beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baftaçı Şah Abbas

Günlərin bir günündə Şah Abbas vəzirini çağırıb dedi:

– Vəzir, neçə aydı ki, seyrə çıxmamışam. Qoşun hazırlığı gör, tədarük elə, on günün səfərinə gedəcəyəm.

Vəzir Allahverdi baş əyib itaət elədi, çıxıb səfər tədarükü görməyə getdi. Bir neçə gündən sonra vəzir Allahverdi gəlib dedi:

– Qoşun hazırdı.

Şah Abbas atını minib düşdü qoşunun qabağına. Qoşun yavaşyavaş getməyə başladı. Nağıllarda mənzil tez başa gəlir. Az gedib, çox dayandılar, çox gedib az dayandılar, axırda gəlib çatdılar bir şəhərə. Bu şəhərdə bir nəfər tacir varıdı, bu tacirin bir arvadı, bir də naxırçısı varıdı. Bu naxırçının Banı adında gözəl bir qızı varıdı. Tacir naxırçı qızı Banını öz yanında saxlayırdı. Tacir eşitdi ki, şah Abbas gəlir, başladı şəhəri bəzəməyə. Banı, xanımından xəbər aldı ki, xanım, bu şəhəri niyə bəzəyirlər?

Xanım dedi:

– Şah Abbas şəhərə gəlib.

Tacirin arvadı naxırçının qızı Banının xətrini o qədər istəyirdi ki, evdə, bayırda nə paltar geysəydi, əvvəlcə bir dəstini Banıya geyindirib, o biri dəstini də özü geyərdi. Banı baxıb gördü ki, xanımı iki dəst paltar çıxardıb, bir dəstini özü geyib, o biri dəstini də Banıya verdi, hər ikisi geyinib çıxdılar külafirəngiyə.

Şah Abbas öz qoşunuynan şəhərə girmişdi. Təbil vuruldu, bütün şəhər əhli çıxdı Şah Abbasın qabağına. Tacirin arvadıynan naxırçının qızı banı da yuxarıdan baxırdılar. Şah Abbasın gözü sataşdı yuxarı, gördü ki, iki arvad var, bir-birindən gözəl. Şah Abbas bir könüldən min könülə Banıya aşiq olub, öz-özünə dedi:

– Bu qız kim olsa, gərək alam.

Şah Abbas əmr elədi ki, şəhərin bir tərəfində çadır qursunlar. Qoşun çadır qurub əyləndi. Şah Abbas vəziri çağırıb dedi:

– Gedərsən şəhərə, filan evdə bir qız var, mən gələndə külafirəngidən baxırdı. Mən o qızı çox xoşladım, o qızın elçiliyini eləyib al mənə.

Vəzir baş əyib, özünü yetirdi həmin tacirin evinə. Qapını döydü, tacir çıxdı qapıya, baxıb gördü ki, gələn vəzirdi. Baş əyib, ədəb salamını yerinə yetirib, vəziri evinə apardı.

Vəzir Allahverdi xan çox ağıllı adam idi. Söz tapıb başladı söhbətə, axırda gəlib çıxdı mətləb üstünə, dedi:

– Şah Abbas sənin qızına aşiq olub. Gərək qızını verəsən Şah Abbasa.

Tacir məəttəl qaldı, çünki onun qızı yoxudu, dedi:

– Mənim qızım yoxdu.

Vəzir dedi:

– Şah Abbas özü görüb, qızı çox xoşlayıb.

Tacirin yadına Banı düşüb dedi:

– Yəqin padşah naxırçının qızını görüb.

Vəzir Allahverdi sözü çox uzatmadı, durub gəldi Şah Abbasın yanına. Baş əyib dedi:

– Bəs sənin gördüyün qız tacirin qaravaşı, naxırçının qızıdı.

Şah Abbas dedi:

– Naxırçının qızı olmur, lap hər nə olsa da, get bu saat mənə al!

Vəzir Allahverdi xan özünü yetirdi tacirin yanına, qapını döydü, tacir qapını açıb, gördü ki, gələn vəzirdi.

Vəzir dedi:

– Padşah görən naxırçının qızıdı. Odu ki, gərək qızı verəsən padşaha.

Tacir dedi:

– Qızın ixtiyarı atasındadı, qoy naxırçını çağırım.

Vəzir razı oldu, tacir gedib naxırçını götürüb gəldi. Naxırçı tacirin evinə gəlib gördü ki, vəzir burdadı. Naxırçı ikiqat olub, vəzirin qabağında dayandı.

Vəzir naxırçıya yer göstərdi, naxırçı oturdu.

