Sonsuz bir qaranlığın içində doğuldum. İşığı gördüm, qorxdum. Ağladım. Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum. Gün gəldi, sonsuz qaranlığa yola saldım sevdiklərimi. Ağladım.
Yaşamağı öyrəndim. Həyatın bitməyə başladığı anın doğulmaq olduğunu öyrəndim. Arada qalan hissənin ölümdən oğurlanan vaxt olduğunu öyrəndim.
Zamanı öyrəndim. Yarışdım onunla. Zamanla yarışmağın yox, onunla barışmağın lazım olduğunu zamanla öyrəndim.
İnsanı öyrəndim. Sonra insanların içində yaxşı və pislər olduğunu öyrəndim. Sonra da hər insanın içində xeyirin və şərin olduğunu öyrəndim.
Sevməyi öyrəndim. Sonra etibar etməyi öyrəndim. Sonra da güvənin sevgidən daha çox yaşadığını, sevginin güvənin sağlam təminatı üzərində qurulduğunu öyrəndim.
İnsan dərisini öyrəndim. Sonra o dərinin altında bir ruh olduğunu öyrəndim. Sonra da ruhun əslində dərinin üstündə olduğunu öyrəndim.
Bəşəriyyəti öyrəndim. Sonra bəşəriyyəti xilas etməyin yollarını öyrəndim. Sonda isə bəşəriyyəti xilas etmək üçün əvvəlcə öz çevrəni xilas etmək lazım olduğunu öyrəndim.
Çörəyi öyrəndim. Sonra isə sülh üçün çörəyin çox istehsal edilməsinin lazım olduğunu öyrəndim. Sonra isə çörəyi çox bişirmək kimi, onu yemək haqqını qazanmağın mühüm olduğunu öyrəndim.
Oxumağı öyrəndim. Sonra özümə yazmağı öyrətdim. Və bir müddət sonra yazı, özümü öyrətdi mənə…
Getməyi öyrəndim. Qala bilməyib geriyə dönməyi öyrəndim sonra. Sonra yenə getməyi, özümə əzərək keçib getməyi öyrəndim.
Gənclik çağlarımdan dünyaya tək başına meydan oxumağı öyrəndim. Sonra isə izdihamla birlikdə yürümək lazım olduğunu öyrəndim. Sonra isə belə qərara gəldim ki, əsl yürüş kütləyə qarşı getməkdir.
Düşünməyi öyrəndim. Sonra qəliblər içində düşünməyi öyrəndim. Sonra isə sağlam düşüncənin qəlibləri sındıraraq düşünmək olduğunu öyrəndim.
Namusun əhəmiyyətini öyrəndim. Sonra isə hər şeydən məhrum insanlardan namus gözləməyin namussuzluq olduğunu, əsl namusun günah əlinin altındaykən, günah etməmək olduğunu öyrəndim.
Həqiqəti öyrəndim bir gün və həqiqətin acı olduğunu… Sonra isə normal dozada acının yeməkdə olduğu kimi, həyata da ləzzət qatdığını öyrəndim.
Hər canlının ölümü dadacağını, ancaq çox azının həyatı dadacağını öyrəndim.
Tarix: 10.12.2014 / 15:38 Müəllif: Aziza Baxılıb: 108 Bölmə: Dahilerin sözleri