Yarımqaranlıq zalda, qabaqdan bir cərgə münsiflər oturmuşdular, onların da qabaqlarında balaca-balaca stollar vardı, stolların üstündə də balaca- balaca kağızlar. Bəlkə də bütün bunlara görə onların qarşısına çıxmağa qorxur, özümü çox balaca hiss edirdim. Mənimlə birgə bu zala gələnlərdən çoxunda da bu duyğunu görürdüm. Ancaq O bizim içimizdəki bütün bu hissləri münsiflərin qarşısına çıxan kimi alt- üst etdi.
"Mən möcüzə göstərəcəm..."
O, çox sakit bir tərzdə dedi bunu.
Münsiflərdən biri eynəyini saldı. Təəccüblə Ona və yanında oturanlara baxdı- gördü ki, onun yanındakılar üçün bu söz heç bir qəribəlik ifadə eləmir- hər halda sifətlərindən belə görünürdü. Elə bil sadəlövhlüyünə utandı. Cəld eynəyini yerdən götürdü və başını az qala stolun altına soxaraq onun şüşələrini təmizləməyə başladı- kişi eynəyinin sifətinə tüpürürdü ki, aynasını təmizləyərək həm eynəyini, həm özünü gözəlliklə və aydınlıqla əhatə eləsin: lap ürəyim bulandı.
Mən cibimdən dəftərçəmi çıxardım və ora yeni bir aforizmimi yazdım:
"Bütün təmizliklər tüpürcəklə başlayır."
Möcüzə göstərmək istəyən onların qarşısında elə dayanmışdı, elə bil günahkardı. Başı bir az yana burulub, əlləri sanki çiyinlərindən sallanır, ayaqları sanki onu saxlamır, əksinə- gövdəsindən sallanır. Baxana elə gəlirdi ki, onu görünməz bir iplə tavandan asıblar- ona görə ayaqqabıları sanki parket döşəməyə oturmur, elə bil üzürdü ayaqqabıları döşəmə- suda. Ayaqqabılarının altında maraqlı bir hərəkat vardı. Qarışqa yuvası kimi qaynayırdı ayaqqabısının altı, amma nə qədər baxdım seçə bilmədim o nəydi və niyəydi. Nə isə, qəribə hərəkətli görünüşü vardı- teatrlarda aktyorların əllərindən iplə salladılaraq oynadılan çubuqlardan düzəldilmiş kuklalara bənzəyirdi.
Münsiflərdən yekəqarın birisi iki toppuş əliylə tutdu qarşısındakı balaca stolun iki tərəfindən və qaldırdı vura Onun başına, yox, mənə elə gəldi ki, vuracaq, sən demə iki əlini də stola qoyub özünə dirək verirmiş ki, yekə qarnını bir az qaldıraraq qabaqlarında boynunu büküb durmuş cavan "möcüzəçi"yə öz mimikasını yaxşı göstərsin. Mən o "möcüzəçi"nin yerinə olsaydım, elə bunun yekə qarnından hamının gözünün qabağında dovşan çıxardardım, bir əlli dənə, camaat da doyunca gülərdi və olardı əsl şou. Amma fikirləşəndə ki, o yazıq dovşanlar bu yekəqarının kifayət qədər yekə olmayan ağzından çıxa bilməyib hardan çıxmalı olacaqlar, tez fikrimi dəyişdim və dovşanlardan belə bir təhqirə görə üzr istədim.
"Nə edəcəksən?"
Elə istehzalı bir mimika ilə soruşdu ki, yekəqarın bunu, elə bil təbiətdə bütün möcüzə işlərinə bu baxır, bütün möcüzəçilər buna ərizəylə müraciət edirlər və bu icazə verməsə, heç kim möcüzə görsədə bilmir, deməli, bu oğlan da möcüzə-filan göstərə bilməz. Sifətində dəqiq bu mimika vardı- kreslosunda yayxanıb oturmuş, möcüzə səlahiyyətli "dayday".
"Yekə qarınlar kreslolar üçün yaradılıb."- növbəti aforizmim belə yarandı.
"Möcüzə göstərəcəm..."
O, həddindən artıq sakitdi bunu bir də deyəndə. Hətta elə bil ki, bunu demək üçün ağzını da tərpətmədi. Gözünü də qırpmırdı elə bil. Ümumiyyətlə, elə bil, o bu otaqda deyildi və qarşısında oturub tərs-tərs ona baxan münsifləri də görmürdü.
"A bala,bizi dolamısan? İşimiz-gücümüz var axı, biz burda işlə məşğuluq, oyun-oyuncaq oynamırıq..."
