beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN AYININ FƏZİLƏTİ

Ramazan ayı ayların ən fəzilətlisidir. Quranın dünyaya nazil olması bu ayda başlayıb. Bu ay Allaha itaət və ibadət, yaxşılıq və ehsan, məğfirət və rəhmət ayıdır. Ramazan ayında min aydan xeyirli olan Qədir gecəsi var. On bir ayın sultanı olan Ramazan müsəlmanın din və dünya işlərinin düzəldilməsinə köməkçidir. Duaların daha çox qəbul edildiyi bir aydır. Ramazanın və bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar çox sayda hədislər var. Bunlardan bəziləri aşağıdakılardır:

- Ayların ən şərəflisi Ramazan ayı, günlərin ən şərəflisi isə Cümə günüdür.
- İnsanlar Ramazan ayının üstünlüklərini bilsəydilər, bütün ilin Ramazan ayı olmasını istəyərdilər.
- Ramazan ayı sizə bərəkət ayı olaraq gəlib. Allah Təala bu ayda sizi rəhməti ilə əhatə edər, məğfirət endirər, səhvləri silər, duaları qəbul edər. Uca Allah bu ayda xeyir işlərdəki yarışlarınıza baxaraq mələklərinə sizinlə iftixar edər. Allah üçün xeyirxah işlər edin. Çünki bədbəxt insan bu ayda Allahın rəhmətindən məhrum olan insandır.
- Ramazan ayı gələndə cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar da zəncirlənər.
- Ramazan gecələrində Allaha inanaraq və mükafatını Allahdan gözləyərək ibadət üçün yuxudan duran insanın əvvəlki günahları bağışlanar.
- Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət, axırı cəhənnəm alovundan azad olmadır.
- Allah buyurur ki; hər yaxşılığa on mislindən 700 mislinə qədər mükafat veriləcəkdir. Oruc bundan müstəsnadır. O, ancaq mənim üçündür, mükafatını da mən verəcəyəm.
- Oruc tutanın ağız iyi Allah qatında müşk iyindən daha xoşdur.
- Ramazan ayı səbr ayıdır. Səbrin savabı da cənnətdir.
- Bu ayda oruc tutana iftar verənin günahları bağışlanar, cəhənnəmdən azad olar. Oruclunun savabından heç bir şey azalmadığı halda onun tutduğu orucun savabı qədər də savab yazılar. Peyğəmbərimizin səhabələri soruşdular: "Ey Rəsulallah! Bizlərdən hər birimizin oruc tutana iftar yeməyi gücümüz çatmır". Peyğəmbərimiz (s.ə.v.) belə buyurdu: "Allah bu savabı bir xurma yaxud bir qurtum su ya da bir miqdar süd ilə iftar verənlərə də verəcəkdir".
- Bu ayda dörd şeyi çox edin! İkisi ilə Rəbbinizi razı edərsiniz, ikisi ilə də ehtiyacınızı təmin edərsiniz! Rəbbinizi razı edəcəyiniz iki şey bunlardır: Allahdan başqa tanrı olmadığına şəhadət etmək və Allahdan bağışlanmağınızı istəmək. Ehtiyacınız olanlar da bunlardır: Allahdan cənnəti istəmək, cəhənnəmdən Ona sığınmaq və oruc tutana su vermək. Kim oruc tutana su verərsə, Allah (c.c.) ona mənim hovuzumdan su içirdəcəkdir. Bu sudan içən cənnətə girənə qədər bir daha susamayacaqdır.


Ramazan ayında toy etmək olarmı

Ramazan ayında özünü müsəlman sayan hər kəs oruc tutmalıdır. Tutmayanlar isə tutanlara və aya hörmət məqsədilə açıq-aşkar yeyib-içməzlər. Toy edib-etməmə məsələsinə gəldikdə... Azərbaycanda içkisiz toy yox deyiləcək qədər azdır. Əgər içkisiz olacaqsa, toy etmək olar (içkili toy etmək olar demirik). Əks halda böyük günahlardan biri olan içkini həm də Ramazan ayında vermək kimi daha böyük günah işlənər. Bununla yanaşı Ramazan ayı əlini qolunu sallayıb, iş görməmək ayı deyil. Bununla bağlı Ramazan ayında baş verən bəzi tarixi hadisələri diqqətinizə çatdırırıq.


RAMAZAN AYINDA BAŞ VERƏN TARİXİ HADİSƏLƏR

Ramazan ayında meydana gələn tarixi hadisələr İslamın hər bir işin haqqını verdiyini, orucun simvolunun güc, qüvvət, əməl olduğunu, zəiflik, tənbəllik, qaçmaq olmadığını göstərir. Hər hansı bir ibadət və ya başqa dini vəzifə müsəlmanı həyatdan, yaşayışını təmin etməkdən uzaqlaşdırmır. Buna görə heç bir insan orucun dünya işlərindən uzaqlaşdırdığını, cəmiyyətlərin geriləməsinə səbəb olduğunu deyə bilməz. Unutmayaq ki, Allahın dini İslam dinlərin ən mükəmməli və ən asanıdır. Buna görə Allah yolçuluqda, savaşda orucu pozmağa icazə verib. Bu vəziyyətlərdə orucunu açanların bütün mükafatlara nail olacaqları bildirilib. Peyğəmbərimiz (s.ə.v.) Məkkə alındığı gün bu hökmü açıqlayaraq orucunu ilk açan özü olmuşdu. Orucun heç bir işə maneə olmadığının dəlilləri aşağıdakı məşhur tarixi hadisələrdən bəzilərini göstərə bilərik:
1. Bədr müharibəsi:
Bədrdə tövhid, nizamlı bir həyat və əxlaqın simvolu olan İslam qalib gəldi. Geri qalmışlığın, əxlaqsızlığın və insan haqlarının ayaqlar altına atılmağının simvolu olan şirk və bütpərəstlik məğlub oldu. Bu müharibə hicrətin ikinci ili Ramazan ayının 27-sində (624-cü il) baş verib. Bu müsəlmanların ilk böyük savaşı və ilk qələbəsi idi. Savaşın ən canalıcı nöqtəsi İslamın ən böyük düşməni Əbu Cəhlin öldürülməsi olub.
2. Məkkənin fəthi:
Məkkənin fəth edilməsi ən böyük zəfərlərdən biri qəbul edilir. Məkkə, Allahın tək olduğuqa dəvət etdiyi üçün 53 il yaşadığı torpaqlardan çıxardılmış İslamın mərhəmət Peyğəmbərinin (ə.s.) anadan olduğu, həyatının ən şirin və ən xoş anlarını keçirtdiyi bir yer idi. İslam ordusunun Məkkəni fəthi hicrətin 8-ci ilində Ramazan ayının 10-cu günü olub. Bu qələbə ilə Kəbənin ətrafındakı bütlərin dağıdılması sona çatdı.
3. Təbuk müharibəsi ilə əlaqəli bəzi hadisələr hicri təqvimlə 9-cu ilin Ramazan ayında baş verib.
4. İslamın Yəməndə yayılmağa başlaması hicrətin 10-cu ili Ramazan ayında olub.
5. Nəhlə adlanan yerdə "Uzza" adlı bütün yerləşdiyi ev və Xalid bin Vəlid tərəfindən hicrətin 8-ci ilində, ramazan ayında darmadağın edildi. Bu bütü evlə birlikdə dağıdan Xalid (r.a.) Rəsulullaha: "Uzza bütü budur. Ona əbədiyyən heç vaxt ibadət edilməyəcəkdir!" - dedi.
6. Hicrətin 9-cu ili Ramazan ayında Taifdən Saqifoğulları qəbiləsinə mənsub bir qrup elçi Peyğəmbərimizə (s.ə.v.) gələrək İslamı qəbul etmək istədiklərini bildirdilər. Bu il həm də Saqifoğullarının ibadət etdikləri Əlat bütü də dağıdıldı.
7. Hicrətin 479-cu ili Ramazan ayının 25-də cümə gününün səhəri Zəllağa (bugünkü Portuqaliya yaxınlığında bir vadidir) hadisəsi baş verib. Yusif bin Tasfinin başçılığı altındakı İslam ordusu Alfonsun rəhbərliyindəki 80.000 nəfərlik kafir ordusuna qalib gəlib.
8. Ayni Calut hadisəsi. Sentyabrın 3-ü 1260-cı ilə uyğun gələn hicrətin 658-ci ilində ramazan ayının 15-də Misir sultanı Sultan Kutuzun komandanlığındakı İslam ordusu monqollara qarşı böyük zəfər əldə etdi. Bu müharibədən sonra Misir ilə Dəməşqin birləşdirmə prosesi başa çatdı.
9. İspaniyanın alınması da məşhur sərkərdə Tariq bin Ziyadın başçılığı altında hicrətin 92-ci ili Ramazan ayının 28-də (19 iyul 711) olub. Böyük sərkərdənin adı ilə adlandırılan "Cəbəlüt-Tariq" boğazını alandan sonra gəmilərin hamısını yandırıb və "arxanızda dəniz, qarşınızda düşmən var" deyərək hücuma keçib. İslam ordusu qot komandiri Rodriqesin başçılığı altındakı böyük ordunu məğlub edərək İspan torpaqlarına çıxır.


