Qafqaz İslam Ordusunun şimal qrupu orduları, çox çətin şərtlər altında etdikləri yürüşü 30 iyul günü də davam etdirərək, Atbatan həndəvərinə çatdı. Burda Qızıl Ordu birliklərinin Bakı yaxınlığındakı birinci mövqeyi ilə qarşılaşdı. Şamaxı-Bakı yolunun hər iki tərəfini tutan düşmən ordusunun əlində iki batalyondan artıq piyada, 200 süvari, iki top və üç zirehli maşın vardı. Türk Ordusunun həmləsinə tab gətirməyərək Bakının şimal-qərbindəki Qobu kəndinə tərəf çəkildilər. Düşmənin gözünü açmasına macal verməyən Türk ordusu Qobu və yaxınlıqdakı təpələri qısa bir vaxt içərisində ələ keçirdi. Bakının şimalındakı Sumqayıt istiqamətində geri çəkilən düşmən qüvvələri yenə də arasıkəsilməz təqibə məruz qalmışdı. Bolşevik qüvvələrindən bir qismi Sumqayıta, bir bölüyü də Bakı yaxınlığındakı Xırdalan qəsəbəsinə sığındı. Bununla da, şimal qrupu komandanlığına tabe olan ordu birləşmələri hədəf Bakıya 15-20 kilometr yaxınlaşmış oldu.
Sumqayıt şimaldakı Bakı-Quba-Dərbənd şose və dəmir yolu üstündə yerləşirdi. Şimal qrupu komandanlığına bağlı 38-ci piyada alayının 1-ci batalyonu, o bölgədə olan süvari alayından 19-cu bölük və bir topçu heyəti Sumqayıt məntəqəsində olan bolşevik rus və erməni daşnak birliklərini mühasirəyə aldı. Daha sonra isə Göllər, Saray, Corat, Novxanı və Duzlugöl ətrafı ilə Xırdalana qədər olan bölgələri düşməndən təmizlədi. Bu bölgələrdə Bakıya doğru qaçmağa çalışan düşmənlə əlbəyaxa döyüşlər də olurdu. Türk piyadası Heybət kəndinin şimal-qərbində yerləşən təpələri də ələ keçirdi. Ətrafdakı bu təmizləmədən sonra ordu, Bakının şimalında yerləşən Xırdalan üzərinə yeridi. Çünki Xırdalanın cənubundakı təpələri aşdıqdan sonra Bakı artıq Türk ordusunun qarşısında olacaqdı. Bolşeviklərin və erməni daşnaklarının müdafiə xətti son dərəcə yaxşı qurulmuş və tikanlı məftillərlə əhatələnmişdi. Şimal qrupu ordu birləşmələri Qızıl Ordunun Xırdalanda qurduğu ön səngərləri qısa müddətdə ələ keçirdi. Bundan sonra bolşeviklər Bakı istiqamətindəki ikinci müdafiə xəttinə çəkildilər.
Bakı o illərdə, içməli su ilə ölkənin şimalında Qafqazın Xəzər dənizinə qovuşduğu bölgədə yerləşən Quba tərəflərdən təmin edilirdi. Təxminən 170 km məsafədən şəhərə su ötürən borular Sumqayıt yaxınlığından keçirdi. Türk ordusu iki aya yaxın bir müddətdə təmiz içməli suya həsrət qalmışdı. Çox ağır şəraitdə, istidə döyüşürdü. Bu su borusunun bir təsadüf nəticəsində aşkar edilməsi Türk ordusu arasında böyük bir sevincə səbəb oldu. Bununla şimal qrupunun içməli su məsələsi kökündən həll edilmiş oldu. Şimal qrupunun əldə etdiyi bu nemət, böyük su sıxıntısı çəkən Cənub qrupunun da su probleminin həlli demək idi.
