Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Şirinxanım KərimbəyliMənə elə gəlirki

Mənə elə gəlirki

Mənə elə gəlir ki,
Sənindir bu ürək, can.
Mənə elə gəlir ki,
Məni sən yaratmısan.
Mənə elə gəlir ki,
Bu müqəddəs torpağı,
Hər gülşəni, hər dağı,
Adicə bir yarpağı
Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,
Qərinəni, zamanı,
Bu yağışı, dumanı,
Ürəyimdə gümanı
Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,
Göydə uçan quşları,
Sirr yuvası daşları,
Gözlərimdə yaşları,
Mənə sən yaratmısan.
Mənə elə gəlir ki,
Coşub-daşan çağlayan,
Gah gülən, gah ağlayan,
Məni sənə bağlayan,
Eşqi sən yaratmısan! Ardı »

Şirinxanım KərimbəyliYuxuma niyə gəlmisən?

Yuxuma niyə gəlmisən?

Anlaya bilmədim səni,
Açılmayan bir sirmisən.
Ürəyimə çəkib çəni,
Yuxuma niyə gəlmisən?
Düşsə də bu mənə baha,
Batsa da sevgim günaha,
Biz ki, yad olmuşuq daha,
Yuxuma niyə gəlmisən?
Sən özgə bir qəlb aradın,
Kimin telini daradın?
Başqa birinə yaradın,
Yuxuma niyə gəlmisən?
Röyan nəyimə lazımdır?
Bu da bir tale yazımdır?
Verdiyin qəmlər azmıdır?
Yuxuma niyə gəlmisən?
Şirin xanımdan doymusan?
Könlünü darda qoymusan,
Başqa sevdaya uymusan,
Yuxuma niyə gəlmisən? Ardı »

Şirinxanım KərimbəyliSən məni hər yerdə arayacaqsan

Sən məni hər yerdə arayacaqsan

Surətim gözündə güzgü olacaq,
Eşqimlə telini darayacaqsan,
Özündən xəbərsiz gözün dolacaq,
Sən məni hər yerdə arayacaqsan.
Düşmən kəsiləcək sənə ürəyin,
Xatirəm olacaq könül dirəyin,
Didərgin düşəcək eşqin, diləyin,
Mənim xatirəmlə yarıyacaqsan.
Gözündən, könlündən düşəcək həyat,
Yalnız mən olacam bağrına səyyad,
Xəyalım köksündə quracaq busat,
Bu sirri hamıdan qoruyacaqsan.
Mənli günlərini yığıb sinənə,
Dolub boşalsa da qəlb dönə-dönə,
Bu çətin olsa da, əzizim, sənə,
Mənim həsrətimlə qarıyacaqsan. Ardı »

Şirinxanım KərimbəyliO odlu gözlərin könlümə atəş

O odlu gözlərin könlümə atəş

O odlu gözlərin könlümə atəş,
Tanrı bu ocağı söndürməydi.
Doğaydı hər səhər zirvədən günəş,
Onu ucalıqdan endirməyəydi.
O yaşıl gözlərin qəlbə min çalar,
Lapdan varlığımı tilsimə salar,
Hərdən bir qərinə xəyala dalar...
Bu xəyal zülmü andırmayadı.
Yar əgər taparsa ürəkdən yarı,
Nədir bu dünyada dünyanın varı?
Tale tufanıyla hicranın qarı-
Yanan qəlbimizi dondurmayaydı.
Sarılıb ilğımtək yanan köksünə,
Bir heykəl yapaydım oddan əksinə,
Çıxıb könülmüzün fələk əksinə,
Qəlbləri hicranla yandırmayadı. Ardı »

