–Hə, bəs o necə oldu? –Kim? Rüstəm, Əjdər və Şəhla dəniz kənarında qumun üstündə uzanıb özlərini günə verirdilər. Əjdər təəccüblə Şəhlaya baxdı. –O da – deyə təkrar elədi. Şəhla başa düşdü. –Hə, o? Məktəbə girdi də. –Orta məktəbə? –Hə. Birinci sinifə. –Axı o deyəsən institutda oxuyurdu. –Bəli. İnstitutu qurtardı, sonra da getdi girdi birinci sinfə. Rüstəm beli üstündə uzanmışdır. Başını qaldırıb: – yenə başladınız – deyə narazı baxışlarla Əjdərə və Şəhlaya baxdı. Şəhla həvəssiz gülümsündü. Əjdər dedi: –Buna bax, inanmır. Kişi birinci sinifdə oxuyurdu da. –Hə də – deyə Şəhla söhbəti davam elədi. –Oğlunu birinci sinifə götürmədilər. Odur ki, özü gedib girdi. –Hə. Sonra öldü. Öləndən sonra evləndi. Evlənəndən sonra arvadı öldü. Arvadı öləndən sonra uşağı oldu. Uşaq "uşi" sözündəndir. Yəni qulaq asmaq. Qulaq cinayətkar olduğu üçün onu asmışlar və s. və s. və s. – deyə Rüstəm bacısını və onun ərini yamsıladı – bu səfsəfələr zəhlənizi tökmədi? Şəhla Rüstəmə baxıb gülürdü. Əjdər nədənsə birdən birə dalğınlaşdı. Araya sükut çökdü. Şəhla dedi: –Yaxşı, neyləyək, sən susursan, biz də danışanda acığın tutur. –Danışın e, amma ağıllı bir söz danışın da, yoxsa dəli kimi səfəhləyirsiniz. Şəhla dedi: –Ağıllı söz danışmaqçün çox fikirləşmək lazımdır. Fikirləşəndə də, çox fikirləşəndə də – deyə o əlavə etdi – adam axmaq işlər görür. Əjdər dedi: –Ağıllı sözlər hamısı deyilib qurtarıb. Yalnız axmaq sözlər qalıb. Yenidən susdular. Sonra Rüstəm: –Amma bu gün yaman istidir – dedi. Şəhla: –Hə – dedi – həm də günün ən isti vaxtıdır. Saat neçədir ki? Əjdər kənara qoyduğu ağ parusun şalvarının cibindən qol saatını çıxarıb baxdı, saat neçə olduğunu bildi, lakin Şəhlaya deməyi unutdu. Rüstəm ayağa durdu: –Gedək çimək, sonra çıxaq gedək. –Hara tələsirsən. –Yox, daha bəsdir. Həm də mən şəhərdə tez olmalıyam. Əjdər və Şəhla etiraz eləmədilər. Bu gün Leyla gedirdi. Hər üçü dənizə yüyürdülər. Suda Əjdər özünü bəxtiyar hesab eləyirdi. Ona elə gəlirdi ki, o, daha cavan, daha sakit, daha yaxşıdır. Ona elə gəlirdi ki, bütün işlər düzələcək, bütün problemlər həll olunacaq və o, öz həyatını yenidən qurmağa əzm və iradə göstərə biləcəkdir. O, Şəhlaya baxır, onun qeyri-adi, göz qamaşdırıcı gözəlliyini görür və qəribədir ki, heç də iztirab çəkmir, əksinə sevinirdi. Şəhla dedi: –Dayan orda suyun altıyla yanına üzüb gələcəm. Amma tərpənmə. O, suya baş vurub üzməyə başladı. Yaxınlaşanda Əjdər bir addım dala çəkildi. Şəhla sudan çıxıb: –Ay haramzada – dedi – dala çəkildin. Əjdər özünü tülkü ölümcülüyünə qoyub danmaq istədi.