Bunu deyən isə lap küncdə oturan bir qocaydı. Möcüzə sözünü eşidəndən bəri, mən onun tər tökdüyünü hiss edirdim. Hətta, nəinki mən, zaldaklılar hamısı onun necə tər tökdüyünü hiss edirdilər. Belə böyük bir zal tər qoxusu ilə dolmuşdu və deyəsən, qapını açmaq üçün yerindən tərpənmək istəyən yoxdu- heç kim bu maraqlı dialoqun bir saniyəsini belə itirmək və ya durub bu qaranlıq otaqda nəyəsə ilişib səs salmaq istəmirdi- otağı elə bil qəsdən belə yarımqaranlıq eləmişdilər ki, biz Onun təsirinə bu qaranlıqda tez düşək, Onu dəqiq görməyək, bir sözlə, sanki bizə psixi təsir etmək istəyirdilər. Ancaq o qoca kişinin arıq canıyla nə qədər tər tökə bildiyinə və o tərin qoxusunun necə bütün zala yayıldığına mən heyranam.
"Möcüzəçi"nin duruşunda və sifətində qocanın bu sözlərindən sonra bir anlıq bir dəyişiklik hiss etdim - sanki, qarşısındakı insanın sifətini yadda saxlamaq üçün gözlərini qıydı və diqqətlə qocaya baxdı. Elə bil qocanın sifətini yadda saxlamaq istəyirdi ki, küçədə görsə, bu "iş güc adamı"nı üzünə tüpürsün. Həm qoca qorxdu, həm də bayaqkı eynəkli bu dəfə əlindən daha çox qulağını təmizləmək üçün işlətdiyi qələmi saldı yerə- deyəsən, əlləri əsirdi.
"Möcüzəçi" bir- neçə saniyə heç baxmadı bu baxışla ona- yoxsa ölərdi qoca kaftar. Ancaq mənə elə gəldi ki, artıq o ölüb. Çünki sona qədər o bir də dillənmədi və müdaxilə etmədi, elə bil o orda artıq yoxdu.
Sonradan mən dosdoğmaca kəndimizdə, peçin qırağında oturub qoz, fındıq və şabalıd qurudaraq çoxdan belə ləzzət görməyən mədəmi sevindirməyə hazırlaşanda eşitdim nənəmin sovetdən qalan ağ- qara televizorunda ki, bəs, o qoca, elə həmin günün axşamı illərlə işlədiyi telekanalın ən sevimli şousunun münsifliyindən və ümumiyyətlə, bu kanalda işləməkdən əsassız səbəblərlə imtina edib və bir həftə sonra gözlənilmədən ölüb.
"Vay o gündən ki, ölümünü gözləməyəsən."- heç nəyə baxmayaraq aforizm yazmaq adətimdən onda da əl çəkməmişdim.
"Möcüzəçi"nin o qocaya baxışları zalda bir məzar sükutu yaratmışdı. Yəqin ki, hamı mənim kimi elə o qocanın üzərində hansısa möcüzənin baş verəcəyini gözləyirdi. Şəxsən mənə elə gəlmişdi ki, indicə, gözlərimin önündəcə qocanın ağarmış saçlarının arasından bu saat iki dənə buynuz çıxacaq və o buynuzlar bütünlüklə zalı doldurana qədər uzanacaq, uzanacaq...
Mən özümdən başqa hər kəsin gözündə bu istəyi- yəni möcüzə istəyini görürdüm- hər kəs mənim kimi nəfəsini sıxmış, gözlərini bərəltmişdi. Heç vaxt təsəvvür edə bilməzdim ki, mənim və ümumiyyətlə, bütün insanların ürəklərində, beyinlərində hansısa möcüzəyə bu qədər maraq və istək, bu qədər hicran və həsrət var.
Münsiflərin ən cavan nümayəndəsi olan gözəl bir xanım, gözlərində nəinki möcüzəyə, əsasən də "möcüzəçi"yə ünvanlanmış böyük maraq dilləndi:
"Əzizim, bu meydan, bu da ki..."