Vəzir Allahverdi xan dedi:

– Gərək qızın Banını padşaha verəsən.

Naxırçı baxıb gördü ki, vəzir elçiliyə gəlib, dedi:

– Padşaha mənim canım da qurbandı, amma qızım əhd eləyib ki, hər kimin əlində sənəti olsa, ona gedəcəyəm.

Vəzir dedi:

– A kişi, dəli olubsan, padşahın sənət nəyinə gərəkdi?

Naxırçı dedi:

– Onda qoy, qızıma məsləhət eləyim.

Vəzir Allahverdi xan razı oldu. Naxırçı durub getdi qızının yanına, qızına dedi:

– Qızım, padşah sənə elçi göndərib, nə deyirsən?

Qız dedi:

– Get vəzirə de, istər şah ola, istər tacir, əlində sənəti olmasa, ona getmərəm.

Naxırçı özünü yetirdi vəzirə, ikiqat olub dedi:

– Qızım deyir ki, qoy padşah bir sənətin sahibi olsun, sonra gedərəm.

Vəzir baxıb gördü ki, çox ağıllı bir sözdü. Durub özünü yetirdi Şah Abbasa. Şah Abbas vəzirdən soruşdu:

– Necə gəlmisən? Razı oldu, ya yox?

Vəzir dedi:

– Razıdı, amma bir şərtnən.

Şah Abbas dedi:

– Danış görüm, nə şərtdi?

Vəzir Allahverdi xan sözə başlayıb dedi:

– Naxırçının qızının sənə gəlməyə sözü yoxdu, amma deyir hər kim olsa, sənəti olmasa, mən ona getməyəcəyəm.

Şah Abbas qəzəblənib dedi:

– Cəllad gedib vursun qızın boynunu.

Vəzir Allahverdi xan ağıllı adam idi, padşahın ayağına düşüb dedi:

– Gəl mənim bu sözümə qulaq as, boynunu vurdurma. Gəl sən bir sənət öyrən. Naxırçının qızını al.

Şah Abbas vəzir Allahverdi xanın xətrini çox istəyirdi. Sözünü yerə salmayıb razı oldu, dedi:

– Bəs nə sənət öyrənim?

Vəzir dedi:

– Baftaçılıq təmiz və gözəl sənətdi.

Padşah razı olub dedi:

– Get naxırçı qızına de ki, padşah baftaçılıq sənətini xoşlayır öyrənməyə.

Vəzir Allahverdi xan gedib naxırçının yanına, dedi:

– Padşah razıdı, amma baftaçılıq sənətini xoşlayır.

Naxırçının qızı razı oldu. Vəzir Allahverdi xan gedib padşaha xəbər verdi.

Şah Abbas xoşhal olub, əmr verdi ki, bir baftaçı tapın, iki günə mənə bu sənəti öyrətsin.

Padşah adamları şəhərə yayıb, bir bafta toxuyan tapdırdı. Götürüb gəldilər padşahın yanına. Şah Abbas xəbər aldı ki, neçə günə mənə bafta toxumağı öyrədərsən: Baftaçı dedi:

– İki günə öyrədərəm.

Şah Abbas razı oldu, iki gün oturub ustadan bafta toxumağı öyrəndi. İki gün tamam olanda Şah Abbas oldu baftaçı. Şah Abbas vəzir Allahverdi xanı çağırtdırıb dedi:

– Get, toy tədarükü gör.

Vəzir Allahverdi xan toy tədarükündə olub, üç gün toy elədi, naxırçının qızını aldı Şah Abbasa. Şah Abbas naxırçının qızı Banını götürüb gəldi evinə. Bir müddət aradan keçəndən sonra Şah Abbas vəzir Allahverdi xanı çağırtdırıb dedi:

– Vəzir bu gecə bir yuxu görmüşəm.

Vəzir dedi:

– Xeyir ola?

Padşah dedi:

– Xeyrə oxşamır. Yuxuda görmüşəm ki, bir qurd gündə bir qoyunumu yeyir.

Vəzir başını aşağı salıb fikrə getdi. Şah Abbas dedi:

– Mən gərək yuxunu yozam, tez mənim dərviş libasımı verin.

Şah Abbas dərviş libasını geyinib çıxdı şəhərə. Dükanbadükan, evbəev gəzib, axırda gəlib çıxdı bir yerə, çox acımışdı, gördü bir aşpaz dükanı var, girib içəri gördü ki, burda o qədər adam var ki, oturmağa yer yoxdu. Axırda bir yer tapıb oturdu, xörək yedi, gördü ki, bu aşpazın xörəyi elə ləzzətlidi ki, ta nə təhər. Oturub axşamı gözlədi. Gün batdı, aşpazın dükanı boşaldı. Şah Abbas istədi ki, getsin, aşpaz baxıb gördü ki, qəribdi, tez qapını bağlayıb, Şah Abbasın döşünə bir yumruq vurub, itələyib saldı anbara.

