildəki adamları coşğunluqla qışqırdaraq Xaliçə getdi. Suya batarkən belə hələ də üstü alovlanırdı. Səhəri gün nağıllarda olduğu sayaq Paşa, Xocaya bir kisə altun göndərib. Nümayişdən çox razı qaldığını, amma şeytanın zəfərini yadırğadığını deyib. Bundan sonra nümayişə on gecə də davam etdik. Gündüzlər alov maketləri hazırlanır, yeni oyunlar qurulur və zindandan gətirtdiyimiz dustaqlara fişəng doldurtdururduq. On torba barıtla birgə sifətini də yandıran kölə kor oldu. Toy çal-çağırı qurtaranda Xoca harasa yox oldu. Bütün günün məni gözətləyən bu adamın qısqanc gözlərindən xilas olduğum üçün rahatlaşdım, amma demirəm ki, fikrimdə onunla keçirdiyim maraqlı günləri düşünmürdüm. Ölkəmə qayıdanda, mənə bu qədər oxşamasına baxmayaraq bu bənzərsizlikdən heç söz açamayan bu adam haqqında hamıya danışacaqdım. Hücrəmdə oturur və vaxt keçirmək üçün xəstələrə baxırdım. Paşanın məni çağırdığını eşidəndə həyəcanla, bir qədər də, sevinclə qaçaraq getdim. Əvvəlcə tez-tələsik məni təriflədi, atəşfəşanlıq hamını məmnun eləyib, çoxlu əyləniblər, mən də çox bacarıqlıyammış və.s. Sonra birdən bu sözləri dedi: müsəlman olsam, məni azad edəcəkmiş. Təəccübləndim, axmaqlaşdım, ölkəmə qayıtmaq istədiyimi dedim, həmin axmaqlıqla kəkələyə-kəkələyə anamdan, nişanlımdan söz salmaq kimi şəxsiyyəti alçaldan işə beləcə əl atdım. Paşa məni heç eşitmirmiş kimi təkrar eyni şeyi dedi. Bir qədər susdum. Ağlıma hansısa səbəbdən tənbəl və dəcəl uşaqlıq dostlarım, atalarına əl qaldıran və nifrətlə qarşılanan uşaqlar gəlirdi. Dinimi dəyişməyəcəyimi deyəndə Paşa mənə hirsləndi. Hücrəmə qayıtdım. Üç gün sonra Paşa yenə çağırdı. Bu dəfə kefliydi. Dinimi dəyişdirməyimin qaçmağıma xeyri olub-olmamadığını bilmədiyim üçün tam qərara gəlməmişdim. Paşa fikrimi soruşdu, burda gözəl bir qızla məni şəxsən özü evləndirərmiş. Cəsarətimə inanaraq dinimi dəyişdirməyəcəyimi deyəndə Paşa bir qədər təəccübləndi, sonra axmaq olduğumu dedi. Ona görə dinimi dəyişdirsəm belə, onsuz da ətrafımda elə bir adam yox idi ki, üzünə baxa bilməyim. Sonra bir qədər İslam dini haqqında danışdı. Susanda isə məni hücrəmə göndərtdi. Üçüncü dəfə gedəndə Paşanın hüzuruna aparmadılar. Eşikağası fikirmi soruşdu. Bəlkə, qərarımı dəyişdirərdim, özü də bunu hansısa eşikağası soruşdu deyə yox, öz xoşuma dedim. Dedim ki, indiki halda dinimi dəyişməyə hazırlıqlı deyiləm. Eşikağası qolumdan tutub məni aşağı apardı, başqa bir adama təhvil verdi. Bu şəxs uzunboylu, yuxularımda da tez-tez gördüyüm bir adam idi, qoluma girdi, yatalağa kömək edən sayaq mərhəmətlə məni bağçanın küncünə apararkən, yanımızda yuxulara girməyəcək qədər gerçək olan biri gəldi, yekə biriydi. İkisi bir divar dibinndə durub əllərimi bağladılar, əlində çox da böyük olmayan balta vardı. Müsəlman olmasam, Paşa tez bir zamanda başımı bədənimdən ayıracaqmış. Ölümlə-olumun arasındaydım. Düşünmürdüm ki, bu qədər tez olar. Mənə yazıq kimi baxırlar. Heç nə demədim. Deyirdim ki, heç olmasa bir də soruşmasınlar, bir qədər sonra soruşdular. Beləliklə, dinim mənim gözümdə ondan ötrü asanlıqla can verilə bilən bir nəsnəyə çevrildi, özümü üstün tutur, bir tərəfdən də sual verdikcə dinimdən dönməyimi çətinləşdirən o iki nəfər kimi özümə yazığım gəlirdi. Başqa bir şey fikirləşmək üçün özümü məcbur edəndə, gözümün qarşısında, evimizin arxasındakı bağçaya baxan bir pəncərədən gördüklərim canlandı: masanın üstündə sədəf nişanlı sininin içində şaftalılar və albalılar vardı, masanın arxasında həsirdən hörülmüş divan vardı, üstündə pəncərənin yaşıl rəngi ilə eyni rəngli quş tükü ilə doldurulmuş yastıq qoyulmuşdu, lap arxada kənarına sərçə qonan quyu ilə birgə zeytun və albalı ağaclarını görürdüm. Onların arasındakı qoz ağacının hündür bir budağında uzun iplərlə bağlanmış yelləncək xəfif küləkdə yavaş-yavaş tərpənirdi. Bir də soruşanda, dedim ki, dinimdən dönməyəcəyəm. Orda kötük var idi, dizimi büküb başımı kötüyə dayadılar. Əvvəlcə gözlərimi qapadım, amma sonra açdım. Biri baltanı götürdü. O biri dedi ki, bəlkə də, peşman olmuşam, məni ayağa qaldırdılar. Bir qədər də düşünməliyəmmiş. Mən fikirləşəndə kötüyün düz yanında torpağı qazmağa başladılar. Fikirləşdim ki, məni orada basdıracaqlar, içimdə ölümdən başqa, bir də ölməmiş basdırılmaq qorxusu baş qaldırdı. Fikirləşirdim ki, onlar məzarı qazana qədər qərarımı verərəm, kiçik bir çuxur qazıb yanıma gəldilər. O vaxt burda ölməyin çox axmaq bir şey olduğunu fikirləşdim. Müsəlman olmaq istədim, amma buna vaxt yox