beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nuşparanın nağılı

Biri varımış, biri yoxumuş, günlərin bir günündə iki qardaş varımış. Bunların birinin adı Firuz, birinin də adı Əhməd imiş. Firuz tacirliyi çox sevirdi. Gecə-gündüz əlləşib, pul yığıb, şəhərdə böyük bir tacir olmuşdu. Bütün tacirlər Firuzun adını eşidəndə ayağa dururdular. Belə dövləti olmağına baxmayaraq, tacir Firuz çox acgözdü, camaatnan rəftarı da pis idi. Amma qardaşı Əhməd tacir tayfasına yaxın durmazdı. Sənəti yəhər qayırmaq idi. Əhmədin arvadı yox idi, amma Nuşaran adında bir qızı varıdı, dünya gözəli idi. Bir gün Əhməd ömrünü bağışladı kiçik qardaşı Firuza. Firuz qardaşını kəfin-dəfin eləyib, Nuşaranı da götürüb apardı evinə. Tacir Firuzun arvadı yoxudu, qulluqçu da saxlamırdı, ancaq bir neçə nökəri, bir də bağbanı varıdı. Bağbanın arvadı tacir Firuza kömək eləyirdi. Bir gün, beş gün, qardaşının ölməyindən bir xeyli vaxt keçdi. Tacir Firuz istədi evlənə. O, şəhərbəşəhər düşüb gəzdi, amma nə fayda ki, ürəyinə yatan bir qız tapa bilmədi. Kor-peşman, yorğunarğın gəlib çıxdı öz vilayətinə.

Eşit Nuşaran xanımdan.

Nuşaran xanım atası öləndən sonra çox sınıxıb, darıxırdı. Bir gün qonşuların qızları bağbangilə gəlmişdi. Nuşaran xanım da bunlara qoşulub tacir Firuzun bağını gəzməyə çıxdı. Tacir Firuz bağına adam buraxmazdı, amma evlənmək məqamıydı, bağbanın arvadına tapşırmışdı mən külafirəngidə oturanda, şəhər qızlarınnan gətir bağa gəzməyə, bəlkə könlüm istəyən oldu, bəyənib aldım.

Tacir Firuz oturmuşdu külafirəngidə, qabağında çay, damağında qəlyan. Baxıb gördü ki, bağın qapıları açıldı, bağa bir dəstə qız girdi. Tacir Firuz çay bardağını yerə qoyub, qəlyanı alıb əlinə başladı qızlara tamaşa eləməyə. Gördü ki, bir belə qızın içində bir qız var ki, padşah bağında da yoxdu. Elə bir qızdı ki, saç topuğunda, qaşları qüdrət qələmiynən çəkilib, gözü ceyran gözü kimidi. Tacir Firuz lap dəli oldu, çay bardağı əlindən yerə düşdü, ağlı başından çıxdı. Tez külafirəngidən düşüb gəldi evə, bağbanın arvadını çağırıb xəbər aldı:

– Qızların içindəki gözəl qız kimdi?

Bağbanın arvadı dedi:

– Tacir sağ olsun, gördüyün qız sənin qardaşın qızıdı.

Tacir Firuz bağbanın arvadına inanmadı. Özü bağa çıxıb, qıza baxdı, gördü ki, bəli, qardaşı qızı Nuşarandı. Tacir günü gündən öz qardaşı qızı Nuşaran xanıma məhəbbət bağladı. Gördü ki, yox, olmur, nə eləyirsə də Nuşaran xanım tacir Firuzun xətrindən çıxmır. Tacir Firuz axırda əlacı kəsilib, gecədən bir pas keçəndən sonra Nuşaran xanımın yanına gəldi.

Nuşaran xanım baxıb gördü ki, əmisi gəlir, tez durub geyindi, oturdu yerin üstündə.

Tacir Firuz başladı qardaşı qızı Nuşarannan hal-xoş eləməyə, çox söhbətdən sonra gəlib çıxdı iş üstünə. Tacir Firuz mətləbi açıb Nuşarana dedi:

– Gərək mənə gələsən.

Nuşaran baxıb gördü ki, əmisi dəli olub, heç ondan əl çəkmir. Əmisinə öyüd verdi. Firuz razı olmayıb dedi:

– Mən sənə aşiqəm. Gəzib şəhərləri dolanmışam, sən gözəllikdə qız tapa bilməmişəm; gərək səni alam, mən nəfsimi geri qaytara bilmərəm, tez cavab ver.