ORUC SÖZÜNÜN MƏNASI

"Oruc" sözü lüğətdə nədənsə uzaqlaşmaq, nədənsə özünü qorumaq mənalarına gəlir. Ərəb dilində "səum" kəlməsilə ifadə edilir. Oruc - oruc tutması vacib olan insanların niyyət edərək dan yeri söküləndən günəşin batmasına qədər orucu pozan işlərdən uzaq durmalaranı deyilir. Oruc ibadəti İslamdan əvvəlki dinlərdə də mövcud olub. Lakin o, ən mükəmməl səviyyəsini İslamda tapıb.


Beş əsasdan biri

Ramazan orucu hicrətin ikinci ilinin Şaban ayında, qiblənin Kəbə istiqamətinə çevrilməsindən 1,5 il sonra müsəlmanlara əmr edildi. Peyğəmbərimiz və müsəlmanlar əvvəllər də oruc tuturdular. Ancaq bu oruclar Allahın əmri deyildi. Allahın əmri aşağıdakı ayələrlə gəldi və müsəlmanlara bir ay müddətində oruc tutmaq fərz qılındı: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız" ("Bəqərə", 2/183); "Sizlərdən Ramazan ayını görən o gün oruc tutsun!" (Bəqərə, 2/185). Peyğəmbərimiz (s.ə.v.) Ramazan orucunun fərz olduğunu aşağıdakı hədisində bildirib: "İslam beş əsas üzərinə qurulub: 1. Allahdan başqa tanrı olmadığına və Muhəmmədin Allahın qulu və elçisi olduğuna şahidlik etmək; 2. Namaz qılmaq; 3. Zəkat vermək; 4. Ramazan orucunu tutmaq; 5. Həccə getmək".


Sağlam olmaq istəyirsən - oruc tut

Müasir tibb orucu xəstəliklərə qarşı qoruyucu dərman hesab edir. Bəzi xroniki xəstəliklər orucla müalicə edilir. Həkimlər reseptlə birlikdə xəstənin nə yeyib-içəcəyini, nə vaxt və nə qədər qidalacağını bildirirlər; demək ki, müasir tibb xəstəliklərin qidalanmaqla əlaqəli olduğunu qəbul edir. Peyğəmbərimizin "Oruc tutun, sağlam olun" hədisini tibb elmi "oruc tutun, rahat olun" şəklində deyir.
Oruc bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur. Buna görə də bəzi ölkələrdə orucla müalicə edən xəstəxanalar inşa edilib. Bunlardan biri dr. Henri Lahmanın Almaniyanın Drezden şəhərindəki xəstəxanasıdır. Saçımızı kəsdirərək sağlam saçın çıxmasına, qan aldıraraq yeni qanın gəlməsinə, ağacların uzanmış budaqlarını budayaraq bol məhsul verməsinə vasitəçi olduğumuz kimi, oruc tutaraq da sağlam və gumrah bir vücuda sahib oluruq. Çünki oruc tutanda hüceyrələrimizin böyrək, mədə, qaraciyər, şəkər və ürək xəstəliklərinə qarşı müqaviməti artır. Vacib olan Ramazan orucundan başqa, nafilə, yəni məcburi olmayan oruclar insanın iş, idman kimi fiziki fəaliyyətlərində istifadə olunmayan enerjisini nizamlayaraq, dəliqanlılıq dövründə olan cavanları doğru istiqamətə yönəldir, ruhun azadlığını, inkişafını təmin edir. Amma bilmək lazımdır ki, hər kim sağlamlıq üçün oruc tutarsa, orucu məqbul olmaz. Oruc Allahın əmri olduğu üçün tutulmalıdır. Sağlamlığı verən isə Allahdır.


Oruc tutub kökələnlər də olur

Bütün yönləriylə inkişaf etməkdə olan əsrimizdə idmançılara edilən tövsiyə "ağır və çətin məşqlərə mütləq aclıq hissi və boş mədəylə başlayın" şəklindədir. Bədənə ən çox təsir edən işlərdən biri müharibə meydanlarında qılıncla savaşmaqdır. Peyğəmbərimiz (s.ə.v.) savaşa gedənlərə oruc tutmağı tövsiyə edərdi. Ancaq bəzi vücudu zəif olanlar oruca tab gətirə bilmirdilər. Bunları nəzərə alan rəhmət peyğəmbəri (ə.s.) oruca dözə bilməyənlərə orucu pozmalarını əmr edirdi. Oruc ayı olan Ramazanda vücud zəifləyir. Çünki oruc bədənə daxil olan qida maddələrindən intizamlı istifadəni yerinə yetirir. Bütün günü yüngül bir vücudla fəaliyyət göstərən insan gecə rahat istirahət edir. İyirmi dörd saat içində biri səhər, biri də axşam olmaq üzrə iki dəfə qidalanmaq bədənin fəaliyyətinə kifayət edir. Oruc tutan bəzi şəxslərdə görülən zəiflik orucdan yox, onların yuxusuzluğundan və istirahət saatlarının azalmasından meydana gəlir. Bəziləri isə oruclu olmalarından asılı olmayaraq bu ayda kökəlməyə başlayırlar. Buna səbəb də həzm sistemlərinin rahat və sakit olaraq işləməsi, iştahın daha da çoxalmasıdır.


