Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anar - Qırmızı Limuzin

Q I R M I Z I L İ M U Z İ N

Yeddi təpəli şəhrimdə
İtirdim qönçə gülümü
Nə də düşünmək ölümü
Nə ölümdən qorxmaq ayıb.
Nazim Hikmət

O, qəfilcən dayandı. Ətrafa boylandı. Buralar ona həm tanış gəlirdi, həm də bu dar küçəni sanki ilk dəfə görürdü. Bir ya ikimərtəbəli evlər, səliqəsiz həyətlərin qarışıq qoxuları, sal divara dirənən kor dalan. O, ya sanki çox uzaqlarda qalmış xəyal kimi, ilğım kimi, süzülüb nazilmiş xatirələr kimi, bulanıq yuxu kimi qeyri-müəyyən bir aləmi andırırdı. Uşaqlığının anımlarıydımı bu?

Yox, uşaqlığı bu məhəllədə keçməmişdi. Bəlkə haçansa, çox illər qabaq buralara kimsə qonaq gəlibmiş, bəlkə bu evlərin birində qohumları, ya dostları, tanışları yaşayırmış. Yadına sala bilmirdi. İşlədiyi idarənini yolu bu küçələrdən keçmirdi. Şəhəri sərgərdan dolaşıb dəxli olmayan məhəllələrdə azmaq şakəri də yoxdu. Bəs nədən bütün yan-yörə ona bu qədər məhrəm gəlirdi, sanki haçansa bu həndəvəri qarış-qarış, addım-addım hadırlamışdı. Bir də içindəki bu təşviş, qəribə nigarançılıq, narahatlıq hissi - məşum bir duyğu - hardandı? Sanki nədənsə eymənirdi. Nədən? İçində elə bir hiss vardı ki, sanki ömrü boyu yaşadığı şəhərin tanış gəlməyən bir məhəlləsinə deyil, özgə, yad bir şəhərin ona tanış görünən küçələrinə düşmüşdü.

Saatına baxdı. Gecə yarısına, patrul saatına az qalırdı. Ömrü boyu yaşadığı bu şəhərin hər yönünə, hər istiqamətinə, məhəllələri arasındakı məsafələrə bələd idi. Bu dar küçələrin labirintlərindən çıxıb geniş prospektlərlə özünü evinə çatdırmalıydı. On iki olana qədər. Yoxsa gəzəyənlərə - patrula rast gəlib səhərədək saxlanıla bilərdi.

Bəlkə ay işığı idi onu eyməndirən. Müxtəlif biçimli, yarıuçuq xərabələri andıran bu köhnə binaların, düyün düşmüş kələf kimi bir-birinə dolaşmış ensiz küçələrin adamsızlığında, «qu» deyib qulaq tutulan səssizliyində ay işığı ətrafı gümüşü-boz bir rəngə - kül rənginə boymışdı və O.ya elə gəlirdi ki, bu ölü rəngi hansısa başqa bir dünyadan sızıb-süzülür. O, ay ziyasının kəməndinə bağlanıb gecələr gözü açıq gəzən lunatik deyildi. Yuxuda da deyildi. Ayıqdı. Vaxtı, saatı dəqiq müəyyənləşdirə, hərəkətlərinə nəzarət edə bilirdi. Bəzən yuxuda çəkisizlik aləmindəymiş kimi ayaqlarının yüngülcə bir təkanıyla yerdən aralanıb uzun bir məsafəni tullantıyla qət etdiyini də xatırladı, yenə də yuxuda qıçlarının qıc olub bircə addım ata bilmədiyini də. Amma indi nə ayaqları qıc olmuşdu - həmişəkitək addımlayırdı, nə də çəkisizliyin yüngüllüyünü duyurdu. Yuxu deyildi bu.

Bəs onda gecənin bu vaxtı şəhərin bu məhəlləsində nə işi vardı? Niyə gəlmişdi bura, necə düşmüşdü bu yerə, haçandan bəri burdaydı? Nə qədər çalışırdısa da bu sualların bircəciyinə də qəti cavab tapa bilmirdi. İçən də deyildi ki, bu müəmmanı sərxoşluğunun ayağına yazsın. Təşviş hissinin, az qala vahiməyə, qorxuya keçə biləcək nigarançılığının da səbəbi bu idi. Həm də ürəyinə dammışdı, indicə, lap bu yaxında nəyinsə məşum bir şeyin - nəyin? - baş verəcəyini fəhmlə duymuşdu. Bu önduyum idi. O.yu eyməndirən.

Kor dalana arxa çevirib tindən sola buruldu, bir neçə addım atandan sonra qarşıda başqa bir sal divarla üz-üzə gəldi. Yeni bir çıxmaza düşmüşdü, amma yenə də sol tərəfdə dar bir qapı vardı, bu qapıdan keçib həyətə yox, başqa bir küçəyə çıxdı və həmin andaca ürəyinə dammış qorxu durulub aydınlaşmağa başladı; səsdən hürkmüşdü.

Bayaq bəlkə çox uzaq bir hənir kimi duyulan səs indi artıq uğultu kimi eşidilirdi. Motor uğultusuydu. İşə salınıb qızdırılan motorun uğultusu. Az sonra motor qızacaq və maşın hərəkət edəcəkdi. Gecənin bu vaxtı, dar küçələrdən hər hansı bir maşının keçməsi imkansız olan bu yerdə hələ görmədiyi avtomobil nədən O.yu belə xoflandırırdı? Özü də bilmirdi, amma nəyin bahasına olur-olsun bu məşum maşından qaçıb qurtulmaq, uzaqlaşmaq, xilas olmaq istəyirdi.

