Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenə yolum düşdü
Yenə yolum düşdü

Yenə yolum düşdü tanış yerlərə,
Əski xatirələr baş aldı getdi.
Elə bil qayıtdım ötən günlərə,
Keçmiş anılarım məni isitdi.

Necə olmuşdusa bu yerlər hələ
Yenilik, təzəlik görməmişdilər.
Sanki bugünədək, lap bilə-bilə,
Həsrətlə yolumu gözləmişdilər.

Aşıb keçdiyimiz möhtəşəm hasar
Sökülüb, əyilib, rəngi bozarıb.
O daş yol, darvaza, qoca çinarlar
Ozünü keçmişdə gizləyib qalıb.

Bu da qədim bazar, uçulub təmiz,
Uzun daxılların qaralır yeri.
Əvvəlki halından qalmayıb bir iz,
Andırır o qədim xərabələri.

Qoca park, səndəmi belə qəmlisən?!
Susubdur çağlayan fəvvarələrin.
Kimsəsiz qalalı qəribsəmisən,
Hanı o füsunkar mənzərələrin?

Xatirimə gəlir, burda bir zaman
Yerimək olmurdu insan əlindən.
Amma ötən illər verməyib aman,
Bir əsər qalmayıb əzəmətindən.

Gedirəm, qəlbimə bir həsrət çöküb,
Əlvida, uşaqlıq xatirələri!
Kövrək duyğuları içimə gömüb,
Sükutda qoyuram yenə sizləri.

Yaş sınağa çəksə əgər qəlbimi,
Ürəyim dözməsə, bir də qayıtsam,
Bəlkə sevinərəm mən uşaq kimi
O köhnə hasarın yerini tapsam.


Tarix: 25.05.2015 / 12:35 Müəllif: Aziza Baxılıb: 173 Bölmə: Afaq Şıxlı
loading...