Amma həvəsi gəlmədi. Şəhla dedi: –Gəl ötüşək. Əjdər cavab vermədi. Rüstəm dedi: –Yaxşı, bəsdir. Çıxaq. Mən elektrik qatarına çatım. Şəhla dedi: –Dizelnən get. Hər yarım saatdan bir gedir. Qəfilcən Əjdər dedi: –Şəhla gəlsənə mən də şəhərə gedim. –Sən niyə? –Bir az işim var. Onsuz da sabah getməliyəm. Qoy elə bu gün Rüstəmlə bir yerdə gedim. Rüstəmi də maşınla apararam. –Özün bil. Şəhla qurulandığı dəsmalın bir ucunu Əjdərə uzatdı. Rüstəm dedi: –Yox mənə görə gedirsənsə, mən dizelnən də gedə bilərəm. Bir də artıq zəhmət çəkmə. –Yox elə. Şəhla dedi: –Onda şəhərdən gələndə yağ gətir. –Nə qədər? –İki kilo bəsdir. Bir də darçın al. –Yaxşı. –Daha bir şey qalmadı ki – deyə Rüstəm qumun üstündən ayaqqabılarını götürdü və ətrafa nəzər saldı. Əjdər: –Yox – dedi. – hər şeyi götürdük yığışdırdıq. O saçını darayırdı. –Onda gedək. –Dayan qoy Şəhla da gəlsin. Şəhla çimmək paltarını dənizdə yaxalayırdı. –Şəhla – deyə Rüstəm çağırdı. Şəhla paltarını sıxa-sıxa onlara tərəf gəldi. Paltardan damcı-damcı tökülən sudan qumun üstündə zəncirli bir iz qaldı. Qayaların yanında qızmış qum ayaqları yandırırdı. Ayaqqabılarını geyindilər. Rüstəmlə Əjdər otaqda geyinəndə Şəhla dedi: –Əjdər bağdan bir az üzüm yığ. Leylaya apar. Rüstəm etiraz eləmək istədi. –Yox, yox. Qoy aparsın. Leyla yolda yeyər. Orda üzüm harda görəcək. Əjdər sanki ilk dəfə Leylanın çox uzun müddətdə tamamilə başqa bir yerə getməsi haqqında düşündü. Və nədənsə bir qədər kədərləndi. Səbət yaman ağır oldu. Rüstəm və Əjdər ikisi götürməli oldular. Şəfiqə onları qapıya qədər ötürdü. O arxayın və rahat idi. Əjdərin ürəyi dumanlı idi. Rüstəm fikirliydi. Gecə saat 12-də Leyla, Rüstəm, Əjdər və Leylanın anası Zeynəb xala aerodroma gəldilər. Əjdər neçə gün idi ki, Leylanı görməmişdi. –Niyə heç bağa gəlmədiniz – dedi. –Nə bilim vallah, yola hazırlaşırdım. – Leyla özü nə qədər incə və zərif idisə səsi bir o qədər qalın və yapışıqsız idi. – Başım yaman qarışıqdı. Əjdər dedi: –Təqsir Rüstəmdədir. Gərək o sizi mütləq gətirəydi. Bağın indi çox yaxşı vaxtıdır. Leyla gülümsündü. "O nahaq yerə pomada çəkir – deyə Əjdər düşündü. – Belə gülüş solğun dodaqlara daha yaxşı yaraşar. Amma bəlkə də Rüstəm pomadalı dodaqların gülüşünü daha artıq bəyənir". Təyyarəyə minmə başladı. Leylayla Zeynəb xala bir– birlərinə sarmaşdılar. Zeynəb xala ağlamağa başladı. Əjdər qəribə bir maraqla Leylayla Rüstəmin görüşməsini gözləyirdi. Leyla Rüstəmə əlini uzatdı. Əjdər elə bildi ki, Rüstəm onun əlindən