beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucla əlaqəli fətvalar (1-ci hissə)

Ramazan ayının başlanması, bitməsi və ayı görməyin hökmləri:

1.Sual: Qəməri ayların başlanması hansı yolla isbat edilir?
Cavab: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərə əsasən şaban ayının otuzuncu gecəsi günəş batandan sonra yeni doğmuş ayı bir nəfər, yaxud ramazan ayının otuzuncu gecəsində isə iki nəfər inamlı müsəlmanın görməsi kifayətdir. Beləliklə ayın əvvəli və sonu təyin edilir. Artıq günəş batandan sonra təzə doğmuş ayın neçə dəqiqə görsənməsi əhəmiyyət kəsb etmir.
(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi)

Ayın çıxışlarını isbat etmək üçün təqvimlərə əsaslanmaq olmaz.
2.Sual: Bəzi islam ölkələrində, müsəlmanlar oruc tutmaq üçün ayın görsənməsinə deyil, təqvimlərə əsaslanırlar. Bu nə dərəcədə doğrudur?
Cavab: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müsəlmanlara: "Təzə doğmuş ayı görməklə oruc tutmağı və onu görməklə də oruclarını açmağı əmr etmişdir. Ayı görmək mümkün olmadıqda isə otuz günü tamamlamağı əmr etmişdir"(Buxari və Müslim). Digər hədisdə isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Biz yazıb-oxumaq bilməyən və ayları sayla hesablamayan ümmətik. Ayın günləri bu qədərdir deyib əl barmaqları ilə işarə etdi." Yəni, ayın iyirmi doqquz və ya otuz gün olduğunu vurğuladı". Səhih Buxaridə Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: "Yeni doğmuş ayı görməklə oruc tutun və onu görməklə də orucunuzu açın. Əgər ayı görə bilməsəniz onda şaban ayını otuz gün hesablayın". Başqa hədisdə isə buyurur: "Yeni doğmuş ayı görənə qədər oruc tutmayın və əks halda ayın günlərini otuz gün hesablayın. Yeni doğmuş ayı görənə qədər orucunuzu açmayın və əks halda ayın günlərini otuz gün hesablayın". Bu haqda hədislər həddindən artıq çoxdur və bütün hədislər ayların yeni doğmuş ayla hesablanmasını, görmək mümkün olmadıqda isə otuz günü tamamlamağı təkid edirlər. Həmçinin hədislərə görə oruc tutmaq üçün təqvimlərə əsaslanmaq olmaz. Ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyir ki, alimlər yekdilliklə deyirlər ki, bu işdə təqvimlərə əsaslanmaq düzgün deyildir. Haqq olan da budur. (Şeyx: Əbdül Əziz İbn Bəzz).

Yeni doğmuş ay bir ölkədə görsəndikdə, onunla bağlı hökmlər digər ölkələrdə yaşayanlara məcburi deyildir.
3.Sual: Islam alimləri Ramazan orucunun və bayramının başlaması haqda böyük ixtilaf etmişlər. Bəziləri hədislərə, digərləri isə müasir astronomların dediklərinə əsalanırlarsa bu nə dərəcədə doğrudur?
Cavab: Doğru rəy Peyğəmbərin ona Allahın salavatı və salamı olsun hədisinə: "Ayı görməklə imsak edin, həmçinin ayı görməklə də iftar edin. Əgər ayı görə bilməsəniz onda sayını otuz edin" - əsaslanmaqdır.
Allah keçmişi və gələcəyi biləndir. O bizə, təzə doğmuş ayı gördükdə oruc tutmağı fərz etmişdir. Bu məsələ alimlər arasında icmaya (ittifaqa) bənzər bir məsələdir.
(Daimi elmi araşdırmalar və fətvalar mərkəzi).
4.Sual: Ölkə xaricində təhsil alan tələbələr orucluğun başlaması və bitməsini bilməkdən ötrü, hansı ölkəyə tabe olmalıdırlar?