O ifadəsini tamamlaya bilmədi. Möcüzəçi sanki hardasa havada onun sözünü saxladı və geriyə qaytardı. Söz beynin əmri ilə ağız əzələlərinə yönləndiyi yoldan ildırım surəti ilə sanki geri döndü. Xanımın rəngi ağardı- ona baxanda elə bir təsəvvür yaranırdı ki, sanki kimsə yapışıb boğazından və danışmağa qoymur. Ondan beş metr aralıda, əli havada dayanmış möcüzəçi sanki bu işlə məşğuldu. Heç bir izahat vermədi bu hərəkətinə, heç nə bir də o qıza demədi də, sadəcə qız başa düşdü ki, o, demək istədiyi sözü deyə bilməz və deməməlidi və ümumiyyətlə, o haqda fikirləşdiyinə görə otağı tərk eləməlidi. Qız hamıdan üzr istəyən bir mimika və jestlə otağı tərk elədi. Hamımızda maraqlı bir fikir yaranmışdı: o haqda ki o qız fikirləşmişdi fikirləşmək olmaz; o varlığın ki adını çəkmək istəmişdi, onun barəsində düşünmək olmaz. Sözün açığı nə qədər çalışsam da o anda o varlıq haqda düşünə də bilmədim- o hansı varlıq idi, tamamilə yadımdan çıxmışdı.
O gündən bir həftə sonra, mən dosdoğmaca kəndimizdə, peçin qırağında oturub, artıq yavaş- yavaş dünyanın şəhərdə tapılmayan naz- netmətlərinə öyrəşməyə başlayan mədəmi sevindirmək üçün elə peçin üstündəcə bişirdiyim almanı, isti- isti həzmi- rabedən keçirərkən, nənəmin o keçmişdən qalma ağ- qara televizorunda eşitdim ki, o qız altı illik xoşbəxt görsənən bir evlilikdən sonra halalca əri tərəfindən naməlum səbəblərdən öldürülüb. Ərini isə niyəsə həbsxanaya deyil, dəlilər evinə göndəriblər.
"Dəlilik nəticədi, səbəb deyil."- beləliklə növbəti aforizmim yarandı.
Əslində biz bu qaranlıq zala hamımız öz istəyimizlə ona görə gəlməmişdik ki, kiminsə möcüzəsinə baxaraq heç vaxt keçirmədiyimiz hissləri keçirək və heç vaxt düşünəməyəcəyimiz fikirləri düşünək, bilsəydik də gəlməzdik, çünki inandırıcı olmazdı vədlər. Ancaq gəlmişdik ki, hazırda ən məşhur telekanallardan birinin bizə verdiyi bir şansdan faydalanaq özümüzü beş dəqiqə canlı efirdə göstərərək məşhur olaq. Heç nəyi gizlədə bilməyən sifətlərindən bəlli idi ki, bəziləri şeir deməyə, bəziləri mahnı oxumağa, bəziləri salto vurmağa, day nə bilim bəziləri də yəqin mayallaq aşmağa gəlmişdilər. Bu televiziyaya həm mırt şou bəxş edəcəkdi- təsəvvür edin hamamda səsi xoşuna gələnlər hamısı məşhur ulduz olmaq arzusu ilə burdaydılar, həm də ki, istedad da vardısa, əlbəttə ki, söhbət məndən gedir, onu tapacaqdılar, ona iş verəcəkdilər, nə bilim daha nələr edəcəkdilər onlarla.
Ancaq kəndimizin o isti peçinin qırağında, nənəmin bişirdiyi qutabları bir- bir mədəmə yola salarkən bütün bu seçim turlarılnı və ora nə məqsədlə getdiyimi düşünəndə öz sadəlövhlüyümə gülməyim gəlirdi. Çünki artıq min cürə oyunlar görən milləti hansısa bir möcüzəylə maraqlandıra bilmirsənsə, ancaq gülməlisən.İllah da, bu boyda tarixi təcrübəsi olan bir xalqa öz yazdığın heç kimə lazım olmayan gic- gic aforizmlərini oxumaq istəyirsənsə. Çünki indi insanlar möcüzə gözləyirlər.
Qız otaqdan çıxandan sonra hamı birtəhər olmuşdu, heç kim danışmaq, bir-biriylə baxışmaq, hətta nəfəs belə almaq istəmirdi. Hamı bir-birindən gözünü gizlədir, ancaq ona baxırdı. Bütün zal durğunluğa qərq olmuşdu. O, bu qədər insanı- ondan sonra özlərini göstərmək imkanına malik və əslində onun o səhnədən tez getməyini istəməli olan insanları özünə necə tabe etmişdi, necə hamını birdən sakitləşdirmişdi, maraqlıydı. Həm də bizim millətin səbrsiz və belə vəziyyətlərdə necə mədəniyyətli olduğunu ki, mən çox görmüşəm- ancaq burda ondan möcüzə gözləyənlər, ağızlarını açıb onun hər tərpənişini dəhşətlə izləyənlər elə bil həmin insanlar deyil.
