Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğru......
Oğru......

Günəşin içəri süzülən yarılı şəfəqləri dizini qoyub masanın üstünə çıxan böyük oğlanın gözlərinin ağını qan rənginə boyamışdı. Aşağıdakı balaca oğlan xəstələndiyindən burnunun bozumtul suyunu axıtmağında idi.
-Balaca, ipi tulla. Özün də dəhlizə bax. Ədilə müəllimə gələndə palatada oxuduğumuz mahnını oxu.
Böyük oğlan tozlu çılçırağı tavandakı qarmaqdan çıxarıb ayaqlarının yanına qoydu. Balacanın tulladığı ipin ucunu halqalayıb digər ucunu qarmağa keçirdi.
-Mən belə oyun görməmişəm. Bax, gizlənpaç, əncəli, bənövşə…hamısını oynamışam. Ancaq bu oyunu bilmirəm. Nə olar, öyrət də mənə, mən də sənə xal-xallı topumu verərəm oynayarsan, - deyə balaca oğlan burnunun suyunu axıda-axıda aşağıdan yuxarı baxdı.
-Topunu özüm də əlindən alaram, minnət qoyma. O ki qaldı oyuna, bu oyun köhnə oyundur, bezənlər üçündür, şeytan fikirləşib bu oyunu. Hamı oynamaq istəmir bu oyunu, amma vaxtı çatanda oynasalar yaxşı olar. Nə vaxtsa sən balaca böyüyəcək, yekə kişi olacaqsan…Nə vaxtsa…, - böyük oğlan qəhərləndi.
-Lap yekə olacağam, uzundraz Sərxandan da yekə? Bığım da olacaq?
-Lap yekə olacaqsan. Bığların da uzanıb qulağına çatacaq. Hə, balaca, - deyə böyük oğlanın gözündə yaş gülümsədi:- Yadından çıxarma, həmişə keçmişinlə yox, bu gününlə cavab ver. Özündən muğayat ol.
Biləndə ki, bığları olacaq, hamını döyəcək, balaca atılıb-düşməyə, pəncərədən boylanıb qapı darvazasına gözünü dikib ağlayan atalı-analı, atasız-anasız yetimlərə əl çala-çala, dil çıxara-çıxara yandı-yandı verməyə başladı və atılıb düşə-düşə burnunu dirsəyinə sildi. Gözü pəncərəyə sataşdı. Onun təmiz şüşəsində iki ayağın cırıltıyla yellənən əksini gördü. Sevinclə arxaya dönəndə dili dişləri arasında qalan, boğaz dərisi qançırlanan, qıvrım telləri gözünün üstünə düşən, ayaqları biri-birindən aralı qalan böyük oğlanın cırıltı salıb yellənməsini görəndə bir addım dala çəkildi. Sonra ürəklənib yaxınlaşdı və barmaqlarıyla cırıltı salan böyük oğlanı dümsüklədi.
-Yaxşı da…Qurtar da…Yeməyə çağırırlar e... Odey, Ədilə müəllimə gəlir.
O ilk dəfə böyük oğlanın soyuqluğunu əlinin hərarəti ilə isitmək istədi. Bir azdan hər şeyi başa düşəndə isə boğazının damarları şişənəcən çığırdı.

Özünün qışqırığına yuxudan ayıldı. Şap…şap…şap… Su damcılarının səsindən və qarşısından keçən qara pişiyin siçovullara cummağından anladı ki, neçə illər bundan əvvəl şahidi olduğu hadisə yenə də yuxusuna girib və zirzəmidədir. Şap…şap…şap…Bu gün Allahın ona verəcəyi fürsəti şərf kimi boynuna dolayıb indicə çıxdığı zirzəmini ola bilsin ərini başqa kişilərə dəyişən qadınlar kimi dəyişəcək və ola bilsin ikiotaqlı mənzilə köçəcəkdi. Qara pişiyi siçovulların üstünə qısqırdıb "hər şey özümdən asılıdır" deyib ordan çıxdı.
