İqor Abrosimov özünün “Bakı ailəsinin şəxsi həyatı…” kitabında yazırdı: “Rusiyanın heç bir şəhəri o illərdə Bakı qədər sürətlə inkişaf etməmişdi. 1903-cü ildə Bakıda artıq 200 mindən çox adam yaşayırdı. Şəhər kənarındakı neft yataqları təkcə Rusiyanı yanacaqla təmin etmirdi, həm də böyük həcmdə neft ixracata göndərilirdi. Qara Şəhərdə və Ağ Şəhərdə cəmləşmiş neft emalı zavodları neftdən işıqlandırıcı yağ, yəni kerosin, sürtgü yağları və mazut alırdı. Qafqazın bütün dəmir yolları, Xəzərdə və Volqada üzən gəmilər, zavod və fabriklər Bakı mazutu ilə çalışırdı”. Yəni, Bakı imperiyanın ən mühüm sənaye mərkəzlərindən birinə çevrilmişdi və burada hər hansı etiraz dalğası bütün Rusiya itisadiyyatında və siyasətində əks-səda verirdi. Odur ki, şəhərdə sakitliyin qorunub saxlanmasında hakimiyyət olduqca maraqlıydı. Ancaq işsizlik, maaşların azlığı, hüquqsuzluq, ağır iş şəraiti (neft sahəsində ölüm faizi yüksək idi, 40 yaşına çatan neftçi artıq əmək qabiliyyətini tam itirmiş olurdu, peşə xəstəlikləri yayılmışdı, tibbi xidmət yoxdu…) proletariatın səbr kasasını daşdırdı. 1903-cü ilin 1 iyulunda məşhur Bakı ümumi tətili başladı. Kadet partiyasının üzvü olan Aleksandr Xatisovun zavodlarından start götürən etirazlar dərhal digər zavod və fabriklərə də yayıldı. Sosial-demokratların (RSDRP) Bakı Komitəsinin rəhbərliyi ilə təşkil olunan aksiyaya tezliklə Bibiheybət, Balaxanı, Sabunçu neftçiləri qatıldılar. Artıq iyulun 6-da Bakının bütün sənaye və ticarət həyatı dondu. Manaf Süleymanov yazırdı: “İyul ayında Bakı proletariatının məşhur, əzəmətli tətili başlayır. 50 minə yaxın tətilçi “Məhv olsun mütləqiyyət”, “Yaşasın sosializm”, “Yaşasın hürriyyət”, “8 saatlıq iş günü”, “Məvaciblər artırılsın”, “Həbsə alınmış nümayişçilər azad edilsin” şüarları ilə küçələrə çıxıb çarizmə və kapitala qarşı çıxış edir. İzdihamdan küçə və mədənlər titrəyirdi. Fəhlələrin bu əzəmətli çıxışına RSDRP-nin Bakı Komitəsi rəhbərlik edirdi. Mədənlərin anbarlarında, zavodlardakı rezervuarlarda neft aşıb-daşır, heç kim neft daşımır, dənizçilər gəmilərə neft doldurmurdular…” Tətil mübarizəsinə sosial-demokratlar İ.Vatsek, M,Məmmədyarov, İ.Fioletov başçılıq edirdi. Digər tələblər sırasında işdə cərimələrin ləğvi, yaşayış şəraitinin yaxşılaşdırılması, normada nəzərdə tutulmayan işlərin dayandırılması da vardı. Sahibkarlar tələbləri yerinə yetirməkdən imtina edirlər. Zavod və mədənlərə Bakı qarnizonunun qoşunları yeridilir. Manaf Süleymanov yazır: “Şəhər bağına toplaşan tətilçi dənizçiləri polis qovur. Onlar da gedib şəhər kənarında, Sallaqxanada yığışırlar. Üstlərinə atlı kazak göndərib oradan da qovurlar. Hərbi gəmilərdə çalışan fəhlə, matros, kapitan və mexanikləri gəmilərə yük vurmağa vadar edirlər. Tətil 3 həftəyə qədər sürür. Bu tətilin təsiri nəticəsində bütün Qafqazda və Rusiyanın cənub şəhərlərində fəhlə çıxışları başlayır. Bakı şəhəri tətil hərəkatında fəal iştirakına görə başqa yerlərdən fərqlənir, hərbi düşərgəyə oxşayır”.
Tarix: 07.01.2015 / 18:40 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Bakı tətili (1903)