Nuşaran xanımın dərdi biridi, oldu iki, dünya başına daraldı, gözləri yeri görmədi. O, heç bilmirdi nə cavab verə. Nuşaran xanım baxıb gördü ki, əmisi əl çəkmir, dedi:

– Əmi, üç gün mənə möhlət ver, üç gündən sonra sənə cavabımı deyərəm.

Tacir Firuz razı oldu, istədi qardaşı qızının üzündən öpə, ancaq Nuşaran qoymadı, tacir Firuz getməkdə olsun, eşit Nuşarandan. İlan vuran yatdı, amma Nuşaran səhərə kimi yatmadı. Səhər durub pəncərəni açdı. Oturub həyətə baxırdı, gördü ki, iki göyərçin gəlib ağaca qondu. Göyərçindən biri ağacdan yarpaq dərib dimdiyində tutdu, o biri göyərçin istədi yarpağı ala. Göyərçin tez qanad çalıb uçdu. O biri göyərçin düşdü dalına. Ağzında yarpaq olan göyərçin özünü saldı pəncərədən içəri, yarpağı Nuşaranın üstünə atıb qaçdı. Nuşaran xanım yarpağı götürüb saxladı. Birdən Nuşaranın qulağına səs gəldi:

– Ey Nuşaran, yarpağı əzib, suyunu iç; onda bəla səndən uzaq olar.

Nuşaran xanım qulaq asmadı, yarpağı götürüb, saxladı, oturub ağlayırdı, bilmirdi əmisinə nə cavab versin. Nağıllarda vaxt tez başa gələr. Üç gün tamam oldu. Nuşaran xanım bilmirdi neyləyə. Çarəsi kəsilib, özünü çaya atmaq istədi. Odu ki, durub gəldi çay qırağına ki, özünü çaya atsın. Bağban bağa çıxmışdı, gördü Nuşaran özünü yetirdi çay qırağına. Gözlərini yaylığıynan bağladı, istədi ki, özünü çaya ata, bağban gəlib Nuşaranın qolundan tutdu. Nuşaran gördü ki, bir əl yapışdı qoluna, tez o biri əliynən gözünü açıb gördü ki, əmisinin bağbanıdı. Donub qaldı yerində. Bağban gördü ki, qızın gözündən yaş axır, dedi:

– Nuşaran xanım, sənin atan mənə çox yaxşılıq eləyib, gəl sən məndən sirrini gizlətmə, de görüm niyə özünü çaya atırdın?

Nuşaran xanım ürəyini boşaltdı. Başına gələn bütün müsibəti bağbana danışdı. Bağban dedi:

– Əmi də öz qardaşı qızını alarmı?

Nuşaran dedi:

– Atam sağ olsaydı, başıma bu iş gəlməzdi

Bağban dedi:

– Gəl səni aparım evimizə, qal bizdə. Bəlkə gözdən itib, yaddan da çıxasan.

Qız razı olub, bağbannan gəldi evə. Bağbanın arvadı gördü ki, Nuşaran gəlir. Ərindən xəbər aldı ki, bu nə işdi? Bağban onu işdən xəbərdar edib dedi: – Qoy, qız q alsın bizdə, amma nəbadə, tacir Firuz Nuşaran xanımın bizdə olduğunu bilə, yoxsa keçərik qəzəbinə. Nuşaran bağbanın yanında qaldı.

Tacir Firuz üç günü tamam eləyib, durub gəldi qardaşı qızının yanına. Qapını açıb içəri girdi, gördü ki, qız yoxdu. Qızı axtarmağa başladı. Hər yerə car çəkdirdi ki, bu şəkildə, bu boyda, bu qələmdə bir qız itib, kim tapsa, üç yüz tümən verəcəyəm. Tacir Firuz carı çəkdirməkdə olsun, eşit bağbandan.

Bağbanın Gülab adında cavan bir oğlu varıdı. Gülab çox gözəl idi, amma kasıbdı. Nuşaran yavaş-yavaş başladı Gülabla məhəbbət bağlamağa, bir-birilərinə ürək sirlərini açdılar. Gülabnan Nuşaran xanım günaşırı görüşürdülər. Bağban bir gün gördü ki, oğlu Nuşarana aşiq olub, tez gəlib arvadına tapşırdı ki, nəbadə bunları bayıra buraxasan. Qoy bir müddət evdən çıxmasınlar, görək nə olar. Bağbanın arvadı başladı Nuşaran xanımı iki gözü kimi saxlamağa. Gülab da yavaşyavaş ağız-burnunu düzəldib, Nuşaran xanımı gözündən kənara qoymazdı. İkisi də cavandı, qanları qızıb bir-birilərinə dedilər:

– Gedək bağa, kim bizi görəcək, orda oturub danışaq.

