Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3-cü hissə....

Evə gəldi. Qapını öz açarıyla açıb zənbillə içəri girəndə Pakizə mat qaldı.
-Bəs sən bağda deyildin?
-Getmədim, - dedi - yolda yadıma düşdü ki, birisi gün məruzəm var, materialların da hamısı evdə və xəstəxanadadır. Bu gecə oturub sabaha qədər işləməliyəm. Bu zənbildəkiləri də qoy xolodilnikə, xarab olmasın.
Bu səhnəni inandırıcı oynamışdı. Özü də razı qaldı. Amma canında bir vicvicə vardı, bütün bədəni xırda-xırda titrəyirdi. Heç cür özünü ələ ala, sakitləşə bilmirdi. İki saat öncə baş vermiş hadisələr fikrindən çıxmır ki, çıxmır, dağılmır ki, dağılmırdı.
Hamama girdi, əvvəl isti, sonra soyuq duş qəbul etdi. Vannanı suyla doldurub bir müddət orda uzandı. Yadına saldı ki, isti suyun içində uzanıb damarlarını kəsəndə bu ən rahat intihar üsuludur. «Hansı şeytan belə fikirləri başıma salır» - deyə özünü məzəmmət elədi. Otuz-otuz beş dəqiqədən sonra hamamdan çıxdı. Fenlə saçlarını qurutmağa başladı. Elə bil bir azacıq toxtamışdı. Pakizə gətirib qabağına pürrəng çay qoydu, limonuyla, mürəbbəsiylə.
-Sənə telefon eləmişdilər, - dedi - dedim ki, çimir, bir azdan zəng eləyin.
Oruc qulaqlarını şəklədi.
-Kim idi zəng eləyən?
-Tanımadım, dedi ki, adım Baləmidir.
-Kim:
-Baləmi.
Oruc hiss elədi ki, ürəyi qopub düşür. Baləmi! Neçə gün bundan əvvəl rəhmətə getmiş Baləmi. Üç saat bundan qabaq öldürülmüş Hüseynağanın atası.
Heç şübhə yoxdur ki, bu zəng iki-üç saat bundan qabaqkı hadisəylə bağlıdır. Bəlkə «Baləmi» yox, «baləmigildəndir» deyiblər. Ya bəlkə Baləmi adlı başqa bir qohumları da var. Hər halda bu gün, bu saat Baləmi adının telefonda səslənməsi quru bir təsadüf ola bilməz, şəksiz ki, bayaqkı hadisəylə bağlıdır.
Pakizə Orucun soyumuş çayını təzələdi.
-Ac deyilsən? - dedi.
«Pakizənin bu diqqətcilliyi, qayğısı, ümumiyyətlə onun davranışı, rəftarı, mülayimliyi və dilsiz-ağızsızlığı nə qədər vacib imiş, onunçün, Orucçün nə qədər qiymətliymiş - bu barədə düşündü və onu da qəti bilirdi ki, hadisənin (cinayətin!) məğzi bir gün açılsa və hətta Oruc müttəhim olunsa, məhkum olunsa (bu da mümkündü) Pakizə onun yeganə pənahı, güvən yeri, arxalandığı son dayaq nöqtəsi olacaq. Belə etibarı və fədakarlığı heç oğlundan da gözləmirdi, o ki, qalsın başqa qohumlara və dostlara. Bu an Ofelya heç yadına da düşmürdü. Yaxşı ki, bu gün bağda rastlaşmadıq - Ofelya haqqında yalnız bu baxımdan fikirləşə bilərdi indi.
-Aclığın yoxdu? Səhərdən bir şey dilinə dəyməyib axı. - Pakizə sualını təkrar etdi.