idi. Zindana, artıq vərdiş elədiyim hücrəmə qayıtsam, təkcə indi yox, bütün gecəni oturub fikirləşər, səhərə qədər dinimi dəyişməyə qərar verə bilərdim. O an tutub aparıb dizimi bükdülər. Başımı kötüyə dayamamışdan əvvəl ağacların arasından sanki uçaraq keçən kimisə görüb təəccübləndim. Mən saqqalarım uzanmış halda, həmin yerdə ayaqlarım torpağa dəymədən gəzirəmmiş. Ağacların arasından keçib gedən öz əksimi çağırmaq istədim, səsim çıxmadı, başım kötüyə qoyulmuşdu. O vaxt reallaşacaq şeyin yuxudan fərqli olmayacağını düşünərək başımı qoydum, gözlədim, boynum və kürəyim üşüyürdü, düşünmək istəmirdim, amma üşüyə-üşüyə düşünürdüm. Sonra məni qaldırıb dedilər: Paşa çox hirslənəcək. Orda əllərimi açarkən məni danladılar. Allahın, Məhəmmədin düşməniyəmmiş. Yuxarı, evə apardılar. Paşa ətəyini öpdürəndən sonra könlümü aldı, dinimdən həyatım bahasına belə dönmədiyim üçün mənə hörmətinin artdığını dedi: amma bir qədər sonra özündən çıxdı. Boş yerə höcət edirəmmiş, islam daha yaxşı din imiş - bu kimi sözlər dedi: danışa-danışa daha da hirsləndi, məni cəzalandırmağa qərarlı imiş. Sonra danışdı ki, kiməsə söz verib, bu sözün başıma gəlməsi mümkün olan bəzi hadisələrdən məni xilas etdiyini başa düşürdüm, nəhayətdə söz verdiyi və danışdığı adamın Xoca olduğunu başa düşdüm. Onda Paşa məni Xocaya hədiyyə elədiyini dedi. Əvvəlcə çox da başa düşməyərək baxırdım. Paşa izah etdi: Artıq Xocanın quluyammış, ona kağız da verib, məni azad etmək və saxlamaq onun əlindəymiş, bundan sonra mənə nə istəsə, edə bilərmiş. Paşa otaqdan çıxıb getdi. Xoca da imarətdəymiş, məni aşağıda gözləyirmiş. Onda başa düşdüm ki, bağçada ağacların arasında gördüyüm adam o imiş. Yeriyə-yeriyə evinə getdik. Dedi ki, ta əvvəldən mənim dinimdən dönməyəcəyimi bilirmiş. Artıq evin bir otağını da mənim üçün hazırladıb. Soruşdu ki, acam, yoxsa tox? Hələ də canımda ölüm qorxusu vardı, nəsə yeməyə halım yox idi. Buna baxmayaraq qabağıma qoyduğu çörəklə qatıqdan bir-iki tikə yeyə bildim. Loxmaları çeynəyərkən Xoca da ləzzətlə mənə baxırdı. Bazardan təzə aldığı atını bəsləyərkən atına gələcəkdə gördürəcəyi işləri düşünərək ləzzət alan kəndli kimi baxırdı mənə. Xocanın, Paşaya təqdim edəcəyi saatın və kosmoqrafiya qanununun dəqiqliyinə diqqət kəsilərək məni unutduğu zamana qədər bu baxışını tez-tez xatırladım. Sonra, dedi ki, mənə hər şeyi öyrədəcək, Paşadan buna görə məni istəyib, mən ancaq ondan sonra azad oluna bilərəmmiş. Bu dediyi “hər şey”in nə olduğunu bilməyim üçün gərək aylar keçəydi. “Hər şey” məktəblər də, mədrəsələr də öyrəndiklərimmiş, orada, mənim ölkəmdə öyrədilən bütün astronomiya, mühəndislik, elm və s. Sonra hücrəmda qalmış və səhəri gün gətirtdiyi kitablarda yazılanlar da, bütün eşitdiklərim və gördüklərim də, çaylar, göllər, buludlar və dənizlər haqqındakı düşüncələrim də, zəlzələnin və göy gurultusunun səbəbləri də “hər şey” idi. Gecənin yarısına yaxın ulduzlar və planetlərlə maraqlandığını əlavə elədi. Açıq pəncərədən içəriyə işıq düşürdü, mənə dedi ki, Ay ilə dünya arasındakı o ulduzların varlığı, ya da yoxluğu ilə bağlı, heç olmasa, dəqiq bir cavab tapmalıyıq. Mən, ölümlə əlbəyaxa olduğum bir günün qorxulu gözləriylə, aramızdakı əsəbiləşdirici oxşarlığı yenə də, heç istəməyərək müşahidə edərkən, Xoca artıq “öyrənmək” kəlməsindən istifadə etmirdi: birgə araşdıracaqdıq, birgə tapacaqdıq, birgə də davam edəcəkdik. Beləliklə, qapının arasından onlara qulaq asan, böyükləri evdə olmayanda da dərslərini inamla oxuyan iki yaxşı şagird, iki mehriban qardaş kimi çalışmağa başladıq. Əvvəllər mən özümü daha çox tənbəl qardaşı ona çatsın deyə əvvəlki biliklərinə nəzər salmağa razı olan xoşniyyətli böyük qardaş kimi hiss edirdim. Xocasa böyük qardaşının bildiklərinin çox da əhəmiyyətli bir şey olmadığını isbat etməyə çalışan idraklı digər qardaş kimi davranırdı. Aramızdakı bilgi fərqi, ona görə ancaq, hücrəmdən gətirib şkafın bir gözünə düzdüyü və mənim xatırladığım cildlərin sayı qədərdi. Qeyri-adi təəccübü və zəkasıyla, sonralar daha da mənimsədiyi italyancanı öyrənib, altı ay ərzində bütün kitabları oxuyub, bütün xatırladıqlarımı da mənə xatırladanda ondan heç bir üstünlüyüm qalmamışdı. Amma əslində, çoxunun dəyərsizliyini özünün də qəbul etdiyi kitablarını aşan, öyrənilmiş şeylərdən daha təbii və daha dərindən gələn bir bilgisi də varmış kimi davranırdı. İşə başlayandan altı ay sonra, artıq birgə öyrənən, birlikdə irəliləyən bir cütlük deyildik. O düşünür, mən də ancaq, onun