Şah Abbas anbara düşüb gördü ki, özündən başqa da burda bir neçə nəfər var, bunlardan xəbər aldı:

– Bu nə işdi, siz burda neyləyirsiniz?

Dedilər:

– Bizi aşpaz bura salıb, gündə birimizi kəsib, xörək bişirib verir camaata.

Şah Abbas barmağını dişləyib dedi:

– Yuxum düz çıxdı.

Şah Abbasın əlacı kəsildi, oturdu bunlarnan bir yerdə. Zindan görməyən adamın dünya başına dar gəlir. Bu dəmdə aşpaz qapını açıb, əlində bıçaq içəri girdi. Yapışıb Şah Abbasın yaxasından istədi ki, başını kəsə. Şah Abbas dedi:

– Əl saxla. Sən bu adamları kəsib neyləyirsən?

Aşpaz dedi:

– Kəsib pul qazanıram.

Şah Abbas dedi:

– Gəl, mən sənə gündə yüz tümən qazanc verim, sən bu adamları kəsmə.

Aşpaz dedi:

– Hardan verəcəksən?

Şah Abbas dedi:

– Mənə bir az sap ver, bafta toxuyum, apar ver Şah Abbasa. O sənə üç yüz tümən versin.

Aşpaz dedi:

– Razıyam, amma sözün yalan çıxsa, atanı yandıracağam.

Aşpaz tez bafta sapının tədarükünü gördü. Çoxlu sap gətirib Şah Abbasa verdi. Şah Abbas başladı bafta toxumağa. O elə naxışlar açdı ki, nə təhər. Baftanı verib aşpaza dedi:

– Apararsan bu baftanı verərsən vəzirə. O sənə pul verər.

Aşpaz baftanı alıb, özünü yetirdi paytaxda. Eşit vəzir Allahverdi xannan Banıdan.

Neçə gün idi ki Şah Abbas getmişdi, heç bir xəbər yox idi, vəzir çox nigarandı. Banı xanım da durub gəlmişdi vəzirin yanına, oturub Şah Abbasın yolunu gözləyirdi.

Bu dəmdə adam gəlib xəbər verdi ki, bir nəfər Şiraz şəhərindən gəlib, vəziri görmək istəyir. Vəzir dedi:

– Buraxın gəlsin. Allah eləsin ki, Şah Abbasdan xəbər gətirsin. Bu dəmdə aşpaz girdi içəri, vəzirin qabağında ikiqat olub, baftanı uzatdı vəzirə dedi:

– Bunu Şiraz şəhərindən bir dərviş gətiribdi.

Vəzir Allahverdi xan baftanı alıb uzatdı Banıya. Qız baxıb gördü ki, Şah Abbas bu baftaya darlıq naxışını vurub, dedi:

– Şah Abbas dardadı.

Vəzir Allahverdi xan tez aşpazı tutub, əl-qolunu bağlayıb dedi:

– Bu saat məni gərək dərvişin yanına aparasan.

Vəzir qoşun götürüb, aşpazı saldı qabağına, Banı xanım da qoşuldu bunlara. Birbaş gedib çıxdılar Şiraz şəhərinə. Aşpaz əlacı kəsilib, Şah Abbasın yerini göstərdi. Şah Abbas oturmuşdu, bir də gördü ki, qoşun töküldü içəri. Tez durub başına gələni vəzir Allahverdi xana danışdı. Əmr verdi aşpazın boynunu vurdular.

Şah Abbas gəlib çıxdı vilayətinə, təzədən toy vurdurub, şəhərdə şadlıq elədi.

Bu işdən bir neçə müddət keçdi, bir gün Şah Abbas naxırçının qızını çağırıb dedi:

– Tədarük gör, bir seyrə çıxaq.

Banı tədarükdə oldu. Şah Abbas vəzir Allahverdi xanı da götürüb çıxdılar seyrə, at minib yola düşdülər. Dərələrdən sel kimi, çəməndə bülbül kimi, gedib çatdılar bir çayın qırağına. Şah Abbas baxıb gördü ki, bir qoca kişi yerdən daş götürüb atır çaya, bərk ah çəkir. Şah çox diqqətnən baxırdı, gördü ki, qoca öz işindədi. Naxırçının qızı Banı dedi:

– Bu qocanın ürəyində bir dərdi var ki, belə ah çəkir. Onun dərdini bilmək istəyirəm. Yazıq kişinin görən nə dərdi var?

