Soyuqdan üşüyə-üşüyə hündür binanın qarşısına çatdı. Alaqapıdan içəri girməyə tələsməyib divara vurulu avtomat telefonun dəstəyini yerindən ayırıb nömrələri yığdı.
-Alo, hə mənəm. Sifariş verilən ünvanlara getdim... Niyə evə gəlmirəm? Qəribə söz danışırsan..Kefimdən eləmirəm ki... Bir nəfər qalıb. Deyəsən, evdədir... işığı yanır. Çalışacam on dəqiqəyə çıxım ordan. Tək olmaz. Əri ilə uşaqları da yanında olar. Yaxşı-yaxşı... Dedim ki, tez gələcəyəm. Mən də səni... hə, hə.. mən də öpürəm.
Dəstəyi yerindən asıb əynindəki zərli-naxışlı qırmızı xələti düzəldə-düzəldə alaqapıdan içəri atıldı, çünki şaxtalı külək kələyini kəsmişdi. Uşaq vaxtı əzbərlədiyi şeirləri yadına salmağa çalışdı.
Artıq siyahıda yazılanların hamısının evinə getmişdi. Bu binadakı müğənnisə siyahıdan kənarda idi. Onlardan yalnız biri zəhmətinin müqabilində pul verməmişdi. Qalanları azdan-çoxdan cibinə pul basmışdı.
Qaşları çatıldı. Çünki siyahıdakı dördüncü mənzildən çıxıb elə pilləkənlərdəcə Şaxta Baba paltarını çıxarıb nəfəsini dərəndə, ürəyində deyinmişdi ki, "pulsuzluğun üzü qara olsun". Cibi dolduqca sevinirdi ki, həyat köpüklü pivə kimi gözəldir, bir yandan da körpələri sevindirə bilmişdi. Hələ onlarla şəkil çəkdirəndə çox atılıb-düşmüşdülər. "Yaxşı ki, şeirləri bir-birinə quraşdırıb yalançı Şaxta baba oldum. Niyə yalançı? Mən bilən hər şey əla idi. Böyüklərin də xoşu gəldi. Qaldı bu məşhur müğənni. Yəqin ərciyəzi onun başını sinəsinə qoyub "canım, bir ili də belə yola verdik" deyir, o da yanağını ərciyəzinin seyrək tüklü başına sürtüşdürə-sürtüşdürə "hə, ömrümüzdən bir il də əksildi" deyir. Bəlkə də əri yaxşı oğlandır, deyə bilmərəm. Yaxşıdır, pisdir, indi bu barədə fikirləşməyə vaxt yoxdur. Məni görəndə bilərlər ki, bu soyuqda beş-on manatın dalınca qaçanlar da var. Daha həyatın gözəlliyindən dəm vurmazlar".
Müğənni doqquzmərtəbəli binanın üçüncü mərtəbəsində qalırdı. Şaxta baba ünvanı güclə tapmışdı.
..Yağlı boya çəkilməkdən parıldayan qapı deyəsən qoz ağacından idi. Barmağını zəngin düyməsinə toxundurmazdan əvvəl ayaq altına sərilən yaş əski ilə palçıqlı ayaqqabılarını sildi: "Yəqin döşəməni silirmiş". Zəngin qutusunun böyüklüyü qəribə gəldi ona. Düyməni basdı. Səs eşidildi:
-Kimdir orda?
Deməli danışıq avadanlığı imiş. Başındakı papağı düzəldə-düzəldə "sizə qonaq gəlmişəm" dedi. "Hə, yəqin indi masanın üstü bəzənib, yemək yeyirlər. Şampanı hələ açmazlar. 12-yə hələ var. Sırsıra bağladım burda, bircə qapını açsaydı.."
-Axı kimdir orda?
-Dərələrdən yel kimi, təpələrdən sel kimi... Saqqalı qırov bağlayan Şaxta Baba sizə qonaq gəlib.
Qapının o üzündən yenə səs gəldi:
-Bu evdə uşaq yoxdur. Və bir də mən Şaxta Baba sifariş etməmişəm.