Nuşaran razı oldu. Gün batabatda idi, çıxdılar bağa, gedib sərin bir ağacın altında, yumşaq ot üstündə, qol-boyun uzanmaqda olsunlar. Sizə kimdən xəbər verim, tacir Firuzdan.

Firuz səbr eləyə bilmirdi. Eşq ona çox zor eləmişdi, vurmuşdu ürəyinə. Durub çıxdı bağa ki, bir az dərdi dağılsın. Bağın aşağı başından tacir Firuzun qulağına oxumaq səsi gəldi. Tez səsə tərəf özünü yetirib gördü ki, Nuşarannan bağbanın oğlu Gülab qol-boyun olub uzanıblar. Firuz Gülabın qolundan tutub, istədi sala ayağının altına. Gülab özünü düzəldib əl atdı Firuzun kəmərinə, itələyib saldı çaya. Nuşaranın qolundan yapışıb qaçdılar evə.

Tacir birtəhərnən çaydan çıxıb, üst-başı islanmış gəlib özünü yetirdi evinə. Adam göndərib bağbanın oğluyanan qardaşı qızını çağırtdırdı. Tacirin adamları gedib Gülabnan Nuşaranı bağbanın evindən götürüb gəldilər. Firuz əmr elədi ki, bağbanın oğlu Gülabı salın dama, səhər başını kəsərsiniz. Bağbanın oğlu Gülabı aparıb saldılar tövlələrin birinə, qapını da bağladılar. Firuz Nuşaran xanıma dedi:

– Heyfim gəlir sənə, səni öldürtmürəm, gərək mənim dediyimə razı olasan.

Nuşaran cavab vermədi. Firuz durub gəldi Nuşaranın yanına, istədi qolun sala boynuna. Nuşaran əmisini itələyib, istədi qaça. Nuşaranın qolundan tutdu, saxlayıb dedi:

– İndi ki sən mənim sözümdən çıxdın, gərək mən səni dünya işığına həsrət qoyam.

Nuşaranın qolundan tutub saldı otaqların birinə, qapıları bağladı, durub getdi.

Xəbəri sənə kimdən verim, bağbandan. Bağbanın arvadı xəbərnən getdi ərinin yanına, gördü ki, əri bağda işləyir, dedi:

– Tacir Firuz Gülabnan Nuşaranı tutub apardı.

Bağban beli əlindən yerə atıb, papağını ağacdan götürüb keçirtdi başına, çarığını geyib düşdü yola. Gəlib çıxdı tacir Firuzun mənzilinə. Bütün işləri öyrəndi. Bağban gecəni yata bilmədi. Gecədən bir as keçmiş durdu ayağa, özünü yetirdi tövləyə, tövlənin dal tərəfinə keçib, başladı sökməyə. Söküb deşik açdı, içəri girib gördü Gülab yatıbdı. Tez Gülabı səslədi. Gülab ayılıb gördü atasıdı. Bağban Gülabı götürüb apardı evə, Gülab anasıynan görüşdü. Bağban oğluna dedi:

– Oğul, bir neçə gün şəhərdən çıx.

Gülab razı oldu, amma Nuşarandan ayrılmaq istəmirdi. Çarəsi kəsilib, yola hazırlaşdı. Anası oğluna çörək verib saldı yola. Gülab düşdü yola. Şəhərdən çıxıb getməkdə olsun, eşit Nuşarandan.

Nuşaran oturmuşdu, qapı-pəncərələr də bağlıydı. Baxıb gördü ki, bir pəncərə var. Başladı pəncərəni sındırmağa. Gecənin üç pasına kimi, əlləşdi, axırda pəncərəni sındırıb gördü sübh açılhaaçıldı. Döşəkağını yorğana bənd eləyib, kəmənd düzəltdi. Bağladı dəmirə, sürüşüb düşdü aşağı, başladı qaçmağa. Uzaqlaşıb bir daldada gizləndi ki, səhər açılanda çıxıb getsin.