öpəcəkdir. Amma Rüstəm sadəcə olaraq nişanlısının əlini sıxdı. Əjdər kimi. 10 dəqiqədən sonra Leyla qara damsız göydə güclə seçilən iki yaşıl bir qırmızı işıqdı. Zeynəb xala dalda, Rüstəm qabaqda oturdu. Aerodromdan şosseyə çıxanda Əjdər yenidən göyə baxdı. İki yaşıl bir qırmızı işıq… Lakin bu bəlkə də içində Leyla olan yox, başqa təyyarə idi. Çoxdan Əjdərin ürəyi xoş və sevincli olmurdu. Nədən belə? Əjdər gecə maşın sürməyi çox sevirdi. O, bu ləzzətin qurtaracağı haqqında düşünmək istəmirdi. Hələ yol çox uzun idi. Rüstəm və Zeynəb xalanı Bakıya aparmaq, sonra da tək bağa qayıtmaq. Düzdü Şəhla onu gözləmirdi. O, elə bilirdi ki, Əjdər səhər gələcək. İki kilo yağ gətirəcək. Bir də darçın. Amma Əjdər bu əsrarəngiz səyahətinin ləzzətindən əl çəkmək istəmirdi. Düzdür o bu ləzzəti sabah gecə, biri gün və hər hansı başqa bir gecə də ala bilərdi. Amma məhz bu gün istəyirdi. Məhz bu gecə xüsusi həvəsi vardı. Yağış çisələyirdi. Şosse par-par parlayırdı. Maşının qabaq faralarının işığı yolun aynası üzərində üzürdü. Yol, təyyarə, göy, gecə, Rüstəm, Zeynəb xala, Şəhla, yol, Leyla, Şəhla, təyyarə, Rüstəm, yol, Zeynəb xala, Bakı, Şəhla, yol, təyyarə, Leyla, Bağ, Şəhla, Səhər, yağ, iki kilo yağ, Şəhla, darçın, yol, Leyla, təyyarə, Leyla, Rüstəm, gecə, Leyla, yol, Şəhla, bağ, dəniz, Şəhla, darçın, Şəhla, Leyla, yol, yol, təyyarə, gecə, Şəhla, Şəhla, Rüstəm, yol, Şəhla, yol, yol, Şəhla, yol, yol, Şəhla, Şəhla, Şəhla, hə Şəhla. Şəhla mən səni sevirəm. Ürəkdən sevirəm. Lakin bu azdır. Bu heç bir şeyi həll etmir. Şəhla, mən səni lap çox istəyirəm. Lakin bu bayağı dünya həqiqi, əbədi, ülvi məhəbbətçün layiq yer deyil. Mən səni sevirəm Şəhla. Sevirəm. Amma könlümüzün gecəsindən kimin xəbəri var? Çətindir, Şəhla çətindir. Könlü mıxlamaq olmur, Şəhla. Mən səni sevirəm Şəhla, lakin bu problemləri həll etmir. Mən səni sevirəm Şəhla, çünki dünyada səndən gözəl qadın yoxdur. Lakin mən neyləyim, neyləyim, neyləyim ki, darçın, darçın, darçın…
–Yatmısan? –Hə. – Əjdər diksindi. Cəld sükanı sola burdu. Sağ tərəfdən vıyıltıyla keçən yük maşını az qala onları vurmuşdu. Əjdər Rüstəmi söhbətə tutdu. Əvvəl Zeynəb xalanı evlərinə apardılar. Zeynəb xala Rüstəmə müraciətlə: –Bizi yaddan çıxartma – dedi – Əjdəri də gətir. –Mütləq Əjdər birinci sürətə qoşdu. Maşın tərpəndi. Şəhər yuxulu və səssiz idi. Əjdər birdən dedi: –Nahaq Leylanı tək buraxdın. Gərək özün də məzuniyyət alıb onunla gedəydin. – O əlavə etdi – nə olar öz hesabına alaydın. Rüstəm