Oruclu adam cəsarətli olur

Oruc "vaxt tapa bilmirəm" kimi bəhanələrimizi ortadan qaldırılaraq zamandan qənaətli və sərfəli istifadə etmə imkanını artırır. Gün ərzində iki dəfə yemək ən ideal qidalanma şəklidir. Bu vaxtlarda daha çox fəaliyyət göstərmə imkanı əldə edirik. Çünki bədən, günorta yeməyi səbəbi ilə canlılığını itirərək tənbəlləşir. Tənbəlləşən bədən isə yatmağa daha çox meylli olur. Mədə boş olanda vücud həmişə gümrah qalır və fəaliyyətini davam etdirə bilir. Yorğun olduğumuz günorta vaxtlarında qılınan zöhr, sonra isə namazları isə bədəndəki qanın vücudun hər tərəfinə yayılmasını və canlanmasını təmin edir. Bu qidalanma şəklini Peyğəmbərimiz (s.ə.v.) adət şalına gətirmişdir.
İmtahana girən tələbələr üzərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, orucun həyəcanlara, qorxulara, unutqanlıqlara qarşı da inkaredilməz müsbət yönləri var. Hamının bildiyi həqiqətdir ki, yarışlar, məhkəmələr, imtahanlar, müharibə anındakı qəfil hücumlar və s. nəticəsində meydana gələn həyəcanlar və qorxular ruhi dəyişikliklərə, şoklara gətirib çıxarır. Gözə qanın sızması, titrəmələrin meydana gəlməsi, dil tutulmalarının səbəbi də qəfil meydana gələn olaylardır. Hətta belə hadisələr şəkər xəstəliyinə də yol açır. Bu kimi xəstələrə düçar olmamaq, mənfi psixi vəziyyətlərə düşməmək üçün psixoloqların məsləhəti də "ac qarnına", yəni oruclu olmaqdır. Çünki tədqiqatlar orucun cəsarət hissini artırdığını, ruhu sakitləşdirdiyini təsbit edib. İslam ordularının özlərindən dəfələrlə güclü rəqiblərinə qalib gəlməsinin başlıca səbəbi, ən yüksək zirvə olan şəhidliyə çatmaq arzusunun yanında oruclu olmaları böyük rol oynayıb.


"Evlənə bilməyən oruc tutsun"

Oruc mənfi hisslərin qarşısını almaqda da bənzərsizdir. Çox yemək qandakı cinsi harmonların səviyyəsini çoxaldır. Oruc isə bu hissləri azaldaraq insanın yüksəlmə şüurunu artırır. Orucun həddindən artıq cinsi hisslərə təsirini Allahın elçisi (s.ə.v.) belə buyurur: "Evlənməyə imkanı olan cavanlar tez evlənsinlər. Evlənə bilməyənlər də oruc tutsun! Çünki oruc qoruyucu qalxandır". Sağlamlığını, namusunu, qeyrətini, şərəfini qorumaq, cinsi istəklərini cilovlamaq üçün Peyğəmbərin cavanlara bu tövsiyyəsinin nə qədər əhəmiyyətli və yerində olduğunu müasir elm də təsdiq edir.


Oruc beyni gücləndirir

İnsanı ən çox heyrətə salan bədən üzvü beyindir. Beyin meydana gətirən hüceyrələr vücudun ən həssas və ən təşkilatlı məxluqlarıdır. Bu hüceyrələr bədənin hər tərəfi ilə sıx əlaqəlidir. Hər beyin hüceyrəsinin yerinə yetirdiyi xüsusi vəzifəsi var. Cənabi-Haqq bunlara başqa hüceyrələrdən daha çox fəaliyyət gücü verib. Çünki bunlar başqalarından bir neçə dəfə artıq fəaliyyət göstərdiklərinə görə, qana daha çox ehtiyac hiss edirlər. Beynin həcmi və çəkisi kiçik görünsə də, qana daha çox ehtiyacı var. Qalın damarlarla bağlı olan bu kiçik orqanımız bədəndəki qanın dörddə birini qəbul edir. Beyni çox yoranda, zehni məsələlərlə məşğul olanda ağır işdə çalışmış kimi yoruluruq. Ağır işdə sərf etdiyimiz enerjini zehni fəaliyyətdə də eyni dərəcədə itiririk. Çünki bu əsnada qida maddələri ancaq beyinə sərf edilir. İnsan beynində fikirləşməyə səbəb olan hüceyrələrin sayı dünyadakı insanların ümumi sayından çoxdur. Beyinə gedən qan nə qədər çox olarsa, düşünmə qabiliyyəti də bir o qədər artar. Qan az gedəndə isə tənbəllik və yorğunluq başlayır. Beyinin nizamlı işləməsində, qanın lazım olan miqdarda sərf edilməsində orucun rolundan başqa heç bir şeyi göstərə bilmərik. Minlərlə mənbə kitablarının əksəriyyəti Ramazan ayında və ya müəlliflərin oruc tutduqları günlərdə yazılıb.


Toxun acdan xəbəri olsun!

Bu müqəddəs ayda oruc tutan müsəlmanlar nizamlı ordunu xatırladır. Axşam yeməyi olan iftara yaxın bir vaxtda Cənabi-Haqqın ziyafət süfrəsinə dəvət olunmuş bir şəkildə "buyurun" əmrini gözləyirlər. Allahın əmri gəlməmiş əllərini hazır yeməklərə uzatmırlar. "Yeyin!" əmri verilən iftar vaxtı girəndə isə şükr edərək oruc ibadətini bitirmiş olurlar.
Nemətlər şükr istəyir. Qurani-Kərimin bir çox ayəsində insanların az şükr etdiyi bildirilir. Əsasən də "Rəhman" surəsində "Rəbbinizin hansı nemətini yalan sayıb inkar edirsiniz?" mənasındakı ayə 31 dəfə təkrar edilərək, nankorluğumuz üzümüzə deyilir. Ramazan ayındakı oruc isə həqiqi, səmimi şükrün açarıdır. Çünki başqa vaxtlarda məcburiyyət altında olmayan insanların əksəriyyəti həqiqi aclıq hiss etmədikləri üçün nemətlərin qiymətini, bir tikə quru çörəyin dəyərini tox insanlar sözün əsl mənasında dərk edə bilməzlər. Halbuki iftar vaxtı quru çörəyin çox qiymətli ilahi nemət olduğuna oruclu insan şahiddir. Ən üst təbəqədən ən aşağı təbəqəyə qədər hər kəs orucluqda aclığın qiymətini çox gözəl anlayır. Günorta yeməyinin qadağan olması ilə: "bu nemətlər mənim mülküm deyil. İstədiyim kimi, istədiyim vaxt bunları yeyə bilmərəm. Demək ki, bunlar başqasının bizə bəxş etdiyi ehsandır. Onun əmrini gözləməliyəm", - deyər, nemətlərin həqiqətini bilərək mənəvi şükr edər. Oruc bu yönü ilə də insanın əsl vəzifəsi olan şükrün açarıdır. İctimai həyata nəzər salsaq, insanları maddi yöndən fərqli olduqlarını görərik. Uca Allah buna görə varlıları kasıblara kömək etməyə dəvət edir. Tox acın halını bilmədiyinə, bunu sözlə də başa salmaq mümkün olmadığına görə, ancaq ac qalaraq bunu bilmək mümkündür. Aclığın ən uyğun forması da orucdur.


