beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşqədəm (nağıl)

Biri varımış, biri yoxmuş, Allahdan başqa heç kim yoxdu. Bir qoca kişi vardı, bunun da bir arvadı vardı. Günnərin bir günü bı arvad dedi:

– Əşi, gəl sən get Məkkiyə, Xorasana ziyarat elə, bu ömrüyün axır çağında.

Kişi buna razı oldu. Dedi:

– Arvad, onda sən dur, birəz yol ehtiyatı gör.

Arvad durdu cücədən-zaddan bişirdi, xəmir qatıp fətir bişirdi. Qabladı xurcuna. Gecə yatdılar. Bı arvad da boyluydu. Səhər kişi durdu, arvadın durğuzdu. Dedi:

– Arvad, mən gedirəm. Oğlum olar, saxlarsan, əyər qızım olarsa, başın kəsip, qanın doldurarsan şüşüyə, saxlarsan mən gələnə.

Arvad dedi:

– Yaxşı.

Bu kişi düşdü yola. Bəli, vaxt oldu ki, bu arvad barı-həmlin yerə qoydu. Gəldi bunun bir qızı oldu ki, aya deyir çıxma mən çıxım, günə deyir, çıxma mən çıxım. Dodaxlar yazın baharı kimi, yanaxlar yaqudun kanarı kimi, dişdər inci mirvarı kimi. Bir qızdı ki, Allah-taala xoş gündə, xoş saatda yaratmışdı.

Arvad qıymadı ki, bının başın kəsə. Bını saxladı, bı qızın adın Xoşqədəm qoydu. Bəli, bı qız yekəldi, çatdı on iki yaşına. Bir gün arvada muşduluxçu gəldi ki, kişi Xorasannan qayıdıp gəlir. Arvad qaldı labüd, nətər eliyim, necə eliyim. Birdən ağlına gəldi ki, verim qonşuya. Tez qızı geyindirdi, bütün paltarların da yığdı sandıxçıya. Apardı verdi qonşuya. Tapşırdı ki, bını burda saxlıyın, kişi bilməsin. Tez qayıtdı evə. İki xoruz aldırdı, başın kəsdirdi, qanın doldurdu bir qava ki, kişi gələndə gösdərsin; qız oldu başın kəsdim, qanın doldurdum qava, saxladım sən gələnə. Qayıtdı xoruzdarı da bir qazan xörək qayırdı qoydu başına. Başdadı evi-zadı hazırramağa. Kişi gəldi. Camahat yığışdı bu kişinin başına. Görüşdülər, söhbət elədilər ənnən, bənnən. Dağılışdılar.

Kişi arvadı çağırıb dedi:

– Arvad nəyim oldu?

Arvad dedi:

– Qızın oldu, başın da kəsdim, qanın da sən diyən qava doldurdum.

Kişi dedi:

– Dur gətir görüm.

Arvad durdu qavı kişiyə görsətdi.

Bir neçə gün keçdi, bir gün kişi əlinə afdafa almışdı, bu qızı gördü. Gəldi arvadına dedi ki, arvad o qonşuda bir qız var, gərək onu mana alasan.

Arvad dedi:

– Əşi, onu sana verərlərmi? Dəli olmamısan? Başına hava gəlmiyip ha?..

Bir neçə dəfə belə bu qızı gördü. Min könüldən Xoşqədəmə aşıx oldu. Bir gün arvad getdi usdanın yanına. Dedi:

– Elə bir araba qayırarsan ki, gecə-gündüz öz-özünə yol gedər. Bını danışdı, pulun verdi, dedi:

– Havax hazır olar?

Usta dedi:

– Sabah hazır olar.

Arvad qayıtdı evə fətirdən-çörəkdən qayırdı, bağladı bir sırfıya. Qənd, çay, hər bir ehtiyat hazır elədi. Səhər getdi arabanı aldı gətirdi, kişi bazara çıxanda qızı çağırdı, təmiz geyindirdi, hər bir ehtiyatdarı yığdı arabaya. Öpüşdülər, halallaşdılar. Xəşdik-zad da verdi. Xoşqədəmi mindirdi arabıya. Dedi:

– Bala, get Allah işinə sürət versin.

Arabanın ağzın bağladı, saldı yola. Qız ağzın çəvirdi bərri-biyabana. Kişi bir neçə gün çölə çıxdı, bu qızı görmədi, gəlip arvada deyirdi, arvad, o qız hara gedip ki, yoxdu? Arvad da dedi:

– Nə bilim, həlbət, qohumları evinə gedip.