Cavab: Bu sual, ayın müxtəlif çıxışları ilə əlaqəlidir. Alimlər ayın bir yerdə digər yerdən tez görsənməsi haqda ixtilaf etmişlər və Daimi elmi araşdırmalar və fətvalar mərkəzi də bu haqda tədqiqat aparmış və belə nəticəyə gəlmişdir ki:
Alimlərin bəziləri ayın müxtəlif çıxışlarını qəbul edir (yəni: bir ölkədə görsənən ay digərinə aid deyil), digərləri isə bunu etibarsız sayırlar (yəni: bir ölkədə görülən ay bütün ölkələri əhatə edir). Hər iki rəyin alimləri Quran və Sünnətdən dəlil gətirirlər. Sadəcə olaraq onların bu dəlilləri başa düşmələrində fərq vardır.
Bu məsələ üzərində böyük ixtilaf etmək elədə qorxulu deyil. Islam ümməti neçə əsrlərdir ki yaşayır və bu müddət ərzində müsəlmanlar ayı görməkdə yekdil olmamışlar. Hər bir dövlətin alimlər vasitəsi ilə iki rəydən birini seçməyə haqqı vardır.
(Daimi elmi araşdırmalar və fətvalar mərkəzi).
5.Sual: Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb xahiş edirik bizə bu haqda fətva verin?!
Cavab: Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Ona görə də, islam alimləri deyilən məsələdə ta qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, sünnə və müqayisədən dəlillər gətirmişlər. Ola bilsin hər iki tərəf eyni dəlili gətirsin amma bu dəlili başa düşməkdə ixtilaf etsinlər. Amma bütün bunlara baxmayaraq deyilən məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamışdır və onlar bir-birlərinə qarşı ehtiramla yanaşırdılar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o orucluğun daxil olmasını, yaxud olmamasını desə ona itaət etməyiniz vacibdir. Çünki hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar.
(Daimi elmi araşdırmalar və fətvalar mərkəzi).
6.Sual: Bütün islam dövlətləri, Səudiyyə Ərəbistanında toplanıb Ramazan ayının başlanması və bitməsini eyni tarixə təyin etmək üçün toplantı keçirmişdilər. Bəs nə üçün bu birlik baş tutmadı? Bu razılaşmaya müxalif olan müsəlmanlar şəriət baxımından nə dərəcədə doğru hərəkət edirlər?
Cavab: Islam dövlətləri heç vaxt Ramazan ayının eyni vaxtda daxil olmasında yekdil rəyə gəlməmişlər. Çünki elm əhlinin dediklərinə əsasən təzə ayın görsənməsi dövlətdən dövlətə fərqlidir. Hamıya məlumdur ki, ayın çıxış nöqtələri arasında fərq mövcuddur. Bu mənanı təkid edən hədisi İmam Müslim öz səhih kitabında rəvayət etmişdir. Və həmin rəvayətdə deyilir: Ibn Abbasın (Allah ondan razı olsun) köləsi olan Kureyb (Allah ona rəhmət etsin) deyir: Ummul Fadl bint əl-Haris (Allah ondan razı olsun) məni Şam vilayətinə Müaviyənin (Allah ondan razı olsun) yanına iş dalınca göndərmişdi. Mən Şama çatdım və onun işlərini görüb qurtardım. Elə bu günlərdə Ramazan ayı başladı, mən isə hələ də Şamda idim. Cümə gecəsi mən də təzə görsənən ayı gördüm. Sonra Ramazan ayının axır günlərində Mədinə şəhərinə qayıtdım. Abdullah İbn Abbas (Allah ondan razı olsun) məni görüb hal-əhval tutduqdan sonra təzə görsənən ay haqda danışdı və "Təzə ayı nə vaxt görmüsünüz?" – deyərək soruşdu. Mən, təzə ayı cümə gecəsi gördüymüzü ona xəbər verdim. O dedi: Sən öz gözlərinlə gördünmü? Mən: "Bəli, mən və bütün camaat təzə ayı gördük, oruc tutduq və Müaviyə də oruc tutdu" - deyərək cavab verdim. O dedi: Biz isə şənbə gecəsi görmüşük. Ona görə də biz ayı görənə qədər oruc tutacayıq və ya otuz günü tamamlayacayıq. Mən dedim: Məyər Müaviyənin (Allah ondan razı olsun) təzə ayı görməsi və oruc tutması sənin üçün kifayət deyilmi? O dedi: Xeyr, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə belə əmr etmişdir".
