Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci Bakı hücumu

Şərq Cəbhəsinə tabe olan ordu, 5 avqust 1918-ci il tarixində səhərə yaxın saat 04.30-da bütün istiqamətlərdən Bakıya tərəf irəli hərəkətə başladı. Türk topçusunun güclü atəşi ilə müşayiət olunan hücum qarşısında, birləşmiş düşmən qüvvələri mövqelərini qoruyub saxlamağa çalışırdılar. Havanın işıqlanması ilə hücumu şiddətləndirən türk əsgəri qarşısında ingilis, rus və erməni birləşmiş qüvvələri Bakıya doğru addım-addım geri çəkilməyə başladılar. Şimal qrupu Bakının cənub-qərbindəki Bayıl yüksəkliklərini ələ keçirərək, şəhərə daha da yaxınlaşdı. Düşmən qüvvələri cəbhənin ortasındakı koridordan Salxana istiqamətində və arxadakı məzarlığa doğru qaçmağa çalışırdılar. Türk topçu atışları şəhərə zərər vermək istəmirdi və yalnız əsgər səngərlərini hədəfə alırdı. Top səslərini eşidən rus və ermənilər qorxu və təlaş içində sahildəki gəmilərə tərəf qaçırdılar. Bakı limanında 5-6 gəminin şəhərdən qaçmağa hazırlaşan insanlarla dolu olduğu görünürdü.[66] Hücum xəttinin sol tərəfinə qarşı irəliləməyə çalışan düşmən, geriyə oturduldu. Xırdalandakı bəzi piyada və süvarilərin də geriyə çəkildiyi görünürdü. Düşmən gəmilərindən atılan top atəşləri hücumda olan türk əsgərini dayandıra bilmirdi. Qafqaz İslam Ordusu, düşmən birliklərinin telefon danışıqlarını da dinləyirdi. Bunlardan birindən başa düşüldüyü qədərincə, türklərin şəhərə girməsi halında mümkün olan yol və istiqamətlərin top atəşinə tutulması kimi tədbirlərdən söhbət gedirdi. Başqa bir dinləmədə də şəhəri qorumağa çalışan düşmən qüvvələrinin sol və sağ cəbhələrinin süqut etmək üzrə olduğu məlum oldu. Buna görə adının podpolkovnik Əzizov olduğu bildirilən bir bölük komandiri, Bakının müdafiəsini idarə edən general Kornilovu təcili telefona çağırırdı. Əzizov müdafiə xətlərinin qırıldığını və türk əsgərinin şəhərə girmək ərəfəsində olduğunu bildirərək, bu vəziyyətdə nə edəcəklərini soruşurdu. Bu və buna bənzər məlumatları vaxtında qiymətləndirən Şərq Cəbhəsi Komandanı Mürsəl paşa, vəziyyəti Nuru paşaya vaxtında çatdırır və hücumun planlaşdırılan şəkildə uğurla davam etdiyini söyləyirdi. Türk ordusu, Bakının yandırılıb-dağıdılmasını, xaraba olmasını istəmədiyi üçün, şəhərin ziyan vurulmadan alınacağına olan ümid getdikcə artırdı[65].

