Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1-ci hissə....
1-ci hissə....

İlk qışqırıq
Gələcək günlərin
vahiməsidir bəlkə,
Son sükut -
ömrün yorğunluğuna məlhəm,
Sakit, sərin bir kölgə.
Rəsul Rza.

Həkim Oruc həyatından razı idi. Səhhətindən şikayəti yoxdu. Qırx beş yaşın içindəydi, indiyəcən heç zökəm də olmamışdı. Ailəsi sarıdan da arxayındı. Özündən altı yaş böyük arvadı Pakizə evdar qadın idi. Ev-eşiyi həmişə səliqə-səhmanlı, bişirib-düşürdüyü xörəklər ləzzətli, özü iddiasız, təmannasız, dilsiz-ağızsız. Heç vaxt ərini: hara getdin, hardan gəldin, tez gəldin, gec gəldin - deyə dığ eləməzdi.
Oruc hər səhər yuxudan durub mətbəxdə təzə dəmlənmiş pürrəng çayını, soyutma yumurtasını ya qayqanağını (bir gün soyutma yumurta, bir gün qayqanaq), yağ-çörəyinri, pendir-çörəyini hazır görərdi. Köynəyi, kostyumu, qalstuku təzəcə ütülənmiş, çəkmələri silinmiş, paltarının ya plaşının düymələri dünən bir balaca boşalmışdısa səhər yenidən bərkidilmiş olardı.
Oğlundan da razı idi - orta məktəbi qızıl medalla bitirmişdi. Ali məktəbə də əsasən öz gücünə girmişdi (əlbəttə Oruc da bir balaca saqqal tərpətmişdi). İkinci kursdan, yenə də Orucun bir balaca səyiləMoskvaya İkinci tibb institutuna keçirilmişdi. Hər həftə ata-anasıyla telefonla danışır, hər bayramda təbrik məktubları göndərirdi. Oruc da hər ayın başında oğluna əvvəlcədən sözləşib müəyyənləşdirdiyi məbləğdə pul keçirərdi.
İşini sevirdi. Şəhərin tanınmış psixiatrlarından idi. Xəstələrin qəribəliklərinə, bəzən hətta əcaib hallar alan sapıntılarına çoxdan alışmışdı, bundan darılmırdı, kiməsə yardım edə biləndə məmnun olur, ümidsiz, sağalmaz xəstəliklərin aqibətini isə ürəyinə salmırdı - axı belə dərdlərin çarəsi ondan, həkim Orucdan asılı deyildi… Əlbəttə, məsələnin maddi tərəfi də vardı və həkim Oruc rifahını özgələrin bədbəxtçiliyi üzərində qurduğundan vicdan əzabı çəkəsi deyildi - bu onun sənəti idi. Sənətinə, peşəsinə yaxşı yiyələnmiş mütəxəssis idi. Kiminsə vəziyyətini yüngülləşdirə bilmişdisə, kimisə sağaltmışdısa, ya müalicə etmişdisə, ya ancaq elə müayinə edib çarəsizliyini təsdiq etmişdisə bunun müqabilində halal haqqını alması təbii idi. Halal saydığı haqq rəsmi maaşından ölçüyəgəlməz dərəcədə artıq olurdusa bunu da ədalətli hesab edirdi. Axı çıxardığı ad, təcrübəsi, biliyi onun qədər maaş alan bir çox başqa kolleqalarından, işdaşlarından dəfə-dəfə üstün idi. Xəstələrin, daha doğrusu xəstə yiyələrinin başqasını yox, məhz həkim Orucu axtarması, onun qəbuluna düşmək cəhdləri, bunun üçün istənilən məbləği verməyə hazır olduqları da danılmaz həqiqətdi. O da vardı ki, xəstəxanadakı iş saatlarından əlavə həftənin iki günü, axşamlar həkim Oruc patsientləri öz evində də qəbul edirdi. Bir sözlə, son on-on beş ildə həkim Orucun heç bir maddi sıxıntısı yox idi. Pəncərələri dənizə baxan kooperativ evdə dördotaqlı mənzil almışdı, onu tamamilə yenidən təmir etdirmişdi, yeri bahalı, naxışlı parketlə döşətmiş, qapı, pəncərələrini palıd ağacından düzəltdirmiş (həm də otaqların arasındakı qapıları yarımdairəvi tağ şəklinə salmışdı), tavana və divarlara qabartma-bəzəklər vurdurmuş, hər otaqçün, mətbəx və eyvançün xarici mebel dəstləri almışdı. Otaqları, dəhlizi xrustal vazlar, bərq vuran çilçıraq işıqlandırırdı. Üç televizoru, iki müxtəlif sistemli videosu (biri də bağda idi), lazır diskləri çaldıran cihazları vardı. Xarici səfərlərə videokamerayla çıxardı. Özünün sürdüyü içi maqnitofonlu, stereodinamikli «Volqa»sı və Mərdəkanda bağı vardı.