Yalnız bircə nəfər bütün bu sakitlikdən və belə demək olarsa, "möcüzəçilik"dən narazı idi- o da o gombul. O yəqin ki, bayaq o stolu möcüzəçinin başına vurmağı ani bir fikirlə də olsa fikirləşmişdisə, indi bunu niyə etmədiyinə peşmandı. Ona, deyəsən, həqiqətən elə gəlirdi ki, möcüzə göstərməyin bütün səlahiyyətləri ondadı və bu oğlan möcüzə-filan göstərə bilməz.
"Qulaq as, - dedi - sən elə bil bizi ələ salırsan...amma nə isə, indi ki möcüzə göstərəcəksən, biz razı...çıxardırıq səni canlı efirə, necə hamıya, elə də sənə...beş dəqiqə vaxtın olacaq...bizə onsuz da şou lazımdı... möcüzə sözünü eşidib sənə baxacaqlar...doyunca da güləcəklər..."
Onun danışığını mən belə gözləmirdim, heç o möcüzəçi də sanki belə tez razılıq alacağına inanmırdı. Ona görə də ilk dəfə insani bir emosiya göstərdi: təəccüblənməyi sifətindən hiss olundu. Bəlkə də mənə elə gəldi.
"...bəlkə elə deyil? "- yekəqarın özündən razı halda gülə- gülə yanındakılardan soruşdu.
Ancaq unutmuşdu ki, ondan başqa hamı şokdadı. Heç kimə onun dedikləri çatmırdı. Hamının beyni axırıncı çıxan qızın və onun demək istədiyi sözün fikrində idi- hamı sanki o sözü ititrmişdi və bayaqdan bəri onu axtarmaqla məşğuldular- ancaq axtardıqları yer sanki Onun sifəti idi, Onun paltarı idi, Onun çubuğu xatırladan vücudu idi ki, hamı diqqətlə ölçüb biçir, gözləri ilə analiz edir, ancaq tapa bilmirdilər ki, bilmirdilər. Tapana sanki mükafat vəd olunmuşdu.
"Elədi...Dəyişiklik olar həm də..."
Mən indiyə kimi heç onu görməmişdim. Sən demə, o da var imiş. Lap küncdə, divarın dibində və qaranlıqda oturmuşdu. O, məşhur insan idi- tez- tez televizorda camaatın baş- beynini aparırdı ki, o məşhurdur. Ancaq ona heç kimi inandıra bilmirdi. Həm də heç kim bilmirdi ki, o, niyə məşhur olmalıdır, nəylə məşğuldur, müğənnidir, aktyordur, aparıcıdır, bilən yoxdu. Amma niyəsə məşhur olmalıdır. Ya bunun pulu çoxdu, ya da başqa işlərlə məşğuldur- day adlarını demirəm. Çünki "möcüzəçi" məhz bu an gözlərini mənə zilləyib baxır. Sanki mənim adını çəkmədiyim o işlərin fikrindən belə onun xoşu gəlmir. Və mən tər tökürəm. O tər tökən qoca kimi, ya da hansısa varlığın adını çəkmək istəyən o gözəl xanım kimi mənim də bir həftəyə ölmək şansım varmış- amma onda bunu bilmirdim. Özümü dəhşət narahat hiss etməyə başladım- elə bil məni zorla Ona baxmağa məcbur edirdilər. Mən bir də baxışlarımı Ondan çəkə bilmədim- amma artıq məcburilik yoxdu.
"Məcburiyyət ilk başlanğıcda məcburidir."- növbəti aforizmimi kəşf etdim bu zaman, inanıram ki, bundan siz də faydalanacaqsız.
"Bəlkə balaca bir möcüzə bizə göstərəsən..."
Kim isə yerdən dilləndi. Elə bil ürəyimizi oxudu- niyəsə rahatlaşdıq, sanki üstümüzdən bir dağ yük qalxdı. Hamımiz birdən-birə dərindən nəfəs aldıq. Dərindən alınan bu nəfəslərin səsi elə bil bir anlıq zalın divarlarında yapışıb qaldı, ancaq tez də keçdi.
"Niyə də yox"- gombul dilləndi və gülümsündü - o, əmin idi ki, oğlan dediyini edə biılməyəcək.
Hansısa naməlum səbəblərdən biz tamamilə əksinə əmindik.
Hamı gözünü ona dikmişdi. O, indi nə isə etməliydi. Mən hətta yerimi də rahatladım- daha doğrusu, oturduğum kreslodan bərk- bərk yapışdım. Mənə elə gəlmişdi ki, indi nə isə zəlzələfason bir şey olmalıdı. Mənə baxıb bir neçə nəfər də özlərini cəmlədilər- ya da mən onların təsiriylə bunu etmişdim, bilmirəm. O anda hamı sanki yuxudaydı və kimin nə işlə məşğul olduğu dəqiq məlum deyildi. Tezliklə bütün zalda yerini möhkəmlədən insanların tərpəniş səslərinin xoru eşidilməyə başladı.
