Sən elə bilirdin
Sən elə bilirdin sevmirəm səni,
Mən də istəyirdim elə biləsən.
Olub-keçənləri xatirə kimi
Bir gün yada salıb gülə biləsən.
Sən elə bilirdin sevmirəm səni
Bil ki, hər baxışım məhəbbət idi.
Üzünü yaxından görə bilməyim
Mənimçün ən böyük səadət idi.
Sən elə bilirdin sevmirəm səni,
Mən də istəyirdim məğrur dayanım.
Amma ki, yeganə sevincim idi
Səninlə bir keçən dəqiqəm, anım.
Sən elə bilirdin sevmirəm səni?
Heyif, ürəyimi aça bilmədim!
Min kəs toplayaraq cəsarətimi
Mən səni sevirəm,- demək istədim.
Bilmirdin, yazıram mən yaddaşıma
Sənin gülüşünü, sənin səsini.
Gizlicə-gizlicə sevirdim, amma
Sən elə bilirdin sevmirəm səni.
Tarix: 25.05.2015 / 12:38 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Afaq Şıxlı
loading...