Elə bütün rahatsızlıqlar da bu bağdan başladı. Daha doğrusu əvvəl hər şey son dərəcə uğurlu və xoş idi. Bağı beş il bundan qabaq almışdı. Orucdan əvvəl bu bağ 88-ci ilin məlum hadisələrindən sonra Bakıdan Moskvaya köçmüş bir erməni həkimin imiş. Ermənidən qalma birmərtəbəli evin ikinci mərtəbəsini və geniş eyvanını Oruc tikdirdi. Hamamı genişləndirib sauna qurdurdu, yeni mebel aldı. İyul, avqust aylarını bağda Pakizəylə qalardı. Yay tətillərində Moskvadan gələn oğlu da bir-iki həftəni bağda keçirərdi. İlin qalan aylarında isə hər həftənin sonunda Oruc bağa tək gələrdi. «Tək» deyəndə, yəni ki…
Cümə günü axşam tərəfi axırıncı patsientlərini qəbul edib evinə gedər, paltarını dəyişər, - «Volqa»sına minib bağa yollanardı. Son üç ildə - Ofelyayla əlaqələri başlanandan bəri - iki həftədən bir - əvvəlcədən sözləşdiklərti kimi - şənbə günü Ofelya bağa, Orucun yanına gələrdi. Bütün günü bir yerdə olardılar. Ofelya bərabər yaşadıqları ata-anasına: növbətçiyəm - deyib gecəni də Orucun yanında qalardı. İlk vaxtlar Oruc bir az vicdan əzabı çəkirdi ki, Pakizənin belə səliqə-səhmanlı hazırladığı yeməkləri - qızardılmış əti, kartofu, dolmanı ya toyuğu, göyərtisi, turşusu, pamidor-xiyarı, meyvəsinəcən ayrı bükdüyü təamları Ofelyayla birlikdə həzmi-rabedən keçirir. Bala-bala şərabdan, konyakdan vura-vura. Sonralar bu vərdiş halını aldıqca daha heç bir vicdan sızıltılarını da vecinə almırdı. Bazar günrü səhər Ofelya ondan qabaq oyanar, çay dəmləyərdi, bərabər qəlyanaltı edərdilər. Sonra Ofelya çıxıb gedərdi. Oruc beli götürüb meynələrin dibini belləyirdi, şlanqı götürüb bostana su verərdi.
Saat 12-də - 1-də dostları gələrdi. Mehdinin sürücüsü axşamdan basdırma edilmiş tikələri şişə çəkəndə, ocaq qalayanda Oruc dostlarıyla saunada pivələyər, çıxıb nərd atardı. Sonra qabırğa kababını dişlərinə çəkib bir-birləri haqqında bəlağətli tostlar deyərdilər. Axşama yaxın tostlar tükənər, dostlar yorular və Mehdinin maşınına minib Bakıya yollanardılar. Oruc isə bağdakı videosunu qurub Amerika dedektivlərinə baxardı. Parno filmləri (onların kolleksiyasını burda, bağda saxlayırdı, bir o çatmırdı ki, Pakizə belə filmlərə baxsın) isə şənbə günü axşam Ofelyayla birgə seyr edərdi. Ekranda gördükləri onların yataq davranışlarını daha da coşdururdu.
Bazar ertəsi tezdən Oruc şəhərə gələrkən hiss edərdi ki, bu iki gün yarımda əməlli-başlı dincəlib, bütün stresslərdən uzaqlaşıb və yeni bir həftənin gərginliklərini yaşamağa hazırdır. Evdə paltarını dəyişib işə gedər və yeni bir həftə dəyişməz cədvəl üzrə gündən-günə keçirdi: gündüzlər iş, bazar ertəsi və xas günü axşamlar evdə xəstələrin qəbulu, çərşənbə günü axşam Mehdigildə preferans. Udduğu da olurdu, uduzduğu da. Çox da böyük məbləğə oynamırdılar, elə-belə məşğuliyyət üçün. Cümə axşamları - demək olar ki, hər həftə pəs-məzara gedərdi. Bəzən hətta iki-üç yerə. Tanışları çoxdu və xeyir-şər, necə deyərlər - borcdu.