O gülümsünürdü. Bizi- yəni zalda oturub yerini rahatlayanları gözünün ucu ilə süzərək gülürdü. Gülürdü- çünki bizim ondan nə gözlədiyimizi bilirdi. O da insanların qəlbindəki möcüzə aclığını hiss edirdi.
Və nəinki o hiss edirdi, hətta münsiflər də şou seçiminə gəlmiş insanların bura niyə gəldiklərini unudaraq bir möcüzə gözləmələrindən elə bil ki, qorxuya düşmüşdülər. Zaldakı insanlar yerlərini rahatladıqca onlar bir-bir, qorxulu nəzərlərlə arxaya çönüb baxır və qaynayan nəzərləri ilə insanları süzürdülər. Yəqin onlar üçün də maraqlı idi- bu zala yığışanlar əsasən canlı şouda iştirak etmək istəyən cavanlardı. Bir neçə orta nəslin nümayəndəlləri vardı aramızda, bunlar da Azərbaycanda hansısa bir seçim turuna qatılmaq üzrə çempiondular, onlar üçün fərqi yoxdu ki, nə seçirlər, müğənni, aparıcı və yaxud da şoumen, onlar ordadılar və bütün Azərbaycan xalqı öz fəal insanlarını artıq yarışların seçim turunda görməkdən tanıyır. Son on ildi onlar müxtəlif seçim turlarının zallarında yatırdılar.
"Zallarda həyat yoxdu."- sizə növbəti aforizmimi təqdim edirəm.Ümid edirəm mətləbdən kənara çıxmaqla başınızı ağrıtmıram.
Ancaq əsasən cavanlardan ibarət olan auditoriyanın möcüzə istəməsi, gözləməsi və belə bir şeyin olacağına inanması orta nəsldən olan münsiflər üçün müəmmadı. Çünki onlar özləri bu möcüzəni bütün həyatları boyu gözlədiklərindən, nənələrindən- babalarından onların gözlədikləri haqda eşitdiklərindən bəziləri bezmiş və inamı itirmiş, bəziləri isə əksinə bu qədər müddət gözlənilənin yalan olduğuna inanmayıb, daha da böyük ümidlə buna bağlanmışlar- baxmayaraq ki, özləri də məhz nəyi və yaxud da kimi gözlədiklərini hələ də bilmirlər: kimisi Sahib-əz-Zamn adlandırır gözlədiyini, kimisi sadəcə olaraq qiyaməti gözləyir, kimi də məişətdə tez- tez adını çəkərək səkkizinci möcüzənin həsrətində olduğunu büruzə verir. Eləsi də var ki, sadəcə olaraq həyatında nə isə maraqlı bir şey olmayacağına inanmır və belə hesab edir ki, bu dünyada hər bir insan həyatında bir dəfə də olsa möcüzəni yaşamalıdı, yoxsa ədalətsizlik olar dünyada.
"Ədalətsizlik möcüzələrdən başlayır."- bəs bu necə aforizmdi, hər halda gözəl səslənir, elə deyil?
O, gülə- gülə zaldakı hər kəsi bir neçə saniyənin içində gözdən keçirib lap kənarda, pəncərənin kənarında oturaraq əlini çənəsinin altında cəmləmiş eynəkli birində gözlərini saxladı və bütün zal o oğlana tərəf çevriləndə oğlan özünü itirdi. Bircə mən gözlərimi Ondan çəkə bilmirdim. Ancaq hissiyyatımla o eynəklinin hisslərini sanki hiss edirdim, hətta onun yerinə tər də tökməyə başlayırdım. Eynəkli heç cürə başa düşə bilmirdi ki, niyə hamı, əsasən də O məhz ona baxır. Niyə Onun ona baxdığını heç biz də bilmirdik. Sonradan bildik bu baxışların səbəbini, necə ki, mən də gözlərimi ondan çəkmədiyimin səbəbini sonradan bildim.
