ƏMƏK MÜNASİBƏTLƏRİNƏ XİTAM VERİLƏRKƏN MƏZUNİYYƏT
HÜQUQUNUN TƏNZİMLƏNMƏSİ QAYDASI
Maddə 31. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi
Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən (təqsirli hərəkətlərinə görə işverənin təşəbbüsü ilə işdən çıxarılma halları istisna olmaqla), işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
Əmək müqaviləsində (bağlaşmasında) başqa hal nəzərdə tutulmayıbsa, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilməsi hallarına da, bu qayda şamil edilə bilər. Bu zaman əmək müqaviləsinin (bağlaşmasının) müddəti məzuniyyət müddəti başa çatanadək uzadılmış hesab edilir.
İşçi bu maddədə nəzərdə tutulan hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə müəyyən edilən qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
Maddə 32. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
Əmək münasibətlərində olan işçilərin Məzuniyyətlərinin pul ilə əvəz edilməsi qadağandır.
İşçi bu Qanunun 31-ci maddəsində göstərilən qaydada məzuniyyətdən istifadə etməklə işdən çıxarılmağını bildirməyibsə, təqsirli hərəkətlərinə görə işdən çıxarılma halları istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməlidir.
Əmək müqaviləsində (bağlaşmasında) istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsinin başqa qaydası da nəzərdə tutula bilər.
Əmək münasibətlərinə, xitam verilərkən sosial məzuniyyətlər pul ilə əvəz edilmir.
Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçi ilə həmin iş ili başa çatanadək əmək müqaviləsinə xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
Tarix: 06.07.2014 / 13:38 Müəllif: ADMIN Baxılıb: 118 Bölmə: Məzuniyyətlər haqqında qanun