işi grə bilməsi üçün bəzi incə məqamları ona xatırladır, ya da bildiklərinə bir də nəzər salmasına kömək edirdim. Əksəriyyətini unutduğum bu “fikirlər” daha çox gecə vaxtlarına təsadüf edir, axşam yediyimiz adi yeməkdən, məhəllədə bütün lampalar sönəndən və hər tərəf sükuta bürünəndən sonra olurdu. Səhərlər iki məhəllə aralıda yerləşən məscidin uşaq məktəbinə dərs deməyə gedir, həftədə iki dəfə də mənim heç addımımı da atmadığım, uzaq bir məhəllə məscidinin muvaqqitxanasına (muvaqqitxanə- bura namaz vaxtının təyin edilməsi ücun xüsusi bir məkandır, həmçinin orta əsirlərdə riyaziyyat və astronomiya ilə məşğul olanlar üçün xüsusi bir yerdir. Fərid Hüseyn) baş çəkirdi. Yerdə qalan vaxtını ya bu “gecə düşüncələri”ni beynində yaratmaqla, ya da o fikirləri götür-qoy etməklə keçirirdik. O vaxtlar tez bir zamanda ölkəmə qayıdacağıma inanırdım, Xocayla təfərrüatlarına çox da diqqətlə qulaq asmadığım “düşüncə”ləri haqqında mübahisə etmək bu gedişatı olsa-olsa bir qədər dəyişdirəcəyini düşündüyüm üçün onun sözlərinin əleyhinə söz deməzdim. Beləliklə, birinci ili xəyali ulduzun varlığının, ya da yoxluğunun isbatını araşdırmaq üçün dərindən öyrəndiyimiz astronomiya ilə məşğul olaraq keçirdik. Xeyli pul tökərək Flamanddan (Belçikada tayfadır və xüsusi bir ləhcələri var ki, dünyada çox məşhurdurlar. F.H) lupalar gətizdirib hazırlatdığı teleskoplarla, rəsədxana alətləri ilə və cədvəllərlə işləyərkən Xoca xəyali ulduz problemini unudub, daha dərin bir problemə girişdiyini, Ptolomey sistemini mübahisə mövzusuna çevirəcəyini dedi, amma mübahisə etmirdik, o danışır, mən də qulaq asırdım: Ulduzlar asılmış şəffaf kürələrin nizamsızlığından danışırdı, bəlkə də, onları orda saxlayan başqa bir şey vardı, görünməyən hansısa güc, cazibə qüvvəsi, bəlkə də, Günəş kimi bir şey. Dünyanın da başqa bir şeyin ətrafında fırlandığını iddia elədi, bəlkə də, bütün ulduzlar, bizim varlığından xəbərdar olmadığımız başqa bir kürənin ətrafına fırlanırdı. Daha sonra Ptolomeydən daha geniş, daha əhatəli düşünəcəyini bildirdi, çox ətraflı, kosmoqrafiya üçün tədqiq olunmamış bir yığın ulduza diqqətlə baxdı, bəlkə də mərkəz Venera idi, amma bu fikirlərdən də tez bezdi. Sonralar indiki problemin, bu yeni düşüncələri ortaya atmaq üçün deyil, ulduzları və hərəkətlərini burdakılara bildirmək üçün olduğunu, bu işə birinci Paşadan başlayacağını deyirdi ki, Sadiq Paşanın Ərzuruma sürgün olunduğunu eşitdik. Deyilənlərə görə uğursuz bir qruplaşmaya qoşulmuşdu. Paşanın sürgündən qayıdacağını gözlədiyimiz illərdə Boğazdakı axıntının səbəbindən yazmalı olduğu risalə üçün aylarla Boğazın arxa tərəfinə, iliklərimizə işləyən küləkdə dənizin axınını seyr edərək və vadilərdə əlimizdəki qablarla Boğaza tökülən suyun temperaturunu və axıntısını ölçməyə çalışaraq gəzindik. Paşanın xahişi ilə onun işini görmək üçün gedib üç ay qaldığımız Gəbzədə məscidlər arasındakı namaz vaxtlarındakı uyğunsuzluq, Xocanın ağlına tamam başqa bir fikir saldı: namaz vaxtlarını göstərən qüsursuz bir saat hazırlayacaqdı. Masa adlanan əşya haqqında ona həmin vaxt başa saldım, ölçülərini verərək dülgərə hazırlatdırdığım əşyanı müsəlla daşına oxşadırdı, deyirdi ki, uğursuz bir şeydi, amma sonra oturacaqlara da, stola da vərdiş elədi, belə daha yaxşı düşündüyünü və yazdığını da dedi. Namaz vaxtları üçün, günəşin fırlanma periyoduna uyğun elliptik dişlər hazırlamaq üçün İstanbula qayıdanda, masamız da eşşəyin üstündə arxamızca gəlirdi. İkimiz birgə masada əyləşib işlədiyimiz o aylarda, Xoca dünyanın kürə formasında olmasına görə, gündüzlə gecə arasında böyük zaman fərqi olan soyuq ölkələrdə, namaz və oruc vaxtlarının necə müəyyənləşdiriləcəyini anlamağa çalışırdı. Başqa bir sual da, Məkkədən başqa hansı tərəfə dönsə də, insanın qibləyə baxa bilməsi üçün başqa bir yerin mövcud olubolmamasıydı. Daxilən yuxarıdan-aşağı baxdığı bu problemlərlə maraqlanmadığımı gördükcə, Xoca mənə ciddi adam kimi baxmırdı, amma o vaxtlar düşünürdüm ki, mənim üstünlüyümü və fərqliliyimi başa düşür, bəlkə də, o da mənim bunu anladığımı fikirləşdiyinə görə əsəbiləşirdi. Uzun-uzadı elmdən danışdığı kimi, zəkadan da danışırdı, Paşanı, İstanbula qayıtdığı vaxt planları ilə daha da təkmilləşdirdiyi və bir modelə, başadüşülən bir vəziyyətə salacağı yeni kosmoqrafiya sistemi ilə, yeni saatla öz təsiri altına salacaqdı, bununla da tərəqqi meyillərini, öz ürəyindəki marağı hamıya yoluxduraraq özündən uzaqlaşdıracaqdı. Bunu ikimiz də bilirdik.