Deyəsən, gombul münsifin səbri çatmadı və ağzını açmaq istədi ki, nə isə desin. Ancaq deyəcəyi söz ağzında qaldı- qarşısındakı möcüzəçinin gülüşünün səsinin yüksəlməsi onu saxladı. Onun qəribə gülüş tərzi vardı, elə bil beş adamın yerinə birdən gülürdü, yoxsa zaldakı akustika səsi belə çıxarırdı, bilmirəm- hamıya elə gəldi ki. O, gözlərini üzərindən hələ də çəkmədiyi eynəklinin özünü itirməsinə gülür. Münsif gözlərini bərəldərək "möcüzəçi"yə baxırdı- mən bunu gözlərimi Ondan çəkə bilmədiyimdən, sadəcə o münsifin karikaturaya oxşayan siluetindən görə bilirdim.
Birdən- birə zalın iki pəncərəsi birdən açıldı. Bərk bir gurultu eşidildi - bu, divara dəyən pəncərələrin səsi ola bilməzdi, daha çox göy gurultusuna və yaxud ildırım, şimşək səsinə oxşayırdı. Ancaq kənd insanı olduğumdan əminəm ki, o gurultu bunların heç birindən deyildi.
Bəlkə də Onun get-gedə qaranlıq küncə doğru çəkilərək qaranlıqda əriməsini görərək şoka düşdüyümdən, bəlkə də sadəcə həyəcandan özümdən getdiyimdən, bəlkə də gözlərimi ondan çəkmək istəmədiyimdən hər kəsin mənə dəyərək müxtəlif istiqamətlərdə min cürə hərəkətlər eləməsindən ətrafdakı hər şey mənə okeanın ortasında, tək adada sunamilərlə çarpışan, ya da tufanlarla mübarizə aparan ibtidai insanları xatrırlatdı.
Pəncərədən içəri dəli kimi bir külək girdi və eyni zamanda qapı da açıldı. İçəri girən külək özü ilə böyük miqdarda buz kimi hava, iri damcılar və bir də maraqlı bir şəkildə otağın ortasında fırlanmağa başlayan hansı ağacdan qopduğu bilinməyən yarpaqlar gətirdi.
Elə bil bir anlıq kəndimizin palçıqlı küçələrinə düşdüm- yağışın ən gur vaxtını xatırladım ani anda. Burnuma kəndimizdə yağışlar yağanda gələn islanmış və palçığa dönmüş müqəddəs torpaq ətri gəlirdi. Beynimin dərinlikləri bu ətrin zərrəciklərində yuyunur, beynim sanki bu torpaq ətri ilə dolurdu. Beynim sanki təmizlənir, ciyərlərim tanış nəmişliklə dolu havanı sürətlə içəri çəkir və əvəzində çölə sanki karbon da vermirdi- elə bil ki, nəfəs prosesim pozulmuşdu. Mən bacardıqca çox islanmaq istəyirdim bu nəmişlik və palçıq ətri ilə dolu yağışda, qaçıb palçığın ən qatı yerinə uzanmaq, palçıqla nəfəs almaq istəyirdim, çünki palçıqdan yarandığımı bütün bədənim, nəinki bədənim, bütün hüceyrələrimlə hiss edirdim və bu artıq möcüzə idi. Mənim möcüzə limitim artıq başdan- ayağa bu palçıq ətrilə dolmuşdu. Mənə başqa bir möcüzə-filan lazım deyildi və mən o anda zalı tərk edərək kəndimizə gedirdim, çünki möcüzə elə bizim kənddi, həyətimizdi, torpağımın ardıcıl yağışdan islanmış daşları və səhərlər insanın beynini təmizləməkçün oxuyan quşlarıydı. Ümumiyyətlə, möcüzə elə mənim yaşamağımdı. Artıq bunları başa düşən insan üçün hansısa çubuğa bənzəyən bir cavan oğlanın birdən-birə tufan yaradaraq otağın qaranlığına çəkilməsi kimi qondarma möcüzə maraqlı deyidi.
"Möcüzədən əvvəl həyat yoxdu."- bax bu da növbəti absurd aforizmim, hər halda mən özüm onun mənasını başa düşürəm.
Mən indi "möcüzəçi"nin niyə məhz o eynəkli oğlana baxdığını da başa düşdüm. Pəncərənin yanında oturduğundan divara çırpılaraq iki list ayna onun başı aşağı tökülmüşdü. O isə belə görsənirdi ki, heç nədən xəbərsizdi, insanların ona qəribə baxışlarını anlaya bilmirdi.Və birdən soruşdu:
"Sınan nə idi?..."
Üstü başı qırıq-qırıq aynalardan ibarət olan oğlan mat-məəttəl pəncərənin başı aşağı tökülmüş iki list aynasının yerdəki qırıqlarına baxırdı və özü də anlaya bilmirdi ki, ona niyə heç nə olmayıb.
