Ən çox verilən suallara cavab silsiləsindən
Təqlid – lüğəti mənada nəyi isə boynundan asmaq deməkdir. Ərəb dilində boyunbağıya “qiladə” deyirlər. Dini anlamda isə təqlid – şəriət hökmlərində savadlı və geniş dünyagörüşlü bir alimin (müctəhidin) fətvalarına (dini göstərişlərinə) əməl etməyə deyilir.
Təqlidin zəruriliyi adi məntiqə əsaslanır. İnsanların heç də hamısı dini hökmləri öz mənbələrindən çıxarmağa qadir deyillər. Dini hökmlərin əsas mənbəyi Qurani-kərim və sünnədir. Qurani-kərimdə İslamın yalnız əsas prinsipləri izah edildiyi üçün, alimlər şəriətin xırdalıqlarına Peyğəmbərin və imamların davranış və kəlamlarında cavab tapmağa çalışırlar. Bu mənbələrdən müxtəlif dini və məntiqi metodlarla şəriət hökmlərini əldə etməyə ictihad deyirlər. İctihad çox dəqiqlik tələb edən çətin bir prosesdir. İctihad edən şəxs (ona müctəhid deyirlər) ərəb dilinin bütün incəliklərini, Qurani-kərimi, onun təfsirini, ayələrin nazil olma səbəblərini, hədisləri, hədislərə aid olan elmləri (xüsusilə, hədis ravilərinin həyatını və mötəbərliyini öyrənən rical elmini), fiqh və üsuli-fiqhi, kəlamı, məntiqi mükəmməl bilməli, eləcə də nücum (astronomiya), coğrafiya, tibb, psixologiya və sairə dünyəvi elmlər barədə kifayət qədər məlumat sahibi olmalıdır. Üstəlik, yaşadığı dövrün ictimai-siyasi mənzərəsini düzgün qiymətləndirməyi bacarmalı, müsəlmanların mənafeyini qorumağın müasir yollarını bilməlidir. Bütün bu keyfiyyətlər uzun illik gərgin təhsildən sonra qazanılır. Insanların yalnız cüzi hissəsi bu məqama çata bilər. Ona görə də “bilənlər bilməyənlərdən öyrənsin” qaydasına görə, qalan insanlar öz dini məsələlərini müctəhidlərin tövsiyəsinə əsasən həll etməlidirlər.
Bir çoxları elə düşünür ki, din heç bir qayda-qanuna tabe olmayan, hamı üçün açıq olan bir sahədir və hər kəsin bu sahədə söz demək səlahiyyəti var. Bu insanlar səhv olaraq düşünürlər ki, din hər kəsin qəlb və vicdan işi olduğu üçün, hər kəs dini həyatı öz bildiyi və anladığı şəkildə yaşaya bilər. Düzdür, inanmaq ya inanmamaq məsələsi hər kəsin şəxsi işidir və burada məcburiyyət yoxdur. Amma dindar insan ununtmamalıdır ki, inanmaqla hər şey bitmir. Allaha məhz Allahın istədiyi şəkildə ibadət etmək, halalla haramı fərqləndirmək lazımdır.
Din dəqiq elmdir. Dinin öz möhkəm qayda-qanunları var və bu qayda-qanunları hər kəsin şəxsi istəyinə görə dəyişmək yolverilməzdir. Bu mənada dini tibb elmi ilə də müqayisə etmək olar. İnsan öz sağlamlığını qorumaq istəyirsə, bunu özbaşına tərzdə etməsə daha yaxşıdır. Tibbi savadı olmadan, tibbi avadanlıqlara əli çatmadan və onlarla işləməyi bacarmadan öz-özünə diaqnoz qoyan və kor-koranə müalicə olunan adamın aqibətini təsəvvür edirsinizmi? Bu özfəaliyyət ona həyatı bahasına başa gələ bilər. Dini sahədə də səlahiyyəti çatmadan fikir yürüdən və şəriətə öz anladığı kimi əməl edən adam ən azından özünü axirət aləmində mənfi sonluğa məhkum etmiş olur.