O günlərdə saatın hər həftə yox, ən azından hər ay qurulub zəng çalmağını nizamlayan daha böyük dişli mexanizmanı necə düzəldə bilərəm deyə düşünürdü, belə bir dişli dəsti hazırlayandan sonra, ildə bir dəfə namaz vaxtı qurulan saatı hazırlamağı da fikirləşirdi, bütün problem də bu böyük saatın qurulma vaxtlarının arasındakı zaman məsafəsinin artdıqca artan və ağırlaşan dişlərini hərəkətə gətirə biləcək qüvvəni necə tapmaqda idi, elə tapacağını düşünürdü ki, saraydakı dostlarından Paşanın Ərzurumdan qayıtdığını öyrəndi. Səhəri gün Paşanı təbrik etməyə getdi. Qonaqların qələbəliyi içində, Paşa, Xocayla, onun kəşfləri ilə maraqlanmış, hətta məni də soruşmuşdu. O gecə saatı söküb-söküb yenidən qurduq. Dünya modelinin orasına-burasına nələrisə əlavə etdik, əlimizdəki fırçalarla ulduzlara boya sürtdük. Xoca ona qulaq asanları təsirləndirmək üçün və poetik bir dillə qələmə alıb əzbərlədiyi mətndən parçaları mənə oxudu. Səhərə yaxın ulduzların fırlanma məntiqinə bağlı olan bu mətni həyəcanını azaltmaq üçün təzədən tərsinə oxudu. Sonra çağırtdırdığı arabaya alətlərimizi yükləyib Paşanın evinə getdi. Aylardır evi dolduran saatın və modelin tək atlı arabanın yük yerində az yer tutmağına təəccüblə baxdım. Axşam çox gec qayıtdı. Alətləri həyətinə qoyandan və Paşa bu qəribə şeyləri zarafatla, həm də çox da bəyənmədən və zəhmli bir qocanın soyuqluğuyla baxandan sonra, Xoca əzbərlədiyi mətnləri ona oxuyub. Paşa da məni xatırlayıb, illər sonra paşdşahın da deyəcəyi bu sözləri deyib: “O öyrətdi sənə bunları?” İlkin reaksiyası ancaq bu olub. Xoca isə Paşanı daha da təəccübləndirən bir reaksiya verib: “KİM?”. Amma sonra tezcə söhbətin məndən getdiyini başa düşüb. Paşaya mənim oxumuş bir nadan olduğumu deyib. Bunları mənə danışanda mənimlə maraqlanmırdı, fikri hələ də Paşanın imarətində olan hadisələrdə idi. Sonra israrla hamısının öz kəşfi olduğunu deyib, amma Paşa ona inanmayıb, sanki bir günahkar axtarırmış və o günahkarın da çox istədiyi Xoca olmağına ürəyi heç cür razı olmurmuş. Beləliklə, ulduzlar haqqında danışmaq əvəzinə məndən danışıblar. Xocanın bu mövzuda danışmaqdan çox da xoşu gəlmədiyini anlayırdım. Beləliklə, sakitlik olub, Paşanın da diqqəti ətrafındakı digər qonaqlara gedib. Axşam yeməyində Paşa ulduzlardan və kəşflərindən danışmaq üçün yenə söz salarkən Paşa mənim üzümü xatırlamağa çalışdığını, ancaq gözünün qabağına Xocanın üzünün gəldiyini deyib. Süfrə arxasında başqaları da əyləşibmiş, insanların qoşa yaradıldığı haqda cəfəngiyyat başlamış, bu mövzuda şişirdilən örnəklər xatırlanmış, anaların birbiri ilə səhv saldığı əkiz qardaşlardan, bir-birini görən kimi qorxan, amma sehrlənmiş sayaq birbirlərindən heç vaxt ayrılmayan, günahsızları əvəzləyən quldurlardan danışıblar. Yemək qurtarıb qonaqlar evə gedərkən Paşa, Xocadan xahiş edib ki, qalsın. Xoca təzədən danışmağa başlayanda əvvəl-əvvəl Paşa çox əylənirmiş, hətta çox da başa düşülməyən bir sıra qarışıq məlumatlarla kefi yenidən pozulduğu üçün məmnun deyilmiş, amma sonra Xocanın əzbərdən oxuduğu mətni üçüncü dəfə dinləyəndən və modelimizdəki dünyanın və ulduzların bir neçə dəfə gözünün qarşısında fır-fır fırlandığını görəndən sonra, sanki nəyisə başa düşüb, ən azından, məlum-naməlum bir maraq hiss edib və Xocanın danışdıqlarına qulaq asmağa başlayıb. O vaxt Xoca ulduzların hər kəsin zənn elədiyi kimi elə yox, belə fırlandığını həyəcanla təkrarlayıb. Ən axırda Paşa deyib: “Yaxşı, başa düşdüm, elə də ola bilərlər, niyə də elə fırlanmasınlar ki?”. Onda Xoca susub. Fikirləşdim ki, yəqin, uzun müddət sakitlik olub. Pəncərədən çölə, Xaliçin qaranlığına baxan Xoca dilləndi. “Niyə dayandı, niyə başqa şey demədi?”. Bu sualın cavabını mən də belə bilirdim: bəlkə, gələcəkdə gediləcək o yer haqda Xocanın bir fikri vardır deyə, düzü, şübhələnirdim, amma o da bir şey demədi. Sanki hamının ona oxşamağından narahatlıq duyurdu. Paşa daha sonra saatla maraqlanıb, içini açdırıb dişlərinin, mexanizmin, ağırlığının hansı işə yaradığını soruşub. Sonra qaranlıq və qorxulu bir ilan yuvasını qurdalayan kimi, qorxa-qorxa barmağını tıqqıldayan alətin içinə soxub və çəkib. Bu vaxt Xoca saat qüllələri haqqında və hamının eyni vaxtda qılacağı namazın gücündən danışırmış ki, birdən Paşa şiddət göstərərək deyib: “Ondan xilas ol. İstəyirsən zəhərlə, istəyirsənsə də azad ol. Rahatlaşarsan”. Yəqin onda