Şirinxanım KərimbəyliDəli ürək

Dəli ürək

Tutub varlığımı qəmə çuğluyan,
Ey sevincdən gülən, dərddən ağlayan,
Alovla, atəşlə könül dağlayan,
Qəlbi incilərlə sərraf bağlayan,
Qaynar bulaqlar tək coşan, çağlayan,
İnci dəryasından çələng bağlayan,
Gah şimşək, fırtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.
Bu sakit qəlbimi sözlə oxlayan,
Çılğın xəyalları yoldan saxlayan,
Hər kiçik kəlməni günlə yoxlayan,
Haqsızlıq görəndə dözmüb laxlayan,
İlham otağında sözlə yuxlayan,
Şeir gülzarından güllər qoxlayan,
Gah şimşək, fırtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.
Xəyal körfəzində üzgüçü olur,
Bahar tək açılır, payız tək solur,
Ümid girdabından təsəlli alır,
Məni söz pərimin çölünə salır,
Əngin səmalar tək xəyala dalır,
Eşqi kaman olur şadlıqlar çalır,
Gah şimşək, fırtına, gah da ki, külək,
Coşqun təbiətli, ey dəli ürək.
Bu odlu torpaqda odlara dönür,
Qartal asimanın köksünə enir,
Yalçın Ardı »

Şirinxanım KərimbəyliBu həyatım ağlar bir ney

Bu həyatım ağlar bir ney

Bu həyatım ağlar bir ney,
Bəmdə, zildə ötər, sənsiz.
Hər sözümdən yağar giley,
Xoş günlərim bitər, sənsiz.
Diri ikən dünyam gordu,
Alışıbdı sinəm qordu,
Ürək səni məndən sordu,
Özüm ondan betər, sənsiz!
Necə dözüm bu gedişə?
Ömrüm ilə bəd gərdişə,
Gedər əldən sevinc, nəşə,
Səadətim itər, sənsiz.
Həsrət məni yaraladı,
Taleyimi qaraladı,
Ağ bəxtimi qaraladı,
Yolumda çən bitər, sənsiz.
Hicran qəmə muştuluqçu,
Şadimanın nədir suçu?
Dalınca bu ürək uçub
Yoxdu xəbər-ətər, sənsiz. Ardı »

Şirinxanım KərimbəyliOxuyur sevda quşu canımda

Oxuyur sevda quşu canımda

Könüldə duyğularım oynayır,
Qəlbimin alovuyla qaynayır,
Niyə bəs ürəyimlə oynayır?
Onun öz sevgisi var qanımda,
Oxuyur sevda quşu canımda.
Gecəmin zülmətinə çıraqdır,
Ağrıdan, əzablardan iraqdır,
Eşqimin ülfətindən soraqdır,
Mən onu görməmişəm yanımda,
Oxuyur sevda quşu canımda.
Vəfalı sevgili yar baratdı,
Bu yarın səadəti həyatdı,
Kim ki, bu dünyada eşqə çatdı-
İlahi diləyi var anımda,
Oxuyur sevda quşu canımda.
Şadiman ağrıya şan verməsin,
Könlünü ona nişan verməsin,
Əzrayıl gəlsə də can verməsin,
Tanrıdan mükafatdı canım da!
Oxuyur sevda quşu canımda. Ardı »

Şirinxanım KərimbəyliYar, yar

Yar, yar

Bağçamıza girəsən,
Yar, yar.
Bir dəstə gül dərəsən,
Yar, yar.
Səni candan sevəni,
Yar, yar.
Gül dibində görəsən,
Yar, yar.
Alışdıraq şamları,
Yar, yar.
Nur edək axşamları,
Yar, yar.
Gözdolusu görək hey,
Yar, yar.
Ürəkdəki kamları,
Yar, yar.
Sinəmdə qəmlərim var,
Yar, yar.
Bəbəkdə nəmlərim var,
Yar, yar.
Sənə könüldən barat,
Yar, yar.
Sevgili dəmlərim var,
Yar, yar.
Gülməsin hicranları,
Yar, yar.
Ayırır hey canları,
Yar, yar.
Şadimanın ömrünə
Yar, yar.
Bəxş elə xoş anları,
Yar, yar. Ardı »