Sizə kimdən xəbər verim, Firuzdan. Firuz səhər ayılıb gəldi ki, qardaşı qızından bir xəbər tuta. Qapını açıb gördü ki, lələ köçüb, yurdu qalıbdı, Nuşaran yoxdu. Bu tərəfdən xəbər gəldi ki, bağbanın oğlu Gülab qaçıbdı. Tacir Firuz dəli olub, döndü quduz köpəyə. Hirsindən tutub bağbanı öldürdü. Bağbanın arvadını da qovdu. Tacir atı minib düşdü çöllərə. Dörd gün dörd gecə gəzib dolandı, tapa bilmədi. Korpeşman gəlib oturdu yerində.

Eşit Gülabdan.

Gülab şəhərdən çıxıb, gedib çatmışdı başqa bir padşahın torpağına, şəhəri gəzib dolanırdı, gördü ki, bir qarı sudan gəlir. Gülab qarının qabağına çıxıb dedi:

– Qarı nənə, bu gecə məni Allah qonağı elə.

Qarı dedi:

– Allaha da qurban olum, onun qonağına da.

Qarı Gülabı götürüb evinə apardı. Gülabın qabağına çörək qoydu. Gülab çox acmışdı, oturub çörəyi yedi. Qarı Gülabdan hal-əhval tutdu. Gülab başına gələnləri qarıya nağıl elədi. Qarı dedi:

– Oğul, mən də sonsuzam, gəl qal mənim yanımda.

Gülab razı olub, qaldı qarının yanında. Hər gün səhər Gülab oduna gedirdi. Odun yığıb bazarda satırdı, aldığı pulu çörəyə verib, axşam qarıynan bir yerdə yeyirdi. Gülab bir neçə gün belə keçirdi. Bir gün səhər tezdən durub, baltasını götürüb getdi meşəyə. Böyük bir ağacın altında oturub sərinləşdi. Gülab bir o yana, bir bu yana baxıb gördü ki, bir ağac var. O, baltasını götürüb düşdü ağacın üstünə. Bir-iki balta vurub, ağacı yerə yıxdı, sonra başladı ağacın dibini qazımağa. Bir az qazımışdı ki, gördü bir balaca küpə var, tez küpəni açıb gördü ki, qızılnan doludu. Küpəni çıxardıb, odunun ortasına qoyub, bərk sarıdı. Şələni dalına atıb birbaş gəldi evlərinə. Qarı Gülabın qabağına çıxıb xəbər aldı:

– Oğul, olmaya odunu sata bilməmisən?

Gülab cavab verdi:

– Sənə bir küpə qızıl tapmışam.

Qarı bunu eşidən kimi gözləri kəlləsinə çıxdı. Gülab dedi:

– Nənə, qızıldan bir az götür, evə şey-mey al.

Qarı qızılı götürüb çıxdı bazara, bazarlıq eləyib gəldi. Gülab ev düzəltməkdə olsun. Sizə xəbər verim Nuşarandan. Nuşaran səhərin gözünü açıb, üz qoydu bərri-biyabana. Az getdi, çox getdi, iynə yarım yol getdi. Gedib çatdı bir meşəyə. Bir xeylək gedib, yolu itirdi, gün batırdı, bir yandan da Nuşaran bərk acmışdı. Gördü ki, armud ağacı var, çıxıb ağaca başladı yeməyə. Qarnını doydurub gecəni ağacda qaldı. Xəbəri sənə kimdən verim Gülabdan. Gülabın ovçuluğa çox həvəsi varıdı. Hərdən bir ova çıxırdı. Bir gün nənəsinə dedi:

– Nənə, xətrimə ov düşüb, bu gün ova gedirəm.

Nənəsi dedi:

– Oğul, xətrin istəyirsə, get.

Gülab atını minib, dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, kaman-yay cınağında, qılınc qucağında başladı yol getməyə. Səmənd at Gülabı çıxartdı bu meşənin qırağına. Gülab səmənd atdan düşüb, atı yancidar eləyib buraxdı; özü də bir-iki quş vurub, çör-çöp yığıb od qaladı. Quşları doğrayıb şişə çəkməkdə olsun. Sənə xəbər verim Nuşaran xanımdan. Nuşaran yolu itirib qalmışdı avara. Bir hündür ağac tapıb çıxmışdı ağaca ki, görsün şəhər yaxındı, ya yox. Bir də gördü bir tüstü var. Tez düşüb yeridi irəli, bir xeylək gedib bir bulağa çatdı, gördü ki bir oğlan oturub başı aşağı kabab bişirir. Atını da yancıdar eləyib. Xeylək durub baxdı, gördü ki, bağbanın oğlu Gülabdı. Nuşaranın rəngi özünə gəldi. İstədi Gülabın üstünə atıla özünü saxladı. Gülabın xurcunu atın tərkindəydi. Duz yadından çıxıb xurcunda qalmışdı. Durub getdi ki, xurcunu açıb gətirə. Nuşaran özünü verdi ağacın dalına. Gülab gedən kimi, kababnan çörəyi oğurlayıb yenə gizləndi.