Hədisin məsələyə dəlil olması aşağıdakı bəndlərdə açıqlanır:
O zamanlar müsəlmanlar bir dövlət idilər və Müaviyə (Allah ondan razı olsun) də onların xəlifəsi idi. Ibn Abbas (Allah ondan razı olsun) da Müaviyənin (Allah ondan razı olsun) xilafətini tanıyanlardan biri idi. Əgər ayın çıxışlarının fərqli olması əhəmiyyət kəsb etməsəydi onda İbn Abbas (Allah ondan razı olsun) və Mədinə şəhərinin camaatı Müaviyəyə (Allah ondan razı olsun) müxalif olmazdılar.
Kureyb (Allah ona rəhmət etsin) Ibn Abbasa (Allah ondan razı olsun) özünün ayı görməsini və camaatında da görməsini xəbər verdi. Kureyb (Allah ona rəhmət etsin) özü etibarlı tabiinlərdən və Ibn Abbasın (Allah ondan razı olsun) ən inamlı rəvayətçilərindən idi. Onun çox rəvayətləri Buxari, Müslim və digər kitablarda mövcuddur.
İbn Abbas (Allah ondan razı olsun): " Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə belə əmr etmişdir" - deyərək cavab verir və bununla da məsələni Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbət edir. Ibn Abbas (Allah ondan razı olsun) nə danışdığını yaxşı bilir. Həmçinin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbət etdiyi sözün məsuliyyətini də dərk edirdi.
Amma həcc zamanı Ərafat gününün eyni vaxta təsadüf etməsinə gəldikdə isə: Bu gündə hamı eyni məkanda, Məkkədə olduğu üçün fikir də eyni olur. Əgər sən Məkkə şəhərindəsənsə onda ölkənlə Məkkə arasında olan ixtilafın sənə və sənin həccinə aidiyyatı yoxdur.
Allah daha yaxşı biləndir.
7.Sual: Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?
Cavab: Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür".
Həmçinin şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. Həmçinin Ibn Teymiyyə demişdir: "Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər".
Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər.
Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir.
(Şeyx, Əbdül Əziz ibn Bəzz).
8.Sual: Məsələn, Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əl-Cəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir?
Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". Peyğəmbər ona Allahın salavatı və salamı olsun orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Cəzairin ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan.
(Şeyx Saleh ibn Fovzan ibn Abdullah).
9.Sual: Mən Şərqi Asiyadanam və bizim ölkəmizdə hicri tarix Səudiyyə Ərəbistanından bir gün fərqlidir. Biz tələbələr də Ramazan ayında ölkəmizə səfər edəcəyik. Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sözünə uyğun olaraq Səudiyyə ilə oruc tutmuşuq, sonra Ramazan ayı ərəfəsində ölkəmizə səfər edirik. Ayın sonunda 31 gün oruc tutmuş oluruq. Sualım isə belədir: Bizim bu orucumuzun hökmü nədir və biz neçə gün oruc tutmalıyıq?
Cavab: Siz Səudiyyədə yaxud digər ölkədə oruc tutub sonra ölkənizə dönsəniz və ayın qalan hissəsini də orada tutsanız, ölkənizdə iftar edilən vaxtı iftar edin. Hətta bu 30 gündən çox olsa da belə edin. Amma 29 gün tamamlamasanız onda bir gün qəza tutun. Çünki qəməri aylar 29 gündən az 30 gündən isə çox olmur. Allah hər şeyi yoluna qoyandır.
