beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara Yusif - Teymurilərin məğlub edilməsi

Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif ilə Əbubəkr ilk dəfə 1406-cı il oktyabrın 14-də Naxçıvanın qərbində, Araz çayının sahilində toqquşdular. Qaraqoyunluların həmləsinə davam gətirməyən Teymurilər qaçmağa üz qoydular. Qara Yusif döyüş meydanından Naxçıvana gəldi. O, burada ikən Təbrizin adlı-sanlı rəislərindən olan Xacə Seyid Məhəmməd Keçəçi Qara Yusifin hüzuruna gəldi, şəhərin Əbubəkr tərəfindən qarət olunduğunu söylədi və onu Təbrizə gəlməyə təşviq etdi. Qara Yusif isə müvəqqəti olaraq şəhəri mühafizə etmək üçün darğa göndərdi və Sultaniyyəyə yürüş etdi. Əbubəkr şəhəri tərk etdi və Reyə qaçdı. Sultaniyyəyə girmiş Qaraqoyunlular şəhəri qarət etdilər, sonra isə əhalini Təbriz, Marağa və Ərdəbilə köçürdülər. Xorasan hakimi olan qardaşı Şahruxdan yardım alan Əbubəkr Azərbaycanı ələ keçirmək üçün yeni təşəbbüs etdi. Bundan xəbər tutan Qara Yusif Təbriz ətrafında yerləşən Şənbi-Qazana gəldi. 1408-ci il aprelin 21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu Teymuriləri darmadağın etdi. Miranşah öldürüldü, Əbubəkr isə qaçmağa müvəffəq oldu. Qara Yusifin Əbubəkr üzərində ikinci qələbəsinin mühüm tarixi əhəmiyyəti vardır. Bundan sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu, Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmış və bu ərazidə Azərbaycan Qaraqoyunlu dövləti (1410-1467) yaranmışdı. Bu qələbədən sonra, 1409-cu il payızın başlanğıcında Qara Yusif Təbrizə daxil olmuş, Şəki hakimi Seyid Əhmədə qarşı qoşun göndərmişdi. Lakin Qaraqoyunlu sərkərdələri döyüşə yaxşı hazırlaşmış Şəki hakiminin hərbi qüvvələrinə hücuma cəsarət etməmiş və Şirvanın bəzi yerlərini qarətlə kifayətlənərək geri qayıtmışlar. Qara Yusif öz siyasi məqsəd və fəaliyyətini Cənubi Azərbaycanla məhdudlaşdırmırdı. O, lap əvvəldən Azərbaycanın şimal hissəsini də özünə tabe etmək istəyirdi. Şəki və Şirvana göndərilmiş Qaraqoyunlu qoşun dəstələrinin fəaliyyəti buna sübutdur.


Tarix: 03.02.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Qaraqoyunlular