beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN AYINDA TƏNBƏLLİYİMİZİN QARŞISINI ALAQ!

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd və səna olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu Muhəmmədə (s.a.s), eləcə də Onun (s.a.s) qohumlarına, yaxınlarına və səhabələrinə.

Əziz və hörmətli müsəlmanlar, dəyərli oxucularımız! Dönə-dönə sizə yenə də xatırladırık ki, Ramazan ayı müsəlmanlar üçün Allahdan olan çox böyük nemətdir. Kimlərsə Ramazana 2-3 gün qalmış dünyasını dəyişdi, kimlərsə Ramazan girən kimi, kimlərsə bir neçə gündən sonra. Sən bunu oxuyursan və sən hələ sağsan, bu nemət sənə də nəsib olub.

Əziz müsəlmanlar! Allahu Təalanın nemətlərini dərk etmək və onları bir-bir sayıb dəyərləndirmək insana yenidən qüvvət verə bilər, insanın daxilində yenidən bir həvəs oyada bilər. Biz Allaha əhd vermişik ki, bu həyatda olan müddətdə yalnız və yalnız Ona (c.c.) ibadət edəcəyik və heç bir zaman şirk etməyəcəyik. Buna görə də bir gün ibadət edib, bir gün istirahət etməyəcəyik, çünki bizim həyatımız özü başdan ayağa ibadətdir, əgər biz həyatda düzgün formada yaşaya bilsək.

Artıq Ramazan ayının üçdə iki hissəsi gedib və qalıb üçdə bir hissəsi. Heç oturub özümüzü hesaba çəkmişikmi? Ramazan ayında nə etdik, keçən günlərimizdə nələri etdik və hansı vacibləri buraxdıq, hansı yaxşı əməlləri görə bilmədik? Təbiidir ki, bir müddət keçdikdən sonra biz daxilimizdə bir yorğunluq və tənbəllik hiss edirik. Bu artıq hamımıza tanış haldır ki, Ramazan ayının ilk günləri hamı həvəslə və sevinclə ibadət edir, savab əməllər görür, xeyir işlərə qatılır. Ramazan ayının ortasına çatar-çatmaz artıq tənbəlləşirik və sanki əldən düşürük. Özümüzdə ibadətlərə qarşı bir nöqsan, əksiklik hiss edirik. Hətta içimizdə həvəs olmadığından, etdiyimiz ibadətlərdən həzz ala da bilmirik, hər şey quru-quru olur. Ramazan ayının əvvəlində məsciddə namaz qılanların sayına baxsan, indi o sayı görmək olmur artıq. Ramazan ayının əvvəlində çoxlu Qur'an oxuyanlar, indi oxuduqlarını azaldıblar, bəlkə də heç oxumurlar.
Məncə bu mübarək və müqəddəs ayda tənbəllik etmək bizə yaraşmaz. Bu xeyirli ayın bircə gününü faydasız keçirmək ziyandır.
Bəlkə də bəzilərimiz ayın əvvəlində etdiyimiz ibadətlərin ibadət olduğunu hiss edərək yerinə yetirirdik, bir müddət sonra isə bu artıq bir adət halına çevrildiyi üçün insan özündə tənbəllik hiss edir.
Bəs bütün bunların qarşısını necə alaq?!