(Şeyx, Əbdül Əziz İbn Bəzz).
10.Sual: Bütün müsəlmanlar müxtəlif ölkələrdə eyni vaxtda oruc tutmalıdırlarmı? Bəzi qeyri müsəlman ölkələrdə yaşayan müsəlmanlar necə oruc tutmalıdırlar?
Cavab: Bu məsələdə elm əhli ixtilaf etmişlər. Yəni: Bir müsəlman ölkəsində ayın göründüyü və isbat olunduğu halda digər müsəlman ölkələr buna riayət etməlidirlərmi?
Alimlərin bəziləri digər ölkələrin də buna riayət etməsinin lazım olduğunu deyirlər. Dəlilləri isə bunlardır:
a."Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar". əl-Bəqərə-185
b."Onu (ayı) gördükdə oruc tutun". Bu xitab bütün müsəlmanlaradır.
c.Həmçinin hamıya məlumdur ki, hər kəsin ayın doğmasını görməsi şərt deyil. Bunu bir neçə nəfər görərsə bu kifayətdir. Bu da bütün ölkələri əhatə edir.
Digər alimlər isə demişlər ki, əgər ayın çıxışları müxtəlif olarsa bu zaman hər ölkənin öz ayı görməsi vardır. Əgər ayın çıxışları müxtəlif olmazsa (yaxın ölkələrdəki kimi) bu zaman hamı eyni etməlidir. Bu alimlər də birinci rəyin alimlərinin dəlillərini əsas gətirirlər.
a."Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar". əl-Bəqərə-185. Hamıya məlumdur ki, burada məqsəd hər kəsin ayı görməsi qəsd olunmur. Ay görülən ölkədə və ayın çıxışları müxtəlif olmayan ölkələrdə (bir-birinə yaxın ölkələrdə) buna riayət edilir. Amma ayın çıxışlarında eyni olmayan ölkələr isə ayı nə həqiqi nə də hökmü olaraq görməmişlər.
b.Həmçinin Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sözünün açıqlamasında isə deyirik: "Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar edin". Başqa ölkədə olan adam, digər ölkədə ayı görənlə ayın çıxışlarında eyni deyil. Bu adam ayı nə həqiqi nə də hökmü ilə görmüşdür.
c.Həmçinin aylıq vaxtlar da gündəlik vaxtlar kimidir. Necə ki, ölkələr gündəlik iftar və imsak vaxtlarında müxtəlifdirlər həmçinin də aylıq vaxtlarda da müxtəlifdirlər və bu ixtilaf olmalıdır. Məlum olduğu kimi gündəlik vaxt ixtilafının təsiri vardır. Dünyanın şərqində yaşayan qərbində yaşayandan əvvəl oruc tutur və oruc açır. Deməli gündəlik vaxtda çıxışların müxtəlifliyi aylıq vaxtda olan çıxışların müxtəlifliyinin hökmü kimidir.
d.Həmçinin heç kəs deyə bilməz ki, bu ayədə: "Artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için. Sonra gecəyə qədər orucunuzu tamamlayın" əl-Bəqərə-187. Həmçinin bu hədisdə: "Gecə bu tərəfdən gəldikdə, gündüz də bu tərəfdən getdikdə və günəş batdıqda artıq oructutan iftar etmiş sayılır". Heç kəs deyə bilməz ki, bu bütün ölkələrdəki müsəlmanlara aiddir. Eləcə də Allah təalənin digər ayəsi haqda da belə deyirik: "Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar" əl-Bəqərə-185. Hədis haqda da belə deyirik: "Onu (ayı) gördükdə oruc tutun və onu gördükdə də iftar edin".