"Gizlədir ki, uşağı yoxdur. Deyirəm bu varlılar niyə gözdəymədən qorxurlar?"
-Mən Şaxta Babayam, başa düşürsünüzmü? Siz məni çağırmısız, mən də gəlmişəm. Əgər zarafatlaşmaq fikriniz vardısa, yanğınsöndürmə idarəsinə zəng edib "pişiyim yanır" deyərdiz. Sizə nə var ki, oturmusuz isti yerdə...Süfrə başında mənim də gözləyənim var axı...
İçəridən səs gəlmədi.
-Şaxta Baba qarlı aşırımlardan keçib, sıldırım qayaları adlayaraq, bu soyuqda bir stəkan pürrəngi çay içmək istəyir.
"Deyirəm, bəlkə əri gedib şampan almağa, bunu da qısqanclığından saxlayıb içəridə, açarı da özü ilə götürüb?".
İçəridən səs gəldi:
-Əgər doğrudan da Şaxta Babasızsa, sizə isti çay olmaz. Yoxsa əriyib suya dönər, axıb çaya gedərsiz.
O, zərli-pambıqlı, butalı papağını başından ağır-ağır sürüşdürüb elə ağır-ağır da aşağı enməyə başladı. Beş-altı pillə aşağı düşmüşdü ki, yuxarıdan gurultu gəldi, qapı açıldı. Saçları kare stilində olan, yapon xələtli müğənni onu səslədi:
-Deyəsən gedirsiz? Niyə siz qocalar uşaq kimi dəymə-düşər olursuz?
-Mən qoca deyiləm.
-Bilirəm, siz Şaxta Babasız. Di, qalxın.. qalxın yuxarı.
O, yenə də ağır-ağır addımlarla yuxarı qalxdı. Yorulmuşdu. Müğənni gülümsündü:
-Deyəsən, doğrudan incidiz? Üzr istəyirəm.. Duş qəbul edirdim ki, birdən zəng eşidildi. Elə qurulana-qurulana sizi söhbətə tuturdum ki, paltarımı geyinim, elə bu vaxt bizim hörmətli Şaxta Babamız incidi.
-Açığı bir az incidim.
Gözlənilməz qonağın almacıqlarının qızarması müğənninin gözündən yayınmadı. Əsasən də Şaxta Babanın yorğun görkəmi, pambıq bığının bir ucunun qopması güldürdü onu.
-Qonaqpərvərliyimə söz ola bilməz. Burada dayanmayaq. Qonşularım sözbazdır, sabah yenə dalımca zurna çalacaqlar ki, evinə kişi salmışdı.
-Evinə kişi salmışdı?
-Müğənniyəm də…Recissor gəlir, prodüsser gedir, evdə məşq də edirik…Bunlar da tutub dururlar ki, bəs filankəsin evindən kişi əskik olmur. Hansının ağzını yumasan?! Keçin içəri. Xoş gəlmisiz mənim kasıb komama. Amma sizi hardasa görmüşəm.
-Ola bilər. Hamımızın mayası bir kişidəndir - Adəmdən.
-Onu düz dediz. Yox, ora yataq otağıdır, keçin qonaq otağına. Rahatlanın.
Şaxta Baba onun şampan dalınca gedən ərinin hər an içəriyə girəcəyini düşündü.
-Tez gedəcəksiz?
-Bilirsiz, biz sifarişlə işləyirik. Başqa ünvanlara da getməliyəm. Düz beş ildir ki, müxtəlif səbəblərdən Yeni ili öz evimdə qarşılaya bilmirəm. Gah qonaq gedirəm, gah da dostlarımla kafedə, barda ilişib qalıram. Hə, tez getməliyəm. Uşaqlar məni gözləyir.
Yalan danışmasına özü də qızardı. Əslində onu bir qızdan savayı heç kim gözləmirdi. Bilmirdi o qızı sevir, yoxsa elə-belə gününü keçirir.
-Təəssüf. Heç olmasa bu neçə ildə birinci dəfədir ki, evimə Şaxta Baba gəldi. Sən gözlə, incimirsiz "sən" deməyimə.. deməli incimirsiz, bu dəqiqə sənə pürrəngi çay gətirim. Aclığın yoxdur ki? Ancaq çay? Oldu.