Doğrudan da səhərdən bəri heç nə yeməmişdi. Amma iştahı da yoxdu. Heç nə yemək istəmirdi. Heç nə haqqında düşünmək istəmirdi. Kürül-kürül bəd xəbərlər gətirən televizora baxmaq istəmirdi. Səhifələri nifrət, hiddət, ölüm, qan saçan qəzetləri vərəqləmək istəmirdi. Heç nə istəmirdi. Gözlərini yummaq, heç nə duymamaq, heç nə eşitməmək, kimsəni görməmək istəyirdi. Dünyadan tamamilə ayrılmaq, sakit, sərin bir kölgədə tək-tənha dincəlmək istəyirdi. Səslərdən, sifətlərdən, sözlərdən, cürbəcür fikirlərdən yorulmuşdu. İnsanlardan yorulmuşdu. Normal adam kimi davranan xəstələrdən və xəstə kimi danışan normal insanlardan yorulmuşdu. Özü özündən yorulmuşdu. Uzun, sonsuz bir sükutun, səssizliyin tamarzısı idi. Son sükutun. İntihar-filan yox. Buna iradəsi, gücü çatmazdı. Hətta isti vannada damarlarını kəsib rahatca ölməyi də bacarmazdı. Amma yuxuda ani bir ölüm - əziyyətsiz, ağrısız, qorxusuz, vahiməsiz… nə yaxşı olardı. Sadəcə yatmaq, yuxulamaq, bir də ayılmamaq. Heç vaxt, heç vaxt…
Çaydan bir qurtum alıb gözlərini yumdu. Beyninə dolan fikirləri, xəyalında canlanan o məşum səhnəni silib atmaq istədi, başqa şeylər haqqında düşünməyə cəhd etdi. Hətta Ofelyayla oynadıqları cinsəl oyunları xəyalında canlandırmaq istədi, içi bulandı. Uşaqlığını, çayqovuşanda, sıx meşə içindəki bulağı yadına saldı, bir an ayaqlarında o suyun sərinliyini duydu, qulaqlarına şırıltısı doldu və yumşaq kresloda yavaş-yavaş xumarlanaraq yüngülcə mürgüləməyə başladı.
Qapı zəngi çalındı. Qapı zəngi həmişə ahəngdar həzin bir melodiya çalardı (Türkiyədən gətirmişdi bu zəngi), amma indi Oruc yuxuda olduğundanmı, tarım çəkilmiş əsəblərinin gərginliyindənmi, ona elə gəldi lap qulağının dibindən bir sürət qatarı ötüb keçir, həm də zil fit səsiylə.
Sıçrayıb ayağa durdu, qapıya getdi. Adətən qapını soruşub ya balaca gözcükdən baxıb açardılar. Oruc nə soruşdu, nə gözcüyə baxdı. Eləcə açdı qapını.
Qapı qabağında dayanan adam Baləmi idi.

Sonralar Oruc özü də təəccüblənirdi: necə oldu ürəyi getmədi, bayılıb yıxılmadı. Axı qarşısında ölü bildiyi bir adam dayanmışdı. Həm də üç saat bundan qabaq oğlunu öldürdüyü adam. O dünyadanmı gəlmişdi? Oğlunun qisasını almağamı gəlmişdi?
Amma Baləmi qisas, intiqam alan adama oxşamırdı. Üzündə xoş, arxayın, dinc bir ifadə vardı. Hətta gülümsüyürdü. İlk və yeganə görüşləri zamanı Oruc bu qənaətə gəlmişdi ki, bu ağır baxışlı adam ömründə gülümsəməyib. İndi qarşısındakı adamın sifəti həmin sifət idi: iki qabaq dişi qızıl. Əvvəlki görkəmindən ikicə şeylə fərqlənirdi - saqqal saxlamışdı, bir də üzünün ifadəsi dəyişmişdi - mülayim, mehribandı. Təbəssümlüydü.
-Bayaq telefon etdim, bocı dedü çimirsən, dedim, hə, çimirsə evdə olacaq, bir yerə getməyəcək. Hava birdən soyuqlaşdı, Xəzri əsir yaman, belə havada çimib çıxsan sətəlcəm olarsan. Bir söz həmişə təmizlikdə, səhhəti-vücud. Dedim həkimə bir baş çəkim, qapıdan qovmayacaq ki… İçəri girmək olar?
-Buyur.
Baləmi dəhlizdə gödəkcəsini, sonra da çəkmələrini çıxartdı. Orucun başında fikirlər ildırım sürətiylə bir-birini təqib edirdi. «Bu nə olan işdir belə? Axı bu ölmüşdü. Amma kim demişdi ki, ölüb? Ofelya. Bəlkə Ofelya tamam başqa adamı deyirmiş. Dünyada Baləmi tək bir budur məyər? Yaxşı, tutalım məsələnin bu tərəfi məlum. Ölməyib, ölən başqasıdır, bu da dipdiri durub gəlib bura. Deməli oğlunun müsibətindən də hələ xəbəri yoxdur. Xəbəri olsaydı, hətta Orucdan şübhələnməsəydi belə bu sayaq gülümsəməzdi ki… üçcə saat qabaq o boyda oğlun itirib… Bəlkə başına hava gəlib. Oruc professional Baləminin gözlərinin içinə baxdı, əllərinin hərəkətini izlədi. Yox havalı adama oxşamırdı. Hər halda lap yəqin, oğlunun faciəsindən hələ ki, bixəbərdi. O zaman Orucgilə niyə təşrif gətirmişdi? Məqsədi nəydi?