Qaranlıqdan işığa çıxanda günəş gözlərini qamaşdırdı. Sevindi ki, hələ kor olmayıb.
Metro qatarla lazımi stansiyada düşdü, ordan da avtobusa minib yaxın günlərdə nişangaha aldığı binanın iki yüz metrliyində dayandı. Taksiylə də gələ bilərdi, amma elə camaatın axınına qoşulmağı lazım bildi, çünki taksi sürücülərinin əksəriyyətinin quyruğu qapı arasında qalanda polis şöbəsində arvad kimi cəh-cəh vurub müştərisini dirigözlü ələ verirlər.
Sakitlik idi, yalnız qumluqda qüllə düzəldən uşaqların səs-küyünü çıxsaq.
Binaya çatıb alaqapıda pıçıldamağı unutmadı:"Ay Allah məni üzüqara eləmə". Dediyinə gic gülməyi tutdu, Allah günah işdə ona necə kömək edəydi?!
Alaqapıdan içəri girib beşinci mərtəbəyə qədər əyilə-əyilə qalxdı ki, qapının gözlüklərindən onu görən olmasın. Xeyri yox idi, çünki gözlüklər əyilməyi də göstərirdi.
Şikarladığı qapını yavaşca döydü, əgər arvad evdə olsaydı, deyəcəkdi ki, filankəs burda qalır? Qonşu qapı cırıldayanda və ordan maykalı sinəsi ağ tüklü yekəpər kişi çıxanda ürəyi qopdu. Kişi "sənə nə lazımdır, ə"? deyə səsini qaldırdı.
-Qədeş burda qalır?
-«Qədeş» kimdi ə? Bura qədeş-mədeş binası deyil, - deyə gərnəşərək sinəsinə yumruqladı və araq dalınca göndərdiyi arvadının qarasınca deyinərək içəri girdi.
Oğru başa düşdü ki, bəxti yoxdur, "bu da şahid", istədi getsin girsin çıxdığı zirzəmisinə. Amma ayağı onu bir də nəmişli, siçovullu xarabaya qalmış zirzəmiyə aparmaq istəmirdi. Qərara aldı ki, işini qurtarandan sonra başı ilə bığını qırxar.
Qapını taqqıldatdıqca bildi ki, arvad evdə yoxdur. İki uzun mil çıxarıb kilidə saldı, qurcalanıb-qurcalanıb qapını ehmalca açdı. İçəri girib boylandı, səs-səmir yoxdu. "Nə pinti adamdır, evin iyinə bax də…". Daha bu barədə uzun-uzadı fikirləşməyə vaxt yox idi. Əvvəlcə yataq otağını hədəflədi. Çarpayının altını üstünə çevirib, bıçağı ilə balışları və döşəyi cırıb quş tüklərini havaya uçurdu. Qaşında və üz-gözündə ilişən tükləri təmizləyəndə yadına düşdü ki, külbaş hələ əlcək taxmayıb. Çantasından əlcəyini çıxarıb geyindi və yataq otağında, qapının cəftəsində qoyduğu əl izlərini cib dəsmalı ilə sildi. İşini tez qurtarmaq istəsə də, hələ heç nə tapmamışdı. "Qızıl-brilyant ancaq dolablarda olacaq" deyə dolabları bir-bir açıb içindəkiləri səliqə ilə döşəməyə tökdü, elə tökdü ki, altdakı qonşu eşitməsin. Saralmış kağızlar və gümüşü qaşıqlardan savayı yenə də heç nə.. "Daş-qaşlar ancaq mətbəxdə olar" deyə fikirləşib hörümçək torlu və tarakanlar qaynaşan mətbəxə keçdi. Tarakanın biri ayağının altında öldü, günah işlətdiyinə görə qorxdu ki, tez ələ keçər. Soyuducunun altına da baxdı. Tarakan puplarından savayı yenə də heç nə. Sərkərdə oğrunun hücumu ilə mətbəx müharibə zonasına bənzədi. Gümüşü qaşıqları çantasına yığıb, divarlardakı mənzərə tablolarını əski ilə bükdü. Bəlkə Monenin əsərləri kimi bunların da qiyməti milyonlarla ölçülür?! Elə olsaydı arzuladığı kimi Rio de Caneyrodakı karnavalda qol açıb oynayacaqdı. Amma hələlik oynamaq ona qismət olmadı. Birdən kimsə arxadan qapıya əl atdı.
