"Pionerlər" romanı çap olunandan bir il sonra dəniz mövzusuna həsr etdiyi ilk romanını - "Lotsman" əsərini yazır. Valter Skotun "Pirat" (Dəniz qulduru) romanı çapdan çıxandan sonra C.F.Kuper bu məşhur ingilis tarixi roman ustası ilə yarışa girmək qərarına gəlir və dəniz mövzusunda bu əsərini yazır. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Lotsman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir.
Roman haqqında
"Lotsman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qriffitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Lotsman Qreydir. Günlərin birində o, İngiltərənin sərhədlərində dara düşmüş bir Amerika freqatını xilas edir və o vaxtdan etibarilə bütün amerikan dənizçilərinə rəhbərlik etməyə başlayır. Freqatın kapitanından başqa bu adamın kim olduğunu heç kəs bilmir. Yazıçının müasirləri Lotsman Qreyin məşhur dənizçi Con Pol Consun prototipi olduğunu çox asanlıqla müəyyən etmişdilər. Belə ki, həmin dövürdə ingilislərə qarşı bir sıra çox uğurlu hərbi əməliyyat keçirən bu amerikalı dənizçinin şöhrəti hər tərəfə yayılmışdı.
Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.
Con Pol Cons
Bu məşhur qəhrəman 1747-ci ildə Şotlandiyada anadan olmuş, uşaq yaşlarından yunqa kimi dənizçilik fəaliyyətinə başlamış, bir müddət ticarət gəmilərinin komandiri olmuşdur. Onun xasiyyəti çox ağır imiş və hətta matrosları öldürdüyünə görə iki dəfə mühakimə olunmuşdur. Sonra o, Amerikaya getmiş və bir müddət burada əmisinin yanında yaşamışdır. 1775-ci ildə o, həmin vaxtlar hələ yenicə yaranmağa başlayan Amerika hərbi-dəniz donanmasına xidmətə daxil olmuş və tezliklə bir hərbi gəminin kapitanı vəzifəsinə seçilmiş, bir sıra uğurlu hərbi əməliyyatlar keçirmişdir. O, əsl şöhrətini isə 1779-cu ildə onlardan qat-qat güclü olan ingilis freqatı ilə döyüşdə qazanmışdır. Belə ki, ingilis artilleriyası Consun idarə etdiyi gəmini möhkəm zədələyir və ingilislər ona təslim olmağı təklif edirlər. Cons isə onlara deyir ki, "mən hələ döyüşə başlamamışam ki!" və düşmənlə əlbəyaxa vuruşmağa başlayır. Bir neçə saat davam edən bu döyüşdə Cons onlardan bir neçə dəfə çox olan düşmən üzərində qələbə çalır və onların gəmisini ələ keçirir. Bu döyüşə görə Amerika dövləti onu qızıl medalla mükafatlandırır. Məhz bu qəhrəman Lotsman Qreyin prototipi olmuşdur.
Tarix: 16.03.2013 / 13:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Kitablar elm