Bu evi bəlkə də Qış Sarayının zümrüdlü otağına bənzətmək olardı. Yox, bu ağ oldu. Sadəcə rahatlıq və əyləncə üçün hər cür şərait vardı.
Fil sümüyündən ağ rəngli ərəb mebeli, şüşə rəflərdə sıralanan yapon servisləri, çex büllürları, iri ekranlı Koreya televizoru, cürbəcür nömrəyazan telefonlar, divarlardakı məxməri macar kağızları, klassik naxışlı məleykələr, istiliyindən hətta tavanı, pəncərələri belə tərlədən soba, İranın qırmızı xalıları, Afrikanın qorxulu maskaları, Hindistanın ağ fil fiqurları, türklərin yumşaq taxtı..Əşyalar bahalı, yerində və gözoxşayan olsa da, sanki yetim idilər. Onlara baxmaqdan yoruldu, "gözəllikdən də usanmaq olarmış",-deyə düşündü. Müğənni şəkillərdə xoşbəxt idi. "Belə adamlar çox yaşayır. Nə qədər alqışlar, təriflər. Təkcə orta məktəbdə keçirilən şəhər festivalında bir dəfə oxuduğum "Cavanlığım" mahnısına görə mənə o qədər əl çalmışdılar ki, indiyəcən o alqışlar yuxuma da girir. Müğənniyəsə hər gün əl çalınır. Həsəd aparmıram, sağlığına qismət. Nə iləsə məşğuldur, deməli nə iləsə xeyir verir. Yoxsa mən? Otuz yaşım var. Məhəllədəki axsaq it də tanımır məni".
Müğənninin sinidə gətirdiyi limonlu çay, yanında üç cür: zoğal, şaftalı, albalı mürəbbələri, xarici konfetlər və bu konfetlər içərisində ən çox sevdiyi "Mumu"…bütün bunları gətirən müğənninin boynunda, biləyində, barmağındakı brilyantlar gözünü qamaşdırıb fikirdən ayıltdı. Utanıb yenidən otağa nəzər sala bilmədi. Müğənni gətirdiklərini səliqə ilə masaya düzüb Şaxta Babaya diqqətlə baxdı.
-Ancaq doğrudan da sizi haradasa görmüşəm. Axır vaxtlar hələ yaddaşsız da olmuşam. Görürsən, yenə "siz" dedim, istəyirəm səmimiyyət olsun, alınmır. Hə, onu deyirdim axı...Yaşınıza uyğun deyilsiz. Bura baxın, bilmirəm bura necə gəlmisiz, hansı sifarişlə, amma mənim uşaqlarım yoxdur axı?
Şaxta baba təəccübləndi. Həyətdə, alaqapıda, elə bu evdə düşündüyü qara-qura fikirlərinə görə peşmançılıq çəkdi və "çox axmaq adamam" dedi.
-Niyə uşağınız yoxdur?
"Doğrudan da danışığımı bilmirəm".
-Qəribə sual verirsiz. Axı, uşaq olmazdan əvvəl ərə getmək lazımdır. Nə toy duvağımı üzümə çəkmişəm, nə də o duvağı üzümdən götürən olub.
"Yox, məndən adam olmayacaq. Gör, bayaqdan bu yazıq haqqında ürəyimdə necə pis-pis şeylər quraşdırırdım".
-Sevdiyiniz olmayıb?
-Mənim yox, ancaq istəyənlərim çox olub.
"Elə belə deyəcəyini düşünürdüm. Eyni sözlər, eyni baxışlar".
Müğənni isə danışırdı:
-Heç birini bəyənmədim. Birdə ki ərə gedəndə qadının əli-qolu bağlanır. İndi də yalvaranlar var. Getmirəm. Bilirəm ki, şan-şöhrətimə, puluma görə qarmaqlarına keçirmək istəyirlər məni. Ərə getmək istəmirəm.