Təqlid məsələsində bəzi mühüm qaydalar vardır:
Birincisi, üsuli-dində kimə isə təqlid etmək olmaz. Yəni Allaha, peyğəmbərə, axirətə başqasının sözü və tövsiyəsi ilə iman bəsləmək düzgün deyil. Insan özü bu istiqamətlərdə düşünməli və bu məsələlərə yəqinlik əldə etməlidir. Çünki təqlid edən şəxs sanki məsuliyyəti başqasının boynuna atmış olur. Amma yuxarıdakı mühüm və prinsipial məsələlərdə cavabdehliyi özgənin boynuna atmaq olmaz, əks halda insan heç iman gətirməmiş sayılar. Həm də Allahın varlığını anlamaq, peyğəmbərlərin müqəddəsliyini dərk etmək, ölümdən sonra başqa bir aləmin mövcudluğunu başa düşmək üçün heç kimin köməyinə ehtiyac yoxdur. Bunun üçün ətrafa bəsirət gözü ilə nəzər salmaq kifayətdir. Ona görə istər Quran ayələri, istərsə də hədislər bizləri düşünməyə, gördüklərimizdən ibrət almağa çağırır.
Amma fürui-din adlanan ibadət qaydalarına aid məsələlərdə təqlid etmək olar və hətta əksəriyyət üçün bu, vacibdir. Məsələn, namaz qılmağın vacibliyini hər kəs Quranı (hətta tərcüməsini) oxumaqla anlaya bilər. Çünki Müqəddəs Kitabda dəfələrlə “namaz qılın” əmri verilir, amma bunu nə şəkildə etmək göstərilmir. Namazın vaxtından, namaz qılanın məkan və libas şərtlərindən tutmuş, namaz əməllərinin ardıcıllığı və şəklinə kimi hər şey müqəddəslərin hədislərində verilib. Hər mövzuda hədislərin sayı çoxdur, hətta bəzi hədislər ilk baxışda ziddiyyətli görünür. Onları oxuyub öyrənmək, mübahisəli məqamlara aydınlıq gətirmək, daha üstün cəhəti ayırd etmək isə müctəhidə qismət olan bacarıqdır.
Beləliklə, aydın oldu ki, insan şəriət əməllərini düzgün yerinə yetirmək istəyirsə ya özü mükəmməl dini təhsil alıb müctəhid olmalı (din alimlərinin bunu təsdiq etməsi şərti ilə), ya da müctəhidə təqlid etməlidir. Amma insanın bunlardan başqa daha bir yolu da var. Bu, ehtiyata əməl etmək yoludur; yəni Islam tarixi boyunca indiyə kimi yaşamış bütün alimlərin əsərlərini oxuyub tədqiq etmək və onların fətvalarını ümumiləşdirmək. Ehtiyata əməl edən adam çalışmalıdır ki, hətta bir alimin haram saydığı əməli belə, etməsin. Yəni, hər hansı məsələ barədə keçmiş və müasir müctəhidlərin əksəriyyəti “halaldır” desələr, amma cəmi bircə müctəhid bunu haram bilsə, həmin əməli o da haram kimi qəbul etsin. Və ya bütün müctəhidlər bir əməli müstəhəb saysalar, amma bir müctəhid “vacibdir” fətvasını vermiş olsa, həmin əməli o da vacib bilib yerinə yetirsin. Göründüyü kimi, ehtiyata əməl etmək çox çətindir. Ona görə də hazırlığı olmayan adamlar üçün ən asan yol təqlid etməkdir.
Qeyd edək ki, təqlid məsələsi həm əhli sünnə, həm də cəfəri məzhəbində qəbul edilir.
Şiə (cəfəri) məzhəbinə görə, insan ibadət əməllərinə başlayarkən, mütləq diri (sağ) olan müctəhidə təqlid etməlidir. Amma bir müctəhidin sağlığında ona təqlid edən şəxs müctəhidin vəfatından sonra da ona təqlid etməkdə qala bilər. Bir müctəhidə təqlid etdikdən sonra onun təqlidini buraxıb başqa bir ölü müctəhidə təqlid etməyə başlamaq olmaz. Təqlidə başlayan şəxs üçün mütləq diri müctəhidin vacibliyi ona əsaslanır ki, dünya inkişaf etdikcə, dünyanın siyasi vəziyyəti, müsəlmanların şəraiti dəyişdikcə, təzə fətvalar verməyə və köhnə fətvalara yenidən baxmağa ehtiyac yaranır, mövcud şərait müsəlmanların mənafeyini fərqli şəkildə dəyərləndirməyi tələb edir.
