Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)

"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük. O, dostu Jenyanı hamama dəvət eləmək üçün onlara gedir.

Bu zaman baş qəhrəman – 36 yaşlı həkim Yevgeni Mixayloviç Lukaşin (Jenya) Yeni ili öz nişanlısı Qalya ilə keçirməyə hazırlaşır. Jenya İnşaatçılar küçəsi 3, ev 25, mənzil 12-də yaşayır. Jenya Yeni il gecəsi Qalyaya 2 illik tanışlıqlarından sonra təklif etmək istəyir. Yeni ilə gecəsini keçirməmişdən qabaq Jenya adətə görə hər il olduğu kimi dostları Pavlik, Saşka və Mişka ilə hamama gedirlər. Pavlik elə həmin gecə Leninqrada uçmalı olduğunu deyir. Dostlar hamamda o qədər içirlər ki, hər biri möhkəm sərxoş olur. Nəticədə, Saşka və Mişka Leninqrada səhvən Pavliki yox, Jenyanı göndərirlər.

Pulkovo hava limanında ayılan Jenya bir taksiyə əyləşərək Moskvadakı evinin ünvanını deyir. Demə, bu ünvan Moskvadakı kimi eynilə Leninqradda da varmış. Özü də həmin ünvandakı bina bütünlüklə Moskvadakı binanın oxşarıdır. Çünki bu və bunun kimi neçə-neçə binalar eyni layihə əsasında tikilmişdi. Buna görə də Jenya heç nə olmayıbmış kimi sakitcə "öz" mənzilinə qalxır və təsadüfən onun açarı qapını açır. Jenya mənzilə daxil olarkən heç bir şeyə təəccüblənmir: burada mebel də daxil olmaqla hər şey onun evindəki kimidir. Jenya sərxoş halda çarpayını açır və uzanaraq yuxuya gedir.

Bir müddət sonra buraya mənzilin əsl sahibi 34 yaşlı rus dili müəllimi Nadejda Vasilyevna Şevelyova (Nadya) gəlir. O, öz Yeni ilini bir qədər sonra bura gələcək nişanlısı İppolitlə keçirməyə hazırlaşır. Nadya öz yatağında yad kişinin yatdığını görəndə dəhşətə gəlir. Nadya İppolit gəlməmiş onu tez oyatmağa çalışır. Jenya isə elə bilir ki, qadın onun evinə soxulub. Buna görə də yuxulu-yuxulu müqavimət göstərməyə başlayır. Tezliklə hər şey aydınlaşır: Qalya Jenyanı Moskvada gözləyir, lakin o, nişanlısı İppoliti gözləyən Nadyanın evinə gəlib...

Bir azdan İppolit gəlir. Jenya tələsik geyinərək olanları ona başa salmağa çalışır və gedir. Cibində Moskvaya bilet almaq üçün pul olmadığını görən Jenya yenidən həmin mənzilə qayıdır. O, Nadya və İppolitdən borc istəyir. Nadya razılaşır. Amma İppolit hiddətlənərək çıxıb gedir. Jenya İppoliti izləməyə çalışır. Lakin heç bir şeyə müvəffəq olmur. İppolit öz maşınında cəld uzaqlaşır. Jenya əlacsız qalaraq mənzilə geri dönür. Nadya Jenyaya şərait yaradır ki, o, nişanlısı Qalya ilə telefonla danışa bilsin. Bütün Yeni il gecəsini birgə keçirən Jenya və Nadyanın bir-birilərinə simpatiyaları yaranır. Filmin sonunda onlar qovuşurlar.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Emil Braginski, Eldar Ryazanov
Quruluşçu rejissor : Eldar Ryazanov
Operator : Vladimir Naxabsev
Rəssam : Aleksandr Borisov

Rollarda
Andrey Myaqkov – Jenya
Barbara Brılska – Nadya
Yuri Yakovlev – İppolit
Aleksandr Şirvindt – Pavlik
Georgi Burkov – Mişa
Aleksandr Belyavski – Saşa
Olqa Naumenko – Qalya
Liya Əhədcaqova – Tanya
Valentina Talızina – Valya
Eldar Ryazanov – Moskva-Leninqrad təyyarəsinin sərnişini


Tarix: 22.02.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 311 Bölmə: Filimler
loading...