Oruc - əxlaq məktəbidir
İbadətlərin özünə məxsus vaxtları var. Fərz olan orucun vaxtı Ramazan ayıdır. Ramazanın özünə xas xüsusiyyətəlri var:
1. Qurani-Kərim bu aydan etibarən Yer Kürəsinə enməyə başlayıb. Allah Təala buyurur: "Ramazan ayı insanlara düz yol göstəricisi, bu yolun və haqqı batildən ayırmağın aydın dəlilləri olan Quranın nazil edildiyi aydır" ("Bəqərə", 2/185). Bu ay Quran nazil olduğu üçün Ramazana "Quran ayı" da deyirlər. Quranı Hz.Peyğəmbərə gətirən Hz.Cəbrail (ə.s.) hər il Ramazan ayında Peyğəmbərin yanına gələrdi. Və həmin günə qədər gələn ayələri birlikdə oxuyardalar. Allah Rəsulunu vəfat etdiyi il Hz.Cəbrail Quranı əvvəlkilərdən fərqli olaraq bir yox, iki dəfə peyğəmbərlə oxuyub. Buna görə müsəlmanlar hər il evlərində və ya məscidlərdə Quran oxuyaraq savab qazanmağa çalışırlar. Rəsulullah: "Kim Allahın kitabı Qurandan bir hərf oxuyarsa, bir savab var. Hər savabın əvəzi isə on qat artıq veriləcək", buyurub. Bundan başqa Hz.Peyğəmbər Quranın və orucun Qiyamət günü şəfaət edəcəyini bildirib: "Qiyamət günü oruc və Quran bəndəyə şəfaətçi olacaq. Oruc: "Ey Rəbbim, mən günorta onu yeyib-içməkdən və müxtəlif zövqlərinə maneə oldum. İndi məni ona şəfaətçi qəbul et", - deyər. Quran: "Ey Rəbbim, mən onun gecə yuxusuna maneə oldum. Məni ona şəfatçi et" - deyər. Allahın icazəsiylə hər ikisi həmin bəndəyə şəfaət edərlər. Quran ilahi mesajdır. Quranı ancaq oxumaq kifayət deyil. Müsəlmanın əsl vəzifəsi Quranı oxuyub mənasını dərk edib, həyatına tətbiq etəkdən ibarətdir.
2. Hz.Muhəmmədə (s.ə.v.) peyğəmbərlik vəzifəsi bu ayda verilib. Məkkəyə yaxın ərazidə yerləşən "Hira" mağarasında Hz.Muhəmmədin yanına gələn Hz.Cəbrail adlı mələk ilk Quran ayəsini gətirib. İlk əmr isə "Oxu" ilə başlayır. Hz.Cəbrail Muhəmmədə: "Sən Allahın peyğəmbərisən, mən də Cəbrailəm",- deyə səslənərək onun insanlığını qurtuluşu üçün göndərilmiş peyğəmbər olduğunu bildirib.
3. Min aydan daha xeyirli olduğu Qurani-Kərimdə bildirilən "Qədr gecəsi" bu aydadır.
4. İslamın əsas beş şərtindən biri olan oruc ibadəti bu aya məxsusdur.
5. "Təravih" namazı da sadəcə Ramazan ayında qılınır.
6. Səhər yeməyi "sahur" və axşam oruc açmaq vaxtı olan "iftar" da orucla bağlıdır.
Bu ayı "Əvvəli rəhmət, ortası məğfirət (günahların bağışlanması), axırı da cəhənnəmdən qurtuluş", olduğunu söyləyən Hz.Muhəmməd möminlərə bu müjdəni verir: "Ramazan ayı gələndə cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir". İslam alimləri bu hədisin mənasını belə izah ediblər: "Ramazanda cənnətə aparacaq yaxşı işlər edən möminə cənnətin qapıları açılıb. Cəhənnəmə aparan pisliklərdən çəkindiyi üçün də cəhənnəmin qapıları ona bağlanıb", deməkdir. Oruc tutaraq nəfsinə hakim olub şeytana tabe olmadığı üçün də şeytanı təsirsiz hala gətirmiş sayılır. Bəzilərinin iddia etdiyi kimi bu ömrünü içkiylə, başqalarına zülm etməklə keçirənin bu ayda ölməsinin ona heç bir faydası var.


Orucun əvəzi

Oruc tutaraq Allahın əmrini sevərək yerinə yetirən möminlərin bağışlanacağını, günahlarının silinəcəyini müjdələyən Hz.Muhəmməd belə buyurub: "Kim inanaraq, mükafatını Allahdan istəyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar". Rəsulullah belə buyurub: "İnsanın hər yaxşı əməlinin əvəzi qat-qat verilir. Bir yaxşılıq on qatdan 700 qata qədər mükafatlandırılır". Allah Təala isə orucla bağlı bunları bildirib: "Ancaq oruc istisnadır. Oruc mənüm üçün edilən və riya qarışmayan ibadətdir. Onun mykafatını mən verəcəm. Çünki oruc tutan yeyib-içməyini və cinsi istəklərini mənim üçün tərk edib". Bundan da aydın olur ki, Uca Allah böyük səbr və fədakarlıqla tutulan ibadətdir. İnsanın ildə bir ay müddət ərzində gecənin ala qaranlığından günəş batana qədər ən təbii haqqı və zəruri ehtiyacı olan qidalarından, cinsi istəklərindən uzaq durması sağlam, iradəli inancın nümunəsidir. Allahın əmrlərinə təslim olmaqdır. Bu səbr və fədakarlıq ancaq Allah üçün yerinə yetirilir. Hətta heç bir insanın görmədiyi, vicdanıyla baş-başa qaldığı yerlərdə də orucunu tutan mömin, inancında səmimi olduğunu sübut edir. Böyük sınaqdan məharətlə keçdiyini göstərir. Mükafatı da buna görə böyük olacaqdır.
Oruc ibadətini yerinə yetirənlər cənnətdə onlara ayrılan xüsusi qapıdan keçəcəklər. Bununla bağlı Hz.Peyğəmbər buyurub: "Cənnətdə "Rəyyan" deyilən qapı var. Bu qapıdan Qiyamət günü ancaq oruc tutanlar daxil olacaqlar. Başqası həmin qapıdan girə bilməyəcək", "Oruclu üçün iki sevinc var. Biri iftar zamanındakı sevinci, ikincisi də, orucunun mükafatını almaq üçün Rəbbinə qovuşduğu andakı sevincidir".