Birinci: Hər an və hər gün xatırlayaq ki, biz Allahu Təala üçün oruc tuturuq, niyyətimizi bir anlıq yeniləyək və orucu niyə tutduğumuz haqda dərindən düşünək. Xatırlayınki "Əməllər niyyətlərə görədir", etdiyimiz əməlində niyyətini təmiz edək, bunu quru-quru etməyək, əvvəcə düşünək və hiss edək.
İkinci: Orucun adi bir hal, yaxud da adət halına çevrilməməsi üçün, orucun fəzilətini və onun mükafatını hər gün fikirləşək. Artıq çoxlarımız üçün oruc bir adət forması alıb. Sadəcə səhər durub yeyir yatır, axşam da orucunu açır. Lakin bunu hiss etmək lazımdır, orucun mükafatını hər xatırlamaq lazımdır, orucun Allah qatında necə böyük bir əməl olduğunu dərk etmək lazımdır, orucu tutarkən gün ərzində oruc olduğunu xatırlamaq və günahlardan çəkinmək lazımdır. Xatırlaki Peyğəmbərimiz (s.a.s) buyurmuşdur: ((Ramazan ayını imanla və mükafatını Allahdan istəyərək oruc tutan şəxsin keçmiş günahları bağışlanar)). Orucumuzu imanla, mükafatını Allahdan istəyərək və onu hiss edərək tutaq!
Üçüncü: Oruc, Qiyamət günü insana şəfaətçi olacaqdır, deyəcək ki; ey Rəbbim mən onu yeməkdən və şəhvətdən çəkindirdim, gündüz vaxtı şəhvətlərindən çəkindirdim, mənə görə şəfaət et ona! Həm də ey müsəlmanlar, Peyğəmbərimizin (s.a.s) bir hədisi də varki: ((Allahu Təala belə deyir: Adəm oğlunun bütün əməlləri onundur, yaxşı əməli 10 mislinə qədər və hətta 700 mislinə qədər yüksəldilir, orucdan başqa. Oruc Mənimdir və onun mükafatını Mən özüm verəcəm))
Dördüncü: Orucun fəzilətləri haqqında heç düşünmüsənmi? Oruc tutanın iftar edərkən hiss etdiyi sevinc və rahatlıq - Allahu Təala ilə qarşılaşacağı gün olan sevinci - Cənnətdəki "Rəyyan" qapısı, hansı ki, ordan yalnız oruc tutanlar daxil olacaqlar - Oruc tutanın ağzının qoxusu ki, o, Allah Təala qatında misk ətrindən də gözəldir - Cənnətin qapılarının açılması - Cəhənnəm qapılarının bağalnması - Şeytanların qandallanması. Bütün bunları düşünün və qoymayın orucunuz adət halına çevrilsin!
Əziz müsəlman, Peyğəmbərimiz (s.a.s) başqa bir hədisini də xatırla: ((Allahu Təalanın atəş əzabından qurtulanları olacaq və bu hər gecə olacaq)) Bəlkə cəhənnəm atəşindən qurtulanlardan biri də sənsən. Bəlkə sən məhz Ramazan ayının ortalarında bu qurtulanlardan oldun. Çalış tənbəlləşmə, orucu adət kimi tutma, qurtulanlardan olmağa can at!
Beşinci: Hörmətli müsəlmanlar! Çalışın ibadətlərinizi və xeyir əməllərinizi çoxaldın, bir əməldən yapışıb durmayın! Oruc tutmaqla bərabər nafilə namazları, gecə namazları, Qur'an oxumaq, kimizə yedirmək, kiməsə iftar vermək, kiməsə əl tutmaq kömək etmək, zəkat vermək, sədəqə vermək və sairə kimi çox sayda xeyir əməllər edin. Bunların insanın tənbəlliyinin qarşısın alır, hər gün yeni bir şey edərək insan həvəslənir.
Altıncı: Allaha dua etmənin ləzzətindən məhrum olmayın! Ona (c.c.) sidq ürəkdən, inam və imanla dua edin, Ondan sevərək və ehtiyacınızı hiss edərək istəyin! Allaha yalvarmağın, dua edib istəməyin, bağışlanma diləməyin ləzzətini hiss etməyə çalışın!
Yeddinci: Xatırlayın ki, Ramazan ayı keçəcək, gələn Ramazan gəlincə nə qədər keçəcək?! Uzun müddət Ramazan ayı gözləyəcəyik, həsrət qalacayıq. Bu ayda olarkən ondan səmərəli istifadə edək ki, sonra peşman olmayaq.
Səkkizinci: Hər an özünüzdə bunu təkrar edin ki, siz orucu yalnız Allah üçün tutursunuz, Onun (c.c) əmri olduğu üçün və yalnız Onu (c.c) razı salmaq üçün edirsiniz.
Doqquzuncu: Namaza gedən qardaşlarımız! Çalışın məscidə gedərkən vaxtında gedin, xüsusilə də təravih namazına gedirsinizsə çalışın işa (yastı) namazına vaxtında çatın. Çünki fərz namazı nafilə namazından daha əhəmiyyətlidir.
Namaza gedərkən, kiminsə səsinin gözəlliyinə görə məscidləri seçərək getməyin! Namaza, Allahu Təalanın sözlərini eşidəcəksiniz deyə gedin, buna həvəs göstərin, buna rəğbət bəsləyin! Allahu Təalanın sözlərini eşidərkən onu dərk edin, onu hiss edin! Allahu Təala ayələrində rəhmət, əzab, savab, mükafat, cəza, hekayə, misal, Qiyamət haqqında danışır. Bu ayələr oxunarkən onları qəlbdə hiss etmək lazımdır.
Bəzi insanlar dua oxunarkən yaman təsirlənirlər, amma Allahu Təalanın ayələri oxunarkən belə təsirlənmirlər, bu da bizlərə yaraşmaz.
Ucadan ağlamaq lazım deyil, duyğularını içində gizlət və daxilində ağla, heç kimə göstərmə!
Onuncu: Çoxları suhur yeməyinə qalxmırlar, tənbəllik edirlər, bunu etməklə sabah namazını da keçirirlər. Bilmirsinizmi ki, Allahu Təala və mələkləri, suhur vaxtı duranlara salam oxuyurlar, suhur vaxtında böyük bərəkət vardır, bunu etməklə bir yəhudilərdən və xristianlardan fərqlənirik, bunu etməklə orucu daha da yaxşı tuturuq, bunu etməklə sabah namazını da keçirmirik.


Allahu Təala bizim iradəmizi gücləndirsin, bizə ibadət etməkdə qüvvət versin, niyyətlərimizi xalis etsin!


Tarix: 06.01.2013 / 16:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 645 Bölmə: Ramazan