Qapıya açar salındı, buruldu, sonra çıxdı. Qapı cırıldadı. Oğru mətbəxdəki soyuducunun yanında çömbəlib başını küncə sıxdı.
Qapı cırıldadı. İçəriyə başı tül şallı 60-65 yaşlı qadın girdi. Qapını örtdü, şalını çənəsinəcən sürüşdürüb tərini sildi və gec-gec qırpılan gözlərini döşəməyə zillədi. Açarı içəridən qapıya salıb burdu. Astanadakı ayaqqabı dolabından götürdüyü çəkiclə açara zərbə endirib yarısını sındırdı. Açarın yarısı yerə düşdü, yarısı kilidin içərisində qaldı.
Oğru döşəməyə nəyin düşdüyünü bilməyə çalışmadı, qorxdu ki, elə indicə ürəyi partlayacaq.
Arvad qoynundan bir ovuc sikkə və bir-iki əskinas çıxarıb döşəməyə tulladı. Sonra soyundu. Oğru onun bürüşmüş, qırışmış dərili taxta bədəninə baxdıqca burdan necə cəhənnəm olmaq haqda düşündü. O, dünya oğrularının təcrübəsindən istifadə edib qadını öldürmək, yox-yox, qorxutmaq istədi. Əlindəki bıçağı bərk-bərk tutub ovuna göz qoyan bəbir kimi gözləri parıldadı, tullanaraq "ay arvad, mən sənin üçün uşaq-muşaq deyiləm ha" demək istədi. Onda arvad ya sarısını udub lal olacaqdı, ya da ürəyi gedəcəkdi. O, düşünənə qədər arvad hamama girib qapını arxadan bağladı. Oğru bıçağı aşağı salıb bayaq döşəməyə nəyin düşdüyünü elə indicə bilmək istədi, qapıya yaxınlaşıb gördü ki, döşəməyə düşən açarın sınan yarısı imiş. Alnına soyuq tər gəldi, həmin tər puçurlandı, yadına düşdü ki, atası can verəndə də alnındakı tər muncuq kimi puçurlanmışdı. Barmaqlarının ucundaca mətbəxə keçib pərdə arxasından aşağı baxdı ki, tullanıb qaçsın. Qumluqda oynaşan uşaqların başları üstündə qeybət qıran arvadlar tez-tez binanın hər eyvanına göz qoyduqlarından qaçmaq olmayacaqdı. Qorxa-qorxa özünü dala verdi. Yenə də barmaqlarının ucunda yeriyə-yeriyə hamama yaxınlaşıb qulaq asdı. Su şırnağının səsini eşidib qonaq otağına keçdi. Pəncərədən baxıb gördü ki, bu binalar Stalin layihəli olduğundan aşağı tullanmaq üçün qonşunun eyvanından, ya pəncərəsindən yapışmağa əlyeri yoxdur. Hələ uşaq evində cəza alıb qaz kimi bir ayağı üstə dayananda və ya dizinin altına noxud qoyulanda oğru başa düşmüşdü ki, bədbəxtdir və onunku heç vaxt gətirməyəcək. Qapıya yaxınlaşıb cəftəni dartdı ki, bəlkə səssiz-səmirsiz aradan çıxa bildi. Qırx ilin qapısı möhkəm idi, uzunqulaq kimi tərsliyinə salıb ayağını yerə dirəmişdi: "Gərək arvad içəri girəndə itələyib qaçaydım". Qışqıranacan o, çoxdan uzaqlarda ola bilərdi.
