Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

M.Ə.Rəsulzadənin Bakıya qayıdışı

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ildə fevral burjua inqilabı baş verdi. Həmin ilin martında açıq fəaliyyətə başlamış "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı:

"Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik".[4]
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul etdi.

Bu dövrdə M.Ə.Rəsulzadə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət faydalıdır?" kitablarını çap etdirmiş, onun Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı altında çap olunmuşdur.

May ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı çap olundu, ancaq jurnalın bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik Müsavat partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı.[5] Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu.

1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.


Tarix: 09.01.2015 / 01:28 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...