Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

IV fəsil

SOSİAL MƏZUNİYYƏTLƏR

Maddə 21. Sosial məzuniyyətlərdən istifadə hüququ
Analıq hüququnu həyata keçirmək, uşaqları sağlam böyütmək, təhsil almaq və elmi yaradıcılıqla məşğul olaraq təhsil səviyyəsini artırmaq üçün işçilərin sosial məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Maddə 22. Hamiləliyə və doğuşa görə sosial məzuniyyətlər
hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl yetmiş təqvim günü və doğuşdan sonra əlli altı təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda məzuniyyət yetmiş təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).
Məzuniyyət haqqı doğuşdan əvvəl verilmiş məzuniyyətin faktik istifadə edilən günlərinin sayından asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.
Övladlığa uşaq götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğuşdan sonra; müəyyən edilmiş 56 günlük məzuniyyətdən, həmçinin bu Qanunun 12-ci və 23-cü maddələrində nəzərdə tutulan məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Hamiləliyə və doğuşa görə sosial məzuniyyət müddətində müavinətin hesablanması və ödənilməsi qaydası müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 23. Qismən ödənişli məzuniyyət hüququ
Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə əmək münasibətlərində olan, bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmədən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq yaş yarımına çatanadək respublika üzrə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının iki misli, uşaqların yaş yarımdan üç yaşına çatanadək isə minimum əmək haqqının bir misli miqdarında müavinət verilir.
Maddə 24. Yaradıcılıq məzuniyyətləri və onların müddətləri
İşverənlə əmək münasibətlərində olmaqla yanaşı magistraturada (aspiranturada), doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün yaradıcılıq məzuniyyətləri verilir.
Elmlər namizədi (magistr) elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü üç təqvim ayınadək, elmlər doktoru (doktor) elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə altı təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi ixtisaslaşdırılmış elmi şuranın qərarına uyğun olaraq ona verilən xüsusi arayış əsasında istifadə edir. Məzuniyyətin konkret müddəti elmi şuranın qərarı ilə müəyyən edilir.
Dərəliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, yaxud müvafiq dövlət idarəetmə orqanının qərarı ilə üç ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Bu məzuniyyət müvafiq dövlət idarəetmə orqanının qərarı ilə xüsusi arayış əsasında verilir. Məzuniyyətin konkret müddəti arayışda göstərilməlidir.
Maddə 25. Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər
İstehsalatdan ayrılmadan təhsil alan işçilərə aşağıdakı ödənişli məzuniyyətlər verilir:
laboratoriya işlərinin yerinə yetirilməsi, yoxlamaların və imtahanların verilməsi üçün;
dövlət imtahanları verilməsi üçün;
diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövr üçün.
Ali məktəblərin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 20 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Orta ixtisas məktəblərinin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər birinci və ikinci kurslarda 10 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.
Ali və orta ixtisas məktəblərinin qiyabi şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə və şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 30 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 40 təqvim günü müddətində məzuniyyət verilir.
Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan tələbələrə və şagirdlərə dövlət imtahanları dövründə 30 təqvim günü .müddətində məzuniyyət verilir.
Diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrinin tələbələrinə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrinin şagirdlərinə isə 2 təqvim ayınadək məzuniyyət verilir.
Texniki peşə məktəblərində istehsalatdan ayrılmadan müvəffəqiyyətlə təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün il ərzində 34 təqvim günü müddətində məzuniyyət verilir.
Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında istehsalatdan ayrılmadan təhsil alan işçilərə XI buraxılış siniflərində imtahanları vermək üçün 20 təqvim günü, IX sinifdə isə 8 təqvim günü müddətində məzuniyyət verilir.
Məzuniyyətlərdən həmin müəssisə və təşkilatda əmək stajından asılı olmayaraq, təhsil proqramında nəzərdə tutulan dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.
Magistraturaya, doktoranturaya (aspiranturaya) qəbul imtahanı verən işçilərə 31 təqvim günü ödənişli məzuniyyət verilir.
İstehsalatdan ayrılmadan magistraturada, doktoranturada (aspiranturada) təhsil alan işçilərin hər il 31 təqvim günü müddətində ödənişli məzuniyyət almaq hüququ vardır.


Tarix: 06.07.2014 / 13:42 Müəllif: ADMIN Baxılıb: 285 Bölmə: Məzuniyyətlər haqqında qanun
loading...