qəfil qorxu və ümidlə Xocaya baxmışam. Onların məni işin məqsədini bilənə qədər azad etməyəcəklərini də dedi. Fərqinə varmalı olduğum şeyin necə bir şey olduğunu soruşmadım. Bəlkə də, Xocanın da bunu bilmədiyini öyrənməkdən, intuisiyamın gücüylə qorxurdum. Sonra başqa şeylərdən danışıblar, Paşa qaşqabağını töküb qarşısındakı detallara istehza ilə baxırmış, Paşanın yenə də maraqlanacağını ümidlə gözləyən Xoca, artıq çox da istənilmədiyini bilə-bilə axşamdan sonra Paşanın mülkündə qalıb. Sonra alətlərini arabaya yüklətdirib. Arabanın qaranlıq və səssiz döngədəki bir evdə olduğunu və yatağında yatamayan bir adam haqqında düşündüm: Təkərlərin gurultulu səsi arasında iri saatın tıqqıltısını eşidir və maraqlanırdı. Xoca gün işıqlanana qədər otaqda qaldı. Sönən şamın təzəsini yandıracaqdım, qoymadı. İstəyirdi ki, nəsə deyim, fikrini bildiyim üçün dilləndim: “Paşa başa düşəcək”. Bunu qaranlıqda olanda dedim, bəlkə, inanmadığımı o da bilirdi, amma bir qədər sonra cavab verdi: Bütün müəmma Paşanın inandığı o zamanın sirrini faş etməkdədi. İlk fürsətdə bu sirri çözmək üçün Paşanın yanına getdi. Bu dəfə Paşa onu sevinclə qarşılayıb. Olanları, yaxud da niyyətlərini başa düşdüyünü deyib. Xocanın könlünü alandan sonra silah hazırlamaq üçün məsləhət verib ona. “Düşmənlərimizə dünyanı zindan edəcək bir silah”. Belə deyib, amma bu silahın necə bir silah olacağını deməyib. Elmə olan marağını bu sahəyə yönləndirərsə, bax bu vaxt Paşa, Xocanı dəstəkləyərmiş. Evdə açıb saydıq, on yeddi dənəydi, qəribə rəqəm idi. Padşahı, Xocanın dinləməyə vadar edəcəyini bu kisəni verəndən sonra deyib. Deyib ki, uşaq belə şeylərə maraq göstərir. Nə mən, nə də asanca ümidlənən Xoca bu sözdən həvəsləndik, amma bir həftə sonra xəbər gətirdilər. Paşa bizi, məni də, bəli, iftardan sonra kürsüyə çıxaracaqmış. Hazırlıq kimi Xoca, Paşaya oxuduğu mətni doqquz yaşındakı bir uşağın anlayacağı şəkildə dəyişdirərək əzbərlədi. Amma fikri nəyə görəsə Paşdşahda yox, Paşada və onun hansı səbəbdən sakitləşməyində idi. Bir gün bunun sirrini kəşf edəcəkmiş. Paşanın hazırlatmaq istədiyi silah necə bir şey ola bilərdi? Mənim deməyə, demək olar ki, sözüm qalmamışdı, özü tək işləyirdi. Xoca gecənin yarsına qədər otağına qapanarkən, mən artıq ölkəmə nə vaxt qayıdacağımı belə düşünmədən, axmaq bir uşaq kimi, pəncərəmin qabağında boş-boş oturub xəyal qururdum: Masanın arxasında oturub çalışan, Xoca yox mənəm, istədiyim vaxt istədiyim yerə gedə bilərəm. Axşamüstü məmulatlarımızı arabaya yükləyib saraya getdik. Artıq İstanbul küçələrini xoşlayırdım, görünməyən adam olduğumu, onların, bağçadakı iri çinar, şabalıd və palıd ağaclarını arasından xəyal kimi keçdiyimi düşündüm. Avadanlıqları, başqa adamların da köməyi ilə göstərdikləri yerdə- ikinci həyətdə qurduq. Padşah boyu başına görə qısa, qırmızı yanaqlı sevimli bir uşaq idi. Avadanlıqları öz oyuncaqları kimi əlləşdirirdi. Onunla həmdəm və dost olmaq istədiyimi o vaxtmı, yoxsa çox sonra, on beş il sonra təkrar qarşılaşdığımız zamanmı düşündüyümü indi dəqiq bilmirəm, amma ona haqsızlıq etməməli olduğumu o an hiss etdim. O vaxt həyəcanlanır, Padşahın ətrafındakı adaçlar da maraqla onu gözləyirdi. Nəhayət, başlaya bildi, hekayəsinə təptəzə şeylər əlavə edibmiş: Ulduzlardan idrakı olan canlı varlıqlar kimi danışdı, geometrik və ariometrik sistemə uyğun olan və bu uyğunluğu bildiklərinə görə də nizamla fırlanan cazibəli, sirli varlıqlara bənzətdi onları. Arada bir başını qaldıraraq göyə heyranlıqla baxan uşağın təsirləndiyini gördükcə coşurdu. Budur, üstündə asılı qalaraq ulduzların fırlandığı şəffaf kürələri burda göstərmişdi, baxın, Venera burdaydı və beləcə fırlanırdı, burada duran nəhəng şey də Ay idi və deməli, o da, yerini başqa cür dəyişirdi. Xoca ulduzları fırlatdıqca modelə bağlı zəng xoş səsi ilə çalınır, kiçik Padşah qorxaraq bir addım geriləyir, sonra cəsarətini toplayıb zınqıldayan avadanlığa sehrli bir qutuya yaxınlaşan sayaq yaxınlaşıb anlamağa