Bakı yaxınlığındakı hücumun ilk anlarında düşmənin birinci müdafiə xətti tamamilə məhv edilmişdi. Türk əsgərləri ikinci müdafiə xəttinə doğru irəliləyirdi. Bu şərtlər altında Bakının ələ keçirilməsi artıq an məsələsi idi. İkinci müdafiə xəttinə edilən hücum əsnasında türk topçu atəşinin, əvvəlkilərə nisbətən getdikcə azaldığı nəzərə çarpırdı. Topçular günorta saatlarına doğru irəliyə hərəkəti davam etdirən piyadalara lazımi səviyyədə dəstək verə bilmirdilər. Günortadan sonra isə top mərmisi tamamilə qurtardı. Top atəşlərinin kəsilməsindən sonra çaşqınlığı aradan qaldıran düşmən, 38-ci alayın birinci batalyonunun olduğu yerə tərəf hücuma keçdi. Ehtiyat bölüyünün vaxtında müdaxiləsi nəticəsində bu hücum dəf edildi. Düşmənin top və pulemyotları 38-ci alay ilə 60-cı batalyonu şiddətli atəşə tutmuşdu. Xüsusilə, pulemyot atəşi altında piyadalar ağır vəziyyətə düşmüşdülər. 10-cu alay da topçu dəstəyindən məhrum bir vəziyyətdə idi. Top və pulemyot çatışmazlığı səbəbindən ağır itkilər verilməyə başlamışdı. Qrup komandanı vaxtında yaxşı bir tədbir görərək, qrupun sağ cinahının arxasındakı uc batalyonda olan ehtiyat qüvvələri döyüş meydanına çıxara bilmədi. Bunun nəticəsində 13-cü alay geri çəkilmək məcburiyyətində qaldı. Top mərmisinin tükənməsi və pulemyotların əksəriyyətinin susması şimal və Cənub qruplarının səhərki mövqelərinə çəkilməsi ilə nəticələndi. Çünki çox dəyərli zabit və əsgərlər döyüş meydanında həlak olur, silahları daşıyan qatırlar ölürdülər. Beləliklə, ordu Heybət-Biləcəri dəmir yolunun qərbinə keçmişdi. Böyük dəyanət və fədakarlıqlarla, adətən, sürünərək çıxılan düşmən səngərlərinə çatan Türk Qafqaz İslam Ordusu, beləcə, daha çox itki verməmək üçün geri çəkilmək məcburiyyətində qalmışdı. Əgər ordunun bu vəziyyətində düşmən onları təqib etsəydi, şübhəsiz, Heybət-Biləcəri dəmir yolunun qərbindəki yüksəkliklər də əldən çıxar və itkilər daha ağır olardı. Türk ordusu ordunu bir yerə yığmağa və yüksəkliklərdə mövqe tutmağa çalışırdı. Kifayət qədər silah və kömək gələnə qədər bu vəziyyəti qoruyub saxlamağa çalışırdı. 5 avqustdakı hücumun top mərmiləri olmadan başlanılması, uğursuzluqla nəticələndi[69][68].

Bakıdan əldə edilən telefon danışıqlarına əsasən, eyni gündə Cənubi Azərbaycandakı Rəşt şəhərindən gəmi ilə 300-ə qədər ingilis əsgərinin gəldiyi və düşmən qüvvələri ilə birləşərək, ertəsi gün, yəni 6 avqustda bütün cəbhələrdən hücuma keçəcəkləri haqda məlumat əldə edilmişdi. Biləcəri-Heybət dəmir yolunun qərbinə çəkilən Cənub və ġimal qruplarının cəmləşərək döyüş vəziyyətinə gətirilməsi, 6 avqust səhərinə qədər davam etdi. Ordu qərargahındakı zabitlərlə süvarilər və digərləri, mövqelərində möhkəmlənməyə çalışan Mehmetçiyin yenidən təşkil olunmasına kömək edirdilər. Düşmən qüvvələri eyni gündə yeni bir həmləyə başladıqda da itkilər verərək geri çəkilməyə məcbur oldular[70][68].

Birinci Bakı hücumunda erməni, rus və ingilis birləşmiş qüvvələrindən 2 mindən çox ölən və yaralanan olmuşdu. Türk ordusunun itkiləri isə, zabitlərdən – 9 şəhid, 19 yaralı, əsgərlərdən -139 şəhid, 444 yaralıdan ibarət idi. Cəmi 547 piyada tüfəngi, 37 pulemyot yararsız hala düşmüşdü.[71]

Şərq Qrupu Komandanı Xəlil paşa, 31 iyul 1918-ci il tarixində Batumdan keçərək Tiflisə getmişdi. Bakıya birinci hücum Xəlil paşanın Tiflisdə olduğu günlərə təsadüf edirdi. Gürcü qəzetləri hadisəni "Türklər Bakıya hücum etdilər, məğlub oldular, geri qaçırlar" kimi ifadələrlə oxuculara çatdırırdılar.

