Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tətilin genişlənməsi

Güzəştə getməyən sahibkarları tətilçilər onların “silah”ı ilə vurmağa başlayır: Hər yanda mədənlər alovlanır. Bakı mədənləri böyük və dəhşətli bir tonqala çevrilir. “Moskovskiy listok” qazeti həmin vaxt yazırdı: “Artıq 2-ci gündür ki, Bibiheybətdə qazma qüllələri, neft anbarı, Bakı neft cəmiyyətinin fontanı yanır. Hər gün 600 min pud neft havaya sovrulur. Müxtəlif şirkətlərin 30-dan çox qülləsi, gəmilərin yan alması üçün körpülər, Nobelin yaşayış yerləri alovun içindədir. Birjalarda durğunluqdur, qiymətlərin bahalaşacağı gözlənilir”. Bu yanğınların kapitalistlərə hansı psixoloji təzyiq göstərdiyini Bakıda gizli fəaliyyət göstərmiş sosial-demokrat Konkordiya Zaxarova-Sederbaum (1879-1938) özünün “Reaksiya illəri” adlı xatirələrində bu cür təsvir edib: “Tətillər və mədənlərdəki yanğınlar neft sənayeçilərinə göstərdi: Onlar necə asanlıqla və bir neçə günün içində böyük gəlirlərinin mənbələrindən məhrum ola bilərlər. Dünənki aciz, səbrlə və itaətlə bütün təhqirləri həzm edən işçi özünün kortəbii etirazında onu istismar edənlərdən qəddarcasına qisas ala bilir. Və hətta daha sakit etirazında belə bu kütlə fəhlə hərəkatının daha ibtidai mərhələsinə xas olan mübarizə formasına əl ata bilər. Yəni, sabotaja. Guya ki bilmədən qazma qurğusunu xarab edər və onda işi bərpa etmək üçün bir neçə gün sərf etmək lazım olacaq. Bu sabotajın işçi tərəfindən qəsdən edildiyini sübut etmək isə qeyri-mümkündür”. Zaxarova-Sederbaumun müşahidələri və nəticəsi çox diqqətəlayiqdir. Yəni, işçilər sahibkarları fakt qarşısında qoyur: Sabotaj üçün heç kütləvi dağıdıcı çıxışlara ehtiyac da yoxdur. İstədikləri an istənilən sahibkarı onun texnikasını korlamaqla gəlirsiz qoya bilərlər. Luddizmin Bakı variantı. Və bunu birdən birə dərk etmək sahibkarlar üçün çox acı “kəşf” idi.


Tarix: 07.01.2015 / 18:40 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Bakı tətili (1903)
loading...