O, addımlarını yeyinlətdi və addımlarının yeyinlətməsiylə maşın səsinin sürətlə yaxınlaşdığını da hiss etdi. Az qala panikaya qapılırdı, addımlarını tələsdirə-tələsdirə qaçmağa başladı və qaça-qaça düşünürdü ki, maşın bu dar, dolaşıq küçələri belə sürətlə necə keçə bilir?

Uğultu lap yaxından gəlirdi. O, özünü məcbur elədi ki, qanrılıb geriyə baxsın. Bir an dayandı, döndü, baxdı. Dar küçəni belədən-belə, səkidən-səkiyə tutmuş iri, qırmızı bir limuzin düz O.yun üstünə gəlirdi, iyirmi beş-otuz metrliyində idi. Ani, sövq-təbii xilas olmaq istəyiylə. O. özünü yanındakı qapıdan içəri saldı, qaranlıq dəhlizin divarına sıxılıb gizləndi. Elə bil dərhal maşının da sürəti azaldı, uğultusu sanki yavaşıdı; hətta onun dayandığını düşünmək olardı. Amma qırmızı limuzin dayanmamışdı, intəhası əvvəlkindən fərqli olaraq xeyli aramla hərəkət edirdi. O.yun gizləndiyi qapıya yaxınlaşırdı.

… və gəlib düz qapının qarşısında dayananda O. Qırmızı limuzinin içini də gördü. Maşının içində heç kəs yox idi. Sürücüsü də yoxdu, sükanın ardındakı yer bomboşdu.

***

…Zəngli saatı həmişəki kimi 7-nin üstünə qoymuşdu. Amma saat zəng çalmamış özü oyandı. Qəribə yuxusunun üşütməsi hələ canından çıxmamışdı. İki-üç saniyədən sonra şüuru durulub aydınlaşdı: öz evində, öz yatağında olduğunu dərk etdi. İndicə gördüklərinin yuxu, qarabasma olduğunu anladı və xəfifcə gülümsünüb başını buladı.

Yeni bir gün başlanırdı. Durub yuyunmalı, idman etməli, üzünü qırxmalı çay içməli və işə getməliydi. Bu gün görəsi olduğu işləri düşündü, onların hər gün təkrarlanan cansıxıcı ardıcıllığını xatırlayanda ürəyi darıxdı. Yorğanı başına çəkib yenidən yuxunun girdabına dalmaq istədi. Amma bunu bacarmadı və birdəfəlik təsdiq olunmuş ömür cədvəlinə riayət edərək sıçrayıb yataqdan qalxdı.

Yarım saat sonra tək-tənha yaşadığı mənzilinin qapısını açarlayıb pilləkənlə dördüncü mərtəbədən enməyə başladı. Beş dəqiqədən sonra 7 nömrəli avtobusa minib metro stansiyasının yanında düşməli, metronun üç stansiyasını keçib dördüncüsündə çıxmalı və yüz metr məsafəni piyada addımlayıb idarəsinə çatmalı idi. On səkkiz il idi ki, şənbə-bazardan və bir aylıq məzuniyyət müddətindən başqa hər gün eyni vaxtda, eyni saat və dəqiqələrdə eyni minik vasitələriylə eyni marşrutu qət edirdi.

Siqaret yandırıb evinin çöl qapısından eşiyə çıxan kimi diksinib ayaq saxladı. Küçədə, səkinin yanında qırmızı limuzin dayanmışdı. O. Nəyə desən and içə bilərdi ki, bu gecə yuxuda gördüyü həmin maşındır. İçi də bomboşdu. Yuxuda gördüyü kimi. Amma indi yuxudakı ay işığının gümüşü-gül rəngindən fərqli olaraq bol günəşli bir gündü və O.nun qapısında dayanmış bu qırmızı limuzindən heç bir qorxusu-hürküsü yox idi. Maşındır da, burda dayanıb. Dayanıb-dayanıb. Nə olsun? Doğrudur indiyədək al qan qırmızı rəngiylə başqa maşınlardan fərqlənən bu qırmızı limuzini burda dayanan görməmişdi. Amma düşündü ki, bəlkə də görüb - burda ya başqa bir yerdə, fikir verməyib, diqqət eləməyib, görünür nədənsə şüuraltı bir qatda yaddaşına həkk olunub və odur ki, yuxusuna da girib.

Avtobusun ləhliyə-ləhliyə gəldiyini görüb addımlarını yeyinlətdi və artıq çoxdan vərdiş etdiyi basabas içində dal qapıdan birtəhər içəri dürtüldü. Avtobusun arxa pəncərəsindən geriyə baxdı - nədən maraq etdiyini özü də bilmirdi - amma hər halda evinin qapısına sarı baxdı. Qırmızı limuzin elə durduğu yerdəcə dayanıb qalmışdı.