Şərq cəbhəsi komandanlığı kəşfiyyat və araşdırma nəticəsində, Bakıya qısa bir zamanda girə biləcəyini hesab edirdi. Komandanlıq qərargahı Bakının şimal-qərbində olan yüksəklikdə quruldu və yayılan əmrdə 31 iyulda hücuma keçiləcəyi bildirilirdi. Qobu kəndinin şərqində yerləşən şimal qrupu sübh tezdən hücuma keçdi və 03.30-da Heybətin şimal-qərbindəki 905 m yüksəklikli təpəni işğal etdi. Xırdalanı isə səhər saatlarında ələ keçirdi. Hər iki tərəfdən mövqeyini itirən düşmən, dəmir yolunun şərqində qabaqcadan hazırlanmış ikinci müdafiə xəttində yerləşməyə çalışırdı. 38-ci piyada alayının 1-ci batalyonu da günorta saatlarında Sumqayıt döyüş məntəqəsini və qəsəbəni zəbt etdi. Düşmən qüvvələri dənizdən və qurudan top atəşi ilə təpəni bir ara yenidən ələ keçirdisə də, axşama doğru bu ərazi yenə də şimal qrupu əsgərlərinin əlinə keçdi. Şimal qrupu gecə boyunca bu təpələrlə Hacı Həsən kəndinin cənub-qərbindəki mövqelərində möhkəmləndi. Cənub qrupu isə 31 iyul axşam saatlarında Nəvayi və Ağbulaq məntəqələrinə qədər irəliləyə bildi. Cənub qrupu ordularına komandanlıq edən azərbaycanlı Həbib Səlimov su çatışmazlığının aradan qaldırılması üçün Ordu Qərargahına bir neçə dəfə müraciət etsə də, bu məsələ həll olunmayaraq qalırdı. Cənub qrupuna tabe olan ordu birləşmələri hələ Ələt yaxınlığında idi. Çünki qarşıdakı düşməndən deyil, su çatışmazlığından əziyyət çəkirdilər. Ordu isti hava, bataqlıqlar və ağcaqanadla mübarizə aparırdı. Lokomotivləri hərəkətə gətirmək üçün belə su qalmamışdı. Qrupa 18 qazan suyun dünən axşamüstü Yevlaxdan göndərildiyi və 6 qazan suyun da bu saatlarda yola salınacağı barədə xəbərlər daxil olsa da, su ünvanına çatmamışdı. Ələtdən Heybət istiqamətində dəmir yolu boyunca irəliləmək böyük risk tələb edirdi. Çünki qurudan və dənizdən atılacaq düşmən toplarına hədəf olmaq qorxusu vardı. Mümkün qədər sahildən uzaq və kəsə yollarla irəliləmək lazım gəlirdi.
Hacıqabul məntəqəsinin və ətrafının əldən çıxması bolşevikləri və Moskvada oturanları mütəəssir etmişdi. Şaumyanın Leninə göndərdiyi teleqramda deyildiyinə görə, bolşevik qüvvələri Hərbi Dəniz Donanması komissarı Karqanovun əmri ilə Hacıqabuldan Ələtə doğru geri çəkilmişdi. Şərq Cəbhəsi Komandanlığı 38-ci piyada alayının 2-ci batalyonu ilə Ləzgi süvari alayı və iki dağ topunu, cəbhə ehtiyatı olaraq, 31 iyul axşamından etibarən 2.933 m yüksəkliyi olan Boyanata dağı həndəvərinə göndərdi. Buradakı Güzdək kəndini və ətrafını nəzarət altına almaq tapşırığı verdi.
30 və 31 iyul tarixlərində əldə edilən uğurlar rus bolşeviklərini və erməni daşnakları mənəvi cəhətdən məhv etmişdi. Biçeraxov, tabeliyində olan qoşunlarla Cənub qrupu qarşısından geriləyərək zirehli qatarlarla Bakının Biləcəri məntəqəsinə çəkilmişdi. Biçeraxovun bu hərəkəti Türk Qafqaz İslam Ordusuna qarşı olan müqaviməti tamamilə ortadan qaldırmışdı. Bakı Soveti Komissarlarından müdafiə naziri vəzifəsini icra edən Hərbi komissar Karqanovun bildirdiyinə görə, Bakı ətrafında Ələtdən çəkilən 1.600 nəfərlik hərbi qüvvədən yalnız 200-ü qalmışdı, şimal qrupunun qarşısında olan Petrov qüvvələrindən də yenə təxminən 200 nəfərlik bir ordu qalmışdı. Çox yaxşı təchiz olunmuş 780 nəfərlik ordu ilə Bakıya gedən Petrovun tabeliyində olan qüvvələr qısa bir müddət ərzində dağıdılmışdı.
