Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəlimxan YaqubNahaq endik o dağların başından...

Nahaq endik o dağların başından...

Nahaq endik o dağların başından,
Gərək orda qal oğlu qal olaydıq.
Ömrümüzü gül ömrünə döndərib
Zirvədə qar, pətəkdə bal olaydıq.

Allaha tən, haqqa yardı zirvələr,
Yaranışdan dümağ qardı zirvələr.
Ömrümüzü ucaldardı zirvələr,
Nahaq endik o dağların başından.
Üfüqlərdə quş olmaq da gözəldi,
Şimşəklərə tuş olmaq da gözəldi,
Lap o yerdə daş olmaq da gözəldi,
Nahaq endik o dağların başından.

Ucalığı ölüm-itim haxlamır,
Peyğəmbərdi, qəlbində kin saxlamır.
Min il keçir, bir qayası laxlamır,
Nahaq endik o dağların başından.

Haqq evidi, hər daş otaq, hər kaha,
Salam verir dan yerinə, sabaha.
Təzə-təzə qovuşurduq Allaha
Nahaq endik o dağların başından.

Ruh paklaşır, yağan qardan ağ olur,
Can bərkiyir, saf poladdan sağ olur.
Dağ başında vallah adam dağ olur,
Nahaq endik o dağların başından,
Nahaq endik o dağların başından. Ardı »

Zəlimxan YaqubQəbirdən gələn səs....

Qəbirdən gələn səs....

Dünyada ən rahat yer
qəbir evidir ancaq.
Vardı bir can borcumuz,
borcu verdik qayıtdıq.

Başımıza qaxmasın
xərcimizi çəkənlər,
Canımız bahasına
xərci verdik qayıtdıq.

Endik torpağın üstən,
düşdük torpaq altına.
Qalanı təslim etdik,
bürcü verdik qayıtdıq. Ardı »

Zəlimxan YaqubHamı bu şəhərə dipdiri gəlir...

Hamı bu şəhərə dipdiri gəlir...

Şəhər dünyasıdı…
gündə meydana
ağıllısı çıxır,
dəlisi çıxır.

Hərənin bir cürə
nəfəs kəsəni,
Hərənin bir cürə
zəlisi çıxır.

Hamı bu şəhərə
dipdiri gəlir,
Hamının şəhərdən
ölüsü çıxır. Ardı »

Zəlimxan YaqubHeyf...

Heyf...

Dünyanın ən ətirli
gülütək sevdim səni,
Heyf, hansı bağçada
solmamış bir gül qaldı?

Alışan ocaq kimi
bağrıma basdım səni,
Heyf, həmin ocaqdan
bircə ovuc kül qaldı.

Bütün sevdiklərimiz
qara torpağın malı,
Nə sevilən baxışlar,
nə sevən könül qaldı. Ardı »

Zəlimxan YaqubGələcəyəm...

Gələcəyəm...

Gələcəyəm, gözlə məni,
harda olsam gələcəyəm,
Qohum kimi, qonşu kimi,
qardaş kimi gözlə məni.

Bir-bir yada salacağam,
nələr olub, nələr keçib,
Ömür kimi, tarix kimi,
yaddaş kimi gözlə məni.

Sən özünü məndən ayrı
nə yetim bil, nə arxasız.
Arxa kimi, dayaq kimi
sirdaş kimi gözlə məni.

Həyatına gələmməsəm
ölümünə gələcəyəm,
Məzarımın başındakı
bir daş kimi gözlə məni. Ardı »

Zəlimxan YaqubXəlvət...

Xəlvət...

Ulu Tanrım, nə gözəldi doğma yuva,
Xəlvət seçib bir qırağa çəkilmişəm.

Bu guşədə çıraq yanır, şam əriyir,
Ərimişəm, şam-çırağa çəkilmişəm.

Ən vəfalı iki dostum, sirdaşım var,
Bir qələmə, bir varağa çəkilmişəm.

Söhbətimin ləzzətini dadan bilər,
Elə bil ki, balam, yağa çəkilmişəm.

Yağı düşmən elə bilir mən ölmüşəm,
Kəfənlənib bezə, ağa çəkilmişəm.

Füzulitək dərd əlindən dağa çıxıb,
Qəlbimdəki göy yaylağa çəkilmişəm. Ardı »

Zəlimxan YaqubMənimki söz qəsri, söz qalasıdı....

Mənimki söz qəsri, söz qalasıdı....

Yoxdu yaş qorxusu sevilənlərə,
Doxsanın içində, yüzün içində.
Ürəyin nə qədər arzuları var,
Nə qədər istək var gözün içində.

Nə naxış gərəkdi, nə zər, daşıma,
Tale yazdığını yazar daşıma.
Söz olsun yaraşıq məzar daşıma,
Siz məni basdırın sözün içində,

Mənimki söz qəsri, söz qalasıdı,
Söz Babək qalası, Bəzz qalasıdı.
Qalsa Zəlimxandan söz qalasıdı,
Yatanda kəfənin, bezin içində. Ardı »

Zəlimxan YaqubQaçqınlıq....

Qaçqınlıq....

Bu necə ömürdü, bu necə gündü,
Köhləndən aralı, yəhərdən qaçaq.
Meh başa həsrətdi, şeh də ayağa,
Düşmüşük axşamdan, səhərdən qaçaq.

Hanı o gülyanaq, o gül dostlarım,
Mənim can dostlarım, könül dostlarım.
Yanağı kül olmuş, a kül dostlarım,
Qaçaq, bu tüstüdən, zəhərdən qaçaq.

Hərəmiz bir səmtə, bir yerə qaçdıq,
Gah xeyrə qurşandıq, gah şərə qaçdıq.
Kənddən baş götürüb şəhərə qaçdıq,
Qorxuram indi də şəhərdən qaçaq. Ardı »