İkinci dayanacaqda çox adam düşdü, avtobusun içi seyrəkləşdi və O.boşalmış yerlərdən birinə əyləşdi. Pəncərədən şəhərin adamla, maşınla qaynaşan küçələrinə baxır və pərən-pərən olmuş fikirlərini toplaya-toparlaya bilmirdi. Avtobusun sağından-solundan şütüyən maşınlara xüsusi diqqət edirdi, elə bil nəyisə axtarırdı. Birdən ağlına gələn fikirdən öz-özünə gülümsündü: «bəlkə qırmızı maşını arayıram, çoxdan görməmişəm ».

Qırmızı limuzini avtobusdan enəndə gördü, dahda doğrusu avtobusdan düşüb beş-on addım keçəndən sonra maşını metro stansiyasının qarşısında gördü. Metronun girəcəyi tərəfdə, səkinin qırağında dayanmışdı. Yenə də adamsızdı.

Cetonu atıb metronun dırmanıb-enən pilləkəniylə yerin dibinə hərəkət edərkən. O. düşünürdü ki, bəlkə bu günlərdə şəhərə bir dəstə yeni maşınlar gəlib - qırmızı rəngli - odur ki, onları müxtəlif yerlərdə belə tez-tez görür. «Hətta yuxuma da girirlər» - gülümsündü və dərhal da başına gələn ehtimaldan üşünən kimi oldu. «Ya bəlkə bu eyni maşındır, məni təqib edir». Yenə də öz fərziyyəsinə güldü. «Ay hay. Məni təqib edir! Qəribə təqib üsuludur, keçdiyim yerlərdə gəlib durur. Hətta yuxumun içinə də yol tapıb». Amma onu da düşündü ki, işdi-şayət bir də bu qırmızı maşını görsə hökmən nömrəsinə diqqət edəcək. Onu da fikirləşdi ki, nədən «bu qırmızı maşın» ifadəsi gəldi ağlına? Demək müxtəlif yerlərdə və hətta yuxusunda gördüyü qırmızı limuzinləri eyni avtomobil sayır.

Bu qəribə, mənasız və məntiqsiz düşüncələr beynini elə doldurmuşdu ki, ömründə bəlkə də ilk dəfə öz dayanacağını ötürdü, bir də gördü ki, vaqonun qapıları bağlandı, qatar hərəkət etdi və elan olunan dayanacaq onun düşəcəyi deyil, ondan sonrakıdır. Gələn dayanacaqda vaqondan çıxdı, bir az gözləyib əks istiqamətdə gedən qatara mindi və lazım olan yerdə düşdü. Dırmanan pilləkənlə yer üzünə çıxdı. Yaylı qapılardan keçib küçəyə addımını basan kimi səkinin qırağında qırmızı limuzini gördü və bu səfər heç təəccüblənmədi də. Sanki onu yenidən görəcəyinə heç bir şəkk-şübhəsi yoxdu. Bu dəfə adamsız boş maşının nömrəsinə diqqət elədi: 19-91.

İdarələrinə tərəf addımladıqca düşünürdü: görən qırmızı maşın da mənim dalımca idarəyə gələcəkmi? Ya idarəmə çatanda onu orda görəcəm? Yox, bu mümkün deyildi. İdarənin yeganə yolu bu küçədən keçirdi, deməli ora yollanırsa gəlib mənim yanımdan ötməlidir və o zaman mən sürücüsünü də görərəm. Bu da yuxu deyil ki, sürücüsüz hərəkət eləsin…

Yanından keçən maşınlara diqqət edirdi, aralarında qırmızı limuzin yox idi. İdarələrinin qabağında xeyli maşın park olunmuşdu, amma onların arasında da qırmızısı yox idi.

Liftlə səkkizinci mərtəbədəki iş otağına qalxdı. Otağının pəncərələri həyətə baxırdı. İlk dəfə olaraq buna heyfsiləndi. Pəncərədən küçəyə baxsaydı aşağıdakı maşınlara göz qoyardı. «Mənim də deyəsən başım xarab olub. Bu qırmızı maşın niyə məni maraqlandırmalıdır axı...».

Bütün günü redaksiyanın işləriylə məşğul oldu. Sabahkı qəzetdə çıxacaq mətnlərin korrekturasını oxumağa, biri günkü nömrədə gedəcək materialların, məktubların saf-çürük edilməsinə başı elə qarışdı ki, fasilə zamanı bufetə keçib adəti üzrə yüngülvari nahar eləməyi də unutdu. Dördə yaxın korrekturaların öhdəsindən gələndən sonra nəfəsini dərməyə macal tapdı, bərk acdığını hiss elədi və 6-cı mərtəbədəki bufetə endi. Bufetin pəncərələri küçəyə açılırdı və O. şorbanın, kartofun və çayın pulunu ödəmək üçün piştaxtaya yanaşanda qeyri-ixtiyari pəncərədən aşağı baxdı. Aşağıdakı maşınlardan biri qırmızı limuzin idi. Həmin o maşın idimi?

O. özünə də qəribə gələn bir həvəslə bu maşının həmin limuzin olub-olmadığını yoxlamaq istədi. Liftlə aşağı endi, küçəyə çıxdı və içi adamsız, boş qırmızı maşının nömrəsinə baxdı: 19-91.

Həmin limuzin idi.

