Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayram həsrətində
Bayram həsrətində

Fatma xala dovğa bulayırdı. Məstan pişik tənbəl-tənbəl döşəmənin üstünə sərələnmişdi. İri divar saatının kəfkiri sağdan-sola, soldan-sağa var-gəl eləyirdi. Küçədən qutab satan arvadın cır səsi eşidilirdi: –Qutab var a! Qutab var a! Bürkü idi. Kimsə radionu bərkdən qurmuşdu. Muğamat konserti verilirdi. Hərdənbir küçədən keçən maşınların səsi eşidilirdi. Həyətdəki iri şah tutun altında bir dəstə ali məktəb tələbəsi imtahana hazırlaşırdı. Aşağı qonşular dalaşırdılar. Yuxarı qonşular paltar sərirdilər. Sağ tərəfdəki qonşular bərkdən şaqqıldayıb gülürdülər. Sol tərəfdəki qonşular evdə yox idilər. Həyətdə uşaqlar oynayırdılar. Bir oğlan və bir qız ipi tutmuşdular, başqa bir qız ipin üstündən o yana, bu yana tullanırdı. Kimsə həyətdəki kranı bağlamağı unutmuşdu, su hey axır, axırdı. Nimdaşalan həyətə girib bir qədər qışqırdı. Ona köhnə, paslı çaydanı təklif elədilər. Bir qədər danışdılar, çənəboğaz oldular. Sövdəlari baş tutmadı. Nimdaşalan çıxıb getdi. Fatma xala bir əlini dovğanı buladığı qaşıqdan ayırmadan o biri əli ilə qazana bir çimdik duz atdı. Gülarə dərsdən qayıtdı. Fatma xala indicə qızının: "Yenə dovğa, yenə yemək, yatmaq, sabah yenə dərs" – deyib deyinəcəyini gözləyirdi. Amma Gülarənin gözləri gülürdü. Həmişə günün bürkü, əzici, tənbəlləşdirici vaxtında radio həzin musiqi verib adamı daha da qüssələndirir, yorğunlaşdırırdı. Bu gün də radio çalırdı. Həmişəki kimi həyətdə uşaqlar oynayır, qutab satan arvad bağırır. Bu gün də hər günkü kimi idi. Amma Gülarənin gözləri gülürdü. O gəlib anasını qucaqladı. Dovğanın çürüməsindən qorxan Fatma xala əlini qaşıqdan ayırmadan, qanrılıb qızının alnından öpdü. –Hə, neçə beş almısan?

–Bir dörd almışam. –Nədən? –Fizikadan. – Hiss olunurdu ki, Gülarəni bu söhbətlər maraqlandırmır, o, anasına nə isə başqa bir şeydən danışmaq istəyirdi. Fatma xala isə: –Canın sağ olsun. Sabah beş alarsan, – deyə qızına təsəlli verirdi. –Lap yaxşı bilirdim. Başladı əlavə suallar verməyə. –Əşi, zərər yoxdur, canın sağ olsun. –Hə, onsuz da bu rübdə fizikadan iki beşim var. –Rüblük beş olacaq? –Yəqin. İki beş, bir dörd, gərək beş olsun. – Sonra Gülarə əlavə etdi. – Amma onu bilmək olmaz. Elə əntiqə adamdır ki. Bir də görürsən bəhanə gətirdi ki, beşləri əvvəl almısan, dördü sonra, demək axıra yaxın korlamısan. Beş versəm arxayınlaşarsan, gərək dörd verəm ki, çalışasan. –Onda bir də cavab ver, beş al. –Hardan? Sinifdə otuz adam var. Rübə az qalıb. Mənə növbə çatmaz,. – Hə–ə!.. –Onsuz da tarixdən – dörd olacaq. Nə təfavütü var, bir dörd, ya iki dörd. – Qalanlar beşdir? –Hə. İdmandan üçdü, amma o heç. –Hə, əşi, idmandan zərər yoxdur. Amma çalış gələn rüb hamısını beş elə. – Niyə? Fatma xala təəccüblə baxdı. – Necə yəni niyə? –Eh! Nə təfavütü var? Beş olsun, dörd olsun, üç olsun. Fatma xala istehza ilə dedi: –Ay bərəkallah! Əcəb ağıllı sözlər danışırsan! – Sonra əlavə etdi. – Səhərdən acsan! Yəqin ona görə belə hətərən–pətərən
danışırsan. Yemək istəyirsən? –Hə! –Dovğa hazır olana qədər götür, bir az pendirnən çörək ye. Gülarə rəfdən çörək və bıçaq götürdü. Bir parça çörək kəsdi, üstünə bir az pendir qoydu, həvəssiz, iştahasız yeməyə başladı. –Ana! –Hə! –Hə, nə deyirsən? Hiss olunurdu ki, nə isə bir söz gəlib xirtdəyinə dirənmişdi. Bu sözü çıxarmaq istəyirdi. Amma bacarmırdı. Cürətimi çatmırdı? Nəhayət qərara gəldi: –Ana, bu bizim qonşumuzun oğlu var, ha? Bəstəkar. Səsi əsirdi. Fatma xala bunu duydu: –Hə... Nədi ki? –Əşşi, qəribə axmaq oğlandır. –Niyə, ay Gülü, axmaq niyə olur ki? –Əşi, bu gün dərsdən evə gəlirəm... O da yuxarıdan eyvandan baxır... Gülarənin dili dolaşırdı. –Hə... Yuxarıda dayanıb... Əlində bir dəstə gül vardı... Mən həyətə girəndə düz qabağıma atdı... Bilmirəm, bəlkə də əlindən düşüb. Güllər düz qarşıma səpələndi. Yəqin əlindən düşüb, – deyə Gülarə yenidən tələsik əlavə etdi. Elə bil o, inanmadığı bir şeyə inanmaq istəyirdi. –Gülləri götürüb yığdın? – deyə Fatma xala soruşdu: –Yox, onun nökəri-zadı deyiləm ki! – Gülarə yalançı bir məğrurluqla cavab verdi, – əlindən salıb, özü yığsın! Mən o saat evə qaçdım ki, birdən mənə deyər gülləri gətir, sonra aparmasam, yaxşı olmaz. –Hə!.. –Qəribə adamdır o, bir dəstə gülü də əlində ağıllı–başlı saxlaya bilmir. Fatma xala gülümsündü:

–Yox, Gülarə, – dedi, – yəqin o, özü qəsdən gülləri sənə atıb. Ən xəfif, ən gizli, öz-özünə belə etiraf edə bilmədiyi, arzuladığı bir şeyi eşidərkən Gülarə qəribə bir hal keçirdi. Bu, onunçün bayram idi. Bu, hələ məhəbbət bayramı deyildi. Axı Gülarənin vur-tut on beş yaşı vardı. On dörd-on beş. Lakin bu, başqa bir bayram idi. Bu, qadın qəlbində məhəbbətdən çox erkən oyanan və məhəbbətdən çox sonra sönən bir hissin, riqqətləndirici və güclü bir istəyin – diqqət istəyinin, pərəstiş, səcdə, xəfif, həssas, incə bir nəvaziş istəyinin bayramı idi. Gülarə pörtüb həyəcanla pıçıldadı: –Bıy, mənə niyə atsın ki? –O, uşaqlıqdan səni çox istəyirdi. Sən bir yaşında idin, o da on yaşında bir oğlan idi. Tez–tez səni quçağına alardı. Bir dəfə səni qucağına alanda sən yaramaz oğlanın burnunu dişləmişdin. Gülarə uğunub getdi. –Doğrudan? –Hə. Özü də, səni yaman çox istəyir. "Mənim balaca bacım"– deyir. İndi gülləri də sənə sataşmaqçün atıb. Bilib ki, sən qorxub qaçacaqsan. Uşaqlıqda da həmişə sənə sataşardı. Səni inandırmışdı ki, guya ayda yaşayır, gündə ordan təyyarəylə uçub gəlir. Gülarə hələ də gülürdü. –Doğrudan? O, aramsız gülürdü. –Bilirsən, – deyə indi daha artıq cəsarətlə danışmağa başladı, – srağagün mən evə gələndə o, yoldaşlarıyla dayanmışdı, mən keçəndə... Bu vaxt qapı açıldı. Qonşu Dilşad xala gəldi. Gülarə susdu. Dilşad xala Fatma xala ilə bərkdən danışmağa başladı. –Nə var, nə yox? Dovğa bulayırsan? –Hə. –Həngaməni də eşidirsən də. –Nə həngamə?

–Ay arvad, eşitmirsən? Həyətdə bir həngamə qalxıb ki! Yuxarıda Xədicəgil paltar sərir. Suyu bütün həyətə süzülüb. Hər yandan qonşular çıxıb, dava başlayıb. Dəmir tutqac da Xədicənin əlindən düz Faiqin başına düşüb. Az qalıb uşağın başı yarılsın. Gülarə söhbətə diqqət verdi. Dilşad xala fasiləsiz danışırdı. –Gör yazıq uşağın başına necə bərk dəyib ki, əlindəki gülləri də töküb həyətə. Fatma xala məzəmmətlə Dilşada baxıb başını buladı. Dilşad heç bir şey başa düşmədisə də, Fatma xalanın tutulduğunu görüb təəccüblə susdu. Fatma xala yenə dovğasını buladı. Məstan pişik tənbəl-tənbəl döşəməyə sərələnib özünü günə verirdi. İri divar saatının kəfkiri sağdan-sola, soldan-sağa vargəl edir, küçədən qutab satan arvadın cır səsi eşidilirdi: –Qutab var a! Qutab var a! Bürkü idi. Kimsə radionu bərkdən qurmuşdu. Muğamat oxunurdu. Həyətdəki su kranını bağlamağı unutmuşlar. Su hey axır, axırdı... Gülarə başını mizin üzərinə qoydu, için-için ağladı...


Tarix: 08.06.2015 / 17:06 Müəllif: Aziza Baxılıb: 176 Bölmə: Anar
loading...