çalışırdı. İndi xatirələrimi ümumiləşdirib özümə bir keçmiş uydurmağa çalışarkən, bunun uşaqlığımda dinlədiyim nağıllara, o nağıllara şəkil çəkən rəssamlara uyğun bir xoşbəxtlik tablosu olduğunu düşünürdüm. Bircə torta bənzəyən qırmızı damlı evlərlə, tərsinə çevriləndə qar yağdıran o şüşə kürələr əksik idi. Sonra mən-uşaq soruşmağa, Xoca da cavab verməyə başladı. Bu ulduzlar havada necə elə dayanırdılar? Şəffaf kürələr asılıydılar. O kürələr, görəsən, nədən hazırlanmışdı? Onları şəffaflaşdıran şəfaf bir maddədən hazırlanmışdı. Bir-birlərinə toxunmurdular? Xeyr, maketdəki kimi qatqat idilər. O qədər ulduz vardı, bəs nəyə görə o qədər kürə yox idi? Çünki onlar çox uzaqdaydılar. Nə qədər çox? Çox, lap çox! Digər ulduzların da fırlandıqca çalınan zəngləri var idimi? Xeyr, onu zəngli ulduzların bir tam periyodu məlum olsun deyə biz qoymuşduq. Göy gurultusunun bununla əlaqəsi vardımı? Yox idi! Nəylə əlaqəsi vardı? Yağışla! Göydən məlum olduğuna görə yağmayacaqdı. Göy, Padşahın xəstə aslanı üçün nə deyirdi? Yaxşılaşacağını və ona səbirli olmağını və s. və ilaxır. Xəstə aslan haqqında fikirlərini bildirəndə, Xoca ulduzlar haqqında danışarkən etdiyi kimi, yenə də göyə baxmışdı. Evə qayıdandan sonra bu təfərüfatdan ürək dolusu danışmadı. Əsas olan uşağın elmlə boş sözü bir-birindən ayırması yox, nəyisə bilməsi imiş, yenə həmin kəlməni işlədirdi, üstəlik özünü elə aparırdı ki, guya fərqinə varılacaq nəsnənin nə olduğunu mən bilirəmmiş. Mən isə artıq düşünürdüm ki, müsəlman olsam da, olmasam da eyni şeydi. Saraydan çıxarkən verdikləri kisədən düz beş qızıl çıxmışdı. Xoca dedi ki, ulduzlarda baş verənlərin arxasında hansısa məntiqin dayandığını bilir. Ah Padşah, sonra, lap sonra tanıdım onu. Eyni Ayın, bizim evin pəncərəsindən görünməsi məni təəccübləndirdi, uşaq olmaq istəyirdim. Xoca özünün saxlaya bilməyib eyni mövzuya qayıtdı: aslan problemi önəmli deyilmiş, sadəcə uşaq heyvanları çox istəyirmiş, vəssalam. Səhəri gün otağına qapanıb işləməyə başladı. Bir neçə gün sonra saatı və ulduzları arabaya yüklətdi, pəncərənin arxasındakı o nigaran baxışlarım altında bu dəfə məktəbə getdilər. Axşam evə qayıdanda kədərliydi, amma o qədər kədərli deyildi ki, danışmasın: “Elə bildim ki, uşaqlar da Sultan kimi anlayacaqlar, amma səhv etmişəm.” dedi. Sadəcə qorxublar, Xoca danışandan sonra, uşaqlardan danışdıqlarını soruşanda bir uşaq göy üzünün digər tərəfində cəhənnəm olduğunu deyib və ağlamağa başlayıb. Ondan sonrakı həftəni Padşahın anlayışına olan inancını azaltmaqla keçirdi, ikinci həyətdə keçirdiyimiz dəqiqələri mənə bir-bir xatırladır, sübutlarını təsdiqlədirdi: Bəli, uşaq intellektliydi, indidən düşünməyi bilirdi, bəli, ətrafındakıların təzyiqindən xilas ola biləcək qədər şəxsiyyətli idi, bəli eləydi! Sonralar, Sultan bizim üçün yuxular görməmişdən əvvəl biz onun üçün beləcə yuxular görməyə başladıq. Xoca, eyni zamanda saat üçün də çalışırdı, zənn edirdim ki, silah üçün də nəsə düşünür, çünki çağırılanda Paşaya elə deyib. Amma bilirdim ki, Paşadan ümidini kəsib. Onunçün Paşa demişdi: “Bu da başqaları kimi oldu. Bilmədiyini bilmək istəmir artıq”. Bir həftə sonra Paşa yenə onu çağırtdırdı. Sultan, Xocanı sevinclə qarşılayıb. “Deyib ki, aslanım sağalıb, dediyin oldu”. Sonra ətrafındakı adamlarla birlikdə həyətə çıxıblar. Padşah hovuzdakı balıqları göstərib, onları necə tapdığını Padşahdan soruşub. Bunu mənə danışarkən Xoca dedi: “Qırmızıydılar! Başqa bir söz demək ağlıma gəlmədi”. O vaxt balıqların hərəkətlərində nizam olduğunu sezib, sanki öz aralarında danışıb bu qüsursuzluğu qorumağa çalışırlarmış. Xoca deyib ki, balıqlar ağıllıdır. Padşaha dayanmadan anasının öyüdlərini xatırladan hərəmağalarının birinin yanındakı adamlardan biri –qırmız saçlı cücə bu sözə güləndə Sultan onu acılayıb. Arabalara minərkən də cəza olsun deyə həmin adamı- qırmızı saçlı cücəni özüylə aparmayıb. Arabalarla aslanxanaya, at meydanlarına gediblər. Qədim bir kilsənin sütünlarına, Padşahın Xocaya bir-bir göstərdiyi aslanlar, leopardlar, qaplanlar zəncirləri ilə bağlıymış. Xocanın sağalacağını bildiyi aslanın qarşısında dayanıblar, uşaq onunla danışıb, aslanı Xocaya tanıdıb. Sonra bir küncdə yatan başqa bir aslanın yanına gediblər, digərləri kimi pis iy verməyən bu heyvanın qarnında balası varmış. Padşah gözləri parıldaya-parıldaya soruşub: “Bu aslan neçə dənə doğar, neçəsi erkək neçəsi dişi olar?”