O.yun matı-qutu qurumuşdu. Bir müddət kirimişcə dayanıb matdım-matdım qırmızı avtomobilə baxdı. Elə bil nə isə gözləyirdi. Daha doğrusu kimisə - bu maşının sahibi, sürücüsü axır ki, peyda olmalıydı, avtomobilinə yanaşmalıydı və bu qəribə sirr açılmalıydı. Amma maşına heç kəs yanaşmırdı.

İşin sonuna yaxın bir vaxt idi və ara-sıra park edilmiş idarə ya şəxsi maşınların yiyələri, sürücüləri gəlib öz avtomobillərinə minir, motoru işə salıb gedirdilər. Get-gedə idarənin qabağı maşınlardan boşalırdı. Cəmisi beş-altı maşın qalmışdı, onlardan biri də qırmızı limuzin idi. O. dərk elədi ki, artıq xeyli vaxtdır burda durub qalıb və tamamilə boş yerə kimisə, yə nəyisə gözləyir. Kimi? Nəyi? Özü də bilmirdi. Halbuki bu gözləmənin mənasız və əbəs olduğunu duyurdu. Ta səhərəcən burda dayana bilərdi. Maşının sahibi, ya sürücüsü ortaya çıxmayacaqdı. O nədənsə buna əmin idi. Ona da əmin idi ki, buradan aralanıb evinə gedəndə qırmızı limuzini qapısında görəcək. Nədən bu qədər əmin idi, özü də aydın dərk edə bilmirdi. Amma bu beləydi.

Yola düzəldi, indi maşınlardan çox küçədən keçən adamlara diqqət edirdi. Bir tanış sifətə rast gəlmirdi. Elə bil tanımadığı yad, özgə bir şəhərə düşmüşdü. Bu əlbəttə yalnız bugünkü duyumu deyildi, son iki-üç ildə O. da bu şəhərin başqa köhnə sakinləri kimi öz şəhərlərini elə bil tanımırdılar, elə bil yadırğamışdılar, elə bil şəhəri tamam başqa bir əhali doldurmuşdu. Nəinki sifətlər, adamlar - rəftar, özünü tutmaq, özünü aparmaq vərdişləri də dəyişmişdi. Sanki şəhərin binaları, küçələri, meydanları da başqalaşmışdı, özgələşmişdi, yabançılaşmışdı. Əvvəllər idarəsi ya evi həndəvərində beş-on addım atanda beş-on tanışla rastlaşan O. indi saatlarla küçələri dolaşa bilərdi və tanıdığı bircə nəfərlə də qarşılaşmazdı.

Bu fikirlər metro dayanacağına çatanda düz qapının qarşısında 19-91 nömrəli qırmızı limuzini dayanan gördü. Haçan və necə yetirmişdi özünü bura? Axı idarədən bura bircə yol vardı və O. qırmızı maşını yanından ötəndə görməmişdi. Bəlkə də fikri yayınmışdı, diqqət eləməmişdi. Hər halda maşın cabəca burda idi. Yenə də içi bomboş. Adamsız.

O.yun içində dolaşıq hisslərin kələfi düyün düşmüşdü - bu həm təəccüb, izahsız sirrin çözülməsinə maraq, həm bir azacıq təşviş, qorxu hissi, həm də get-gedə şiddətlənən hikkə idi. Kimsə onunla - məhz onunla - çünki ev, idarə, metro dayanacağı məhz onun - O.yun marşrut nöqtələri idi - bəli, kimsə onunla oyun oynamaq fikrinə düşübsə, çox əcəb. O. bu oyundan boyun qaçırmayacaq, bu müəmmalı oyunu oynamağa hazırdır: yalnız oyunun şərtlərini və qaydalarını bilməli, oyunçuları tanımalıdır. Heç olmasa üzlərini görməlidir.

Bu barədə hərəkət edən metro qatarının içində düşünürdü və fikirlərinin axını qəribə bir nöqtədə cəmləşdi. Əgər bu oyunu doğrudan da onunla nə məqsədləsə - məqsəd hələ aydın deyildi - oynayırdılarsa, O.yun ev - mənzil - ev gediş-gəliş yollarını dəqiq bilirdilər. İzləyiblər, güdüblər, müəyyənləşdiriblər - nə çətin iş imiş bəyəm? Deməli bu kozır onların - kimlərin? əlbəttə bilmirdi - onların, hər kimdilərsə onların, təqibçilərin əlindədir. Onların oyunlarını pozmaq isə mənim əlimdədir. Öz dayanacağımda, dördüncü dayanacaqda metrodan çıxsam, lap yəqin görəcəm ki, maşını orda saxlayıblar. Mən isə dördüncü dayanacaqda yox, ikincidə çıxacam. Niyə görə birinci yaxud üçüncü dayanacaqda deyil, məhz ikincidə düşməyi qərarlaşdığını isə yalnız metrodpn çıxanda dərk etdi. Bu sövqi-təbii qərarın bir şüuraltı səbəbi də varmış: bir vaxtlar hər gün, ya günaşırı gəldiyi, iki ildən bəri isə qapısına daban basmadığı ev iki addımlıqda idi - Katibənin evi.