Nəyə görə oruc tuturuq?

Biz hər hansı mənfəət düşüncəsiylə yox, ancaq Allahın əmri olduğu üçün və onun rizasını qazanmaq məqsədilə oruc tuturuq. Hz.Əli buyurur ki, - Əvəzində mənfəət gözləyərək edilən ibadət, tacirin (biznesmenin) ibadətidir. - Qorxaraq edilən ibadət kölə ibadətidir. - Allahın nemətlərinə şükr etmək məqsədilə edilən ibadət azad insanın ibadətidir. Qəbul olan ibadət Hz.Əlinin də bildirdiyi kimi Allahın nemələrinə qarşı şükr borcunu yerinə yetirərək, ancaq Onun razılığını qazanmaq məqsədilə edilən ibadətdir. Allah da sadəcə bu düşüncəylə yerinə yetirilən ibadətləri qəbul edər. Hz.Peyğəmbər orucun bu xüsusiyyətini hər kəsin asan başa düşə biləcəyi şəkildə açıqlayıb: "Oruc bir qalxandır. Oruc tutan pis söz danışmasın. Onunla dava etmək istəyənə "mən orucam" desin". Bilindiyi kimi qalxan, savaşlarda döyüşçünü düşmən qılıncından qoruyan bir vasitə idi. Qalxan yiyəsini düşməndən qoruduğu kimi, oruc da eyniylə insanı pisliklərdən və günahlardan qoruyur. Mənasız söhbətlərdən çəkinərək, dalaşmaq istəyənlərə də oruc tutduğunu xatırlatmalıdır.
Hər pisliyin mənbəyi Allahı unutmaqdır. Bu isə insanın məsuliyyətini yox edir. Halbuki oruc, həmişə bizə Allahı xatırladır. Bir ay davam edən bu mənəvi təlim-tərbiyə nəticəsində Allah sevgisi ürəklərə yerləşir. Bunun müsbət cəhətləriylə də insan davranışlarına fikir verərək hər cür mənfiliklərdən özünü qoruya bilir.


Oruc ac qalmaqdan ibarət deyil

Oruc bir ay təkcə ac qalma hadisəsi deyil. Orucu ancaq bu yönüylə əlaqələndirmək çox yanlış olur. Oruc insanın iradəsini gücləndirən, pis adətlərdən təmizləyən, çirkin davranışlardan uzaqlaşdıran və bunları yaxşılarıyla əvəz edən əxlaq təlimidir. Hz.Peyğəbər: "Kim yalan danışmağı və işini yalanla etməyi tərk etməsə, Allah onun yeyib-içməsini tərk etməsinə əhəmiyyət verməz", - buyurub. Bu hədisdə orucun əsas məqsədi tam olaraq açıqlanıb. Oruc tutduğu halda, pis hərəkət və sözləri tərgitməyənlərin orucların Allahın qiymət verməyəcəyi bildirilir. Bununla bağlı Hz.Peyğəmbər başqa hədisində bunu bir az daha aydın şəkildə bəyan edib: "Elə oruc tutanlar var ki, onların tutduqları orucdan ancaq aclıq və susuzluq qalır. Çox gecə ibadəti edənlər var ki, onlara da bundan sadəcə yuxusuzluq qalır". Belələri halal olan davranışlardan oruc tutduqları üçün uzaqlaşmalarına baxmayaraq, əsas uzaq durmaları lazım olan haramlardan əl çəkmədikləri üçün ibadətlərdən gözlədiklərini əldə edə bilməyəcəklər. Bundan da aydın olur ki, orucun əsas məqsədi insanı pis vərdişlərdən uzaqlaşdırmaq, əxlaq və fəzilət sahibi olmasını təmin etməkdir.


Orucun mərtəbələri

İslam alimləri orucun üç mərtəbəsi olduğunu bildiriblər.
1. Sübhdən axşama qədər qidalardan və cinsi istəklərdən uzaq duraraq tutulan oruc. Bu oruc şərtləri yerinə yetirildikdə doğru qəbul edilir. Məqsədinə çatması üçün oruc tutan aşağıdakına diqqət etməlidir.
2. Birinci maddədəkilərlə yanaşı, qulaq, göz, dil, əl, ayaq və digər orqanları günahlardan uzaqlaşdıraraq tutulan oruc.
3. Birinci və ikinci maddələrlə birlikdə könlündə Allahdan başqasına yer verməmək, ürəyini Allahdan başqasıyla məşğul etməmək şəklində tutulan oruc. Ən yüksək səviyyəli oruc budur. Peyğəmbərlərin tutduqları oruclar bu üçüncüyə aiddir.
Oruc tutan əvvəlcə halal yeyib-içkidən, cinsi arzularından müəyyən bir müddət uzaq dayanaraq iradəsini cilovlamağı öyrənir. Bu iradəylə orqanlarının hər cür pislikdən uzaqlaşdırır. Nəhayət ürəyini də pis hisslərdən təmizləyərək, sanki mələkləşir. Fani ehtiraslardan kənarlaşaraq Allaha qulluğun zirvəsinə çatır və Allaha yaxınlaşır.


Məqbul oruc

Oruc ancaq yeyib-içməkdən uzaqlaşmaq deyil, həm də günah sayılan bütün davranışlardan özünü qorumaqdır. Oruc tutan adam halal yeməkdən iftara qədər uzaq qaldığı kimi, - Dilini yalandan, - Əllərini haram işlərdən, - Mədəni haram loxmadaan, - Gözləri harama baxmaqdan, - Qulaqları yalan və qiybət eşitməkdən, - Ayaqları pis işlərin arxasıyla getməkdən də uzaqlaşdırmalıdır. Ramazan ayında bunları etdiyi kimi başqa günlərdə də bunlara fikir verməlidir.