Qafqaz İslam Ordusunun hücumları qarşısında Bakıda böyük bir qorxu və təlaş yaşanırdı. Qızıl Ordu komandiri Avetisov Bakıda yaşayan təqribən 160 min xristianın həyatını qurtarmağın yeganə yolunu təslim olmaqda görürdü. Avetisov Bakı Sovetinə etdiyi müraciətdə Türk Qafqaz İslam Ordusu Komandanlığı ilə sülh şərtlərinin təyin olunması barədə tədbirlər görməyin vacib olduğunu təklif etmişdi.[44] Xalq Komissarları Soveti 30-31 iyul gecəsi Bakıda olan bütün silahlı birləşmələrin cəbhəyə getməsi çağırışı ilə çıxış etdi. Fəhlə və qulluqçuları silahlanaraq, asayişi təmin etmək üçün şəhərin küçələrinə çıxmağa çağırdı. Hamazasp və Kazarov kimi erməni Daşnak Partiyası rəhbərləri ilə bir görüş keçirilərək, özlərinə tabe olan kişilərin də cəbhəyə sövq edilməsini təşkil etmələrini xahiş etdilər. Bu danışıqların nəticəsi olaraq ermənilərdən təşkil olunmuş 16 və 18-ci batalyonların cəbhəyə getməsinə qərar verildi. Bu iki batalyonda təxminən 1.300 döyüşçü var idi. Erməni daşnak liderləri, danışıqların nəticəsi olaraq cəbhəyə 3.000 adam cəlb edə biləcəklərini bəyan etdilər. Bu görüşlərə və alınan qərarlara rəğmən 16-cı batalyondan cəbhəyə ancaq 320 silahlı adam göndərildi.
Bakı rəhbərliyini əllərində saxlayan bolşeviklər bütün ümidlərini Rusiya və Leninə bağlamışdılar. Moskvadan qüvvə gələnə qədər, Bakıda əldə olan qüvvələrlə şəhərin müdafiəsini təmin etməyə cəhd göstərirdilər. Erməni daşnakları isə artıq, Rusiyadan kömək gəlməsinin mümkün olmayacağını, gəlsə də, gec olacağını və Bakını əldə saxlamağa yetməyəcəyini düşünürdülər. Onlar bütün ümidlərini İrandakı ingilis qüvvələrinin köməyinə bağlamışdılar. Buna görə də vaxt qazanmaq məqsədilə Bakının müdafiəsinə yardım edirdilər.