***

Katibə onların redaksiyasında işləyirdi. Təbii ki, katibə işləyirdi. Bir gün, daha doğrusu bir gecə O. da, Katibə də nömrə üzrə növbətçi idilər. Gecə 12-yə yaxın nömrəni təhvil verib redaksiyadan bərabər çıxdılar. O. Katibənin evlərinəcən ötürdü. Metroyla iki stansiya yol gedərkən, yer üzünə çıxıb Katibəgilin evlərinə çatanacan tamam başqa məsələlərdən danışırdılar: işlərindən, işdəki adamlardan, havadan. Bir ildi Katibəylə işləyirdilər - indiyəcən heç bir vaxt sözləri qadın və kişi münasibətlərindən düşməmişdi. Amma indi, yolboyu kənar söhbətlər edərkən hər ikisinin ürəyinə dammışdı ki, bu gecə ayrılmayacaqlar ( bunu sonra Katibə də boynuna aldı).

Katibə cavandı, yaraşıqlı və yapışıqlıydı. Tək yaşayırdı. O.da subaydı, heç vaxt evlənməmişdi də. Beş il bundan qabaq indikindən təbii ki, beş yaş cavandı.

İşarə, təklif, dəvət kimi səslənən sözləri öncə kim dedi: Katibəmi evlərinin ağzında O.nu çaya dəvət etdi, ya O.mu kibritin ancaq evdə ola biləcəyini gözəlcə dərk edərək Katibədən kibrit istədi? Yaxud təkliflərin, işarələrin ikisi də oldu, ikisi də təbii qarşılandı. Sonra, yuxarı qalxanda onu da dedilər ki, artıq gecdir, metro işləmir.

İlk dəfə idi ki, Katibənin evini görürdü. Gecəni orda qaldı. Üç il davam edən münasibətləri yorulub bitmək üzrəydi, baxıb usanmışdılar bir-birindən. Katibə, bəlkə də elə məhz bu səbəbi öncədən duyaraq iş yerini dəyişdi. Evdə telefonu da yoxdu.

Katibə iş yerini dəyişməzdən əvvəl artıq araları soyumuşdu, bir neçə həftəydi görüşmürdülər. Amma Katibə onların redaksiyasından gedəndən sonra O.lapdan Katibəgilə gəldi.

Katibənin qonaqları vardı - təzə iş rəfiqələri. O.nu soyuq qarşıladı. O. bir az oturub getdi. Bir həftə sonra yenə gəldi. Katibə evdə yoxdu, sonra bir də gəldi. Yenə evdə tapmadı. Daha bir də gəlmədi.

Bu ayrılıq O.nu nə incidir, nə ağrıdırdı. Ömrü boyu tək yaşamağa alışmış adam kimi yalqızlığa vərdiş etmişdi, uyuşmuşdu yalqızlıqla, məhrəmləşmişdi, təkliyi onu sıxmırdı, darıxdırmırdı. Ara-sıra darıxanda - belə günləri də olurdu -kiməsə, köhnə tanışlarından birinə telefon edirdi, ya onun evində, ya öz mənzilində bir-iki saatlıq görüşüb ayrılırdılar, sonra aylarla, illərlə bir-birini itirib axtarmırdılar. İkinci dayanacaqda metrodan çıxarkən - heç bir qırmızı limuzin-filan görmədi, görə də bilməzdi. Onun burda düşəcəyi kimin ağlına gələ bilərdi ki… Öz ağlına da qəfildən gəlmişdi bu fikir.

Ayaqları elə bil özləri onu Katibənin evinə aparırdı. Hələ unudulmamış pilləkənlərlə - ikinci mərtəbədə bir pilləsi uçulub dağılmışdı, ayağını ehtiyatlı basmalıydın - üçüncü mərtəbəyə qalxdı və arada iki illik məsafə yoxmuş kimi zəngin düyməsini basdı.

Qapı ardından addım səsləri eşidildi.

- Kimdi?

Adını dedi.

Qapı açıldı. Katibə təəccüblə O.ya baxırdı.

-Sənsən? Nə əcəb belə, xeyir ola. Sən hara, bura hara?

Dedi ki, yolu bu tərəfə düşmüşdü, baş çəkmək istədi.

Hələ də qapıda durmuşdular. Nəhayət Katibə O.nu içəri dəvət elədi.

-Keç otağa, - dedi - amma bağışla, bir az səliqəsizdi otaq. Nə bileydim ki, qonağım gələcək.

Otağın qəribə görkəmi vardı. Bomboş, mebelsizdi. Yalnız divar güzgüsü qalmışdı, çıxarılmış şəkillərin yerində mismarlar və şəkillərin yeri boyda rəngi oboyların başqa sahələrindən ayrılan kvadratlar vardı. Otağın bir güncündə karton qutulara kitablar qablanmışdı. Kitabların, curnalların, qəzetlərin bir yığımı da pəncərənin qarşısına düzülmüş və yerə səpələnmişdi.

Divar güzgüsü O.nun xatirələrində müəyyən səhnələri canlandırırdı və Katibə onun güzgüyə xüsusi bir nəzər atdığını gözdən qaçırmadı. O.yun daxili baxışla hansı şəhvani səhnələri təsəvvüründə oyatdığını da bildi: bəzən güzgü qarşısında sevişməkdən xoşlanardılar. O, gözünü güzgüdən ayırdı və otağa bir nəzər də saldı. Döşəmənin bir hissəsinin də rəngi başqaydı, digər sahələri kimi solmamışdı. Solmamış kvadrat indi yox olmuş çarpayının altındakı sahə idi. Onların çarpayısının. Qısa sürən xoş saatlarının yatağı. Onun qulağına çarpayının cırıltısı da gəldi. Onların hərəkət edən iri bədənlərinin ağırlığı altında cır-cır cırıldayan çarpayının səsi.