Gülab əlində xurcun özünü yetirdi süfrəsinə, gördü ki, nə kabab var, nə də çörək. Qaldı məəttəl. Bir o yana, bir bu yana baxıb gördü ki, heç kəs yoxdu, öz-özünə dedi:

– Qoy çağırım, görüm kimdi.

Gülab bir-iki dəfə çağırdı, amma səs verən olmadı. Bir neçə qədəm irəli getdi ki, baxa görə adam-zad varmı? Nuşaran tez çörəyi qoydu yerinə. Gülab qayıdıb gördü çörəknən kabab yerindədi. Məəttəl qalıb dedi:

– Yəqin gözlərim ala-bula görür, meşədə adam yoxdu.

Oturdu asudalıqnan çörək yeməyə. Bir tikə götürmüşdü, ikinci tikəyə əl atanda baxıb gördü ki, başının üstündə bir qız dayanıb. Tez durub gördü ki, Nuşaran xanımdı. Nuşarannan Gülab qucaqlaşıb öpüşdülər. Onlar oturub bir-birilərindən əhval tutdular. Nuşaran başına gələni Gülaba, Gülab da Nuşarana danışdı. İki aşiq oturdu yerdə. Nuşaran çox acıdı. Gülab durub təzədən quş vurdu. O, qollarını çırmayıb, quşları aparıb bulaqda yuyub şişə çəkdi; bişirib nuşicanlıqnan yedilər. Gülab səmənd ata minib Nuşaranı alıb qucağına, toz kimi gözdən itib, gəlib çatdılar şəhərə. Qarı həyətdə oturmuşdu, gördü ki, Gülab gəlir, özüynən bir qız gətirir. Gülab evin qabağında atdan düşdü. Qarı xəbər aldı ki, qız kimdi? Gülab dedi:

– Dediyim qız budu.

Qarı qollarını çırmayıb Nuşaranın baş-gözünü, əl-ayağını yudu, paltarını dəyişdi.

Bir neçə müddət burda qaldılar. Bir gün Gülab bazara çıxmışdı, gördü ki, bir çılpaq arvad oturub dilənir. Gülab əlini cibinə salıb arvada bir qızıl verdi. Arvad başladı alqış eləməyə. Gülab gördü səs ona tanış gəlir, dedi:

– Ana, kimlərdənsən?

Arvad özünü nişan verdi. Gülab gördü ki, anasıdı. Onu qucaqlayıb öpdü. Götürüb gəldi evlərinə.

Gülab anasını gətirdi yanına. Nuşaran əl-qolunu çırmayıb Gülabın anasının başını, saçlarını yudu, təzə paltar geyindirdi. Yazıq arvad başına gələn əhvalatların hamısını söylədi. Gülab, atasının tacir Firuz tərəfindən öldürüldüyünü bilib, çox bikef oldu, öz-özünə dedi:

– Gərək atamın qanını alam.

Nuşaran dedi:

– Gərək mən də gedəm.

Gülab dedi:

– Gəl getmə.

Nuşaran razı olmadı.

Gülab iki at rahladı. Atlara minib quş kimi başladılar uçmağa. Gəlib özlərini yetirdilər Firuzun şəhərinə.

Firuz şəhərin sahibi idi. Eşitdi ki, Gülab gəlib, adam göndərdi ki, Gülabı tutsunlar. Amma Gülab gəlib gedəni qırıb, özünü yetirdi Firuza. Firuznan üz-üzə gəlib, danışırdılar ki, qəfildən Nuşaran əmisinin başına bir qılınc vurdu. Firuz cəhənnəmə vasil oldu. Adamlar tökülüşüb Firuzun malını tarac elədilər. Onlar yeyib, içib yerə keçdilər, siz də burda var olun.


Tarix: 21.04.2013 / 18:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 736 Bölmə: Nağıllar