Son anda, qapıdan çıxarkən mən həyatımın, yaşayışımın bir möcüzə olduğunu mənə dərk elətdirən o insana tərəf bir də çevrildim, çevrildim ki, gözlərimlə də olsa ona təşəkkürümü bildirim. Qoy heç olmasa bir nəfərin möcüzənin nədən ibarət olduğunu anladığını bilsin. Məndən qabaq eynəkli oğlanla maraqlanaraq Onu unutmuş hər kəs "möcüzəçi"yə tərəf gözlərində böyük bir heyrətlə çevrilmişdilər- ancaq o, baxdığımız istiqamətdə, bayaq mənim gözlərimdə qaralaraq çəkildiyi qaranlıq küncdə yoxdu, əksinə otaqda sanki çox böyük bir boşluq vardı. Bu boşluq birdən-birə otaqdakı hər kəsi içinə hava çəkən nasos kimi özünə tərəf çəkdi, hər kəs bir neçə addım o tərəfə atdı- stolların arasından, üstündən, bununla da boşluq insanların ürəyində böyük gərginliyin ən yüksək nöqtəsini yaratdı- münsiflər heyətindən və zaldan kimlərinsə ürəyi getdi.
Onlar məni maraqlandırmadılar, çünki mənim bu saat yeganə arzum kəndimizin tozlu-torpaqlı yollarına yağışlar fəsli başlamamış çatmaqdı, bacardığım qədər tez çatmaqdı. Hələ də başa düşə bilmirdim ki, mən hansı ağıl və ümidlə oraları tərk edərək gəlib burda nə axtarıram: möcüzə gözləyən xalqa aforizm oxuyaraq başlarını aldatmaq istəyirəm.
Mən zaldan çıxanda bizim zalla üzbəüz zaldan da qəribə səslər gəlirdi. Deyəsən, orda da pəncərələr birdən-birə açılmışdı. Ordakı insanlar da şok vəziyyətinə düşmüşdülər- mən bir anlıq ayaq saxladım və onların söhbətlərinə qulaq kəsildim- belə sakit bir havada birdən- birə fılrtına qopmasına möcüzə kimi baxırdılar. Bizim zaldan çıxan bir neçə nəfər onlara içəridə na baş verdiyini danışırdı.
Dəqiq yadımdadı- mənə toxunaraq o zaldan bir nəfər surətlə çıxdı. O, harasa tələsirdi, gözlərində qəribə rahatlıq vardı, elə bil ki, bacardıqca harasa tez çatmağa tələsirdi. Buna görə də, yəqin ki, mənə qəlbən bir yaxınlıq hiss etdiyindən mənim üzümə gülümsədi və sanki hələ indicə başa düşdüyü bir şeyə görə utandı- nədən utandığını bilmədiyindənmi, mənə bunu bildirmək istəməməsindənmi, niyəsə bəraət qazanmaq istədiyindənmi çiynini çəkərək dedi:
"Gedək..."
Ona baxıb mən də tələsdim. Sanki o, harasa məndən tez çata bilərdi, mən dala qala bilərdim.
"Tələsən heç də təndirə düşmür."- Mənim ən böyük səs- küyə səbəb olan aforizmlərimdən biri: ataların işinə qarışmaq istəmirəm, ancaq mənim təcrübəm bunu göstərir.
Dəhlizlərdə irəlilkədikcə hansısa müdriyyətin pəncərələri açıq qoymaqda ittiham etdiyi xadimələrin səsləri və inamlı fikirlərini eşidirdim: onların çoxu əmin idilər ki, pəncərələri hər gün yoxlayırlar və açıq qalması mümkün deyil. Orda- burda, səs- küyə gələnlərə olanların birinin üstünə beş qoyaraq həyəcanla danışan və dəhlizə dörd gözlə baxan, sanki kimisə gözdən qaçırmaqdan qorxan insanların dilində bircə kəlmə vardı - Möcüzə. Hər kəs olanlara başqa bir rəng verərək danışırdı- yəni, hər kəs başa düşdüyünü görmək istədiyi ilə birləşdirərək danışır, hər biri özünü başqalarının görmədiyini, bilmədiyini, eşitmədiyini, hiss etmədiyini bilirmiş kimi göstərirdi. Bircə mən bilirdim ki, hamısı yalan deyir- çünki O, onların təsvir etdikləri kimi gözləri göy və yaxud da qırmızı, gözəl və yaraşıqlı, qara və ya sarı saçlı, qıvrım və ya düz saçlı, hündürboy və ya pəhləvan cüssəli deyildi. Bizim zalda cəmi on beş- iyirmi adam olardı, yəni, onu cəmi bu qədər adam görmüşdü və hamısı da özləri istədiklərini və uydurduqlarını danışmışdılar camaata, onlar da başqalarına. Buna görə də sonradan bütün qəzetlər və jurnallar ondan yazdı, kanallarda hətta onun fotorobotunu göstərdilər: ancaq bunların heç biri bir- biri ilə düz gəlmirdi.