Əlini ürəyinin üstünə qoyub basdı ki, tap-tapları eşitməsin. Döyüntülər artır, ürək sakitləşmək bilmir, ağrı güclənirdi. Alnındakı soyuq tər damcıları bədəninə keçir, oranı bumbuz edirdi. Səbri tükənir, əlləri yavaş-yavaş əsməyə başlayırdı. Ağlına gəldi ki, arvada yaltaqlanıb, hər şeyi etiraf eləsin və çıxıb getsin. Çıxış yolu ancaq belə ola bilərdi. Hamama yaxınlaşıb qapını döymək istədi. İçəridən arvadın səsini eşitcək əlini havada saxladı.
-Ya rəbbim, dinməsək belə ürəklərdən nələrin keçdiyini yaxşı bilirsən, amma danışıram ki, sözlərimi tez eşidəsən. Sənin müqəddəs kitabında yazılır ki, abidin yolu kafir tiranların zülmü ilə döşənib. Bil ki, heç kim mənə həyan olmadı. Diləndiyim pulları da alkaş Pavlik əlimdən alıb hər gün bir şüşəni başına çəkir, verməyəndə də salır təpiyinin altına.
Oğru bəzən pıçıltı, bəzən bəm səsə qulaq asıb başa düşdü ki, dilənçi evinə gəlib. Bəs, İsgəndər demişdi ki, burda yaşayan milyonçunun biridir, pulunu balta kəsmir?! Əclaf, burdan çıxsam ağzını cıracam.
Qulağını yaxınlaşdırdı ki, görsün arvad nə deyir, məqsədi nədir?
-Görürsən əlimdəki ülgücü, indi damarımı kəsib dünyadan köçəcəm. Bunu indi də edə bilərəm, sadəcə sənə sözüm var. Bil ki, sən mənə kömək etmədin. Kilsəyə də getdim, şam yandırıb xaç da çevirdim, heç kimə yamanlıq etmədim, başqa nə istəyirdin ki? Görürsənmi ülgücü damarıma necə yaxınlaşdırıram. Bütün bunları gözlərinin qabağında edəcəyəm.
Oğru ürəyini ovuşdura-ovuşdura mətbəxə keçdi ki, görsün həyasız ləçərlər qumluğun üstündən çəkiliblər, ya yox?! Əgər arvad özünü öldürsəydi gəlib onu tutub deyəcəkdilər ki, "bəs eşşəyimiz ölüb başı qızıldan, səni mütləq axtalamalıyıq".
O, dəli olmaq istəmirdi. Cibindən bıçaq çıxarıb kilidə saldı ki, bəlkə sınan açarı ordan çıxara bildi, alınmadı. Sonra bıçağı qapının arasına salıb qanırdı ki, bəlkə qapı sına, bıçaq da sındı. Qapı ağzında oturub dizlərini qucaqladı. Fikirləşdi, fikirləşdi. Arvad isə hələ də özünü öldürmür, Allahla canlı ünsiyyətə girməyə çalışır, hətta özünü sorğu-suala tuturdu.
-Guya sən günah etməmisən, hə?
-Hansı günahımı deyirsən?
-Məndən soruşursan? Qoy deyim. Qırx il əvvəl Kurçatovun rəhbərliyi ilə hazırladığınız bombaya nə deyirsən?
-Bombanı dədəm üçün hazırlamırdım ki... Ölkənin təhlükəsizliyi üçün işləyirdik. Bəlkə kiminsə evinə atılıb o bomba? Onsuz da mən olmasaydım da o bomba hazırlanacaqdı. Bunu günah kimi alnıma yazma.
Arvad ülgücü damarına çəkdi. Damar kəsilmədi, çünki ürəkdən çəkməmişdi. Gözlərini açıb gördü ki, qan fışqırmır, sadəcə dəri cızılıb. Qolunu sillələdi, ovxaladı, nəhayət qışqırdı: "Axırıncı dəfə çəkirəm, keç günahımdan. İndi axan ulduzlardan biri sönəcək. Ülgücü yaxınlaşdır damarına, qoca kaftar. Çək ülgücü."
