1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günündə ilin bir günü yığışıb kütləvi şəkildə uşaqları müdafiə etmək ideyası XX əsrin kəşflərindəndir. Amma XX əsr uşaqlara qarşı xüsusi qəddarlığı ilə də seçilib. Uşaq əməyindən istifadə, uşaq fahişəliyi bu əsrdə daha geniş miqyas alıb. XX əsrdə Şimali Koreyada anadan xəstə doğulmuş uşaqları elə xəstəxanadaca qətlə yetirirlər — işıqlı və sağlam gələcək naminə… XX əsrdə bombalar uşaqların çox sevdiyi oyuncaqların, şirin konfetlərin içinə yerləşdirilir. Klassik kinoda — Fellininin, Viskontinin, Eyzenşteynin filmlərində XX əsr uşaqlardan imtina edən aləm kimi göstərilir. Həmçinin uşaqlar da qəddar və böyüklərdən daha tənhadırlar.
Dünya kinosunda bütün uşaq filmlərini birləşdirən ümumi cəhətlər var. Amerika filmlərinin süjet xətti, bir qayda olaraq, atalar və oğullar, valideyn-övlad münasibətləri, yaşlı nəsillə gənc nəsil arasındakı ziddiyyətlər üzərində qurulur. Daha səviyyəli filmlər isə bir qədər dərin işlənmiş olur. Hətta komediyalarda belə böyüklər və kiçiklər arasındakı ziddiyyətlər nifrət həddinə qədər gərilir və dramatikləşdirilir («Evdə tək » trilogiyası», «Çətin uşaq» və s).
Avropanın uşaq filmlərində də eyni problem var — övladlar daima valideynlərindən narazıdırlar. Lakin bu, Hollivud filmlərindəki kimi faciə həddində deyil. Avropalı uşaqları sərbəstliklərinin məhdudluğu, valideyn sözünü dinləmək məcburiyyətində olmaları narahat edir. Onlar valideynin həyat təcrübəsindən yararlanmaq, onun dayandığı nöqtədən yola davam etmək deyil, öz təcrübələrini toplamaq, öz yollarını cızmaq istəyirlər. Əgər Amerika filmləri «yolunu azmış oğulun ata evinə qayıtması», yaşlı nəsli qəbul etməsi ilə sonuclanırsa, Avropa filmlərində əks proses baş verir — yaşlılar gəncləri qəbul edirlər, onlarla uzlaşmağa çalışırlar («Billi Elliot», «Mən Sezaram», «Bum 1-2»).
Azərbaycan kinematoqrafiyası uşaq filmlərinin sayına görə azlıqdadır — «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Mən mahnı qoşuram», «Bir qalanın sirri», «Sehirli xalat», «Gəmi saatının sirri», «Skripkanın sərgüzəştləri» və s. Əgər uşaq filmlərini mövzuları baxımından kateqoriyalara bölsək, yuxarıda adlarını sadaladığım filmləri şərti şəkildə «əyləncəli filmlər»ə aid etmək olar. Uşaqlı-böyüklü bütün tamaşaçılara həmişə həvəslə baxırıq. Təsadüfi deyil ki, filmlərin əksəriyyəti birbaşa rus dilində çəkilib (filmlər bilavasitə Moskvanın sifarişilə çəkilib).
İkinci kateqoriyaya isə «Şərikli çörək», «Ağ atlı oğlan», «Pəncərə», «Arxada qalmış gələcək» fimləri aiddir. Bu filmlər daha ciddi mövzulardan bəhs edir. Onlara «uşaq filmi»ndən daha çox, «qəhrəmanları uşaqlar olan film» təyini uyğun gəlir. Adları çəkilən filmlərdə hadisələr, mühit uşaqların gözü ilə və onların timsalında təqdim olunur. Məsələn, «Şərikli çörək» filmini götürək: müəlliflər tamaşaçıya müharibə zamanı tez-tez istifadə olunan «arxa cəbhə» birləşməsinin əsl mənasını anlatmağa çalışır. Arxa cəbhə yalnız öndə döyüşənlərin, canlarını qurban verənlərin ümid yeri, dəstəyi deyil. Burda müharibə gedir və bu müharibə ön cəbhədəkindən daha dəhşətli və qəddardır. Çünki ordan fərqli olaraq burdakı düşmənlər gözə görünmür, onlara əllə toxunmaq, bir güllə ilə öldürmək mümkün deyil. Bütün bunları tamaşaçıya çatdırmaq, anlatmaq üçün uşaqlardan yaxşı vasitə ola bilməz.
Milli kinomuzda sırf uşaqlara və onların problemlərinə həsr olunmuş bircə film var. Həsən və Ənvər Əbluc qardaşlarının İsi Məlikzadənin ssenarisi əsasında çəkdikləri «Pəncərə» sosial dramı. Bu film internat uşaqlarının həyatından, daha doğrusu, həyat uğrunda mübarizəsindən bəhs edir.
Son illərdə çəkilən yerli filmlərdə isə uşaqlar Qarabağ mövzusunun qəhrəmanlarına çevriliblər. «Ağ atlı oğlan», «Arxada qalmış gələcək» filmlərində onlar mübarizədən yorulmuş, unutmağa başlamış böyükləri ruhlandırmağa çalışırlar. Ancaq bu filmlərin müəllifləri bir şeyi unudurlar ki, uşaqlar hətta oyun oynayanda belə təbiidirlər. Onlar üçün reallıq və oyun arasında sərhəd mövcud deyil.
Tarix: 28.11.2014 / 11:33 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Filimler