Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəbirə dəstəmazı - Dəstəmaz üzvündə yara olarsa dəstəmaz necə alınır

Cəbirə - Sınıq, yara və bəzi xəstəliklər zamanı bədən üzvünün üzərinə bağlanan sarğıya və çəkilən dərmana deyilir.

Bu zaman şəriətə uyğun şəkildə alınan dəstəmazı “cəbirə dəstəmazı” adlandırırlar. Ümumiyyətlə, bədən üzvlərindəki yaranı su ilə yumaq, eləcə də, məsh etmək zərərli deyilsə, onda adi qayda ilə dəstəmaz almaq lazımdır. Yəni yuyulmalı olan bədən üzvləri yuyulmalı, məsh edilməli bədən üzvlərinin üzərinə məsh çəkilməlidir.
Əgər yara dəstəmazda yuyulmalı olan bədən üzvünün hamısını deyil, bir hissəsini örtürsə və onu yumaq zərərlidirsə, mümkün halda həmin bədən üzvünün yarasız hissələri adi qaydada yuyulur, yaranın üzərinə isə yaş əllə məsh çəkilir. Əgər yaranın üzərinə məsh çəkmək də mümkün deyilsə (məsələn, dərman çəkilibsə), onda təmiz parça salınır və onun üzərinə məsh edilir. Əgər yara dəstəmaz zamanı məsh çəkilməli olan bədən üzvündədirsə və bilavasitə onun üzərinə məsh çəkmək mümkün deylisə, onda yaranın üstünə təmiz parça salınır və parçaya məsh çəkilir. Əgər yara sarğı ilə örtülübsə və sarğı pak deyilsə (məsələn, qan və ya nəcəs dərman sarğının üzünə hopubsa), bu halda yenə sarğının üstünə pak parça salıb məsh etmək gərəkdir. Əlbəttə, sınıq, çıxıq və sairə hallarda gipsin üzərindən bağlanan tənzif sarğısı pakdırsa, onun üzərinə əlavə parça salmağa ehtiyac yoxdur; həmin tənzif sarğısının üzərinə məsh çəkmək kifayətdir. Cəbirə dəstəmazından sonra təyəmmüm etməyin lazım olub-olmamasında məzhəblərin və alimlərin fikir ayrılıqları vardır. Yaranın vəziyyətindən və bədən üzvünü əhatə etmə dərəcəsindən, cəbirənin pak olub-olmamasından, yara ilə birlikdə sağlam hissələrin də örtülüb-örtülməməsindən asılı olaraq, bəzi hallarda cəbirə dəstəmazı aldıqdan sonra həm də təyəmmüm etmək tələb olunur.
Yara, sınıq və sairə sağaldıqdan, sarğı açıldıqdan sonra cəbirə dəstəmazı öz hökmünü itirir; artıq növbəti namazlar üçün adi qaydada dəstəmaz almaq lazımdır.


Tarix: 21.11.2012 / 23:37 Müəllif: [Ram] Baxılıb: 739 Bölmə: Ən çox verilən suallara cavablar
loading...