Oğru pəncərəni açıb sağ ayağını çərçivədən aşırdı, aşağı baxdı. Tullana bilməyəcəkdi. Saniyələr ilk məhəbbət kimi öləziyib itirdi. O, otaqlarda vurnuxur, pəncərədən tullanmaq istəyir, gözlərinə qaranlıq çökür, fikrindən daşınır, hamamın qapısından qulaq asırdı ki, görsün qadın özünü öldürdü, ya yox. Bilirdi ki, özünü öldürsə bunun maddəsi ağır olacaq. Dırnağını çıxarıb yerinə duz səpəcək, quyruğunu isə qapı arasında qoyacaqlar. Yox, arvad özünü öldürməməlidir. Təkcə maddəsi ağır olacaq deyə yox, sadəcə ömür boyu əzab çəkən bu arvad həyat qarşısında aciz qalıb özünü öldürməməlidir. Bəlkə elə belələrinin haqqı var yaşamağa? Əgər qapını döyüb bu evdən getmək istəməsini desə, arvad qorxusundan ordan çıxmaz, özünü tez öldürə bilərdi. Arvad isə ölümünə tələsmirdi.
-Axı niyə sən ağciyərlik edib özünü öldürə bilmirsən, ay torpağı tökülmüş? Atan öləndən sonra Odessanın "Naş mir" kafesində ayağı iyli kişilərin ayağının altını süpürəndə, onlar da irişə-irişə sənin uşaq bədəninə əl gəzdirəndə bilmirdin ki, səninki gətirməyəcək? Bəs onda niyə qorxmurdun? Elmi əsərlər yazıb gözünün nurunu aparanda, ağbirçək yaşında yubileysiz-filansız pensiyaya göndəriləndə niyə qorxmurdun? Xəstələnib çarpayıda qıvrılanda dost sandığın adam gəlib səni elə yatağındaca vəhşicəsinə zorlayanda, bəs onda niyə qorxmurdun? Sən əclafsan, alçaqsan, zorlanmaya adət edən fahişəsən ki, hələ də özünü öldürə bilmirsən. Çək ülgücü, kəs özünü".
Arvad bütün ruhunu qoluna yığıb ülgücü son dəfə damarına yaxınlaşdırdı. Və birdən….
Və birdən evdən cavan qadın səsi eşidildi:
-Mən elmi əsərlərimə görə özümə deyil, adamlara, sizlərə borcluyam. Sizlər mənə qol-qanad verirdiz. Xoş münasibətiniz, səmimiyyətlə dolu məktublarınız məni həmişə ruhlandırıb. (Alqışlar). Sizin alqışlarınızdan sonra xəstəliyim azaldı, halbuki dünən çarpayıda uzanıb həb qəbul edəndə birdəfəlik ölmək istəyirdim. İndi başa düşürəm ki, hər bir insan hansısa insana gərəklidir. İstəyirəm yaşayım, istəyirəm dünyada təhlükəsizliyin əldə edilməsində mənim də əməyim olsun. Sizə minnətdaram.(Alqışlar).
Bu, arvadın iyirmi il əvvəl universitet gənclərilə görüşündən yazılan səsi idi. Oğru bu lenti bayaq aşağı dolablardan birində saralmış "Kommunist" qəzetinə bükülü vəziyyətdə görmüşdü. Lentdə nə olduğunu bilməsə də, bu səslə arvadı intiharından yayındırmaq istəmişdi. Evdə nə televizor, nə də radio olduğundan yalnız bu lentlə onu fikrindən döndərmək olardı. Hamamdan eşidilən şappıltı səsi oğrunun qulağını sillələdi. İndi hamamdan nə su şırnağının səsi, nə pıçıltı, nə ağlaşma, nə də yalvarış eşidilirdi. Lentdən isə adamların qadını alqışlaması, "çox sağ olun", "bravo" səsləri gəlirdi. Oğru oturduğu yerdəcə başa düşdü ki, hamamdakı şappıltı səsi arvadın özünü öldürüb yerə sərələnməsi deməkdir. Deməli, bu evin dilənçi sahibəsi özünü öldürdü. Daha heç bir varlıq, heç bir qorxu onu bu xarabada saxlaya bilməzdi. Evdən qamarladıqlarını döşəməyə tökdü, ona heç nə lazım deyildi. Mətbəxin pəncərəsini açıb aşağı - qumluqdakı uşaqlara, evyıxan arvadlara baxdı və aşağı tullandı...Sanki var-gücü ilə tullandı, aşağıda onu nələrin gözləməsini eyninə almadan belə tullandı.
