Dəri xəstəliklərindən bəhs edən elmə dermatologiya deyilir.
Dəri xəstəliklərinin əlamətləri. Yerli - gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. ümumi - üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur.
Dəridə morfoloji dəyişikliklər - ləkə, köpüşük, düyüncük, qabaq, düyün, suluq, irinlik, kəpək, qartmaq, dəmrovlaşma, eroziya, ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər.
Ləkə. Dərinin və selikli qişanın məhdud bir sahəsinin rənginin dəyişilməsinə ləkə deyilir. Ləkə üç cür olur: iltihab, hemorragiya və piqment ləkələri.
Köpüşük. Xüsusi dəfinin (dermanın) məməyəbənzər təbəqəsində baş vermiş kəskin iltihablı şişkinliklərə köpüşük deyilir. Köpüşüyün xüsusiyyəti ondan ibarətdir ki, o, müəyyən ekzogen və endogen səbəblərdən gözlənilmədən aşkar olur və tezliklə heç bir iz buraxmadan yox olur.dəri xərçəngi (skin cancer)
Qabarcıq. Dermanın dəri qatlarında infiltrat hüceyrələrinin məhdud toplantısı nəticəsində əmələ gəlmiş boşluqsuz dəri elementidir. Onlar sifilisdə, dəri vərəmində, cüzamda, dəri leyşmaniozunda və s. olduğu kimi iltihablı infiltratın əmələ gəlməsi nəticəsində törənir. Qabarcıq adətən dəri səthində qabarır. Sağalarkən özündən sonra çapıq və yaxud atrofiya buraxır.
Sudurcuq. Sudurcuq boşluqlu dəri elementidir. O, epidermis təbəqələrinin arasına ekssudat mayesinin yığılması nəticəsində əmələ gəlir. Sudurcuq bilavasitə buynuz təbəqəsinin altında, epidermis təbəqələrinin və epidermislə xüsusi dəri arasında əmələ gəlir, darıdan mərcimək böyüklüyünə qədər olur.
Mərciməkdən böyük sudurcuqlar sudur adlanır. O, yanıqda daha böyük ola bilər. Bir neçə sudurcuq bəzən birləşib çoxboşluqlu sudurlar əmələ gətirir.
İrinlik. Epidermisdə və ya dermada irinli ekssudatın yığılması nəticəsində əmələ gəlmiş boşluqlu dəri elementinə irinlik deyilir.
Dərinin irinli xəstəlikləri. Piodermitlər. Piodermitlər yaxud piodermiya insanlara məlum olan ən qədim dəri xəstəliklərindəndir. Piodermitlər dəri örtüyünün bütün sahələrində əmələ gələ bilər. Ancaq onlar ən çox əllərdə, qollarda, üzdə və ayaqlarda müşahidə olunur. Piodermitləri əsas etibarilə orqanizmin müqavimətinin zəifləməsi və dəri bütövlüyünün pozulması şəraitində piokokklar törədir.
Piodermitlərin əsas törədiciləri stafilokoklar və streptokoklardır.
Follikulit. Bu, tük kisəciyinin irinli iltihabıdır. Xəstəlik zamanı iltihab prosesi tük kisəciyini, onun ətraf toxumalarını və tük məməciyini əhatə edir.
Follikulitin mərkəzindən adətən tük keçir, içərisində irin müşahidə olunur; 3-4 gündən sonra mərkəzində əmələ gəlmiş irinlik quruyub qartmağa çevrilir; qartmaq düşəndən sonra infiltrat tezliklə sorulub yox olur. Bəzi hallarda follikulit abses verir. Həmin abses cərrahi yolla müalicə olunduqda, yerində xırda çapıq qalır. Follikulitin gedişi 7-8 gün çəkir, sonra isə adətən sağalır, yerində qısa müddətdə sorulub gedən piqmentli ləkə və ya nöqtəşəkilli çapıq qalır.
Müalicəsi. Follikulitlərin müalicəsi antibiotiklərlə başlanır. Penisillin 200000 - 300000 vahid, gündə 3-4 dəfə əzələyə yeridilir. Penisillin 0,5 %-li novokain məhlulunda həll edilir. Bəzi uzun sürən follikulitlərdə penisillin autoqanla vurula bilər. Bundan başqa biomisin, tetrasiklin, oksimetilpenisillin və s. 200000 vahiddən gündə 3-4 dəfə daxilə təyin olunur. Antibiotiklərlə müalicə bütün hallarda piokokkların onlara qarşı həssaslığının müəyyən olunması əsasında aparılmalıdır.
Follikulitlərin ətrafındakı sağlam dərinin tüklərini qırxmaq və həmin yerləri arabir 50 spirtlə və yaxud odekolonla təmizləmək lazımdır. Follikulitli xəstənin yuyunması məqsədəuyğun deyil.
Furunkul. Furunkul və ya çiban tük kisəciyinin dərin iltihabıdır. O, iltihab prosesinin tük kisəciyi ağzından dərinliklərə və ətraf toxumalara yayılması nəticəsində əmələ gəlir.
