Tülkü qocalmış idi,
 Şikardan qalmış idi.
 Ov keçmirdi əlinə,
 Ət dəymirdi dilinə.
 Həftələrlə qalıb ac,
 Dolanırdı yalavac.
 Ova batmırdı dişi,
 Yaman keçirdi işi
 Günü olmuşdu qara,
 Düşündü, tapdı çara:
 Təsbeh aldı əlinə,
 Şal bağladı belinə,
 Ayaqlarında çarıq,
 Başında tirmə sarıq,
 Çiynində atlaz əba,
 Əlində zorba əsa.
 Ağlayırdı, gedirdi,
 Çölləri seyr edirdi;
 Olmuşdu mömin bəndə
 Çatdı böyük bir kəndə.
 Kənd ağzında bir xoruz
 Eşələnirdi yalqız
 Gördü ki, tülkü lələ,
 Girmiş başqa bir şəklə.
 Gəlir təsbeh əlində,
 Bir şal qurşaq belində,
 Ayaqlarında çarıq,
 Başında tirmə sarıq,
 Çiynində atlaz əba,
 Əlində zorba əsa.
 Ağlayır, təsbeh çəkir,
 Gözündən qan-yaş tökür…
 Xoruz durub uzaqdan
 Baxdı ona bir zaman
 Dedi: – A tülkü lələ,
 Neçin girdin bu şəklə?
 Yoxsa sənə, ey baba,
 Üz veribdir bir bəla?
 Tülkü başın salladı,
 Hönkür-hönkür ağladı.
 Dedi: – A məstan xoruz,
 Gözləri mərcan xoruz!
 Qocalmışam, düşmüşəm,
 Sizi çox incitmişəm.
 Məndən daha qaçmayın.
 Dərdlərimi açmayın.
 Daha üzüm qaradır.
 Qəlbim dolu yaradır.
 Halal-haram qanmadım.
 Gəldilər kəndə yaxın.
 Toyuqlar axın-axın
 Küçədə dənlənirdi,
 Yem tapıb şənlənirdi.
 Gördülər tülkü lələ
 Giribdir başqa şəklə:
 İri təsbeh əlində,
 Bir şal qurşaq belində,
 Ayaqlarında çarıq,
 Başında tirmə sarıq,
 Çiynində atlaz əba,
 Əlində zorba əsa,
 Gedir yol ilə birbaş,
 Xoruza olmuş yoldaş.
 Birdən qaqqıldaşdılar.
 Bu hiyləyə çaşdılar.
 Toyuq-xoruzdan biri,
 Gəldi bir az irəli,
 Dedi: – A lovğa tülkü,
 Quyruğu darğa tülkü!
 Yoxdur səndə mərhəmət,
 Bizə verirsən zillət.
 Gizli-gizli gecələr,
 Kəndə girib bixəbər
 Bizi çapır, çalırsan,
 Hinə şivən salırsan.
 Yoxmu bizim canımız?
 Halalmıdır qanımız?
 Etdik biz də bir tədbir,
 Vardır yaxında çox “pir”;
 Onlara ip bağladıq,
 Nəzir verdik, ağladıq;
 Kəsdik minlərcə qurban,
 Verdik fəqirə ehsan;
 Qəbul olmuş duamız,
 Səni tutmuş ahımız.
 Tülkü alışdı-yandı,
 Əsasına dayandı;
 Sonra başın salladı,
 Hönkür-hönkür ağladı,
 Dedi: – Düzdür, can xoruz,
 Gözləri mərcan xoruz!
 Indi üzüm qaradır,
 Qəlbim dolu yaradır…
 Yamanlıq olmuş işim,
 Daşa dəysin bu dişim.
 Qocalmışam, düşmüşəm,
 Sizi çox incitmişəm.
 Daha tövbə edirəm,
 Indi həcca gedirəm…
 Bu işə mat qaldılar,
 Tülküyə yan aldılar,
 Çaşdılar bu sözlərə,
 Qan-yaş doldu gözlərə,
 Söylədilər: – Ay lələ!
 Qurban bu şirin dilə!
 Xasiyyətin dəyişmiş.
 Nə gözəl işdir bu iş!
 Amandır, tülkü lələ,
 Bizi apar özünlə
 Tülkü dedi: – Nə olar,
 Gəlin, gəlin, balalar!
 Uçub gəldi cümləsi;
 Toyuq-xoruzun səsi
 Çulğaladı hər yanı,
 Kəndi, çölü, ormanı.
 Bir xoruz oldu zirək
 Uçdu dama sevincək:
 - Quqquluqu! – Çəkdi car, -
 Olduq bizlər bəxtiyar:
 Aydın olsun gözünüz,
 Gəlin, görün özünüz
 Tülkü olub peşiman,
 Tökməyəcək bir də qan.