Bir azdan qumluqdakı uşaqların başı üstündə qeybət qıran arvadlar əli-qolu qançır olan, sağ ayağını çəkə-çəkə, ufuldaya-ufuldaya qaçan bir cavan oğlan gördülər. Təəccüblə arxasına baxıb pıçıldaşdılar.

Hamamın qapısı cırıldadı. Bayaq su şırnağının altında yalvaran, pıçıldayan, ağlayan o qadının huşu özünə gəldi. Başında şiş vardı, ufuldayaraq ordan çıxdı. İllərlə hazırlaşdığı bu günün tarixinə, zamanına gecikmişdi. Müqəddəs Məryəmlə balaca İsanın əksi olan ikonanı qucağına sıxıb ağlayırdı. Qadın neçə illər idi ki, bu lent yazısına qulaq asmırdı. Keçmişini yadına salmamaq üçün. O, ağlayırdı, həm də göz yaşları içərisində gülümsəyirdi. Dilənçiliyə neçə ay bundan əvvəl başlasa da rəssam atasından qalma mənzərə rəsmlərini, natrümotları, beşilliklərdə aldığı hədiyyələri satmamışdı. O, sağ qalmışdı. Qəmləndi ki, sabah yenidən durub metronun "Elmlər Akademiyası" stansiyasının girişində dilənəcək. Qəmləndi ki, alkaş Pavlik əlindəki qəpik-quruşu alıb yenə də onu təpiyinin altına salacaq. Qəmləndi ki, axşamlar evə qayıdanda heç kim onun üzünə qapı açmayacaq, çarpayıda uzanıb onurğa sütununu ovxalaya-ovxalaya qalacaq. O, sağ qalmışdı. İndi gülümsəməyə dəyərdi. Və birdən başa düşdü ki, bu evə kimsə gəlib, kimsə bu evdə olub, lenti səsləndirən də o müəmmalı müsafirdir - həmin kimsə. Otaqdan otağa keçdi, heç kim yox idi. Mətbəxin pəncərəsi açıq idi. Zəng edib polisləri evə çağırdı.
…Bir saatdan sonra polislər binadan üç yüz metr aralı huşunu itirib üzüqoylu yıxılan oğrunu yaxaladılar. İki polis onu ayağa durğuzub qoluna girdi. Arvad isə ufuldayan oğrunu sillələmək üçün özünü qabağa atır, "onu güllələmək lazımdır", -Əclaf, sən mənim qaşıqlarımı oğurlamaq istəyirdin? O qaşıqlar sənin həyatından qiymətlidir mənə... Başqasının evinə girən əclaf…Onu asmaq, diri-diri divara hörmək lazımdır…-deyə qışqırırdı.
Bir aydan sonra məhkəmə oldu. Məhkəmə arvadın "ömürlük azadlıqdan məhrum edilsin" qışqırığına əhəmiyyət verməyib oğrunu üç il azadlıqdan məhrum etdi.
…Məhkəmənin səhəri günü arvad yenə də metro girişlərinin birində dilənçilik etməyə getdi.


Tarix: 08.06.2015 / 18:10 Müəllif: Aziza Baxılıb: 366 Bölmə: Azər Qismət
loading...