Oruc tutmaqda sərbəst olanlar

Aşağıdakı səbəblərə görə oruc tutmamaq yaxud tutduğu orucu pozmağa icazə verilir:
1. Yolçuluq: Ramazan ayında 90 km və ya üç günlük səfərə çıxan adam oruc tutub-tutmamaqda sərbəstdir. Lakin dövrümüzdə təyyarələr, avtobuslar, qatarlar və s. rahat olduğuna görə oruc tutmaq çətin deyil.
2. Xəstəlik: Bir xəstə həlak olacağından, xəstəliyin çoxalacağından qorxarsa, oruc tutmaya bilər. Tutduğu orucu pozmağa da icazə verilir. Sağalandan sonra tutmadığı günlərin əvəzinə tutar. "Oruc tutsam xəstələnərəm" kimi qorxular yersizdir. Bu fikirdə olanlar müsəlman həkimin bildirməsi ilə oruc tutmaya bilər.
3. Müharibə dövrü: Ramazan ayında müharibədə düşmənlə qarşı-qarşıya gələn İslam mücahidi oruc tutmaqda sərbəstdir. Ancaq oruclu insanların savaşda daha gümrah olduğunu hərbçilərimiz daha yaxşı bilirlər.
4. Təhdit anında: Ölümlə təhdid edilən, bir üzvünə zərər veriləcəyi ilə qorxudulan oruc tutmaya bilər.
5. Şiddətli aclıq və susuzluq: Oruc tutan insan aclıqdan və ya susuzluqdan həlak olacaqsa, ağlına bir nöqsanlıq gələcəksə, bunu təcrübələrdən, müsəlman həkimin xəbər verməsi ilə bilərsə, orucunu sonra tutmaq şərti ilə poza bilər. 6. Hamiləlik: Ramazan ayında hamilə olan, uşağa süd verən qadın özünə yaxud uşağına zərər gələcəyindən qorxarsa, orucdan azaddır.
7. Qadının xəstə olması: Qadınlar onlara aid olan xəstəlik dövründə nə oruc tutarlar, nə də namaz qılarlar. Xəstəlikləri qurtaran qadınlar isə namazların qəzasını qılmaz, lakin orucun əvəzini tutarlar. Ramazan ayında sağalsalar qalan günlərin orucunu tutarlar.
8. Qonaqlıq: Qonaqlıq verən, qonaqlığa çağrılan kim olur-olsun Ramazan ayındakı orucunu heç bir bəhanə ilə poza bilməz. Lakin bu aydan başqa günlərdə tutulan orucu sonra tutmaq şərti ilə poza bilər.
9. Yetkinlik dövrünə çatmamaq: yetkinlik dövrünə çatmayan uşaqlara oruc tutmaq fərz deyil. Ancaq alışmaq üçün birinci dəfə günortaya qədər, sonra isə yavaş-yavaş çoxaldaraq tam oruc tutmalarına kömək edər. Bu onların həm iradələrinin möhkəmliyinə, həm də sağlamlığına səbəb olar.
10. Yaşın çoxluğu: Çox qoca insanlar oruc tutmaqda sərbəstdirlər. Ancaq Ramazan ayında tutmadığı hər orucun əvəzinə fidyə verilməlidir. Fidyə, kasıb bir adama səhər və axşam yeməyinə kifayət edəcək miqdarda verilən yemək, yaxud puldur.
Orucdan azad olan insanlar din qardaşlarına hörmət məqsədi ilə yediklərini ictimai yerlərdə yeməməyə çalışmalıdırlar.


Orucun şərtləri

Hər bir vəzifənin, ibadətin şərtləri olduğu kimi orucun da şərtləri var. Bu şərtlərə sahib olanlara oruc tutmaq fərzdir (fərz: Allah tərəfindən qəti olaraq müsəlmanlara əmr edilən və onların da yerinə yetirmələri vacib olan məsələlərdir).
1. Müsəlman olmaq: Müsəlman olmayanlara oruc tutmaq fərz deyil.
2. Ağıllı olmaq: "Mən tam ağıllı deyiləm" deyərək orucdan qaçmaq olmaz. Burada əsas məqsəd dəli olmayan insandır.
3. Yetkinlik dövründə olmaq: Uşaqlar yetkinlik dövrünə qədəm qoyandan sonra onlara oruc tutmaq fərz olur. Bu həddə çatmayan uşaqların tutduqları oruc isə daha çox savabdır.


Orucun növləri

Beş növ oruc var:
1. Fərz olan oruclar: Ramazan ayında oruc tutmaq, Ramazan ayında üzürlü səbəbə görə tutulmayan orucu başqa vaxtda əvəzini tutmaq fərzdir.
2. Vacib olan oruclar: Nəzir deyilən oruclarla, Ramazandan başqa savab məqsədilə tutulmuş orucun (nafilə orucun) əvəzini tutmaq vacibdir.
3. Sünnə oruclar: Məhərrəm ayının 9-yla onunda yaxud, onuyla on birində oruc tutmaq sünnədir (Peyğəmbərin davranışlarına "sünnə" deyilir).
4. Müstəhəb oruclar: Qəməri ayların 13,14 və 15-ci günləri ilə həftənin birinci və dördüncü günləri, Ramazan ayından sonra gələn Şəvval ayında altı gün oruc tutmaq müsətəhəbdir (eyni zamanda sünnədir).
5. Məkruh olan oruclar: Məkruh lüğətdə sevilməyən və xoş qarşılanmayan hal və hərəkətlər deməkdir. Məkruh olan oruclar iki yerə ayrılır. 1) Tənzihən məkruh olan oruclar: Məhərrəm ayının sadəcə 10-u günü, həftənin ancaq cümə və şənbə günləri oruc tutmaq, axşam iftarını açmadan bir günün orucunu ertəsi günə birləşdirirərək tutulan oruclar tənzihən məkruhdur. İlin bütün günlərini orcu tutmaq da məkruhdur. Peyğəmbərimiz Hz.Muhəməd müəyyən vaxtlarda əmr edilən və məsləhət bilinən oruclardan başqa ara vermədən oruc tutmağa icazə verməyib. Bununla bağlı belə bir hadisə baş verib. Peyğəmbərin səhabələrindən Salmani Farisi Əbud- Dərdanı ziyarətə getdi və tapa bilmədi. Xanımıqı isə köhnə paltarda və peşman oturduğunu görəndə - Bu nə vəziyyətdir?,- deyə soruşdu. Əbud-Dərdanın xanımı - Qardaşın Əbud-Dərda daha dünya işləriylə maraqlanmır, gündüz oruc tutur, gecə isə ancaq namaz qılır, deyə şikayət etdi. Bu əsnada Əbud-Dərda gəlib çıxdı. Salmanı görüb salam verdi və tez yemək hazırlayıb onun qarşısına qoydu. Salmana ona da yeməsini təklif etdi. - Sən də ye!,- dedi. Əbud-Dərda oruc olduğunu bildirəndə - Allaha and olsun, sən yeməsən mən də yeməyəcəyəm,- dedi. Məcbur qalan ev yiyəsi də orucunu pozub qonağıyla birlikdə yedi. Gecə yeni yatmağa hazırlaşırdılar ki, Əbud-Dərda namaz qılmaq üçün durmaq istəyəndə, Salman - Yat, deyib, ona maneə oldu. Bu dəfə də ev yiyəsi məcburiyyət qarşısında qalaraq yatdı. Gecədən xeyli keçəndən sonra Əbud-Dərda yenə durmaq istəyəndə bu dəfə də Salman ona maneə oldu. Səhər namazının vaxtının girdiyini görən Salman, Əbud-Dərdanı oyandırdı - İndi dur!, dedi. Və ikiksi də durub dəstəmaz alıb namazı birlikdə qıldılar. Namazdan sonra Salman din qardaşı Əbud-Dərdaya: - Qardaşım, əlbəttə ki, Rəbbinin sənin üstündə haqqı var - Vücudunun sənin üzərində haqqı var - Ailənin də sənin də sənin üzərində haqqı var. Buna görə də, hər haqq sahibini haqqını verməlisən,- dedi. Əbud-Dərda Salmanın dediklərinin doğruluğunu Hz.Peyğəmbərdən öyrənmək məqsədilə hadisəni Rəsulullaha danışdı. Allah Rəsulu: "Salman doğru söyləyib",- buyurdu. Bu hadisədən də aydın olur ki, bir müsəlmanın yerinə yetirməsi vacib olandan artıq tamamilə özünü ibadətə verərək, vücudunu zəif hala salmamalıdır. Ailəsinin hər cür ehtiyacını təmin etməlidir. Gözəl bir söz var: "Sabah öləcək kimi axirətə, heç ölməyəcək kimi də dünyaya çalış". 2) Təhrimən məkruh olan oruclar: Ramazan bayramının birinci günü və Qurnban bayramının dörd günü oruc tutmaq harama yaxın oruclardır. Hətta bəzi alimlər haram olduğunu bildiriblər. Bu günlər Allahın bəndələrinə bəxş etdiyi bayram günləridir. Oruc tutaraq həmin ziyafətlərdən qaçmaq yanlışdır.