. Hirslənən Xoca sonradan mənə, “səhv elədim” sözünün ona dedirdən bir şey edib, astronomiyadan başı çıxdığını, amma münəccim olmadığını Padşaha deyib. Amma uşaq da belə deyib: “Amma münəccimlərin rəhbəri Hüseyn Əfəndidən yaxşı bilirsən”. Xoca cavab verməyib, ətrafdakılar eşidər, Hüseyn Əfəndiyə çatdırarlar deyə qorxurmuş. Kefi qaçan Padşah əlavə edib: “Yoxsa Xoca heç bir şey bilmir, ulduzlara boş yerə baxır?”. Bunun haqqında Xoca, lap sonralar deməyi planlaşdırdığı şeyləri tez bir zamanda demək məcburiyyətində qalıb. Ulduzlardan çox şey öyrəndiyini, bu öyrəndiklərindən çox yararlı nəticələr çıxardığını deyib. Gözlərini açaraq dinləyən Padşahın susqunluğunu xeyrə yozaraq ulduzları seyr edəcək bir rəsədxana tikilməsinə ehtiyac olduğunu deyib. Eynən rəhmətlik atası I Əhmədin babası III Muradın doxsan il öncə buyurub rəhmətlik Takiyüddi Əfəndiyə hazırlatdırdığı və sonradan baxımsızlıqdan dağılan o rəsədxana kimi bir şey, xeyr, ondan daha yaxşı bir şey: bir elm mərkəzi ki, içində ancaq ulduzları yox, bütün aləmi, çayları və dənizləri, buludları və dağları, çiçəkləri və ağacları və təbii ki, heyvanları da öyrənən alimlər bir yerə toplansınlar və istədikləri nəticələri danışa-danışa reallaşdırsınlar ki, zəkamız formalaşsın. Xocadan mənim də ilk dəfə yəqinləşdirdiyim bir qənaəti də, Padşah şirin bir nağıl dinləyən sayaq dinləyib. Arabalarla saraya qayıdarkən bir də soruşub: “Səncə, aslan necə doğacaq?”. Xoca daha əvvəl də bu barədə düşündüyü üçün bu dəfə deyib: “Doğulan balalar bir-birinə oxşayacaq”. Mənə evdə bu sözün heç bir təhlükəsi olmadığını dedi. Deyirdi ki, o səfeh uşağı “ovcumun içinə alacağam. Baş münəccim Hüseyn Əfəndidən daha bacarıqlıyam”. Padşahdan danışarkən bu kəlməni işlətməsi məni təəccübləndirmişdi. Daha dəqiq desək, qınamışdım onu. O vaxt daxili sıxılaraq ev işləriylə əlləşirdim. Sonra o kəlməni bütün kilidlərə düşən açar kimi işlətməyə başladı. Axmaq olduları üçün başlarının üstündə gəzən ulduzlara baxıb düşünmürdülər, axmaq olduqları üçün öyrənəcəkləri şeyin əvvəlcədən nəyə lazım olduğunu soruşurdular, axmaq olduqları üçün bir-birlərinə bənzəyirdilər və s. Bir neçə il öncə ölkəmdə bu cür açıqlamaları etməkdən mən də çox razı qalmağıma baxmayaraq, Xocaya heç nə deməzdim. O vaxtlar da o mənimlə yox, axmaqları ilə daha çox əlaqəli idi. Mənim axmaqlığım başqa cür imiş. Gördüyüm bir yuxunu o vaxtkı boşboğazlığımla ona danışmışdım: Mənim yerimə keçib ölkəmə gedir, nişanlımla evlənir, toyda da heç kəs bilmirdi ki, o mən deyiləm, mən də bir türk paltarı ilə seyr elədiyim əyləncənin şirin yerində anam və nişanlımla qarşılaşır və o məni yuxudan oyandıran göz yaşlarıma baxmayaraq ikisi də kim olduğumu bilmədən mənə arxasını çevirib uzaqlaşırlar. O ərəfələrdə iki dəfə Paşanın malikanəsinə getdi. Paşa, deyəsən, onun rizasından xaric Padşahla yaxınlıq etməsindən xoşu gəlmirdi, onu sorğu-suala tutub: məni soruşduğunu, haqqımda məlumat topladığını çox sonra, Paşa İstanbuldan sürgün olunandan sonra mənə dedi: yoxsa günlərimi zəhərlənmək qorxusu ilə keçirəcəkdim. Yenə də Paşanın Xocadan çox mənə maraq duyduğunu bilirdim: Xocayla aramızdakı oxşarlıqdan, məndən daha çox Paşanın narahat olmağı məni qürurlandırıdı. O ərəfələrdə sanki bu oxşarlıq, Xocanın heç vaxt öyrənmək istəməyəcəyi və mövcudluğu mənə qəribə bir cəsarət verən sir idi: Bəzi vaxtlar, sırf bu oxşarlığa görə Xoca yaşadığı müddətdə təhlükədən uzaq olduğumu düşünürdüm. Bəlkə də, buna görə Paşanın da bu axmaqlardan biri olduğunu deyəndə Xocayala razılaşmırdım, onda da Xoca hirslənərdi. Məndən həm əl çəkə bilmədiyini, həm də utandığını bilmək, məni vərdiş eləmədiyim bir arsızlığa sürütləyərdi. Dəqiqə-başı Paşanın ikimiz üçün dediklərini soruşar, Xocanı səbəbi özünə də məlum olmayan bir hirsə aludə edərdim. O vaxt inadla təkrarlayaraq deyərdi: Paşanın da ayağının altını qazacaqlar, yaxın vaxtda yeniçərlər nəsə edəcəklər, sarayın içində müxtəlif