Bu xoşagəlməz xəbərlərdən narahat olan əsgər, iki səhra batareyası, düşmən Xəzər dənizində olan döyüş gəmilərindən açdığı atəşi susdurmaq məqsədi ilə dörd ağır top batareyası, hava hücumundan müdafiə üçün bir dəstə, müxtəlif çaplı 28 min top mərmisi, min qutu mauzer tüfəngi mərmisi və rus piyada tüfəngləri üçün beş yüz qutu mərmi, telefon və teleqraf rabitəsinin lazımi qaydada yerinə yetirilməsi üçün lazımi avadanlıqlar və iyirmi hərbi nəqliyyat vasitəsinə təcili ehtiyac duyulduğu qeyd edildi.[72]

5 avqust hücumundan sonra Qafqaz İslam Ordusu arasında Bakıdan göndərildiyi güman edilən bir dəvət məktubu yayıldı. Məktubda belə deyilirdi:

"Bakı kimi milyon və milyardlarla sərvətin olduğu şəhərin qapıları qarşısında günlərdən bəri zəfər quşunun qanadını yaxalamaq istəyən Türk ordusuna: Ürəkaçan bu gözəl şəhəri əgər siz zəbt etməsəniz, Türkün və ordusunun şərəfini indi içində olduğunuz xəndəklərdə basdıracaqsınız. Əgər siz bu sərvət və qızıl şəhərini ələ keçirməsəniz, sevgili böyük vətənimizə ən qiymətli bir hədiyyəni vermək fürsətindən məhrum olacaqsınız. Əgər siz mavi dənizin bu məşhur şəhərini ələ keçirməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhərli xəncərin üzərinə "eyvah, Türk bizə imdada gəlmədi" cümləsi yazılacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır. Əgər siz bu böyük İslam şəhərini zəbt etməsəniz, "Allah" deyənlərin varlığını ortadan qaldıran və qaldırmaq istəyən düşmənlər sizi öndən və arxadan əhatəyə alacaq, qıcırdılmış dişlər, yeni zülmlər üçün itilənmiş olacaqdır. Əgər siz dəmir borulardan dünyaya var-dövlət axıdan və dünyanın tərəzisində çox ağır gələcək olan bu hərb şəhərini zəbt etməsəniz, tarixin hüzurunda utancla yerə baxacaqsınız. Və bu gün dost-düşmən məmləkətlərində, ən kiçik bir evdə, ən adi adamların belə dillərində gəzən Bakı şəhəri nağılı türklərin məğlubiyyəti ilə bitmiş olacaqdır. Düşmənlər böyük və çox əzəmətli bir zəfərin açarlarını əllərinə keçirmiş olduqlarını, bəlkə də bir az haqlı olaraq elan edəcəklər. Dostlar belə bir itkidən doğan üzüntülərini gizlətməyəcəklər və bizi qəmləriylə üzəcəklər. Ey Türk əsgəri, əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən paltarı düşmən geyəcəkdir. Sənə verilən vədlər yerinə yetirilməyəcək, sənin ayağın altında kəsilməli olan qurbanlar düşmənə qalacaq. Sənin üçün hazırlanan qızılı düşmən qarət edəcək. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə də mübarək İslam qanları qızıl şərab kimi vəhşi işgəncələrlə axıdılacaqdır. Sənin zəfərin üçün duaya açılan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı qızıl şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq. Sən də bu tozlu-torpaqlı yerlərdə pərişan və səfil dolaşacaqsan. Türkün gözlərini oyub saplara düzən düşmənlərə bayramlar hazırlayacaqsan. Lakin sən, ey Türk əsgəri, ingilislərin gücünü Çanaqqalada qırdın. Ən böyük döyüş gəmilərinin böyük top mərmilərinə aylarla sinə gərdin. Qut-ül-Amarədə 14 min əsir aldın. Qarşıdakı düşmənin çoxunu, erməniləri Qarsdan, Azərbaycandan bəri qabağına qataraq bu şəhərə qovdun. Türk adını ucaldan Çanaqqala, Qut-ül-Amara, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını. Vətəninə bir qızıl ərmağan apar."


Tarix: 09.01.2015 / 00:23 Müəllif: Feriska Baxılıb: 268 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...