Orucun vaxtı

Fərz olan orucun vaxtı Ramazan ayıdır. Oruc da ay təqviminə, yəni qəməri aylara uyğun tutulur. Bilindiyi kimi, qəməri aylar günəş təqvimindəki aylara görə 10 gün əvvəl gəlir. Beləliklə, Ramazan orucuna hər il on gün əvvəl başlanıldığına görə Ramazan ayı təxminən 33 ildə bir dəfə bütün fəslləri gəzir və oruc günləri də dəyişir. Bu isə müsəlmanları müxtəlif fəsllərdə oruc tutmasını və hər fəslin çətinliyinə özünü öyrəşdirməsini və yoxsulların müxtəlif mövsümlərdə yaşdıqları sıxıntıları anlamağa kömək edir. Məlum olduğu kimi qütblər arasında fərqlər var. Bəzi yerlərdə isti olduğu halda, başqa yerlərdə soyuq olur. Əgər oruc günəş təqviminə uyğun tutulsaydı, ədalətsizlik olardı. Belə ki, soyuq bölgələrdə yaşayan müsəlmanlar həmişə oruclarını soyuqda, isti məkanlarda yaşayanlar isə həmişə istidə tutacaqdılar. Bəzləri 12 saat ac qaldıqları halda, digərləri 16 və ya daha çox ac qalacaqdılar. Bununla da bəziləri orucu həmişə çox asanlıqla tutduqları halda, bəziləri çətinliklə tutacaqdılar. Oruc qəməri aylarda olduğuna görə və həmişə də dəyişidiyi üçün ədalətsizlik də olmur.
Orucun vaxtı əvvəllər hava ilə öyrənilir, bəzi yerlərdə isə xüsusi təyin edilmiş insanlar tərəfindən xəbər verilirdi. "Orucun vaxtı" ifadəsi səhər yeməyini nə vaxta qədər yemək mənasına gəlir. Texnologiya əsri olan XXI əsrdə isə hər işdə rahatlıq olduğu kimi, ibadətlərdə də bu asanlığı yaşayırıq. Təqvimlərə baxaraq asanlıqla oruc saatlarımızı təyin edir və nə vaxt iftar edəcəyimizi də öyrənirik. İndiki təqvimlər aşağıdakı kimidir: Rayonlar Sübh (İmsaq) Günəş Günorta Əsr Axşam (iftar) Yatsı Bakı 5:36 7:16 12:24 15:10 17:33 19:04 Yevlax 5:47 7:27 12:35 15:21 17:44 19:15 Astara 6:39 7:19 12:27 15:13 17:37 19:07
Səhər yeməyi olan sahuru imsaq, yəni 5:36-a qədər bitirməliyik. Bundan sonra yeyib-içmək olmaz. Digər vaxtlar isə namaz vaxtlarıdır. Axşam yeməyi olan iftara isə 17:33-dən etibarən başlamaq olar. İftarı axşam namazından əvvəl açmaq savabdır.
Xatırladaq ki, imsaq və iftar vaxtları hər gün yaxud günaşırı bir-iki dəqiqə dəyişir. rayonlarda fərqli olur. Buna görə oruc tutanlar saatlarının düz işləyib-işləmədiyini nəzərdən keçirməlidirlər.
Oruc niyyət ilə başlayır. Niyyəti ürəkdən də etmək olar. Səhər yeməyinə durmaq da niyyət yerinə keçir.


Ramazan ayı neçə gündür?

Ramazan ayı bəzi illərdə 30, bəzi illərdə isə 29 gün olur. Orucun 3 gün olduğunu söyləyənlərin nəyə əsaslandığını heç özləri də bilmirlər. Quranda orucun bir ay olduğu açıq-aşkar bildirilir. Oruc Allah tərəfindən əmr ediləndən sonra Hz.Peyğəmbər doqquz il yaşayıb və 9 dəfə Ramazan orucu tutub. 4 dəfə 29 gün, 5 dəfə də 30 gün Ramazan ayı orucunu tutub. Ramazan başlamadan əvvəl bir və ya iki gün əvvəl oruc tutmaq doğru deyil. Əgər sünnə və müstəhəb orucları tutanlar varsa, həmin günlər də Ramazandan bir-iki gün əvvələ düşərsə onlara oruc tutmağa icazə verilir.


Oruc tutana müsətəhəb olan hallar

Müsətəhəb edilərsə savab olan, edilmədiyi halda günah olmayan davranışlardır. 1. Sahur yeməyi üçün obaşdan durmaq. 2. Sahur yeməyini bir az gec yemək. 3. İftar vaxtı girəndən sonra orucu tez açmaq.


Sahur və İftarın fəziləti

Sahurda yemək yemək savabdır. Peyğəmbərimiz də bunu təşviq edib. Bir hədisində: "Sahurda yemək yeyin. Çünki sahurda bərəkət var",- buyurub. Sahur oruc tutana güc verir. Duaların qəbul edildiyi vaxtlardan biri olduğu bildirilib. Oruc tutan adam sahura duranda həmişə Allaha dua etməli, arzularını Allahdan istəməlidir. Oruc tutana iftar vermək xeyirli davranış olduğu kimi, həm də ən gözəl adət sayılır. Hz.Peyğəmbər buyurur ki,
- Bu ayda oruc tutana iftar verənə oruc tutanın savabı qədər savab yazılır. Oruclunun savabından da heç nə azalmır. İftar vaxtı oruc tutan sevinir. Bununla bağlı Allah Rəsulu hədislərinin birində belə buyurub: "Oruc tutanın iki sevinci var. Biri iftarın açdığı vaxt, ikincisi də, Allaha qovuşduğu vaxtdır". İftar vaxtı da duaların qəbul edildiyi anlardan sayılır. Hz.Peyğəmbər üç şəxsin duasının geri qaytarılmayacağını və qəbul ediləcəyini bildirib: 1 - Oruc tutanın iftar vaxtı etdiyi dua 2 - Ədalətli hökmdarın duası 3 - Məzlumun duası".