İlk anlarda furunkul dəri içərisində xırda və ağrılı düyüncük kimi təzahür edir və tədricən böyüyür. Şişkinlik tük kisəciyinin ətraf toxumalarına yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır.
Xəstəliyin bu dövründə bəzən üşütmə-qızdırma da müşahidə edilir, zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Furunkul tündləşir, axıra yaxın isə göyümtül, tünd-qırmızı rəngə çevrilir. Furunkulun başlanğıcından dörd-beş gün sonra onun zirvəsində irinlik əmələ gəlir, sonralar bir qədər yumşalır, nəhayət, deşilir və bir qədər irin xaric olur, ağrı xeyli azalır, xəstənin ümumi vəziyyəti yaxşılaşır.
Furunkul deşildikdən sonra əmələ gəlmiş xoranın qıraqları girintili-çıxıntılı, dibi isə kələ-kötür və göyümtül rəngdə nekroz kütləsi (furunkulun özəyi) ilə örtülü olur. Sonralar xora tədricən böyüyür, irinaxma artır. Nəhayət, furunkulun özəyi xaric olur, qısa müddətdə çapıqlaşma ilə qurtarır.
Gedişi. Furunkulun inkişaf dövrü 10-12 gündür. Bəzi hallarda isə sağalmış furunkul yenidən residiv verir və yaxud yeni furunkullar əmələ gəlir, bəzən də çibantökmə baş verir. Belə hallarda xəstəliyin müddəti aylarla uzana bilər.
Furunkulu sıxmaq olmaz, çünki o, sepsis verə bilər. Müalicə vaxtında və düzgün aparılarsa, furunkul tezliklə sağalır, yerində adətən çapıq qalır.Müalicəsi. Ümumi müalicə üsulu follikulitdə olduğu kimidir: penisillin, biomisin, oksimetilpenisillin. Bioloji vasitələrdən stafilokoklu anatoksin, autohemoterapiya, laktoterapiya, prednizolon, triamsinolon və s. məsləhət görülür. Xarici müalicə üsullarından təmiz ixtiol, 10 %-li ixtiol məlhəmi, 10 %-li sintomisin emulsiyası, civə kvars lampası ilə şüalandırma tətbiq edilir. Ətraf sağlam dəri isə arabir 50 %-li spirtlə yaxud odekolonla təmizlənir.
Karbunkul. Karbunkul stafilokoklu piodermitlərin ən ağırıdır. O, nekroz verən kəskin iltihablı irinlikdir.
Xəstəlik dəri örtüyünün məhdud nahiyəsində bir neçə furunkulun birləşməsi nəticəsində əmələ gəlir.
Xəstələrdə ümumi əzginlik, yorğunluq, başağrısı, üşütmə, qızdırma və zədələnmə nahiyəsində şiddətli ağrı müşahidə edilir.
Arı pətəyi kimi bir çox deşiyi olan karbunkuldan ilk zamanlar irin, sonralar irinli maye axır; deşiklər tədricən böyüyərək xırda xoralar əmələ gətirir. Bu xoralar sonralar daha da böyüyür, bir-biri ilə birləşib ümumi böyük bir xoraya çevrilir.
Çox keçmədən karbunkulun özəyi düşür. Yalnız bundan sonra xəstənin ümumi vəziyyəti yaxşılaşır, əhval-ruhiyyəsi bərpa olur. Nəhayət, karbunkul çoxguşəli çapıq buraxmaqla qurtarır.
Karbunkulun inkişaf dövrü 3-4 həftədir. Bu müddətdən sonra adətən sağalır. Bəzi xəstələrdə karbunkul bir sıra ağırlaşmalar (sepsis, piemiya, qanaxma, kollaps və s.) verməklə ölümlə nəticələnə bilər. Məhz buna görə də karbunkul erkən və düzgün müalicə tələb edir.
Müalicəsi. Ümumi müalicə üsullarından penisillin, tetrasiklin, terramisin, prednizolon, triamsiolon, autohemoterapiya, laktoterapiya, sulfanilamid preparatları və s. məsləhət görülür. Yerli müalicə cərrahi yolla aparılır. Karbunkulda təhlükəli əlamətlər baş verdikdə təcili olaraq onu xaçabənzər şəkildə yarmaq və yaraya penisillin yeritmək tələb olunur.
Streptokoklu paranixiya (dolama). Sənaye müəssisələrində iş prosesi zamanı və ya məişətdə dırnaq lövhələrinin təsadüfi zədələnmələri nəticəsində streptokoklu paranixiya əmələ gəlir.
Streptokoklu paranixiya zamanı zədələnmə nahiyəsində dəri qızarır, xeyli şişir və ağrıyır. Dırnaq köbəsini sıxdıqda altından irinli maye ifraz olur. Proses gah kəskinləşir, gah da sakitləşir. Beləliklə, xəstəlik xeyli uzanır, nəticədə zədələnmiş dırnaq lövhəsi öz normal parıltısını itirir və səthində müxtəlif çuxurlar əmələ gəlir, sonralar isə dırnaq düşə də bilər.