Müğənninin kasıb adlandırdığı komanın gözlənilməz qonağı sevdiyi albalı mürəbbəsini gümüş çay qaşığına doldurub-boşaldır, ona qulaq asırdı. Çay isə soyuyurdu. İçmək istəsə də müğənninin danışdığı lirik-romantik söhbətin sonunu gözləyirdi. "Danışsın qurtarsın sonra içərəm. Ədəbsizlik olar. Bu qadın elə bil doğrudan da insan üzü görmürmüş".
-Ərə getmək sənət adamı üçün zəncirlənmək deməkdir. Elə indi də yalvaranlar var.
-Düz danışmırsız.
-Nəyi?
-Elə bu danışdıqlarınızı. Nə qədər eyni söhbət, bayağı sözlər...Siz qadınların xasiyyətidir. Ərə getməyəndə özlərinə təsəlli üçün deyirlər ki, guya bəyəndiyimiz olmayıb, nə bilim ərə getmək azadlığı boğmaqdır, indi də yalvaranlar var...
"Düz etmədim. Onunla elə danışdım ki, sanki neçə illərin tanışları idik. Onun sifətindəki cizgilər, gözlərindəki işığın öləziməsi tanış idi mənə. Yorğun, bezgin insan sifəti. Elə bil ərkim çatırdı ürəyimdən keçənləri deyim ona, qışqırım, acılayım. Bəlkə də mənlə adam balası kimi danışdığına görə bir azdan peşman olacaqdı".
-Bağışlayın, amma mənlə bu tonda danışmayın. Sizi bilmirəm, mən yalan danışmıram.
-Çılğınlıq etdiyimə görə üzr istəyirəm. Bəs, uşağınız yoxdursa, niyə evinizdə çoxlu uşaq oyuncaqları, uşaq paltarları var? Deməli uşağınızın olmasını arzulayırsız.
"Oxu hədəfinə vurdum. Biləcəkdim ki, yaxşı atıcı deyiləm".
-Yox, sadəcə, uşaqlıq illərimi yadıma salıram.
-Deməli keçmişlə yaşayırsız. Bəs gələcəklə kim yaşayacaq? Yoxsa uşaqlığınız boynuna ağır yük götürüb sizi gələcəyə aparacaq?
-Bilmirəm...Bəzən gecələr o ümüdlə yatıram ki, səhər durub görəcəyəm həmin saçları hörüklü və həmin ağ bantlı beş yaşlı qızcığazam. Həmin o uşaq ki, asfalt küçələrdə tabaşirlə şəkillər çəkər, yağış damcıları həmin şəkilləri yuyub aparar, sonra yenidən, yenidən çəkərdi. Böyüklərə şeir deyər, onlar da başını sığallayar, şıltaqlıqla alnına düşən tellərini dağıdardılar. Daha sonra tut ağacına dırmaşar, qapqara tutlarla ağappaq donunu çirkləndirərdi. Axşam evə gələndə isə yenidən danlanardı. Soyuq gecələrdə isə nənəsinin dadlı nağıllarına qulaq asar, şirin-şirin, dərin-dərin yuxulara gedərdi. Yuxuları da dadlı idi. O, mən idim. Tez-tez yuxularına qızıl balıq girən qızcığaz. O qızıl balıq üç arzumun üçünü də yerinə yetirərdi. Qızıl qanadlı tovuz quşları görərdim röyalarımda. Səhərlər isə rəngarəng mənzərələrlə açılardı. Nə yaxşı ki, həyatın əslində nə olduğunu dərk etmirdim. Qəlbim dağların əriməyən qarı idi. Hələ adamları demirəm, onlara müqəddəs varlıq kimi baxardım.
-Bəs indi?