Orucu pozan və pozmayan hallar

1 - Yeyib-içmək orucu pozur. 2 - Yuxulu halda yeyib-içmək orucu pozur. 3 - Səhvlə bir şey yeyib-içilsə, dəstəmaz alarkən boğaza su getsə, ağıza yağış suyu, qar dənəsi düşsə oruc pozulur. Ramazandan sonra bir qəza edər, yəni bu orucun əvəzinə bir gün oruc tutar. 4 - Oruclu yediyini geri qaytararsa: yəni qusarsa və bunu da bilmədən udarsa orucu pozulur. Qəsdən qusmaq da orucu pozur. 5 - Oruc tutan qüsl alarkən ağzını su ilə yaxaladıqda suyun boğaza keçməməsinə diqqət etməlidir. Əgər su boğazdan keçərsə oruc pozulur. 6 - Dərmanın buruna tökülməsi, qulağa damcıdılması orucu pozur. Lakin qulağa su girərsə oruc pozulmaz. 7 - Dərinin üstündən bədənə daxil olan şeylər orucu pozmur. Bədənə sürtülən yağın, kremin bədənə keçməsi də orucu pozmur, gözə tökülən dərman, sürtülən sürmə də orucu pozmur.


Orucu pozmayan hallar

1. Oruc tutduğunu unudaraq yeyib-içənin orucu pozulmur. Hz.Peyğəmbər belə buyurub: "Kim oruc tutduğunu unudub, yeyib-içərsə, orucuna axıra qədər tutsun, pozmpsın. Çünki Allah onu yedirib və içirib". Oruclu olduğu bir anlıq yadından çıxan yeyib-içərsə, oruc tutduğu yadına düşən kimi ağzını tez yaxalayar və orucuna axıra qədər tutar. Başqası oruc tutanın unudaraq yeyib-içdiyini görərsə, həmn adamın vəziyyətinə baxar. Əgər oruc tutmağa dözə bilən adamdırsa, oruc tutduğu yadına salar. Zəif adamdırsa, heç nə deməz. 2. Çimənin qulağına su girərsə, 3. Özündən asılı olmayaraq boğazına su və tüstü gedərsə, 4. Özündən asılı olmayaraq qusarsa, 5. Yatdığı halda qüslu pozularsa, 6. Xanımını ancaq öpərsə, 7. Gecə cünub olduğu halda qüsl almayıb, günorta yuyunarsa, 8. Sahurda dişlərinin dibində qalan noxud dənəsindən balaca yemək qırıntısını udarsa, 9. Ağzındakı tüpürcəyi udarsa, 10. Ağzındakı bəlğəmi udarsa, 11. Burun suyunu içəri çəkərsə, 12. Dişinə qoyduğu dərmanın dadı boğazına keçərsə, 13. Gözə dərman damcıladılarsa, 14. Qan aldırarsa, 15 - Ağıza su alıb çalxalayandan sonra ağızda qalan yaşlılığın tüpürcəklə bir yerdə udulması orucu pozmur. 16 - Dişlərin arasından çıxan qan boğaza getməsə oruc pozulmur. Ancaq qan çox olarsa, dadı hiss edilərsə, boğaza da keçərsə oruc pozulur. Dişlərini çıxartdıranlar da, düzəltdirənlər də bu məsələlərə diqqət etməlidirlər. 17 - Danışanda, yaxud başqa səbəbə görə dodağımızı digər (alt və ya üst) dodağımızla isladsaq və sorsaq oruc pozulmur. 18 - Göz yaşı və tərin bir-iki damcısı acıza daxil olsa, bunların da qarşısı alına bilməsə oruc pozulmur. Lakin bunların duzluluğu hiss ediləcçk dərəcədə çox olsa və oruclu olduğu bilindiyi halda udulsa oruc pozulur. 19 - Yemək üçün nəzərdə tutulmayan və qarşısını almaq mümkün olmayan bir şeyin içəri getməsi orucu pozmur. Ağrını kəsmək məqsədi ilə ilə ağrıyan dişə qoyulan mixəyin dadı tüpürcəklə boğaza keçsə oruc pozulmur. Toz, tüstü də orucu pozmur. Ancaq bu və bunun kimiləri bilərək udmaq orucu pozur. Uçanmilçək ağıza girsə oruc pozulmur, amma özü tutub udsa pozulur və bu orucun əvəzinə bir gün oruc tutmalıdır. 20 - Dişlərin arasında qalan yemək qırıntısı noxud dənəsindən kiçik olarsa və udularsa oruc pozulmur. Noxud dənəsindən böyük olan qırıntı udulsa oruc pozulur. 21 - İynə vurdurmaq orucu pozmur. Təhlükəli ehtiyac yoxdursa iynəni iftardan sonra vurdurmaq daha yaxşıdır. 22 - Bədənin bir yeri yaralanarsa və dəridəki yaranın üstünə dərman qoyularsa oruc pozulmur. Dərman maye halında olsa da hökm dəyişmir. 23 - Gözlərə sürmə çəkərsə, oruc pozulmur.
Bu saydıqlarımızın heç biri orucu pozmur.


Orucun məkruhları

Məkruh lüğətdə sevilməyən və xoş qarşılanmayan hal və hərəkətlər deməkdir. Bunları etməmək daha yaxşıdır: 1 - Qüsl və dəstəmaz alarkən ağıza, buruna çox su doldurmaq. 2 - Bişməkdə olan yeməyin dadına baxmaq. Ərinin xasiyyəti pis olan qadın yeməyi udmamaq şərti ilə dadına və duzuna baxa bilər. 3 - Oruc tutan bir adamın almaq istədiyi bal, yağ və s. kimi qidaların dadına baxması. 4 - Əvvəlcədən çeynənən, dadı, rəngi getmiş saqqız çiynəməsi... kişilərin saqqız çiynəməsi yaxşı qarşılanmır. 5 - Oruclu olanın gücünün zəifləyəcəyindən qorxaraq qan aldırması... 6 - Özünə tam güvənməyən oruclu bir kişinin həyat yoldaşını öpməsi... 8 - Özünə inanmayan kişinin xanımını öpməsi və qucaqlaması məkruhdur.


Məkruh olmayan hallar

1 - Diş fırçasından istifadə etmək məkruh deyil. 2 - Ağıza su alıb çalxalamaq, çimmək məkruh deyil. 3 - Ətir, gül və s.-nin iylənməsi məkruh deyil.

Elşad MİRİ
Qafqaz univerisiteti
İlahiyyat fakultəsinin məzunu


Allahın salamı və xeyir-duası üzərinizə olsun!


Tarix: 06.01.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2362 Bölmə: Ramazan