Otağa keçdilər. Baləmi əvvəlki xoş təbəssümlə otağa göz gəzdirir, susurdu. Oruc: «bəlkə indi də bu mənzilimə şərik çıxmaq istəyir» - deyə düşündü - bəlkə bu psixi sapıntının yeni bir şəklidir, özgənin bağına, evinə ortaq çıxmaq.
Pakizə çay gətirdi, Baləminin qabağına qoydu. Baləmi başını qaldırıb Pakizəyə baxmadan:
-Sağ ol bocı, - dedi - balalaruvun toyunda içək. - Çayından qurtum aldı, otağı bir də əməlli-başlı gözdən keçirəndən sonra.
-Bəli ya, Oruc qədeş, - dedi - canım sənə söyləsin, bu dünya çox interesni dünyadı. Osobı dünyadı Ətağa cəddi. Canım sənə desin, iki həftədi burda yoxdum, İrana getmişdim. Allah-taala sənə də qismət eləsin, Məşhədə, imamın ziyarətinə getdim. Bu gün qayıtmışam. Piraxodnan. Orda əhd elədim ki, evə, uşaqların yanına getməkdən qabaq bir sənə baş çəkim. Niyyətim vardı da, niyyət eləmişdim orda, qurban olduğumun qəbri üstündə, hindü niyyətimi deyim sənə. Qədeş, gəldim deyim sənə ki, halal elədim o bağı sənə, day səndən heç bir xahişim, iltimasım yoxdu, iddəam-flan da yoxdu day. Elə bil ziyarətinə getdiyim o qurban olduğum mənə məsləhət elədi ki, Baləmi əl çək bu işdən, qoy halal xoşları olsun, neçə il erməni yaşadı, bir şey demədün ki, indi öz musurmanımız yaşayanda nöş mərəkə salırsan? Qoy kişi can sağlığıyla, rahatlıqla dolansın, sənin də ki, maşallah öz evin-eşiyin, oğul-uşağın var. Day olan olub, keçən keçib. Bir söz, qədeş, gəldim sənə deyim ki, halal xoşun olsun. Yaşa o bağda, kef-damağ içində. Vahid rəhmətlik demişkən:
Vahid! Cahanda baqi qalan eşqi mülküdür,
Ondan qalan nə varsa da, viranrədir mənə.
Oruc düşünürdü ki, Baləmi indi kəndə gedəcək, hər halda ən yaxın zamanda oğlunun itdiyindən duyuq düşəcək, axtarıb gec-tez meyiti tapacaqlar. Müsibət onda başlanacaq.
Baləmi çayını içib ayağa durdu. Oruc özünə də qəribə gələn bir arsızlıqla:
-Otur, - dedi - hara tələsirsən? Bir stəkan da çay iç. Bəlkə aclığın var?
-Yox, sağ ol, allah artıq eləsin. Getməliyəm. Uşaqlar gözləyir.
-Neçə uşağın var? - bəlkə bu sualları boşuna vermirdi. Hüseynağanın qətlinə dəxli olmadığını belə təbii suallarla bir daha təsdiq edirdi.
-Demişdim ki sənə - iki oğlum var, bir qızım. Böyüyü Hüseynağadır, kiçiyi Həsənağa.
Oruc öz-özünə «Hüseynağa idi» - deyə düşündü - daha yoxdur böyüyü, ancaq kiçiyi qalıb.
Baləmi hələ bunu bilmirdi. Gülümsünürdü. Oruc bilirdi, amma Baləminin təbəssümünün qarşılığında o da gülümsəməyə çalışırdı.
Baləmi vidalaşıb getdi. O gecə Oruc səhərə qədər yata bilmədi. Səhərisi gün - bazar günü də elə bil iynə üstə oturmuşdu. Hər telefon zəngindən hürküb diksinirdi. Hey gözləyirdi ki, qapı döyüləcək, gəlib onu aparacaqlar. Amma bütün günü qapını döyən olmadı. İki-üç əhəmiyyətsiz telefon zənginin də heç bir təhlükəsi yoxdu. Qonşuydu suyun gəlib-gəlməməsini soruşurdu, tanışlarıydı, həl-əhval tuturdu, kənar bir şəxsdi, nömrəni səhv salmışdı. Axşama yaxın Oruc tamam üzülüb əldən düşmüşdü, yatağına uzanıb bir-iki saat mürgülədi, sonra oyanıb yenə səhərəcən yata bilmədi.


Tarix: 09.06.2015 / 13:07 Müəllif: Aziza Baxılıb: 229 Bölmə: Anar - "Vahimə"
loading...