İrinli dəri xəstəliklərinin profilaktikası. Sənaye müəssisələri və kənd təsərrüfatı şəraitində irinli dəri xəstəliklərinin profilaktikası bir sıra ümumi və xüsusi tədbirlərdən ibarətdir. Artıq alətlər, metal qırıntıları və taxta parçaları iş yerindən kənar edilməlidir.
Kompleks profilaktika tədbirlərindən dərinin gigiyenasının böyük əhəmiyyəti var. Belə ki, sənaye müəssisələrində, kənd təsərrüfatında və məişətdə dərinin daim təmiz saxlanılması çox mühüm şərtdir.
İş prosesində xırda zədələnən yerlər vaxtında dərmanlanmalıdır. Bir sözlə, dərinin sağlamlığı üçün bütün tədbirlərdən istifadə etmək vacibdir.
Gənclik sızaqları. Seboreya kimi məlum olan gənclik sızaqları yeniyetmələr arasında çox geniş yayılmışdır. Gənclik sızaqları piy vəzilərinin hasil etdiyi dəri piyinin kəmiyyətcə və keyfiyyətcə dəyişilməsindən asılıdır ki, bu da cinsiyyət orqanlarının funksiyası ilə əlaqədardır. Bu sızaqlar gənclər arasında daha geniş yayıldığından və onlarda çox böyük narahatlıq doğurduğundan, onun üzərində bir qədər geniş dayanmaq vacibdir.
İnsanlarda piy vəziləri ovuclardan, ayaqların altından və dodaqların qırmızı haşiyəsindən başqa bədənin bütün sahələrində mövcuddur. Piy vəziləri dərinin dərin qatlarında yerləşir. Onların axacaqları tük kisəciklərinə və dəri səthinə açılır. Beləliklə, dəri piyi dəri səthinə və tüklərə çatdırılır.
Seboreya dəri səthində kimyəvi tərkibi dəyişilmiş piylənmənin artması xəstəliyidir. Bu vaxt keyfiyyət və kəmiyyət etibarilə dəyişilmiş həddindən artıq piylənmə şəraitində ağırlaşma əmələ gəlir. Sifətdə komedonlar (çivzə), sızaqlar görünür, irinli dəri xəstəlikləri, başın tüklü hissəsində kəpəklənmə, tüklərin seyrəlməsi və dazlıq müşahidə olunur.
Seboreyanın ilk əlamətləri 12-14 yaşlı gənclərdə başlanır. Belə hal adətən 12-20 yaşlı gənclərdə cinsi yetişkənlik dövründə fizioloji hal kimi təsvir olunur. 20-26 yaşına bu səpgilər keçib gedir.
Kəpəklənmə. Duru seboreyalı xəstələrin başının tüklü hissəsində kəpəklənmə də müşahidə olunur. Bu zədələnmənin ilk əlamətləri 12-14 yaşlarında başın tüklü hissəsində piylənmənin artması ilə başlanır. Tədricən kəpəklənmə artır, 16 - 20 yaşında başın bütün tüklü hissəsini əhatə edir. Bu vaxt başda külli miqdarda kəpəklənmə müşahidə olunur. Onlar bozumtul-ağ rəngdə kəpəyə bənzəyir, xəstənin saçlarına və paltarına (çiyinlərinə) tökülür. Xəstələr başın tüklü hissəsində qaşınmadan və qaşınma nəticəsində sıyrıntıdan şikayət edirlər. Xəstələr başını yuyandan sonra başın dərisi qızarır, quruyur və dartılır.
Bəzi xəstələrdə 22-25 yaşında, adətən, kəpəklənmə qurtarır, lakin ayrı-ayrı hallarda 35 - 40 yaşadək uzanır.
Seboreyanın profilaktikası.
1. Şirniyyat, şirin qida məhsulları (pirojna, tort, paxlava, şəkərbura, peçenye, xəmir xörəkləri, ağ çörək və s.) ciddi məhdudlaşdırılmalıdır.
2. Yağlı ət xörəkləri (yağlı qoyun və mal əti, toyuq, balıq və s.) də məhdudlaşdırılmalıdır. Ət məhsullarını soyutma yemək məqsədəuyğundur.
3. Qızardılmış, duza, sirkəyə qoyulmuş (xiyar, pomidor, sarımsaq və s.), konservləşdirilmiş məhsullar da seboreyanın müalicəsində mənfi rol oynayır.
4. Spirtli içkilər və papiros çəkmək seboreyanın gedişini xeyli ağırlaşdırır və müalicəsini çətinləşdirir. Odur ki, seboreyanın müalicə müddətində bu adətlərdən çəkinmək lazımdır.
5. Süd və süd məhsullarına (kəsmik, süzmə, qatıq, kərə yağı və s.) üstünlük verilməlidir.
6. Meyvə, tərəvəz və göyərti çox xeyirlidir.
7. Qatı seboreyalı şəxslər isə başını ilıq su, uşaq sabunu, yumurta sarısı ilə yumalıdırlar. Sulsen sabunu, şampun hər iki halda işlətmək olar. Saçları seyrək daraqla daramaq məsləhətdir.
Tarix: 27.11.2014 / 14:07 Müəllif: Aziza Baxılıb: 275 Bölmə: Dəri-zöhrəvi xəstəliklər