O arıq, gözləri çuxurda, ağbəniz, qulaqları bir az böyük, qəribə sifət və bədən quruluşuna malik birisi idi. Bayaq dediyim kimi- kukla teatrlarında aktyorların əllərində oynatdıqları çubuq oyuncaqlarına bənzəyirdi. İnsanların içində dayansa, yalnız bu görünüşü ilə onu seçə bilərsiniz- onun duruşunda bir asılılıq vardı: adi insanlar kimi yerdən yox, göydən asılı idi, sanki yerin cazibə qüvvəsi ilə yox, göyün cazibəsi ilə hərəkət edirdi. Ona görə də insana elə gəlirdi ki, o yerimir, dayanmır, sadəcə, havasızlıqda üzür.
İndisə gələk sizin mənə vermədiyiniz, daha doğrusu, vermək istəyib, verə bilmədiyiniz suala. Bilirəm, yuxarıda qeyd etdiyim, o əhvalata canlı şahid olanlardan bircə mən sağ qalmışam: münsiflər heyəti başda olmaqla hamısı ya intihar edib, ya ölüb, ya öldürülüb. Mən niyə sağ qalmışam?
Bunu heş özüm də dəqiq bilmirəm- bəlkə mənim gündə ən azı üç dənə yeni bir gic- gicə aforizm yazmağım Allahı güldürür deyə məni sağ saxlayıb, yoxsa şəhərdə yaşamaq fikrimdən əl çəkib nənəmin yanına qayıtdım deyə, nənəmin bitib-tükənməz dualarıdı məni ölməyə qoymayan, ancaq yəqin ki, səbəb tamamilə başqadı. Bir şeyi etiraf edə bilərəm ki, aylarla onu gözləmişəm- gombul münsifin özünü asdığını eşidən gündən etibarən, mən ölümü gözləmişəm. Hətta bir dəfə olub ki, odun doğradığım yerdə baltanın dəmir başı sapından ayrılıb və havada öz oxu ətrafında fırlandığı müddət mən kəlmeyi şəhadətimi də oxumuşam ki, bu da son, ancaq balta mənim başımdan bir santim aralıqdan yerə düşüb- mənə toxunmayıb.
Və bu yerdə sizə növbəti afrorizmimi təqdim etsəm, yerinə düşər: "Baltanın başından qorx, sapı kəsə və ya doğyaya bilmir, çünki özümüzdəndi."
Gülməli görsənir, ancaq sizi inandırım ki, çox dərin mənası var.
Müxbir sonuncu sualını verəndə onun qulağına nə isə bir çat səsi gəlirdi. Ancaq o, sanki şüuraltı şəkildə nə baş verəcəyini anlamışdı və kameraya daha da yaxınlaşaraq bu suala cavab verərək son sözlərini də deməyə tələsirdi. Ürəyinə dammışdı ki, onun iki saat ərzində, elə həmin əhvalat baş verən telekanalın müxbirinə verdiyi bu müsahibənin lent yazısına heç nə olmayacaq.
- Deyirsiz, o əhvalatdan sonra mənim içimdə gedən ən təəccüblü proses: mən o mənim kimi surətlə gedən insanla birgə telekanalın binasından çıxanda çöldə bir neçə təcili yardım dayanmışdı. Maraqlı idi ki, bu təcili yardımlar hansısa insanlara kömək məqsədilə çağırılsa da mənim o insanlara yazığım gəlmirdi, əksinə, mənim bu təcili yardımlara yazığım gəlirdi. Bax bunu mən onda hiss etdim və ondan sonra heç kimə acıya bilmirəm. Elə indi sizə də acımıram ki, nənəmin, yüz ili geridə qoymuş qocaman evi məhz indi, bizim söhbətimizi yarımçıq qoyaraq üstümüzə uçmaq fikrinə düşüb - çünki siz məni tapmaqla böyük səhvə yol verdiniz.
Son anda yenə də kameranı qucaqlamış halda öz son aforizmini də deyə bilmişdi tavanın ağaclarının altında əzilə- əzilə, ancaq nəyəsə gülə- gülə:
" Bütün xarabalıqlarda yarımçıq söhbətlər yatır."
Tarix: 08.06.2015 / 18:01 Müəllif: Aziza Baxılıb: 147 Bölmə: Hafiz Hacxalıl