Xoşqədəm də qırx gün, qırx gecə yol getdi, çıxdı bir şəhərə. Sizə kimnən xəbər verim, bu şəhərin paçxahının oğlundan. Paçcahının bir oğlu vardı, adına Ağabəy deyərdilər. Ağabəyin bir sürü qazı vardı. Bir nökər bunu həmişə çıxardıp çimənnihdə otarardı. Xoşqədəm gəldi çıxdı bu qazdar otduyan otduğa. O qız o qədər gözəlidi ki, şövqü düşürdü çimənə, qazdar ürküp otdamırdılar.

Ağabəy bir gün baxdı gördü elə bu qazdar günü-günnən geri gedir. Nökəri çağırdı dedi:

– Bılları nətər otarırsan ki, bıllar günü-günnən geri gedir?

Nökər dedi:

– Ağa, vallah aparıram, dilin ota vurmurlar. Bir axşam qaytarıram gətirirəm əvə. Evdə arpadan-zaddan tökürəm.

Ağabəy öz-özünə dedi:

– Sabah özüm də bulları busa-busa gedərəm görüm, bu nətər otarır?

Səhər nökər qazdarı götürdü gəldi həmən yerə. Ağabəy də bunun dalınca qarabaqara gəldi, gördü bırda bir qız var ki, xəddi-xalına, gül camalına tamaşa elə. Şövqü düşür çimənə. Qazdar ürkür, yemir. Getdi bu qızın yanına. Soruşdu nəçisən? Haralısan? Xoşqədəm dedi:

– Köçdən qalmışam. Bir yerim yoxdu gedəm, burda qalmışam.

Ağabəy baxdı, bu qız danışdıxcan fikir verdi gördü, bu bir ağıllı, kamallı, paçcahyana bir qızdı. Bunu götürdü gəldi əvə. Nə qədər elədi, bu qız arabadan düşmədi, dedi:

– Xeyr, mən arabadan çıxsam o saat ölərəm.

Xoşqədəm bir neçə gün burda qaldı. Elə nə iş görseydi, arabada görərdi. Ağabəyə çörək aparanda da elə arabada aparardı, qapının ağzınnan verərdi. Bir gün Ağabəy dedi, nətər eliyim bu arabanı sındırım, bu çıxsın? Bir gün baltanı itilədi, qoydu yanına. Qız xörək gətirəndə dedi:

– İçəri girməsən almaram. Gərək gətirip qabağıma qoyasan.

Qızın əlacı kəsilip arabadan düşdü. Xörəyi gətirip Ağabəyin qabağına qoyanda, Ağabəy qalxdı əyağa, getdi baltanı götürüb arabanı təmiz doğradı. Qız qaldı ağlıya-ağlıya.

Bir neçə gün belə keçirdi. Günün bir günü, paçcah bir molla gətirtdi. Xoşqədəmin kəbinin kəsdirdi Ağabəyə. Yeddi gün, yeddi gecə toy eliyip qızı köçürdülər Ağabəyə.

Bu burda qalsın, sizə kimnən xəbər verim Xoşqədəmin atasınnan.

Bir gün arvada dedi:

– Arvad, gərək o qızı nətər olsa, mana alasan.

Arvad əlacsız qalıp dedi:

– Əşi, o sənin qızındı, adam da öz qızın alarmı?

Kişi dedi:

– Necə mənim qızımdı?

Arvad dedi:

– Sən gedəndə olmuşdu, qıymadım başın kəsəm, xoruz aldırdım başın kəsdirdim, qanın doldurdum şüşüyə, sən gələndə gösdərdim. Onu da vermişdim qonşuya. İndi də araba qayırtdırdım, yola saldım, çıxdı getdi.

Kişi dedi:

– Arvad, gərək gedəm, tapam.

Kişi dərviş-libas oldu, düşdü yola. O qədər gəldi ki, gəldi çıxdı Ağabəyin qapısına. Soruşdular kimsən? Dedi:

– Allah qonağı!

Dedilər:

– Allaha da qurban olum, qonağına da.

Kişi baxdı gördü baho, qız burdadı. Üstün vurmadı. Qız da baxdı gördü, atasıdı. Qız gətirdi bunun qabağına xörək-zad qoydu, kişi yediiçdi. Başdadı sözü açdı. Qız o saat atasının boynun qucaxladı, başına gələnnəri söylədi. Atası bir müddət də burda qaldı. Qızının nişanasın götürdü, gəldi əvlərinə. Təzədən xərc çəkdi, qırx gün, qırx gecə toy vurdurdu. Qızın dalıncan hər bir ehtiyat alıp, qıza cehiz göndərdi. O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin.


Tarix: 21.04.2013 / 18:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 500 Bölmə: Nağıllar