Təzyiqlər qarşısında daha duruç gətirə bilməyən 26 Bakı Komissarı rəhbərliyi 31 iyul gecəsi istefaya getdiyini bəyan etdi. Rusiya Kommunist Partiyası Bakı Komitəsi, vərəqələr yayaraq bunu ictimaiyyətə bildirdi. Bildirişdə belə deyilirdi:
"Ordu komandiri Avetisov ilə Petrovun, Qərargah rəisi yoldaş Stepanovun Bakının təslim edilməsinin qaçılmaz olduğu və bunun yaxın vaxtlarda həyata keçiriləcəyi haqda bəyanatlarını, digər tərəfdən xalqın, qaliblərin lütfünə təslim olmaq kimi son vasitədən istifadə etmək arzularına mane olmamağı nəzərə alaraq, Xalq Komissarları Soveti, fəaliyyətlərini dayandırmağı, Sovet Rusiyasına aid olan əmlakı və hərbi qüvvələri gəmilərə yükləməyi qərara almışdır. Biz nə Bakının sərvətlərini türk paşalarına təslim etməyi düşünənlərin və nə də şəhəri ingilislərə verməyə hazırlaşanların tərəfində deyilik. Biz, Rusiyadakı Sovet hakimiyyətinə sadiq olan qüvvələri Astraxandan gələcək qüvvələrlə birləşdirib, türk və ingilis imperialistlərinə qarşı müharibə elan etməyi qərara almışıq. Beləliklə, Bakını inqilabçı Rusiya üçün qoruyacağıq".31 iyul 1918-ci ildə Şaumyanın rəhbəri olduğu Bakı Xalq Komissarları Soveti hakimiyyətdən getdi. Yerinə isə "Sentrokaspi və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyətinin Diktaturası" hakimiyyəti quruldu. Bu hökumətdə rus mençevikləri və ermənilər çoxluq təşkil edirdilər. Ancaq əsl icra qüvvəsi erməni daşnaklarının əlində cəmlənmişdi. Bakıda hakimiyyətin Sentrokaspi Diktatorluğunun əlinə keçməsindən sonra, bolçeviklərə bağlı olan hərbi qüvvələr, silah və sursatlarıyla birlikdə Petrovski meydanına yığışdılar. Onların arasında yeni hökumətə xidmət etmək istəməyən Petrovun qüvvələri və Popova tabe 19-cu alay ilə gedəcək başqa yeri olmayan avaralar, silahlı dəstələr və fəhlələr vardı. Əllərində də silah, top, cəbbəxana və zirehli avtomobillər vardı.
26 Bakı Komissarları hakimiyyətdən getdikdən sonra şəhərdən gəmi ilə qaçmağa cəhd göstərdilər. Lakin, Sentrokaspi Diktaturasına tabe olan Xəzər hərbi donanmasına məxsus gəmilərlə geri qaytarıldılar və həbs edildilər. Bu hadisə ilə bağlı Petrov və Əmirovun tabeliyindəki qüvvələr, 26 Bakı Komissarlarının şəhərdən çıxmamaq şərti ilə azadlığa buraxılmasına nail oldular.
Qafqaz İslam Ordusu 1 avqust 1918-ci il tarixində səhər saatlarında yeni bir hücuma başladı. Qızıl Ordu hərbi qüvvələri Bakını müdafiə etmək üçün Biləcəri-Heybət dəmir yolunun cənubuna və şərqinə çəkilərək müdafiə xətti qurmağa çalışırdılar. Bakının qərbində yerləşən Heybət dəmir yolunun şəhərə tərəf olan hissəsindəki yüksəkliklər onların əlində idi. Türk mövqelərini atəş altında saxlayan düşmənin üç səhra topu, top batareyalarının atəşi ilə susduruldu. Şimal qrupu birliklərinin hücumunu, Bakının qərbində və dəmir yolunun şərqində olan və olduqca əlverişli bir yerdə mövqe tutmuş düşmənə yaxınlaşmağı, əsgərlər, adətən, sürünərək həyata keçirirdilər. Bolşevik rus və erməni daşnak birlikləri müqavimət göstərməyə cəhd edir, topları ilə Türk qoşunları üzərinə od yağdırırdılar. Xəzər dənizində olan döyüş gəmiləri də topların ağızlarını Türk ordusu tərəfə çevirmişdilər və arasıkəsilmədən atəş açırdılar. Düşmən təyyarələri isə havadan bombardman edirdi. Güclü bir həmlə ilə Bakının qərbindəki Qurd qapısı təpəsini ələ keçirən 13-cü Qafqaz alayı, saat 14.30-da artıq Bakını görə bilirdi. Düşmən birlikləri Qurd qapısı təpələrini ələ keçirmək üçün bir neçə dəfə hücuma keçdi. Ancaq hər dəfə də ağır itki verərək, geri çəkilməyə məcbur oldu. Şimal qrupu birlikləri 10-cu Qafqaz alayının 29-cu batalyonu Qurd qapısı təpəsi ilə Hacıhəsən kəndi arasındakı ərazidən hücuma keçmişdi. Dik yamaclardan çıxaraq Salxana və Qışla yüksəkliklərini də qısa bir vaxt ərzində düşməndən təmizlədi. Şimal bölgəsində Bakıya iki kilometrə qədər yaxınlaşdı. Göstəriş hücumu ilə 60-cı batalyon da Hacıhəsən kəndini ələ keçirdi. Xırdalandan qərb və cənub istiqamətində davam edən hücuma qarşı, zirehli qatarların hərəkət etməsinin də qarşısını alırdı.