Tanışı çox, dostu azdı. iki-üç dostuyla nadir hallarda siyasətdən danışardılar. Maraqları - peşələri və peşələrinin yaratdığı maddi imkanlar, ailələrinin rifahı idi. Bir də qadınlar. Hamısı hələ cavan erkəklər idi və hamısının həyatın zövq-əsfasına aludəliyi, həyatdan kam almaq istəyi təbii idi.
Bir-birini sürətlə təqib edən gərgin ictimai-siyasi hadisələrdən uzaq olmağa çalışırdılar. Tez-tez dəyişən iqtidar-müxalifət xadimlərinin heç birinə inamları yoxdu. Nə onların səmimiyyətinə inanırdılar, nə davalarının doğrudan-doğruya xalq yolunda olduğuna… Əmindilər ki, hamısının məqsədi yalnız iş başına gəlmək, qapışdırmalını qapışdırmaq, qamarlanmalını qamarlamaq, ələ keçirilməni ələ keçirmək idi. Orucun indiyəcən əldə etdikləri bəsi idi, artığını istəmirdi, bilirdi ki, artıq tamah baş yarar.
Həyatın şövqünü, ləzzətini dadmaq üçün də su pərisinə oxşayan iyirmi beş yaşlı Ofelyası vardı.
Ofelya Orucgilin xəstəxanasında şəfqət bacısıydı. Beş il qabaq ərə getmiş, ayrılmışdı. Xasiyyətləri tutmamışdı, bir ildən də az sürən nikahları uğursuz olmuşdu.
Orucun gözü Ofelyanı çoxdan tutmuşdu, amma Ofelyadan da gözəl, gənc qızları əlinə almaq üçün hər imkanı vardı - boy-buxunu, yaraşığı, geyinib-geçinməsi, təcrübəsi, dillə tovlamaq məharəti, pulu, bağı, maşını. Məhz Ofelyanı seçməsi bəlkə də gənc qadının Şüvəlanda - Orucun bağına nisbətən yaxın yerdə yaşaması səbəbindən oldu. Bir dəfə bağdan şəhərə qayıdarkən Ofelyanı elektrik qatarı stansiyasına tərəf addımlayan gördü, maşını saxladı və yalnız onda bildi ki, Ofelya burda yaşayır. Orucun bağı Ofelyanın ata-anasıyla yaşadıqları evlə elektrik qatarlar dayanacağı, bazar, dükanların arasında idi, odur ki, gənc qadının məhz bu yolla gedib-gəlməsi heç kəsdə heç bir şübhə oyatmazdı. Bağ qapısına gedən yol isə kor dalanın dibində idi, bura burulandan sonra da, ya burdan çıxanda da kimsə görüb duyuq düşə bilməzdi. Oruc boynuna almaq istəməsə də Ofelyayla münasibətlərinin yaranmasında bu mülahizələrin də rolu vardı. Hər halda əlaqələri üç ilə yaxın davam edirdi və işdə görüşsələr də sevgi gecələri ayda iki ya üç dəfə olduğu üçün bir-birindən doyub usanmamışdılar, bir-birinin pisin vurmamışdılar. Əlbəttə, Oruc bir az ondan narahat idi ki, onun özüyçün yalnız xoş bir macəra olan bu əlaqə Ofelyayçün daha böyük bir hissə, duyğuya çevrilə bilər… Amma deyəsən Ofelya da yetərincə ağlı başında bir qadın idi və çılğın, xoş keçən bu şənbə görüşləri, Orucun vaxtaşırı bahalı hdədiyyələri onu tamamilə təmin edirdi, bəs iydi. Ayrı bir şey istəmirdi, ayrı bir şey gözləmirdi və ayrı bir umacağı yoxdu.
Müayinə və müalicə, maddi imkanlar, ailə sakitliyi və sabitliyi, oğlunun gələcək yüksəlişi, bağın açıq havası, bellə ağacların dibini işləməsi, Ofelyalı şənbələr, dost məclisləri, preferans, nərd, videofilmlər - dəqiq ömür cədvəli. Oruc ucu çəpər içinə salıb qoruyurdu və bu çəpərin, bu divarın dalında qaynaşan, çalxalanan, kükrəyən, qan axıdılan, göz yaşı tökülən dünyanın ona elə bil heç dəxli yoxdu. Bəlkə bu elə özü də dünyadan mühafizə olunmaq, qortunmaq və xilas olmaq yolu idi, dünyanın onsuz da heç vaxt, heç kim tərəfindən düzəlməyəcək dərdlərini Orucun öz içinə salmamaq üçün bir üsul, vasitə idi. Öz xoşumuzla gəlmədiyimiz bu beş günlük dünyanın beş gününü də qara görməmək, dərd-bəla içində yaşamamaq cəhdi idi.
