beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alça turşusu

Alça turşusunu iki cür hazırlamaq olar - şəkərli və şəkərsiz. Həmçinin onu pasta kimi bankada, yaxud da lavaşana kimi büküb saxlamaq da olar.

Şəkərsiz alça turşusu

Sarı, yetişmiş alçaları yuyun, aşsüzənə yuyun, suyunu süzün. Quruyandan sonra şirli ləyənə yığın. Əlinizlə əzin (bu ondan ötrü lazımdır ki, azca suyu çıxsın və bişirəndə dibi yanmasın). Sonra vam ocağın üstünə qoyun, taxta qaşıqla durmadan qarışdırın. Dənələri lətindən tam ayrılanda ocaqdan götürün. Soyuyandan sonra aşsüzən və ya ələkdən keçirin, qabığı və dənələrindən tam ayırın. Azacıq duz da vura bilərsiniz. (Turşunu bu halında pasterizə edilmiş bankalara yığıb bağlaya bilərsiniz, o zaman tomat pastası kimi alınacaq). Bir qədər kərə yağını tavaya qoyun. Ocağın üstündə ağ tüstüsü çıxanadək qızdırın. Sonra bunu hamar taxta, yaxud kartonun üzərinə çəkin. Alça püresini 0,5 sm qalınlıqda onun üstünə yaxın. Yağı ona görə çəkirlər ki, quruyandan sonra lavaşana rahat çıxsın və cırılmasın. Bunu günəşin qabağına qoyun. 2-3 günə quruyacaq. Qıraqlarını bıçaqla qaldırıb ehtiyatla çıxarın. Lavaş kimi bükün.

Şəkərli alça turşusu

Tərkibi:
2 kq alça
1 st. su
1,5 kq şəkər tozu (bunu 1 kq-a alçaya 100 q da götürmək olar, istəyə görə qədəri dəyişir)
kərə yağı

Yetişmiş alçanı yuyub, saplağını təmizləyin. Emallı ləyənə yığıb üstünə su tökün. Vam odda (80 dərəcə) 25 dəqiqə bişirin. Sonra ələkdən keçirin. Yenə şirli ləyənə yığıb şəkər tozu əlavə edin, yarısı qalanadək vam odda bişirin. Bunu da yağ çəkilmiş taxta və ya karton lövhənin üzərində quruda bilərsiniz. Həmçinin yağlanmış sininin içinə bərabər qaydada yayıb 40-50 dərəcə qızdırılmış sobada 2-3 saat, sobanın qapağı azca açıq olmaq şərtilə quruda bilərsiniz. Bəzən pastilanı 2 sm qalınlıqda yayıb qurudur, sonra parçalara bölürlər.

Nuş olsun!


Tarix: 24.11.2014 / 11:12 Müəllif: Aziza Baxılıb: 108 Bölmə: Turşular