1 avqust hücumu və gün boyu davam edən müharibə çox şiddətli olmuşdu. Düşmən Salxana və Qışla yüksəkliklərində dayanan beş topu ilə cəbhəni güclü top atəşinə tutmuşdu. Döyüş gəmiləri də Qurd qapısı təpəsindəki 13-cü alayı sağ cinahdan və arxadan atəşə tuturdu. Düşmənə aid üç təyyarə isə cəbhəni havadan bombardman edir, pulemyotlardan atəş açırdı. Qurd qapısı təpəsində yerləşən Şimal qrupuna, buranı tamamilə təmizlədikdən sonra, cənub-şərq istiqamətinə dönərək Badamdar və Bayıl təpələri istiqamətində irəliləmək lazım idi. Üstün cəhd və fədakarlıqlarına baxmayaraq bu irəliləmə bir müddət baş tutmadı və şimal-qərbə dönərək son anda mühasirə manevri mümkün olmadı. 1 avqust hücumunu hazırlayan komandirlər top atəşi üçün münasib hədəflər seçmişdilər, lakin əllərində kifayət qədər top mərmisi yox idi.
Cəbhənin hərbi cinahında bu hadisələr yaşanarkən, Bakıdakı bəzi erməni qruplarının böyük qorxuya düşdükləri və sülh danışıqlarına başlamaq üçün bir heyət göndərməyin yollarını axtardıqları barədə xəbərlər yayıldı. Mürsəl paşa bu xəbərə əsasən, Bakı ermənilərinə göndərdiyi məktubda, sülh şərtlərinin danışıq əsnasında razılaşdırılacağı, bununla belə şəhər sakinləri arasında heç bir ayrı-seçkilik etmədən hər kəslə yaxşı davranılacağına dair təminat barədə yazırdı. Bakını tamamilə mühasirəyə alan Şərq Cəbhəsi komandiri Mürsəl paşa, 1 avqust 1918-ci il tarixində Qafqaz İslam Ordusu Komandanı Nuru paşaya, axşam saatlarında orduların yerləşdiyi mövqelər barədə məlumat verdi. Bakının düşməndən təmizlənməsinin an məsələsi olduğunu bildirdi. Gəncədən Bakıya göndərilən 30-cu piyada alayının 3-cü batalyonu da Şərq Cəbhəsi Komandanlığının sərəncamına verildi. Nuru paşa Mürsəl paşaya göndərdiyi əmrdə Bakının ələ keçiriləcəyi təqdirdə, qarətə yol verilməməsi, asayiş və əmin-amanlığın qoruna bilməsi üçün dərhal fövqəladə hal elan edilməsi, şəhərdə çaxnaşma və qətllərə yol verilməməsi, düşmənin əlindəki top və pulemyotlarla Xəzər dənizindəki gəmilərin dərhal ələ keçirilməsi barədə təlimat verdi. Ancaq Türk əsgərinin əlində top mərmisi yox dərəcəsinə qədər azalmışdı. Buna görə 1 avqustda elə güclü bir top atəşi olmadı və Qızıl Ordunun müdafiəsini qırmaq mümkün olmadı.