Katibə:

-Vidalaşmağa gəlmisən? - dedi.

-Vidalaşmağa? - başa düşmədi - köçürsən?

Katibə başıyla təsdiq etdi.

-Evini dəyişirsən?

-Ölkəmi dəyişirəm.

O. bir müddət sükut içində Katibəni süzdü.

-Hara gedirsən?

-Uzaqlara - Katibə xəfif gülümsündü. - Başqa qitəyə. Okeanın o tayına.

Handan-hana O. xatırladı ki, Katibənin anası yəhudi imiş, Amerikada qohumları var - gərək ki, xalası və dayısı.

-Haçan gedirsən?

-Biri gün. Bütün şeylərimi satdım. Bu gün çarpayını da apardılar. Bu gecə yerdə yatmalı olacam.

-Bəs bu kitablar?

-Bunları da sabah gəlib aparasıdırlar. - Birdən nə isə yadına düşdü - Dayan, mətbəxdə hələ çaynik və stəkan-nəlbəkim var. Bu saat sənə çay süzərəm.

O.:

-İstəməz, - dedi, amma Katibə artıq m ətbəxə keçmişdi.

O. pəncərəyə yanaşdı; metro dayanacağı görünürdü.

Divar güzgüsünə yanaşdı, özünə baxdı. Başı çal idi, amma elə bil saçları ağarmamışdı, kif atmışdı.

Üstə olan kitabları bir-bir götürüb baxır, vərəqləyib qoyurdu. Çox köhnə ensiklopediyalar, seriya cildlər, lüğətlər, müxtəlif sahələrə aid kitablar - arasında çox nadirləri də vardı. Demək olar ki, kitabların hamısında mətnin kənarlarında karandaşla edilmiş qeydlər, yazılar vardı, bəzi sözlərin, ifadələrin, cümlələrin altı cızılmışdı. Ara-sıra sual, ya nida işarələri də gözə çarpırdı.

Katibə mətbəxdən iki kətil gətirdi. Birinin üstünə çay süzülmüş stəkan və qənddan qoydu. İkinci kətili O.ya uzatdı.

-Otursana.

-Sənin belə zəngin kitabxanan varmış. Heç mən bilməzdim.

-Atamdan-anamdan qalıb. Sonra az-çox mən də almışam. Amma əsas onlarınkidir.

-Bəs niyə mən indiyədək heç diqqət eləməmişəm. Harda gizlədirdin bunları?

Katibə acı-acı gülümsündü.

-Sən nəyə diqqət edirdin ki… İçəri girən kimi üstümə atılıb məni yatağa dartırdın. Sonra da doyub, sakitləşib tez-tez saata baxırdın. Səni düşdüyün bu çətin vəziyyətdən qurtarmaq üçün deyirdim: yəqin tələsirsən, təcili işin var. Əlüstü: hə, çox vacib işim var, getməliyəm deyib tez aradan çıxırdın.

O. xatırladı ki, doğrudan da hər şey məhz Katibənin dediyi kimi olurdu, amma belə söhbətləri o vaxtlar da etmişdilər və bir-birlərindən soyumalarının bir səbəbi də bəlkə elə bu gileylər idi. Yenidən bu giley-güzarlara qayıtmamaq üçün sözü dəyişdi.

-Bu qeydlər atanındır? - kitabdakı karandaş yazılarını göstərdi.

-Atamın da var, anamın da. Hər halda mənim deyil.

-Atan ingiliscə də bilirdi?

-İngiliscə də, almanca da, farsca da…

-Kimə qoyursan bu kitabları?

-Heç kimə qoymuram. Satmışam.

-Satmısan? Kimə?

-Müxtəlif adamlara. Birini bir qism kitablar maraqlandırır, başqasını başqa.

-Heyfin gəlmir? Axı burda valideynlərinin qeydləri, fikirləri var .

-Neyləmək olar ki? Onlar ölüb. Valideynlərim də, kitablar da.

-Səncə kitablar da ölür?

-Əlbəttə.

-Xırdala görək .

-Bunun nəyin xırdalayasan, aydın məsələdir. Kitabların sahibi, yəni onları alan, toplayan, oxuyan, onlarla vaxt keçirən, nə bilim, onlar haqqında düşünən, düşündüklərini qeyd edən adamlar öləndə kitablarını da özləriylə aparırlar. Yəni onlar da ölür - kitablar. Təzə sahiblərininki isə o kitablar deyil, təzə kitablardır. Zahirən həmin kitablar olsa da.

O. çayından bir qurtum alıb təəccüblə Katibəyə baxırdı. Elə bil onu ilk dəfə görürdü. Katibə:

-Mən kitab oxumağı da sevirəm, kitablar haqqında düşünməyi də. Tək bir məzmunları haqqında yox, ümumən kitablar haqqında. Bax bu kitabların çoxu əlli-altmış ildən bəri bir yerdədirlər. Bir yerdə yaşayırdılar. Rəflərdə qonşuydular. Bir-birinə isnişmişdilər. Bəzən mənə elə gəlirdi ki, onların personacları hətta gecələr bir-birinə qonaq gedir, bir-biriylə söhbət edir, bir-biriylə küsüşüb-barışırlar. Lap səninlə mənim kimi.