Gördüyün kimi bu rəy ləfzinə, düzgün nəzəriyyəsinə və doğru müqayisəsinə görə daha güclüdür. Bu rəydə gündəlik vaxtın aylıq vaxta müqayisə edilməsi təmamilə doğrudur. Başqa bir rəyə görə isə bu iş əmr sahibinin, dövlət başçısının əlindədir. O, şəriət dəlilləri əsasında dediyi vaxt oruc tutulur və iftar edilir ki, insanlar arasında ikitirəlik və ixtilaf düşməsin. Bu alimlərin dəlili isə budur: "Orucluq oruc tutduğunuz gündür, iftar isə iftar etdiyiniz gün". Amma sualın ikinci hissəsinin cavabı isə belədir: Kafir ölkələrdə yaşayıb ayı görə bilməyən müsəlmanlar isə onlara yaxın olan ölkələrdən götürməlidirlər. (Əd-Dəvət kitabı, 5-ci cild, İbn Useymin, (2\ 152-156))
11.Sual: Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən yeni ayın doğuşu islam ölkələrində fərqlidir. Həmin dövlətlərin hansısa ayı gördükdə bütün dünya müsəlmanları oruc tutmalıdırlar?
Cavab: Yeni ayın görsənməsi haqda alimlər ixtilaf ediblər. Bəziləri deyirlər ki, əgər hansısa ölkədə şəriət qanunlarına uyğun olaraq ramazanın yeni doğmuş ayı görsənibsə bütün müsəlmanlar oruc tutmalı, şəvval ayının yeni doğmuş ayı görsənibsə onda bütün müsəlmanlar oruclarını açmalıdırlar (iftar etməlidirlər). Bu fikir imam Əhmədin (Allah ona rəhmət etsin) məşhur rəyidir. Bu rəyə görə, əgər ramazan ayının daxil olmasını və ya bitməsini bildirən yeni ay doğuşunu Səudiyyə Ərəbistanında görsələr, onda bütün dünya müsəlmanlarına oruc tutmaq və ya iftar etmək vacib olmalıdır. Bu məsələdə onların əsas dəlilləri Allah təalənin ayəsidir: "(ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar;..." (əl-Bəqərə: 185). Hədislərdən olan dəlilləri isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözünün ümumi mənasıdır: "Yeni doğulmuş ayı gördükdə oruc tutun və onu gördükdə də iftar edin".
Digər alimlər isə deyirlər: Bir ölkədə Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən ayın doğuşunu gördükdə digər ölkələrə oruc tutmaq və ya iftar etmək vacib deyildir. Yalnız ayı görənlərə və ayın çıxış nöqtələrində bir-birləri ilə eyni olanlara vacibdir. Çünki mütəxəssislərin yekdil rəylərinə görə ayın çıxış nöqtələri dəyişikdir. Əgər ayın görsənməsi ixtilaflı olarsa onda hər ölkənin öz görməsi ilə hökm verilməlidir. Həmin hökmlər ayın çıxışlarında müttəfiq olan ölkələrə də şamil edilir. Bu rəy Ibn Teymiyyənin (Allah ona rəhmət etsin) ixtiyar etdiyi rəydir. O bu məsələyə dəlil olaraq Allah təalənin bu ayəsini: "(ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar" (əl-Bəqərə: 185) və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu hədisini: "Onu gördükdə oruc tutun və onu gördükdə də iftar edin" – buyurmuşdur. Ibn Teymiyyənin gətirdiyi dəlil birinci rəyin dəlili ilə eynidir. Fərq sadəcə olaraq dəlillərin başa düşülməsindədir. Ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: Ramazan ayının daxil olmasını bildirən ayın görünməsi onu görən və şahidlik edənlə bağlıdır. Dəlilə əsasən məsələnin hökmü ayı görməyən və şəhadətlik etməyənlərə aid deyildir. Ona görə də hansısa ölkədə (ramazan ayının daxil olmasını bildirən və s.) ayın görsənməsi bütün ölkələrə aid edilə bilməz. Bu dəlildən çıxarılmış çox güclü mənadır. Bu mənanı nəzəriyyə və müqayisə də təsdiq edir. (Şeyx: Ibn Useymin)


Tarix: 05.05.2013 / 13:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 882 Bölmə: Ramazan