Səhhətindən şikayətçi olmadığı kimi, yuxusundan da şikayətçi deyildi. Adətən 11-də, 12-nin yarısında yuxlayar, səhər 7-də, ən geci səkkizin yarısında durar, idman edər, yay-qış duşun altına girərdi. Amma son vaxtlar hərdənbir yuxusu qaçardı. Ələlxüsus da axşamdan yatıb gecə yarısı qəflətən oyananda, səhərəcən yata bilməyib yataqda qurcuxa-qurcuxa qalanda halı yaman olurdu. İlan-qurbağa girərdi beyninə. Yaşının xofu basırdı onu - əlliyə nə qalıb ki… Əllidən sonra isə nə həyatdı yaşayasan? Xəstəliklər, qarşıdan gələn qocalığın soyuq nəfəsi, ölümün həniri… Nə qalıb, lap az. Sonra nə olacaq? Heç nə… Oruc ateist tərbiyə almışdı, nə o dünyaya inanırdı, nə cənnətə, nə cəhənnəmə. Həkim kimi insanın hansı maddələrdən ibarət olduğunu və beyni sönəndən sonra bu maddələrin hansı sürətlə, hansı ardıcıllıqla çürüyüb dağılmasını təsəvvür edirdi. Köhnə təbirlə deyilsə ruh həkimi idi, ruhun da məhz müəyyən maddi funksiyalarla, beynin sağ və sol yarımdairələrinin fəaliyyətilə bağlandığını bilirdi. Beyin sönən kimi heç bir ruh-filan da qalmır, heç hara da uçub getmir, qayıtmır. Bu barədəki bütün söhbətlər, son zamanlar hətta elmi don geyindirilən söhbətlər də ancaq nağıldır. Əfsanədir, xam xəyallardır, xurafatdır, vəssalam. Bircə bu yaşadığımız həyat var. Bircə bu gördüyümüz, eşitdiyimiz, duyduğumuz dünya var. O da beş gündür və beşi də qara. Hünər bu qara günləri istədiyin rəngə boyamaq və o rəngdə yaşamaqdır. Son vaxtlara qədər Oruca elə gəlirdi ki, bunu bacarıb. Amma indi, onun çəpər çəkib dünyanın qeylü-qalından ayrıldığı həyat müxtəlif həmlələrə məruz qalırdı və çəpərin, divarın dalındakı sel bu sədləri laxladıb yıxa ya qabarıb aşa bilərdi. Qəflətən səviyyəsi qalxmağa başlayan Xəzər qabarıb dambaları, körpüləri, bulvar məhəccərlərini aşan kimi.
İctimai həyatın təlatümləri - mitinqlər, tətillər, Qarabağ davası, hakimiyyət çəkişmələri və hakimiyyət dəyişmələri hətta Orucun peşəsinə də təsir göstərirdi. Ruhi xəstəliklər artimış, beyin sapıntıları çoxalmış, yeni maniyalər və fobiyalar meydana çıxmışdı. Qohumlarının, ailə üzvlərinin müxtəlif bəhanələrlə tovlayıb Orucun qəbuluna gətirdiyi adamların azı əlli faizi Qarabağ problemiylə xəstə idi. Çoxu «mənə imkan verin, iki saata Qarabağ məsələsini həll edim » - deyirdi. 20 dəqiqə deyən, ya iyirmi gün möhlət istəyənlər də olurdu, amma məsələnin mahiyyəti dəyişmirdi. Yeni bir psixoz əmələ gəlmişdi, hər baxımdan tamam normal olan adamlar yanlış bir xəyala qapılmışdılar: Qarabağ probleminin həllinə, daha doğrusu bu həllin tək bir yeganə sirrinə vaqif olduqlarını sanırdılar. Bununla da bağlı maniyalar vardı. Bəzilərinə elə gəlirdi ki, məhz bu sirdən agah olduqlarına görə təqib edilirlər - ermənilər tərəfindən, özümüzünkülər tərəfindən, Moskva tərəfindən, KQB tərəfindən. Hətta biri iddia edirdi ki, Staravoytovanın kosmik