-İndi...İndi...İndilər varmı? İndilər tarixə dönür. İstəsək də, istəməsək də. Səhərlərim eyni mənzərə. Tez-tələsik çay içib səsyazma studiyasına, ordan radioya, nə bilim televiziyaya qaçmaq, curnalistlərə biri-birinin bənzəri olmayan müsahibələr vermək. Bayaqdan telefon susur. Amma özgə vaxtlar həmin qələmçilər zəng edib zəhləmi tökərdilər: "Gələcək planlarınız. Yenidən dünyaya gəlsəydiniz müğənni olardınızmı?", əksəriyyəti paxılllardan ibarət müğənni həmkarlarım isə paltarımı harada tikdirməyimi, hansı kremdən istifadə etməyimi soruşub saatlarla beynimi aparardılar. İndi isə telefon susur, heç birinin yadına düşmürəm. Səhərlərim şüşə kimi mənasız, ölgün. Axşamlar da "Rapsodiya" kafesində oxuyub, masa ətrafında yayxanıb ağzının danışığını bilməyən kişilərdən söz götürmək, mənzilimə gəlib başımı balınca qoyub yenidən fikirləşmək ki, "görəsən, uşaqlığıma qayıda bilərəmmi?". Və tez-tez də hirsimdən balıncı döyəcləyirəm...Həyatım əriyib gedir, mahnılarım milçək kimi ürək bulandırır.
-Niyə ki, pis deyil.
-Bəsdirin siz Allah. Bayağı sözlərdən cana yığılmışam.
Sükut yarandı. Fincandakı çay qəddar adamın ürəyi kimi soyudu. Müğənni doluxsundu. Amma ağlamadı, qızaran gözlərini üzümə dikib dilləndi:
-Yaxşı, biz nə vaxta qədər belə oturacağıq? Şaxta Baba rolunu çox pis oynayırsız. Heç məni uşaq kimi sevindirmirsiz..
-Başa düşmədim, sizə də şeir deyib, mahnı oxuyum?, - deyə Şaxta Baba təəccübləndi.
-Nə olar, nə olar, əyləndirin də məni..Bir az könlüm açılsın. Nə qədər olmasa da bayramdır axı..
"Sınıq qəlbini çilikləmək istəmədim. Yaxşı adam olmasam da, cəllad da deyildim".
-Nə deyirəm, amma mahnı-filan bilmirəm.
Müğənni "eybi yox, eybi yox" deyə-deyə onu tələsdirir, gözləri işıldayırdı. Şaxta Baba zərli xələtinin düyməsini bağlayıb, İvan Qroznının papağına bənzəyən papağı gözünün üstünə bir az da basıb, bığlarına əl gəzdirdi ki, qopub düşməsin. Ciddi, həm də xoş görkəm alıb əlindəki zərli ağacını başının üstündə hərlədib qalın səslə ucadan və gülə-gülə hay çəkdi:
-Mənim şəkər nəvəm, bu gün bayramdır. Nə bayramıdır, deyə bilərsənmi?
Müğənni uşaq səsilə:
-Babacan, bu gün Yeni ili qarşılayırıq.
-Nə edirik?
-Köhnə illə xudafizləşib, əlvida deyib, onu qəlbimizin tarixinə yazırıq.
Şaxta Baba əyilib onun yanağından öpdü.
-Mənim hiyləgər Şaxta Babam deyəsən fürsətdən istifadə edir. Amma məni elə qocalar kimi öpdün haa, - deyə uğunub getdi.
-Ağıllı nəvəm, hələ bu harasıdı..Baban səni o qədər güldürsün ki, tənhalığın daşını atasan.
Müğənni uğunub gedir, işıldayan gözlərindən sevincli yaş axır, uca boyunu əyib uşaq roluna girirdi.
-Babacan, ay babacan, bəlkə şeir deyəsən? Nə olar, şeir istəyirəm, şeir istəyirəm, - deyə müğənni əlini gözünün üstünə qoyub yalandan ağlamağa başladı: - Şeir istəyirəm, şeir istəyirəm, babacan, heç sən mənə xurcununda nanəli sovurma konfetlər, kuklacıqlar gətirmisən?