İnsan hər müctəhidə təqlid edə bilməz. Yuxarıda dediyimiz kimi, müəyyən elmi səviyyəyə çatdıqdan sonra bəzi şəxslər dini hökmləri öz mənbələrindən çıxara bilirlər. Amma onların fətvaları yalnız özləri üçün keçərlidir, başqalarına fətva vermək səlahiyyəti hələ onlara verilməyib. Təqlid edilməyə layiq olan müctəhid bəzi şərtlərə sahib olmalıdır. Belə müctəhidə “cameüş-şərait”, yəni şərtləri özündə birləşdirən müctəhid deyirlər. Müctəhidlərin arasında daha çox elmli, ədalətli və siyasi cəhətdən savadlı müctəhidə təqlid etmək lazımdır. Əgər bu şərtlər baxımından bir neçə müctəhid bərabər səviyyəli sayılırsa, onlardan hər hansı birinə təqlid etmək olar. Müctəhidin ən elmli olduğunu ya insan özü araşdırıb müəyyən etməlidir (savadı çatırsa), ya bu barədə inandığı iki ədalətli və elmli şahidin sözünə inanmalıdır, ya da bir qrup elmli adamın (onların ədalətli olub-olmadığini yoxlamadan) sözünə etibar etməlidir.
Müctəhidə təqlid etmək üçün onu şəxsən görmək və fətvasını eşitmək vacib deyil. Müctəhidin fətvasını etibarlı mənbələrdən (risalədən, video və ya audio yazıdan) əldə etmək kifayətdir; sadəcə olaraq bu mənbənin etibarlı olduğunu öyrənmək lazımdır. Hətta müctəhidin risaləsini oxuya bilməyən adam da ona təqlid edə bilər. Bunun üçün həmin müctəhidə təqlid edən etibarlı bir şəxsdən zəruri məsələləri soruşub öyrənmək də bəs edər.
Bəzən elə insanlara rast gəlirik ki, uzun müddət öz ibadətlərini təqlidsiz olaraq yerinə yetiriblər. Yəni müctəhidə təqlidin vacib olduğunu bilmədikləri üçün ya şəriət əməlləri barədə hər hansı ümumi kitabdan, ya ölü müctəhidin risaləsindən, ya da tanış dindarın şifahi sözlərindən öyrənib əməl ediblər. Belə şəxslər təqlidin vacibliyini bilən kimi dərhal şərtlərə cavab verən diri müctəhidə təqlid etməyə başlamalıdırlar. Keçmiş əməllərini də ya indi təqlid etdikləri müctəhidin fətvaları ilə, ya da o zaman təqlid etməli olduqları müctəhidin fətvaları ilə müqayisə etməlidirlər (yəni ola bilər ki, onlar ibadət etdikləri keçmiş dövrdə təqlid şərtlərinə cavab verən başqa müctəhid yaşayırmış, indiki müctəhid o zaman təqlid olunmağa münasib deyilmiş). Əgər onun keçmiş əməlləri bu fətvalara uyğun olubsa, onları düzgün saymalıdır. Amma hansı məsələlərdə ciddi uyğunsuzluq varsa, onları qəza niyyəti ilə təzədən yerinə yetirməlidir. Ciddi uyğunsuzluq deyərkən, məsələn, ibadətlərin rüknlərində səhv etmək (rüknün nə olduğunu bilmək üçün risaləyə baxmalı) nəzərdə tutulur. Müstəhəb və ya məkruh əməllərdə səhv etmək bura aid deyil.
Əhli-sünnə məzhəbində də təqlid hökmü vardır. Amma şiələrdən fərqli olaraq, sünnilərin diri müctəhidə təqlid etməyə başlamaları vacib deyil. Yəni bu gün namaza başlayan əhli-sünnə müsəlman 500 il bundan əvvəl yaşamış bir alimin kitabına da əsaslana bilər. Yalnız bəzi radikal cərəyanlara mənsub olan məhdud sayda müsəlmanlar təqlidi batil bilirlər.
Əhli-sünnənin 4 ən məşhur məzhəbinin - Hənəfilik, Şafiilik, Malikilik və Hənbəliliyin baniləri olan İmami-əzəm Əbu Hənifə, İmam Şafii, İmam Malik ibn Ənəs və İmam Əhməd ibn Hənbəl də məhz öz dövrlərinin böyük müctəhidləri olublar.
Tarix: 21.11.2012 / 23:35 Müəllif: [Ram] Baxılıb: 1738 Bölmə: Ən çox verilən suallara cavablar