 Mö’min olmuş bu kişi,
 Bizimlə yoxdur işi;
 Ağlayır, tövbə edir,
 Birbaşa həcca gedir,
 Kənddə toyuq-cücələr,
 Bundan tutunca xəbər,
 Bir-birinə baxışdı,
 Güyə düşdü, axışdı:
 İşi doğru bildilər,
 Uçub qaçıb gəldilər.
 Inandılar tülküyə,
 Peşiman olmuş, – deyə,
 Biri öpür əbasın,
 Biri dəmir əsasın,
 Biri təsbeh, sarığı
 Biri kirli çarığı
 Batmış hamı sevincə,
 Gülürlər incə-incə
 Gətirdilər duz-çörək
 “Dərə xəlvət, tülkü bəy”.
 Dururdu kefi çox saz,
 Baxırdı saymaz-saymaz
 Bir az söhbət etdilər,
 Yola düşüb getdilər,
 Çovuş oldu birisi,
 Basdı kəndi cır səsi,
 Keçdi dəstə başına.
 Papaq endi qaşına,
 Əlində uca bayraq,
 Oxuyurdu, o şaqraq
 Dəstə şən, təmtəraqla,
 Gedir çovuş bayraqla
 Tülkü düşmüş irəli,
 Arabir dönüb geri
 Gizli-gizli baxırdı.
 Ağzından su axırdı.
 Sanki ölçüb-biçirdi,
 Köklərini seçirdi.
 Kəsilmişdi taqəti,
 Gözləyirdi fürsəti.
 Getdilər bir az daha,
 Çatdılar bir səhraya
 Tülkü dəyandı, durdu,
 Başladı hiylə qurdu,
 Dedi: – Ay canım xoruz,
 Gözəl məstanım xoruz!
 Namaz vaxtıdır, dayan!
 Çıx ağaca ver azan.
 Alıb tez dəstəmazı,
 Qılaq burda namazı.
 Xoruz çıxdı, ucadan
 Verdi gözəl bir azan.
 Tülkü dedi: – Tez durun,
 Namaz üçün səf qurun!
 Olsun xoruz pişnamaz,
 Daha başlansın namaz!
 Bağırdılar: – Yox, olmaz,
 Bizim cinsə yaraşmaz.
 Əslindən pişnamazlıq
 Sənin şəninə layıq.
 Tülkü dartdı özünü,
 Turşutdu üz-gözünü,
 Dedi: – Məndən çəkin əl!
 Olmuşam çox bədəməl
 Öldürmək olmuş işim,
 Qanlar tökmüş bu dişim
 Mənim kimi yaramaz
 Olarmı heç pişnamaz?
 Arıq xoruzun biri
 Gəlib keçdi irəli
 Tülkü bala yanladı,
 Səfləri sahmanladı.
 Kökləri düzdü sona,
 Ürəyi yana-yana
 Hiyləni saz eylədi.
 Durdu belə söylədi:
 - Mən keçmişəm ən sona.
 Ürəyim dönmüş qana,
 Yalvarıram yaradan
 Keçsin günahlarımdan
 Peşimanam işimdən,
 Bezaram keçmişimdən.
 Artıq tövbə etmişəm,
 Ağlamaq olmuş peşəm.
 Siz namazı başlayın,
 Məni bir ölü sayın.
 Deyib oturdu yerə,
 Ağladı birdən-birə
 Səflər coşub-daşdılar,
 Namaza qalxışdılar.
 Dörd səf düzülmüş idi,
 Gözlər süzülmüş idi.
 Pişnamaz dedi: – Quqqu!
 Azançı: – Quqquriqu!
 Oxundu qısa dua,
 Əyildilər torpağa,
 Tülkü qaldırdı başın,
 Atdı möminlik daşın
 Baxdı ora-buraya,
 Göz gəzdirdi sıraya
 Od parladı gözündən,
 Artıq çıxdı özündən,
 Sahmanladı işini,
 İtilədi dişini.
 Atdı təsbeh, əbanı,
 Sarığı, həm əsanı.
 Baxdı o yan-bu yana,
 Dik atıldı meydana.
 Yırğalandı quyruğu,
 Boğdu on beş toyuğu…
 Duyub o yerdə qalan,
 Qurtardı tülküdən can.
 Uçdu hərə bir yana,
 Düzə, çölə, ormana
 Çölü basdı qışqırıq,
 Qopdu böyük fısqırıq.
 Tülkü işin bitirdi,
 Ovlarını gətirdi,
 Çıxdı bir göy yamaca,
 On gün yedi doyunca.
Tarix: 20.11.2013 / 01:57 Müəllif: ADMIN Baxılıb: 790 Bölmə: Nağıllar