-Biz küsməmişdik ki, barışaq.

-Əlbəttə, elədir. Nə isə… Hər halda bu kitablar bir ailə idi. İndi bir-birindən ayrılırlar, ailə dağılır. Sabah hərəsi şəhərin başqa-başqa yerlərində, başqa-başqa evlərdə, başqa-başqa adamların əlində olacaq. Bir də heç vaxt bir-birləriylə görüşməyəcəklər. - Bir an susdu, sonra əlavə etdi - səninlə mənim kimi…

İlk dəfə görürdü Katibəni, ilk dəfə kim olduğunu kəşf edirdi .

-Sən beləsənmiş, - dedi. - Bəs niyə bütün böyük bunları mənə əvvəllər demirdin?

-Macal verirdin ki, içəri girən kimi atılırdın üstümə…

-Yaxşı, yenə başlama…

-Yox, doğrudan eləydi də, işdə ancaq rəsmi söhbətlər, şunu götür, şunu qoy. Evdə… isə… boğuq sözlər, nəfəsin darıxıb kəsilirdi az qala… sonra da… əsnəmələrin…

Bura gələrkən ağlına da gəlməmişdi O.nun. Amma indi Katibənin qəsdənmi, bilərəkdənmi, ya qeyri-ixtiyari, istər-istəməz oyatdığı xatirələr onu coşdurur, hallandırırdı və düşünürdü ki, Katibəylə heç vaxt yalın-yalxı döşəmənin üstündə, qəzetlərin üstündə, pərən-pərən səpələnmiş kitabların arasında sevişməyib. Ayağa durub qolunu Katibənin boynuna dolamaq istədi. Katibə ehmallıca, amma qətiyyətlə geri çəkildi.

-Lazım deyil, - dedi. - Heç nəyi qaytarmaq mümkün deyil. Axır vaxtlar səni az xatırlayırdım, heç yuxuma da girmirdin. Telefon etmək fikrim də yox idi sənə. Amma ürəyimin hansı bucağındasa bir istək qalmışdı ki, burdan həmişəlik ayrılmaqdan qabaq səninlə vidalaşmaq pis olmazdı. Neçə dəfə sınamışam, ürəyimdə bir şey tutanda, həmişə baş verir. Özün öz ayağınla gəlib çıxdın. Yəni doğrudan mənim getməyimi eşitməmişdin?

-Canımçün yox. Tamamilə təsadüfən gəlib çıxdım. Bir iş də vardı…

-Nə iş?

İstədi qırmızı maşın haqqında danışsın, sonra fikrindən daşındı. Həm də nə danışa bilərdi axı, nəyi izah edə bilərdi? Bu gün üç-dörd dəfə eyni maşını görüb? Nə olsun, görüb, görüb.

Bir də ki, Katibə artıq heç burda, bu otaqda, bu şəhərdə deyildi. O.yla başqa bir dünyadan danışırdı elə bil. O.nun yanında, bu otaqda cismani varlığı idi, ruhu isə çox-çox uzaqlarda idi.

O.hər enişinə-yoxuşuna, hər dikinə-çökəyinə bələd olduğu, dərisi tarım çəkilmiş, kip ağuşlarında boğulub həzz aldığı bu bədən haqqında düşünürdü və düşünürdü ki, bu bədənə nə qədər bələd imişsə, bu ruha da bir o qəər nabələd imiş.

Dəli bir istək oyandı O.da. Divar güzgüsünü vurub sındırmaq, çilik-çilik etmək istədi. Amma xatırladı ki, güzgünün sınması bədbəxtlik gətirir. Nə, Katibənin bədbəxtçiliyinə razı olardı, nə öz bədbəxtçiliyini istərdi. Yəqin bu güzgünü - onların məhəbbət güzgüsünü də satıb, onun da müştərisi gələcək və bəlkə başqa bir evdədə güzgü qarşısında sevişməkdən xoşlanan başqa biriləri tapılacaq.

Artıq bu boşalmış, səsləri, hənirləri susmuş otaqda keçirdiyi hər dəqiqə O.yçün işgəncə kimi idi və gərək olan bütün vida sözlərini deyib qapıya tərəf yollandı. «Yaxşı yol - dedi, bir daha - salamat get - dedi, - orda ömrün uğurlu olsun - dedi. Hətta: - Bəlkə haçansa, hardasa görüşdük» - dedi. Halbuki ikisi də bilirdi: bir də heç vaxt, heç yerdə - heç harda görüşməyəcəkdilər.

Qapını açmışdı artıq, bütün sözləri tez-tələsik deyib Katibənin alnından öpdü və yeyin addımlarla pilləkənləri enməyə başladı. İkinci mərtəbənin uçuq pilləkənində az qala büdrəyib yıxılacaqdı, ayağı burxuldu. Qanrılıb yuxarı baxdı. Katibə hələ də qapının astanasında dayanıb ona əl edirdi. Gözlərində yaş-filan da yoxdu. Gülümsünürdü.