qüvvələrlə əlaqəsi var, onları ermənilərin tərəfinə keçirib və onun özünü də bu sirri bildiyinə görə kosmosdan izləyir, güdür, təqib edirlər. Fobiyalara, qorxulara qapılanlar da az deyildi. Birisi iddia edirdi ki, yaxın zamanlarda Mingəçevir bəndi partladılacaq: su Azərbaycanın yarısını basacaq, Bakıda əlyazmaları fondu yandırılacaq - odur ki, bu xalqın nə özü qalacaq, nə keçmiş … Başqa birisi hardansa öyrənmişdi ki, Orucun bağı əvvəllər erməninin olub və məxsusi olaraq qəbulə gəlmişdi (qohumları gətirməmişdi, özü gəlmişdi). Orucu xəbərdar edirdi ki, erməni bağ evinin divarlarına, ağacların budaqlarına, meynələrə xüsusi kimyəvi maddələr aşılayıb. Bu maddələri nə görmək olur, nə duymaq - amma onlar bağda yaşayanlar və qonaq gələnlərin hamısını yavaş-yavaş zəhərləyir, iki-üç aya ölümcül xəstəliyə salır. Oruc o bağda artıq beş il yaşadığını xatırladanda qəbula gələn: nə olsun - dedi - bəzən orqanizmin xüsusiyyətlərindən asılı olaraq xəstəliyin aşkar edilməsi dörd- beş il də çəkə bilər. Amma gec-tez bu xəstəlik sizi yaxalayacaq, nə qədər gec deyil yandırın o bağı, evi, ağacları, meynələri, hər şeyi. Özünüz də heç vədə o tərəflərə ayaq basmayın.
Baləmini ilk dəfə görəndə, daha doğrusu nə üçün gəldiyini biləndə Oruc düşündü ki, bu da ağlı çaşmış patsientlərdən biridir. Orucun qəbul saatlarında xəstəxanaya gəlmişdi. Qəbula yazılmışdı. Növbəsi çatanda otağa qısa boylu, enli kürək, qapqara bir kişi girdi. Orta yaşlarında idi, həddindən ziyadə dar alnı vardı. Pırpız qaşları qan dammış gözlərinin üstündən ağır tağ kimi asılmışdı. Baxışı da ağır idi. Professional səriştəylə Oruc «oliqofreniya» deyə düşündü və onu da düşündü ki, belə dar alınlı və ağır baxışlı adam ideal qatil tipidir. Oruc:
-Buyurun, nədən şikayətiniz var? - deyə həmişəki sözlərini dedi.
-Süzdən…
-Nə?
-Süzdən şikayətim var.
Belə sözlərlə Orucu çaşdırmaq mümkün deyildi, çünki tez-tez şəxsən onun özünə qarşı yönəlmiş maniyalarla da rastlaşırdı.
Söhbəti ayrı səmtdən başlamaq üçün:
-Adınız nədir?- dedi, halbuki qarşısındakı kağızda adı yazılmışdı.
-Adım Baləmi, familim Dadaşov. Süzün də yanıvuza gəlmişəm onunçün yox ki, xəstəyəm. Xəstə-flan deyiləm. Süzdən şikayətçiyəm. Süz mənim bağımı tutmusuz.
Oruc sifətini yaxşı xatırladığı erməni həkimi yadına saldı və:
-Yanılırsız, - dedi - o bağ bir erməninin idi, həkim idi, beş il qabaq Moskvaya köçdü, o bağı da mənə verdilər.
-Mən yox, süz səhv edirsiz. Ermənidən qabaq o bağ mənim atamın olub, ondan qabaq da bobamın. O yer bizim dədə-baba yermizdü. Gavar eşitmiş olarsız: Məşədi Dadaş mənim bobamdır. Gəlmişəm halal haqqımı istəməyə süzdən. İndi, allaha çox şükür, elə vaxtdır ki, hərə öz köhnə mülkünü, malını qaytarır, süz də halal xoşluqla qaytarın bizim bağımızı ki, arada artıq-əskik söz-söhbət olmasun. Burda alayı məsələ ola bilməz. Nöşün ki, təmiz söhbətdir.