cavab vermədi. Ayrı vaxt olsaydı Əjdər inciyərdi. İndi kefi kök idi. –Gecən xeyrə qalsın. –Sağ ol – deyə Rüstəm maşının qapısını çırpdı. Yol hərəkətsiz, gediş–gəlişsiz idi. Tək–tük maşınlar böyük sürətlə gedirdilər. Əjdər də sürəti 100 qaldırdı. Onun qəlbi fərəhlə doluydu. Pencəksizdi. Külək üzünə vurub köynəyini dalğalandırırdı. Amma üşümürdü. Küləyi toxunulan bir şey kimi qucmaq, saxlamaq istəyirdi. Hardansa Əjdərin fikrinə belə qəribə bir sual–cavab gəldi: –Əjdər, həyatınızın ən gözəl, ən xoş, ən sevimli, ən təsirli xatirəsi nədir? –Qara damsız göydə güclə görünən iki yaşıl, bir qırmızı işıq. Leyla Rüstəmin nişanlısı idi. Rüstəm Şəhlanın qardaşı idi. Şəhla Əjdərin arvadı idi. Əjdər arvadını ürəkdən sevirdi. Lakin o heç bir vax Leylanı xörəyə darçın tökən görməmişdi. Səhər Əjdərlə Şəhla çay içirdilər. Şəhla deyinirdi: –Mən elə düz bilmişdim ki, yağı yaddan çıxaracaqsan. Əjdər düşündü: "Görəsən darçını da yadına salacaq". O
ürəyində bir şey tutmuşdu. Əgər Şəhla darçını soruşsa – onda belə, soruşmasa – belə. Şəhla dedi: –Yaxşı yadıma düşdü. Darçın da almadın hə. Əjdər dedi: –Şəhla. –Hə. –Heç. – Əjdər fikrini dəyişdi. Şəhla dedi: –Leylanı elə sənnən Rüstəm ötürürdü? –Yox anası da ordaydı. –Zeynəb xala? "Görəsən Leylanın Zeynəb xaladan başqa anası da var?" Əjdər özünü ələ aldı və sakit cavab verdi: –Hə. Zeynəb xala. Birdən Əjdər soruşdu: –Şəhla sən məni sevirsən? –Bıy… Şəhla təəccüblə Əjdərə baxdı. Sonra başa düşdü. Ciddiləşdi: –Hə. Əlbəttə. Sevmək söymək sözündəndir. Mən səni sevirəm, deməli, söyürəm, çünki… Əjdər dedi: –Dayan Şəhla. Mən zarafat eləmirəm. Ciddi soruşuram bu çox vacibdir. Şəhla bunu da bilirdi. –Mən də lap ciddi deyirəm ki, – lakin o birdən Əjdərin üzünün ifadəsini görüb susdu. Sonra təəccübləndi. Gülümsündü və dedi: –Əlbəttə sevirəm, Əjdər, özün bilmirsən. Birdən bunu niyə soruşdun. Doğrudan da o bunu niyə, axı niyə soruşdu? Sonra Şəhla nə haqqındasa düşündü və soruşdu: –Bəs sən? Sən necə, sən də məni əvvəlki kimi sevirsənmi? Əjdər dedi:
–Sevirəm. Lap-lap çox sevirəm. Əvvəlkindən də yüz dəfə çox. Min dəfə, milyon dəfə, milyard dəfə çox. O doğrudan da Şəhlanı lap, lap çox istəyirdi, sevirdi. Məhz buna görə də onlar ayrılmalı idilər. Bu Əjdərin son və qəti qərarı idi. Amma o bilirdi ki, heç bir vaxt bu qərarını icra edə bilməyəcək. –Şəhla mənə bir stəkan çay tök. –Bu saat, qaynasın. Sonra onlar dənizə çimməyə getdilər.
Tarix: 08.06.2015 / 17:07 Müəllif: Aziza Baxılıb: 194 Bölmə: Anar