Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pərpətöyün Turşusu

Pərpətöyündən sarımsaqlı qatıqla salat hazırlamaqdan savayı daha nə etmək olar? Əlbətdə ki turşuya qoymaq. Hazırlayın,çox güman ki bu dadına baxdığınız ən ləzzətli şey olacaq. Mən bu dadı çox sevirəm. Bakıda böyüyüb boya-başa çatdığım zamandan bu yana bağımızda bol yetişən pərpətöyündən özüm turşu qoymuşam. Xırçıldayan, xoş turşməzə, maraqlı tamı olan pərpətöyün turşusu xüsusi ilə ət yeməkləriylə birgə yeyiləndə gözəl olur. Kaliforniyadakı bağımızda pərpətöyün cücərmədiyindən mən onu fermer bazarından alıram.
Pərpətöyün Turşusu
2 litrlik banka üçün
1 kq pərpətöyün (gövdə və yarpaqlarıyla birgə)*
5-6 diş sarımsaq
4 quru dəfnə yarpağı
5-6 qara istiot dənəsi
3 xörək qaşığı iri xörək duzu
4 fincan üzüm sirkəsi ilə 2 fincan suyun qarışığı.
Hazırlanması:
Qaynar suda istifadə ediləcək banka sterilizə edin və tamamilə qurudun. Pərpətöyünün kökünü kəsib təmizləyin. Yarpaqlarından və gövdəsindən torpaq təmizlənənə qədər yaxşıca yuyun. Aşsüzəndən suyunu tamamilə süzün. Pərpətöyünü bankaya yığın,sarımsaq,dəfnə yarpağı,istiot dənələri və duzu üzərinə əlavə edin. Sirkə+su qarışığını bankadakı pərpətöyünün üzərinə çıxanadək tökün. Bankanın ağzını möhkəm bağlayın. Ədviyyat bankanın hər tərəfinə bərabər yayılsın deyə bir neçə dəfə yüngülcə bankanı o yana-bu yana çevirin. İstifadə etməzdən öncə ən azı 4-5 gün sərin yerdə saxlayın.
*Konservləşən zaman pərpətöyün az bir vaxtda büzüşüb yığılır, yaxşı olar ki soyuducuda əlavə pərpətöyün saxlayasız və lazım olanda təzə pərpətöyünü əvvəlkinin üzərinə əlavə edib bankanı doldurasız.


Tarix: 24.11.2014 / 11:15 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Turşular
loading...