-Ay mənim balaca nəvəm. Sənin Şaxta Baban bura gələnə qədər çox əziyyətlər çəkdi, təpələrdən yel kimi, dərələrdən sel kimi, dağların bumbuz bulaqlarından su içdi, ayaqlarına təpər, səsinə güc gəldi. Bəs sən bu qoca babanı nə bilirdin? Səni şirin qoğallarsız, sovurma konfetlərsiz qoyarammı? Hələ bir deyirsən səni haradasa görmüşəm. Axı, mən hər il sənin kimi çoxlu-çoxlu körpələrə, nəvələrimə qonaq gəlirəm, xurcunumdan rəngbərəng hədiyyələr çıxarıb onlara paylayıram, sevindirirəm. Onlar isə rəqs edir, şeir deyir, mahnı oxuyurlar. Bəs, indi sən qoca babanı nə ilə sevindirəcəksən?
Müğənni boğazının ən incə səsilə qışqırdı:
-Şax-ta ba-ba, Şax-ta-can, har-da-san bu vax-ta-can-n-n-n?
-Ay mənim gözəl nəvəm, məgər şeiri də belə qışqıra-qışqıra deyərlərmi? Babanın qulağı batdı ki..Bəlkə rəqs edəsən, hə?
Müğənni uşaq kimi yeriyə-yeriyə qonşu otağa keçdi. Şaxta Baba isə sevinirdi. Nə vaxtdan idi belə sevinmir, hətta süfrə arxasında gözləyən qızı da yadından çıxarmışdı. Elə bil yenidən doğulmuş, elə bil yenidən uşaqlaşmışdı. Müğənninin isə sevincli göz yaşları kəsilmir, elə hey axırdı. Qısa saçına ağ bant bağlayıb, əyninə qırmızı don geyinmişdi. Don belini sıxsa da, xoşbəxtliyindən uşaqlığını yenidən və yenidən dadmaq üçün hər şeyə dözərdi. Gülüş içərisində ağlayan müğənni yellənə-yellənə bəzədiyi küknar ağacının ətrafına dövrə vurub rəqs edir, yorulanda dayanır, uşaqlar təki barmağını ağzına aparıb şeir deyirdi. Şaxta Baba isə əl çalır, hərdən o da qol götürüb oynayırdı. Müğənni xoşbəxt idi. Və xoşbəxtliyindən qarşısındakının kim olduğunun fərqinə varmayaraq qucaqlayıb sinəsinə sıxırdı. Komasına gələn özgə, yad adamı özünə doğma bilir, şeir deyir, şaqraq səslə gülür, onun əlindən tutub otaqdan-otağa keçirir, qulağına bir-birilə rabitəsi olmayan şadlandırıcı sözlər qışqırırdı:"Qoy üzümüzə gələn Yeni il bizə xoşbəxtlik gətirsin, qoy arzularımız çiçəklənsin, qoy heç kim tənha qalmasın".
O, Şaxta Baba paltarını çıxarıb evdən çıxmaq istəyəndə müğənni əlini onun cibinə apardı. Oğlan əlini cibinə atanda xeyli pul olduğunu gördü.
-Götürmərəm, vallah götürmərəm.
-Xahiş edirəm, əlimi geri qaytarmayın. O qədər sevindirdiniz ki, məni.
O, bu sözləri deyib başını qapıya söykədi, əllərilə üzünü tutub ağladı. Səssizcə ağladı.
-İnanırsız, müvəqqəti də olsa o uzaq, əlçatmaz illərimə qaytardınız məni. Pulları isə, götürün. Mümkünsə yenə gəlin.
-Yəni sizi heç bayram günlərində təbrik etmirlər?
-Təbrik də edirlər, qonaq da gəlirlər. Bilirsiz, biz çox darıxdırıcı yaşayırıq. Mən də, siz də, elə Şaxta Baba da… İldə bir dəfə Laplandiyadakı evindən çıxır ki, adamları sevindirsin…Kimisinin qapısından, kimisinin sobasından evlərə girir ki, küknar ağacının dibinə, kimisinin sobasından asılan coraba hədiyyə qoyub getsin, özü də gizlicə…Və təsəvvür edin, onun evlərə gəlməsini heç kim görməməlidir…Özümüz Şaxta babaları fikirləşdik, özümüz də həyatlarını puç etdik.
-Niyə ki… Onları hamı sevir…
-Lənətə gəlsin belə sevgi. Ömrünün hər bir ilində yalnız bircə gün sevirlər…Sonrasa qoca yaddan çıxır. Qınına çəkilir və yenə də o bircə günü gözləyir. Məgər bu da həyatdır?