Oruc bir müddət karıxıb qaldı. Qarşısındakı adam, xəstəliyin müəyyən əlamətlərini büruzə versə də hər halda xəstə deyildi və dedikləri də bəlkə həqiqətə uyğun idi; ola bilsin ki, ermənidən əvvəl haçansa bu bağ onun dədə-babasının olub. Amma indi məsələnin bu sayaq qoyuluşu nə dərəcədə ağlabatan söhbət idi.
-Bilmirəm əvvəl kimin olub. - dedi - amma mənə oranı Bağlar idarəsi verib. Siz də ora müraciət edin.
-Mən ora müraciət-flan etməyəcəm. Birmincisi ona görəm ki, əlimdə heç bir kağız-flan, kupçu-flan yoxdu. İkimincisi də süz izvestni adamsuz, sizdən alıb bağı mənə verməyəcəklər ki…
-Bəs onda məndən nə istəyirsiz?
-Elə onu istəyirəm də… İstəyirəm ki, özüvüz könül xoşluğuyla o bağı mənə qaytarasız.
Orucun dilinin ucuna gəldi ki, desin «başın xarab olub?», amma vaxtında yadına düşdü: bu ifadəni kim işlətsə də psixiatrın işlətməyə haqqı yoxdur.
-Yaxşı, - dedi - mən beş ildir ki, o bağdayam. İkinci mərtəbəsin tikdirmişəm, başqa abadlıq işləri görmüşəm. Bu beş ili hardaydın? Bütün bunları mən eləyib qurtarandan sonra niyə ayılmısan?
Baləmi:
-Bunun səbəbi ayrudu, - dedi. - Amma dəxli yoxdu. Xərc çəkmisən, onu danışarıq, xərcivi qaytararıq. Amma sən də o bağı mənə qaytarmalısan. Atamın böyük oğlu mənəm, o bağ mənə düşür. Nə deyirsən, mən ölüm, təmiz söhbətdir?
-Yox, təmiz söhbət deyil, - saatına baxdı - mənim də burda sizinlə boş yerə çənə döyməyə vaxtım yoxdur. Xəstələr gözləyir. Sizi də xəstə bilib qəbul elədim. Xoş gəldin.
-Deməli bağı mənrə qaytarmırsuz?
-Yox.
-Nöşün?
-Bu barədə danışmağın mənası yoxdur. Bağı mənə veriblər, mənimdir, mən də yaşayacağam orda.
-Yox, mən qoymayacağam siz orda yaşayasız. Bundan sonra bir gün də orda qala bilməyəcəksüz.
-Niyə?
-Onu mən özüm bilərəm.
-Yandıracaqsan bağı, ya qapısına tank qoyacaqsan?
-O mənim öz işimdi.
-Yaxşı, sənin bu şantacını milisə xəbər versəm necə?
-Elə mən də onu istəyirəm də… İstəyirəm ki, məni tutsunlar, özü də süz tutdurasuz. Süzü hamı tanıyır. İndi də o əvvəlki vaxt deyil, qəzetdə, mitinqdə, hər yerdə səni yaş yuyub quru sərəcəklər ki, pəs flankəs, böyük alim, həkim, adi bir kəndçi balasının bağını məngirləyib, özünü də tutdurub, basdırıb qazamata, balalarını yetim qoyub.
Orucun artıq hövsələsi çatmırdı.
-Bilirsən nə var? - dedi - Əlim-ayağım sənə dəyməmiş, dur bu saat çıx bayıra, yoxsa özüm qulağından tutub ataram. Əlindən gələni də beş qaba çək. Amma bir də bura ayaq basma, gözüm səni görməsin
Baləmi aramla ayağa durdu, sifəti əvvəlki kimi tutqun, baxışları ağırdı.
-Neynək, - dedi. - İki oğlum var, böyüyü Hüseynağadır, iyirmi bir yaşında, kiçiyi Həsənağa - on doqquz yaşında. Mən də ala bilməsəm o bağı, oğlanlarım alacaq. Amma özgənin malına sahib çıxmaq allaha da xoş getməz. Adamlardan qorxmursan, allahdan qorx.
Yavaş-yavaş qapıya tərəf addımladı, çıxdı.
Cümə günü idi, sabah bağda Ofelyayla görüşməli idi Oruc Ofelyanı çağırdı.
-Sabah təcili işim çıxdı, - dedi. - Bağa gedə bilməyəcəm. Qalsın gələn həftəyə.
Ofelya dinmədi.


Tarix: 09.06.2015 / 13:06 Müəllif: Aziza Baxılıb: 323 Bölmə: Anar - "Vahimə"
loading...