Avqust ayının 2-də sübh saatlarında 29 və 60-cı batalyonlar yenidən hücuma keçdilər. Bakı yaxınlığındakı döyüşlərdə böyük təzyiq altında qalan düşmən piyadaları Salxana və Qırmızı Qışlanın qərbində bir ara geri çəkilməyə başlamışdılar. Düşmən süvari qoşunu bunların qabağını kəsərək, piyadalar arasındakı başıpozuqluğu bərpa etdilər və cəbhədəki yerlərini qoruyub saxlaya bildilər. Şəhərdən göndərilən birləşmələr də 60-cı batalyonun olduğu cəbhəyə yönəldilirdi. Qurd qapısı təpəsində olan düşmən ordusu isə gecədən aldıqları əlavə qüvvələrlə hücuma keçir və hər dəfə də böyük itkilərlə geri çəkilirdi.
Cənub qrupu isə saat 14.25-də hərəkətə gələrək, Sanqaçal körpüsünü təmir etdikdən sonra yürüş edəcəyini və ancaq 3 avqustda Heybətə yetişə biləcəyini bildirdi.
Şimal qrupu cəbhəsindəki müharibə axşam saatlarına qədər davam etdi. Düşmənin etdiyi saysız hücumlar, hər dəfəsində geri oturduldu. Bakının astanasında gedən bu çətin döyüşlər, düşmən üçün ölüm-dirim məsələsi idi. Türk topçusu isə cəbbəxana çatışmazlığı səbəbindən piyadalara lazımi qədər dayaq ola bilmirdi. Xüsusilə Salxana və Qırmızı Qışla ətrafında olan topları məhv edib susdura bilmədi. Buna görə Bakını müdafiə edən rus, erməni və ingilis birləşmiş qüvvələrinə öldürücü və həlledici zərbə vurula bilmədi.
Bakının şimalındakı Xırdalan-Biləcəri cəbhəsində də qanlı döyüşlər gedirdi. Düşmənin Biləcəridə olan zirehli lokomotivinin arxasına və önünə birləşdirilən açıq vaqonlar üzərindəki toplardan Türk ordusuna atəş açılırdı. Türk topçusunun sərrast atəşi ilə bu zirehli lokomotiv tamam məhv edildi. Bakı-Biləcəri-Xırdalan dəmir yolu telefon xətti düşmən tərəfindən kəsilmədiyindən, düşmənin danışıqları dinlənilir və əhəmiyyətli informasiya əldə edilirdi. Üstəlik Bakıdan qərargaha gələn bir məktubda da belə məlumatlar var idi:
"Bakının tezliklə ələ keçirilməsi üçün hücuma keçməyiniz vacibdir, Çünki erməni komitəsi tərəfindən Ənzəlidəki ingilis birləşmələrinin 48 saat ərzində şəhərə köməyə gələcəyi və bunun üçün 7 gəmi göndərildiyi, Biçeraxov və Petrov əsgərlərinin də şəhəri qoruduqları, banklarda hökumətə aid olan pul və qiymətli əşyaların hamısını gəmilərə yükləyib qaçmağa hazırlandıqları."
Şərq Cəbhəsi komandanı Mürsəl paşa Bakıda olan Sentrokaspi Ordusu Komandanı və Erməni Milli Şurası İdarəsinə 3 avqustda bir məktub da göndərdi. Türkcə və rusca yazılan məktubun məzmunu belə idi:
"Bakıdakı Erməni Milli Şurası rəhbəri. Bakının ətrafında Türk Qafqaz İslam Ordusunun döyüşdüyünü və şəhəri mühasirəyə aldığını bilirsiniz. Əgər şəhəri döyüşsüz təslim etsəniz, milli və dini mənsubiyyətindən asılı olmayaraq, Bakıdakı bütün insanların hüququ qorunacaqdır. Xüsusilə Ermənistana getmək istəyən ermənilərə heç bir məneə törədilməyəcəyinə zəmanət verirəm. Əgər şəhər təslim olmasa, axıdılacaq qanlara və dəymiş zərərə görə cavabdeh siz olacaqsınız. Şəhəri təslim etməyə razısınızsa, tezliklə cavabınızı adamlarınızla göndərin".
