Könül göyün bulud alar,
Şimşək ora yolun salar,
Ümidlərim tənha qalar,
Bürüyər çən, duman baxtı,
Ürəyimin dolan vaxtı.
Diləklərim çaxıb keçər,
Bağrım başın yaxıb keçər,
Bəxt ulduzum axıb keçər,
Kədər qəlbdə qurar taxtı,
Ürəyimin dolan vaxtı.
Kül altında közü neynim?
Qəlb içində sözü neynim?
Çapdı göyə, yerə beynim,
Min bir xəyal qəlbdən axdı,
Ürəyimin dolan vaxtı.
Gözdə yaşı dərya yudu,
Çeşmələrin köksün oydu,
Duyğuları başsız qoydu,
Şimşəklər tək könlüm çaxdı,
Ürəyimin dolan vaxtı.
Bu sinəmdə söz göyərdi,
Kül altında köz göyərdi,
Misralar göz-göz göyərdi,
Vərəqlərim uddu vaxtı,
Ürəyimin dolan vaxtı.
Şadimana həyat odu,
Bir Günəşdi sönməz odu,
Nalə çəkən könül udu,
Bu sinəmin için yaxdı,
Ürəyimin dolan vaxtı.
Tarix: 01.06.2015 / 11:43 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: Şirinxanım Kərimbəyli