Bu söz Şah Abbasın çox acığına gəlib, dedi:

– İndi ki belədi, get otur qocanın dərdinə şərik ol.

Bu söz Banıya çox toxundu. Odu ki, dedi:

– Gedərəm, mən qocadan artıq adam deyiləm ki.

Şah Abbas cəlladı çağırdı ki, qızın boynun vursun, vəzir qoymayıb dedi:

– İndi ki, belədi, öldürmə, qoy getsin qocanın yanına.

Şah Abbas razı olub, naxırçının qızını buraxdı, özü də təxtinə getdi. Eşit naxırçının qızından.

Banı gəlib oturdu qocanın yanında, dedi:

– Gəl, məni sən götür qızlığa.

Qoca razı olub, naxırçının qızı Banını götürüb qızlığa durub evə getdilər. Banı başladı qocanın evini silib-süpürməyə. Qoca oduna gedirdi. Axşam evə gəlib görürdü ki, Banı xörək bişirib. Bu qız qocanın çox xoşuna gəldi.

Günlərin bir günü qoca oduna gedirdi, naxırçının qızı Banı ona dedi:

– Qoy mən də gedim, bir az odun yığım, paltar yuyacağam.

Odunçu razı oldu. Onlar meşəyə getməyə başladılar. Yolnan gedirdilər. Banı baxıb gördü ki, yolun ortasında bir daş var, amma yarısı yerdədi. O, qocaya dedi:

– Bu daş gedib-gələnə əziyyət verir, gəl bunu yoldan çıxaraq.

Qoca baxıb gördü Banı ağıllı söz deyir, razı oldu. Qoca baltaynan daşı çıxardıb, bir təhərnən yoldan rədd elədi. Qız baxıb gördü ki, daşın altında bir qədim mağara var. Tez torpağı o yana, bu yana atıb, mağaraya düşdü. Gördü ki, burda o qədər ləl, cəvahirat var, nə təhər. Naxırçının qızı qocanı çağırıb, cavahiratı göstərdi. Tez iki kisə tapıb, başladılar bu cavahiratı daşımağa. Daşıdıqlarını daşıyıb, daşımadıqlarını da ört-basdır elədilər.

Naxırçının qızı Banı qocaya böyük bir ləl verib dedi:

– Apar bu ləli ver filan tacirə, de ki, Banı xanım deyir ki, bu ləli pul eləsin, tez versin sənə.

Qoca tez özünü yetirdi tacirin yanına, dedi:

– Xanım deyir ki, bu ləli pul eləsin.

Tacir qocadan ləli alıb, baxıb gördü ki, çox qiymətli ləldi, amma bu ləli xırdalamağı gücü çatmayacaqdı. Qocaya dedi:

– Sən dayan burda.

Tez gedib iki-üç tacir cəm elədi, bu ləli xırdaladılar. Qoca iki hambal tutub, pulları yığdı kisəyə, götürüb gəldi evinə. Banı hambalları yola saldı, qocaya pul verib dedi:

– Get, bir dəst paltar al geyim, amma gələndə bir yaxşı bənna tap gətir.

Qoca sevinə-sevinə bir dəst paltar alıb, üzünü, başını qırxdırıb getdi hamama, təmiz olub, paltarı geydi, sonra bir yaxşı bənna tapıb gətirdi evə. Naxırçının qızı baxıb gördü ki, odunçu elə dəyişilib ki, tanımaq olmur. Banı ustanı çağırıb dedi:

– Bir aya kimi bir imarət tik, Şah Abbasın imarətindən də yaxşı olsun. Qiymətini də birə-üç artıq verim.

Ustalar razılaşıb işə başladılar. Nağıllarda vaxt tez başa gələr, bir ayın içində xəbər gəldi ki, imarət hazırdı.

Naxırçının qızı Banı ustaların pulunu verib yola saldı. İmarətə köçüb, ev şeyləri alıb, otaqları bəzəməyə başladı, amma qoca üçün bir otaq ayırıb, altına döşək salmışdı. Hər cümə axşamı da qazan qaynadıb kasıblara xörək paylayırdı.

Naxırçının qızının adı yayılmışdı bütün şəhərə. Bir gün vəzir Allahverdi xan Şah Abbasa dedi:

– Şəhərdə təzə imarət tikilibdi, sənin imarətin onun yanında heç nədi.