-Hər halda mən bir Şaxta Baba olaraq bəyan edirəm ki, özümü xoşbəxt hiss edirəm.
Hər ikisi gülüşdü. Müğənni yenə də qaşlarını çataraq:
-Budur saat 12-nin tamamına az qalıb. 12-dən sonra mənim də qonaqlarım gələcək. Siz isə qeyri-adi, unudulmaz qonaq idiz. Aşırımlardan, enişlərdən, sıldırım qayalardan, sırsıralı meşələrdən keçib bu tənha komama qeybdən, özü də qəflətən gəldiz. Qəflətən də gedirsiz. Amma təəssüf ki, sizi harada görməyimi yadıma sala bilmədim.
-Bir dəfə konsertiniz vaxtı səhnəyə qalxıb sizdən aftoqraf almışdım.
-Yadıma düşmədi. İndi gedirsiz Yeni ili qarşılamağa, mənsə bu qırmızı donumu, ağ bantımı çıxarıb süfrə hazırlayacağam, qonaqlarımın qarşısına gülə-gülə çıxacağam. Sanki heç nə olmamış kimi. Onlar heç nəyi bilməyəcəklər. Bunu bir siz, bir də mən biləcəyəm.
Alaqapıdan çölə, şaxtalı havaya çıxanda hiss elədi ki, onu iki tərəfdən külək vurur. Təbiətin bu qış gününə verdiyi külək, bir də cibini yandırıb daş kimi ağırlıq edən kağız pulların küləyi. İkinci küləkdən azad olmaq üçün yenidən pilləkənlərlə yuxarı qaçıb pulları müğənninin qapısı ağzında qoyub zəngi basdı. Və qaça-qaça birinci küləyin ağuşuna atıldı. Müğənni isə tez-tez soyuqladığına görə çoxdan bağladığı pəncərəni açıb onun ardınca baxır, gülə-gülə başını bulayırdı.
Oğlan Şaxta Baba paltarını çıxarıb binanın qarşısındakı telefon köşkünə yaxınlaşıb nömrələri yığdı.
-Axşamın xeyir. Bu Yeni il gecəsi sifarişini yerinə yetirdim. Əcəb sürpriz fikirləşmisən. Getdim, hələ çay da içdim. Narahat olma, sevindirdim onu. Zövqün yaxşı imiş. Necə? Gəncliyində ondan gözəl idi? Nə bilim...Daha neyləyək, ilk və uğursuz məhəbbətindi də... Saat 12-dən sonra qonaqları gələcək, sən heç onun yadına da düşməyəcəksən. Yoldaşını təbrik elə, mənim ağzımdan uşaqların üzündən öp. Nə deyirsən? Ondan danışım? Ey, bura bax, mən burda donuram, sənsə ilk məhəbbətinin xiffətini çəkirsən, ancaq deyim ki, onu atmaqda ömrün boyu səni qarabaqara izləyəcək səhv eləmisən. Səni can verənə qədər izləyəcək böyük səhv. Anladın məni?
Dəstəkdən səs gəlmədi.
Dəstəyi asdı. Dayanacağa tərəf gedə-gedə neçə dəfə arxaya çönüb müğənninin pəncərəsinə baxdı. Müğənni görünmürdü. Yeni ilin gəlməsinə isə dəqiqələr qalırdı. Taksiyə əyləşdi. Yenidən arxaya çönüb onun pəncərəsini tapmaq istədi. Tapdı. Binanın bütün pəncərələrində işıq yanırdı. Müğənninin pəncərəsi isə qaranlıq idi. Deməli saat 12-dən sonra heç kim onun komasına gəlməyəcəkmiş. Pəncərə qaranlıq idi. Sanki yiyəsiz bir daxma kimi.
O, öz işığını söndürmüşdü. Özü də çoxdan söndürmüşdü.
Tarix: 08.06.2015 / 18:10 Müəllif: Aziza Baxılıb: 179 Bölmə: Azər Qismət