Erməni Milli Şurası və Daşnak Partiyası bu məktuba cavab vermədi. Çünki həmin gün köməyə gələcəyi barədə Biçeraxovdan məktub almışdılar. Lakin Biçeraxovun Quba və Xaçmaz bölgələrində dayanmayaraq qüvvələrini Dərbəndə çəkməsi Bakıdakı yeni hökuməti çıxılmaz vəziyyətdə qoydu. Belə olan halda Sentrokaspi rəhbərliyi Bakıda yeni bir səfərbərlik elan etdi. Bakı və ətrafı Səfərbərlik Komissarı Bekzadyan və köməkçisi Qukasyanın imzası ilə bir əmr yayıldı. Bu əmrə görə orduya yararlı bütün əhali ilə ev, fabrik, iş yerləri və mədən komitələrində çalışanların siyahısının çıxarılaraq 3 avqust axşam saat 18-ə qədər hökumətə bildirilməsi istənilirdi. Əks təqdirdə cəza tədbirləri görüləcəyi qeyd edilirdi.
Stepan Şaumyan isə Bakıdan qaça bilmək üçün 3 avqustda daha bir cəhd etdi. Ter-Qabrielyan ilə birlikdə gizləndikləri gəmidə Sentrokaspi hökumətinin tabeliyində olan donanma tərəfindən nəzarətə götürüldülər və Bakıya qaytarıldılar. Bakı hökuməti silah və təchizatı təhvil vermək şərti ilə 26 Bakı Komissarlarının şəhərdən çıxmalarına icazə verəcəyinə və bunun üçün on gəmi ayıracaqlarına dair söz verdilər. Bolşevik liderlər, əllərindəki silah, sursat və digər şeyləri təhvil verməyə razı oldular.
Bakı yaxınlığındakı döyüşlər, 3 avqustda qarşılıqlı pulemyot atəşi ilə davam etdi. Cənub qrupu ordu birləşmələri 4 avqustda Bakı cəbhəsinə çata bilmişdi. Puta stansiyasına çata bilən ordunun piyada və topçu qüvvələri şimal qrupunun sərəncamına verildi. Türk ordu birlikləri, başlanılacaq həlledici hücuma hazırlıq ilə məşğul ikən, düşmən qüvvələri ani bir həmlə ilə Qurd qapısı təpəsini ələ keçirdi. Şərq Cəbhəsi Komandanlığı, bütün birliklərə göndərdiyi əmrdə, düşmənə, 5 avqust 1918-ci il tarixində sübh saat 4-də, basqın şəklində bir hücum təşkil ediləcəyini bildirdi. Hücum planına görə, əsl qüvvə mərkəzi yenə də cəbhənin sağ cinahında, yəni Bakının aşağısındakı yüksəkliklərin önündə yerləşən birliklərdə olacaqdı. Mürsəl paşa bu bölgənin ərazi strukturunun şəhərdəki uzun mənzilli toplar ilə gəmilərdəki toplardan açılan atəşin təsirini qırdığını düşünürdü. Türk ordusunun sol cinahının yerləşdiyi bölgənin şəhərə daha uzaq olması səbəbiylə, yüksəkliklərin keçilməsindən sonra qarşıdakı düz ərazinin arxadan bəslənməyi çətinləşdirəcəyini, eləcə də Mehmetçiyin, düşmən topçusunun açıq hədəfi halına düşəcəyini hesab edirdi. Düşmən cəbhəsinə ilk həmlə, süngü hücumu şəklində ediləcəkdi. Cəbhədən yarılaraq geri oturdulan düşmən birləşmələri tamamilə dağıdıldıqdan sonra, şəhərə giriləcək və ehtimal olunan küçə döyüşlərindən sonra, Bakı ələ keçiriləcəkdi. Əsl hücum birlikləri şəhərə girərkən, Bakının qərbindəki Bayıl yüksəkliklərinə çıxarılacaq səhra topu ilə limandakı sərnişin gəmisi və dənizdəki gəmilərin qaçmasına fürsət verilmədən batırılacaqdı.
Tarix: 09.01.2015 / 00:21 Müəllif: Feriska Baxılıb: 222 Bölmə: "Azərbaycan Demokratik Respublikası"