Dərdim bahar buludu,
Dərdim buğda unudu.
Qoymur məni üşüyəm,
Sanki dəvə yunudu.
Satmaram, dünya verib,
Alan ola.
Sən kimsən
dərdimi çəkəsən?
Dərdim mənə əzizdi,
Get dərdini çək sən.
İşıq əllərini yanına salıb,
Günorta namazı qılır al Günəş.
Enib üfüqəcən, səhərə kimi
Tanrı səcdəsində qalır al Günəş.
Gözlərim çiçəklənib;
yoluna göz dikdiyin,
Deyilməyən,
Dilimlənib yeyilməyən,
Hələ
Qeybətlənməyən,
Qiymətlənməyən
Sözdən gəlirəm!
O sözdən ki;
Yer üzünə gələcək,
Bəlaları siləcək!
O sözdən ki,
Tanrı belə dözməyir,
O da onu gözləyir!
Əlimi qoymuşam sinəmin üstə,
Ürəyim əlimlə pıçıldaşırdı.
Bu, ona, o, buna
Nə dedi, nə demədi, bilmirəm.
Nə o Məcnundu,
Nə bu Leyli,
Hər ikisi
Məndən gileyli.
İşıq sayğacı kimi
Ömrüm yazır günlərimi,
illərimi...
Bir gün
hesablayıb yazacaqlar;
enerji sərfimi,
ömrümdəki səhvimi.
Ömrümün
kordioqrammasını çıxardacaqlar,
Deyəcəklər
Ömrüm necə döyünüb,
harda söyülüb,
harda öyünüb?
harda döyülüb!..
Gözlərinin şüası
Lazer şüası kimi
Kəsib içimdə kini,
Azadlığa buraxıb
içimdəkini.
Kinimin
kəsilmiş budaq kimi
Tökülür yarpaqları...
Tarix: 04.06.2015 / 17:56 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: İsgəndər Etibar