Burxulan ayağının ağrısı bir az keçən təkin yavaş-yavaş pilləkənləri enməyə başladı və yuxarıdan cırıltıyla örtülən qapının səsini eşitdi. Qapının son cırıltısı O.ya çarpayı cırıltısını andırdı və əbədi ayrıldıqlarını tam mənasıyla elə bil yalnız bu an anladı... Ou da dərk elədi ki, illər boyu görüşməsələr də Katibə bəlkə də O.nun bu şəhərdə son həyanı idi. Qırmızı maşın əhvalatını olsa-olsa bircə ona danışa bilərdi.

Geri qayıtmaq, hər şeyi Katibəyə açmaq istədi. «Getmə, köçmə - demək istəyirdi, - gəl evlənək, bir yerdə yaşayaq, kitabları da heç kəsə satmayaq - demək istəyirdi.

…ya heç olmasa bu gecə, bir bu gecə birlikdə olaq, kitabları sərək altımıza, qəzetləri çəkək üstümüzə, bir-birimizə sarılıb yataq»…

Amma mümkün deyildi bu, özü də bilirdi. Hər şey bitib həll olunmuşdu. Heç bir şeyi dəyişmək mümkün deyildi. Qədərdən qaçmaq olmazdı.

Birinci mərtəbəyə çatdı, küçə qapısını adlayıb səkiyə çıxanda, qırmızı limuzini lap burnunun ucunda görəndə heç elə təəccüblənmədi də. Elə bil belə də olmalıydı. Qırmızı maşının onu gəlib burda da tapması sanki tamamilə təbii bir şey idi.

Daha heç eymənib qorxmurdu da. Sakitcə, saymazyana, tələsmədən metroya tərəf addımladı. Narın yağış çisələyirdi. Elə bil bir bu yağış tanış idi. O.ya - bu özünün olub özgələşmiş şəhərdə. Adamları tanımırdı, evlər, küçələr dəyişmişdi, başqalaşmışdı. Ətrafına baxıb tanış heç nə görmürdü. Başını qaldırıb buludlara baxırdı. Buludlar tanışdı. Tanış buludlardan tanış yağış yağırdı. Elə bil yağış da buluddan yox, Keçmişdən yağırdı. Əbədi itirdiyi, həmişəlik qeyb etdiyi ötmüş günlərdən.

Metroya haçan minib-düşdüyünün fərqinə varmadı. Avtobusu da gözləmədi, evinə tərəf piyada yollandı.

Yağış əvvəlki kimi çisələyirdi. Beş-on addım da atacaq, evinə çatacaqdı və… evinin qarşısında qırmızı maşını görəcəkdi.

Mütləq.

Beş-on addım atdı. Evinin qapısı göründü. Evin qabağı bomboş idi. Heç bir maşın-filan yoxdu. Nə qarası, nə yaşılı, nə qırmızısı. Ağlına gəldi ki, beş-altı saatdan sonra yatağına girəcək və qırmızı maşını yuxusunda görəcək.

***

Yuxudan hövlnak oynadı. Saata baxdı. Səhər beşin yarısı idi. Zəngli saatın səslənməsinə iki saat yarım qalırdı. Amma O. bilirdi ki, bu gün məhz indi oyanıb durmalı, yatağından qalxmalıdır.

Durdu, yatağından qalxdı. Pəncərəyə yanaşdı. Zənnində yanılmamışdı. Bomboş, adamsız, hərəkətsiz küçədə yalnız tək bir maşın vardı. O.yun qapısında dayanmışdı. Qırmızı limuzin.

O. artıq nə edəcəyini dəqiq bilirdi. Duş qəbul etdi, yuyundu, üzünü qırxdı. Ağ təmiz köynəyini, ütülənmiş kostyumunu geydi, təzə qalstuk bağladı, çəkmələrini sildi.

Qapıdan çıxmazdan qabaq otağına bir də nəzər saldı. Zəngli saatı dayandırmaq istədi. Sonra fikirləşdi ki, qoy işləsin, 7-də boş otaqda zəng çalıb kimsəni oyatmasın .

Siqaret yandırmadı. «Son siqaret-filan» - bu sayaq romantikadan xoşlanmırdı. Aramla, amma çox da yubanmadan pilləkənləri endi, küçəyə çıxdı.

Küçədə ins-cins yox idi. Axşamkı yağışın nəmi səkidən, asfaltdan çəkilmişdi.

Qırmızı limuzinə yanaşdı. İçində və ətrafında heç kəs olmasa da bilirdi ki, qapısı açıqdır.

Qapısı açıq idi. Açdı. İçəri keçdi. Sükanın arxasında oturdu.

Bilirdi ki, açarı üstündə olmalıdır.

Açarı üstündə idi.

Natanış küçəyə, natanış evlərə, tanış göyə baxdı. Göydən tanış buludlar çəkilib getmişdi.

Açarı burdu.

***

Teleqraf acansının məlumatı:

«Bu gün səhər saat 5 radələrində üçüncü yoxuş küçəsində bir avtomobil partlamışdır. Güman edilir ki, avtomobil işə salınarkən içinə qoyulmuş güclü bomba partlamışdır. Bombanın kim tərəfindən qoyulduğu, maşının kimə məxsus olduğu, sükan arxasında oturub tikə-tikə parçalanıb tanınmaz olmuş şəxsin kimliyi məlum deyil. İstintaq aparılır».

26-27 avqust 1991


Tarix: 19.11.2013 / 03:58 Müəllif: Akhundoff Baxılıb: 1822 Bölmə: Azeərbaycan Əsərləri
loading...