Şah Abbas çox həvəslənib dedi:

– Vəzir, gəl gedək görək o necə imarətdi?

İkisi də dərviş libası geyindilər çıxdılar şəhərə, gəlib evə çatmaqda olsunlar. Eşit naxırçının qızı Banıdan. Banı baxıb gördü ki, Şah Abbas gəlir, tez çıxdı külafirəngiyə. Şah Abbas imarətə baxırdı, birdən gözü sataşdı Banıya, dedi:

– Ey dad-bidad, gərək bu qızı alam, almasam yaşaya bilmərəm. Vəzir, gedək o qızın elçiliyini mənə elə.

Vəzir razı oldu, bunlar qızın elçiliyinə getməkdə olsun, eşit Banıdan. Banı tez özünü qoca odunçuya yetirib dedi:

– Bu saat Şah Abbas vəziriynən yanına gələcəkdi. Ağır ol, batman gəl. Şah Abbasa icazə verərsən otursun kənarda, vəzirə də bayırda. Onlar səndən məni istəyəcəklər. Sən deyərsən ki, qoy qıza məsləhət eləyim. Durub gələrsən yanıma.

Naxırçı qızı Banı qocanın dərsini verib, özü çıxıb getdi. Şah Abbas öz vəziriynən odunçunun yanına gəldi. Şah Abbas baxıb gördü ki, qız burda yoxdu, amma bircə qoca kişidi, xalis ləl-cəvahirat içində keçinir. İstədi ki, içəri girə, qoca əliynən işarə elədi ki, kənarda otur. Vəzir Allahverdi xan istədi otura padşahın yanında, qoca qoymadı. İşarə edib oturtdu qapı ağzında. Şah Abbas təəccüb qaldı, amma qoca başını salıb dinmirdi.

Şah Abbası dərd kəsirdi. Vəzir Allahverdi xana bir dürtmə vurub dedi:

– Sözə başla.

Vəzir Allahverdi xan dedi:

– Biz gəlmişik sənin qızını bu dərvişə alaq, Allah əmriynən.

Qoca cavab vermədi, vəzir bir də dedi. Axırda qoca durub getdi qızının yanına, dedi:

– Nə deyirsən?

Banı dedi:

– Get deginən ki, iki yüz qızıl versin, bütün şəhərin kasıblarına xörək, paltar versin, sonra ona gedim.

Qoca gəlib yerində oturub, dedi:

– Qızım belə deyir, əgər gücün çatsa, qızımın dediklərini yetirsən, onu ala bilərsən.

Şah Abbası fikir aparıb dedi:

– Mən bu işin axırına kimi gedəcəyəm, razıyam.

Durub getdilər.

Şah Abbas təxtə çıxıb, nə ki xəzinəsində qızıl varıdı göndərdi qıza. Qazan qaynadıb kasıblara əl tutdu, xəbər yolladı ki, toya başlayıram. Şah Abbas qızın əlindən o qədər yanmışdı ki, düşsəydi əlinə, qanını su yerinə içərdi.

Naxırçının qızı da işi başa düşmüşdü. Gəlin evinə gələndə, bir tuluq üfləyib içini doşabnan doldurdu. Naxırçının qızı Banını götürüb gətirdilər. Banı tez içəri girdi, bildi ki, Şah Abbas onu öldürəcək. Çatan kimi tuluğu qoydu gəlinin təxtinə, üstünü ipəknən örtdü, özü də gizləndi. Şah Abbas əlində qılınc içəri girib, gördü qız yatıbdı. Ya Allah deyib, qılıncı çəkdi tuluğa. Banı da bu tərəfdən çıxıb dayandı Şah Abbasın qabağında. Şah Abbas baxıb gördü ki, naxırçının qızıdı, dedi:

– Ay Banı, bu nə işdi mənim başıma gətirdin?

Banı dedi:

– O qoca ki varıdı, ah çəkirdi, həmin qoca bax budu. Mən dedim ki, bunun da bir istədiyi var, sən məni qovdun, mən də bunun istədiyini yerinə yetirdim. Özüm də onun qızıyam. İndi nə deyirsən? Əgər məni saxlayırsansa, onda gərək bu qoca odunçunu da saxlayasan, yox qocanı saxlamasan, mən sənə getməyib, pullarını da geri qaytaracağam.

Şah Abbas naxırçı qızı Banının ağlını bəyənib, onun alnından öpdü. Təzədən toy vurdurub, murad hasil elədilər, qocanı da yanlarında saxladılar.


Tarix: 21.04.2013 / 17:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 967 Bölmə: Nağıllar