Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyzli qadının ne etmesi günahdır?

Paklıq vəziyyəti pozulmuş (yəni heyz olmuş) qadının vacib ibadətlərinin bir qismi məhdudlaşır. Bunların hökmü həm Qurani-kərimin bəzi ayələrində, həm də Islam Peyğəmbərinin sünnəsində öz əksini tapmışdır.



Heyz halında olan qadın gündəlik namazları qılmamalıdır. Hətta pak olduqdan sonra belə, bu namazları qəza etməsi gərəkməz. Həmçinin, heyzli qadın oruc tuta bilməz. Oruc tutduğu gün ərzində paklığı pozulsa (heyz dövrü başlasa), orucunu pozmalıdır. Amma pak olduqdan sonra tutmadığı orucların qəzasını yerinə yetirməlidir. Namaz, oruc kimi vacib ibadətlər tam paklıq halında icra edilməli olduğu üçün, heyzli qadının bunları etməsi günahdır. Amma namaz vaxtı gələndə, bədənini və paltarını təmizləyib, dəstəmaz alıb, üzü qibləyə oturub dua edə bilər. Bu yolla həm namazı qıla bilmədiyinə görə ürəyində yaranmış nigarançılığı aradan qaldırmış olar, həm də savab qazanar. Heyzli qadının Kəbəni təvaf etməsi də haramdır.

Heyz halında olan qadının istənilən məscidə girməsi günahdır. Bəzi alimlər məscidin içində qalmamaq şərti ilə bir qapıdan girib o biri qapıdan çıxmağa, məsciddən nəyi isə götürüb dərhal oranı tərk etməyə icazə verirlər. Müqəddəs məkanlara (Məkkə, Mədinə məscidlərinə, imamların məqbərələrinə) hətta bu şərtlə də girmək qadağandır.

Heyzli qadın əlini və ya bədəninin istənilən üzvünü Quranın yazısına toxundura bilməz: “Ona (Qurana) yalnız pak olanlar toxuna bilər!” (Vaqiə, 79). Peyğəmbərlərin və imamların adları yazılmış vərəqlərə də toxunmaq olmaz. Müqəddəs adlar hansı əlifba ilə yazılsa da fərq etməz. Hətta heyzli qadının Qurani-kərimi üzündən və ya əzbərdən oxuması, Qurani-kərimin cildinə və vərəqlərinin kənarına toxunması, Quranı özü ilə gəzdirməsi məkruhdur (haram olmasa da bəyənilməzdir). Amma oxuyarkən və eşidərkən səcdə edilməsi vacib olan dörd surənin bircə kəlməsini və ya hərfini belə, oxuması günahdır. Bunlar Səcdə (32-ci), Füssilət (41-ci), Nəcm (53-cü) və Ələq (96-cı) surələrdir.

Heyzli qadın cinsi əlaqədə ola bilməz: “Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın” (Bəqərə, 222). Əgər kişi öz həyat yoldaşının heyzli olduğunu bilə-bilə onunla cinsi əlaqədə olsa, günah qazanır, bundan əlavə kəffarə (cərimə) ödəməyə borcludur. Heyzli qadının əri onunla cinsi əlaqədən savayı, halal şərtlər daxilində başqa cinsi ləzzətlər ala bilər; bunda heç bir maneə yoxdur.

Heyz halında olan qadına talaq verilməz: “Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın” (Talaq, 1). Bu hökm cəfəri məzhəbinə məxsusdur, əhli-sünnə məzhəbində qadına heyz halında verilmiş talaq bidət talağı adlanır, arzuedilən deyil, amma səhih sayılır.

Heyzli qadının saçına rəng qoyması, saçına və əllərinə həna yaxması məkruhdur (bəyənilməzdir).

Qeyd edək ki, yuxarıda göstərilən məhdudiyyətlər qadının heyz halında ikən həyatdan və yaxınları ilə ünsiyyətdən məhrum olması mənasını vermir. Islamdan əvvəl istər cahiliyyə ərəbləri, istərsə də başqa dinlərin nümayəndələri heyzli qadına əskik gözlə baxır, onunla hər hansı təmasdan çəkinir, onu murdar sayır, hətta pak olduqdan bir həftə sonraya qədər onunla bir süfrə arxasında yemək yemirdilər. Islam heyz məsələsini qadının fizioloжi quruluşundan irəli gələn bir hal sayır. Heyzli qadın yalnız ibadət sarıdan bəzi çərçivələr içərisinə düşmüş olur. Heyz müddətində ətrafdakıların qadına münasibəti, qadının cəmiyyətdə, ailə içində mövqeyi qətiyyən dəyişikliyə uğramaz.


Tarix: 21.11.2012 / 23:38 Müəllif: [Ram] Baxılıb: 1879 Bölmə: Ən çox verilən suallara cavablar
loading...