planlar qurulduğunu hiss edirmiş. Buna görə Paşanın dediyi kimi, silah üçün çalışacaqsa, bunu gəldi-gedər vəzir üçün deyil, Padşaha təqdim etmək üçün hazırlamalıymış. Düşündüm ki, bir ara ancaq bu naməlum silah planı ilə əlləşir, çalışırdı, amma davam eləmirdi. Davam eləsəydi, mənə ürəyini açacağından, məni alçaltmalı olsa da, nə fikirləşdiyimi öyrənmək üçün planlarını mənə danışacağından əmin idim. Bir axşam iki-üç həftədə etdiyimiz kimi, Ağsaraydakı o evə gedib, musiqi dinləyəndən sonra qadınlarla yatıb evə qayıdırdıq. Xoca mənə dedi ki, səhərə qədər işləyəcək, sonra məndən qadınları soruşdu, heç etmədiyimiz bir şey idi qadınlardan danışmaq, sonra birdən dedi ki, “fikirləşirəm”, amma nəyi fikirləşdiyini deməmiş evə gələn kimi otağına keçdi. Mən də artıq səhifələrini belə çevirməyə üşəndiyim kitabların yanında qaldım və onu davam etdirmədiyinə inanmadığım hər hansı bir planını, yaxud da düşüncəsini, qapandığı otaqda hələ tam vərdiş etmədiyi masanın arxasında oturub qarşısındakı boş kağızlara baxdığını, masanın ətrafında saatlarla utanc və hirslə boş-boş oturduğunu düşündüm. Gecəyarısından çox sonra otağından çıxdı, kiçik bir problemlə üzləşdiyi üçün kömək istəyən şagirdin təvazökar utancaqlığıyla məni içəri, masasının yanına çağırdı. Heç çəkinmədən dedi: “Mənə kömək et. İşləri birgə düşünək, təkcə davam edə bilmirəm”. Bir an bunun qadınlarla əlaqəli bir şey olduğunu düşünüb susdum. Mənasız-mənasız baxdığımı görəndə, ciddi-ciddi dedi: “Axmaqlar haqqında düşünürəm. Niyə o qədər axmaqlar var?. Sonra mənim cavabımı bilirmiş kimi əlavə etdi: “Yaxşı, axmaq deyillər, amma beyinlərində nəsə çatmır”. “Onların” kimliyini soruşmadım. “O məlumatları beyinlərində saxlayacaq bir yer yoxdumu?”- dedi, sanki bir söz axtarırdı, ətrafına baxdı. “Beyinlərinin içində bir qutu, bu şkafın gözləri kimi, qarışıq əşyaları içinə yerləşdirməsi mümükün olan bir künc olmalıdır, amma sanki elə bir şey yoxdu. Başa düşürsən?”, nəsə başa düşdüyümə özümü inandırmaq istəyirdim, amma çox da başa düşə bilmirdim. Uzun müddət ikimiz də susduq. Ən axırda dedi: “Onsuz da guya insanın niyə elə, yaxud da belə olduğunu kim bilir ki? Ah, kaş ki, həqiqi bir həkim olaydın və mənə öyrədəydin, dedi, sonra əlavə etdi: “Bədənlərimizi və beynimizin içini”. Sanki bir qədər utandı. Məni qorxutmaq istəmədiyi üçün bu haqda sağlam bir tövrlə açıqladı: Təslim olmayacaqmış, sonuna qədər gedəcəkmiş, həm nəhayətdə nə olacaq deyə maraqlandığı üçün, həm də edə biləcəyi başqa bir şey olmadığı üçün. Başa düşə bilmirdim, amma bütün bunları məndən öyrəndiyini düşünmək mənə xoş gəlirdi. Sonralar özümüzü elə aparırdıq ki, guya hansı məna kəsb etdiyini bilmirik və bu sözü teztez təkrarlayırdıq. Amma ilişdiyi bu höcətlikdə daha çox sual verən xəyalpərvər bir tələbənin ədası hiss olunurdu, hər dəfə sonuna qədər gedəcəyini deyəndə, mən, başına gələn hadisələrin səbəblərini soruşan çarəsiz bir aşiqin hüznlü və əsəbi gileylənməsinə şahid olduğumu zənn edirdim. O ərəfələrdə bu sözü tez-tez deyirdi, yeniçərlərin üsyan hazırladıqlarını öyrəndiyi vaxt deyirdi, uşaq məktəbindəki şagirlərin ulduzlardan daha çox mələklərlə maraqlandığını danışarkən deyirdi, çoxlu pul verərək aldığı əlyazmanı daha yarısını oxumamış əsəbi şəkildə kənara tullayandan sonra və artıq sırf alışqanlığa görə muvaqqitxanədə görüşüb danışdıqları dostlarından ayrılandan sonra deyirdi və yaxşı qızdırılmamış hamamda soyuqladıqdan sonra və ətrafına və güllü yorğanını üstünə sərdiyi kitabları ilə yatağına uzanandan sonra və məscidin əlüzyuyanında dəstəmaz alanların axmaqcasına danışdıqlarına qulaq asandan sonra deyirdi və Venesiyalılara məğlub olduğunu öyrənəndən sonra və yaşının keçmək üzrə olduğunu deyərək onu evləndirmək üçün onunla görüşməyə gələn məhəllə əhlini səbirlə dinləyəndən sonra yenə deyirdi: Sonuna qədər mübarizəsini davam etdirəcəkmiş. İndi düşünürəm: bu yazdıqlarımı axıra qədər oxuyan kim, baş verənləri, ya da xəyal edərək nəql etdiyim hər şeyi səbirlə izləyən hansı oxucu deyə bilər ki, Xoca niyə bu sözünün üstündə durmadı?


Tarix: 09.06.2015 / 13:29 Müəllif: Aziza Baxılıb: 388 Bölmə: Orxan Pamuk - "Bəyaz qala"
loading...