Bir dilim alovsan,
Şölələnirsən.
Yandırıb-yaxırsan,
Külə dönüncə.
Sən də sönərsən,
Kül qalıb torpaqda
Gülə dönüncə.
Çətin səni unudam
həsrətindən kövrələn
Bir əlçim buludam;
Yağıram misra-misra.
Dünyaya deyib sözümü,
Tanıtdım özümü...
Özü bilsin,
Saxlayır, saxlasın,
Silir, silsin izimi.
Bu, ondan şirindi,
O, bundan incə.
Gözəllərdən doymadım,
Doymaram ölüncə.
Doymaq olmur,
Gözəldi yaman;
Hiyləsindən
Aman! Aman!..
Mənim ömrüm bir dəniz,
Sən, üzməyi bacarmayan
Bir insan.
Atılma mənə, batarsan.
Mən Kürəm, sən Araz,
Qatılma mənə, itərsən.
İskəndər odlu,
İskəndər adlı
Bir nağıl vardı,
Tanrı vermişdi,
Tanrı da aldı.
Lütəm,
Lüm-lütəm, Allah,
mənə isti köynək ver.
Böyük sevgi vermisən,
Bir az da göynək ver.
Hər yazan şair deyil,
Hər yazı şer deyil,
Ruh gəlir sözə, şerə
Onda ki, şair deyir.
Gedirəm hara,
Xaqani taleyi izləyir məni,
Qarabaqara.
Dindirmə, səs salma, diksinə bilər
Könlüm həsrətinin vüsalındadır.
Elə şirinləşib, isnişib mənə,
Həsrətin sevgimin vüsalın dadır.
Gözlərimdə yaş qurumaz,
Damla-damla qırılmaz,
Axıb gedər çay kimi.
Gözlərimdə yaş qırmızı,
Baxdın, baxdın, bilmədin,
Xəbərdaram zülmündən,
Zalım qızı!...
Bu nə həqiqətdi,
Bu nə hikmətdi
durub qarşımda?!..
Mən bu yaşımda
Qaymaq dodaqların
qaymağın yedim,
- Doymadım! - dedim.
Ayırdın! Südəmər uşaqlar kimi
Qaldım çığıra-çığıra.
Bir də o həyat,
Bir də o çağ ola!
Tarix: 04.06.2015 / 17:56 Müəllif: Aziza Baxılıb: 254 Bölmə: İsgəndər Etibar