beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Midiya - Heykəltəraşlıq

Midiya heykəltəraşlığını öyrənmək üçün əsas mənbə qaya üstündə yaradılmış qabarıq təsvirlərdir. Belə qabarıq təsvirlər Midiya padşahlarının qaya sərdabələrində və Bisütun qayalarında da çapılmışdır.

Midiyanın qayalarda çapılmış sərdabələrinin ən qədimi Kirmanşahdan cənubda, Sakavənd yaxınlığındadır. Bu sərdabədə qayanın içində meyit qoymaq üçün bir taxça da qazılmışdır. Onun yuxarı hissəsində od qurbangahı, onun ətrafında isə bir böyük və iki kiçik qabarıq insan fiquru çapılmışdır. Təsvirlər kobud və qeyri-proporsionaldır. Onlar traktovkaları və hazırlanma texnologiyalarına görə Lulubi və Elam qabartılarını xatırladır. Həmin sərdabənin kimə məxsus olması isə mübahisəlidir.

Kirmanşahla Həmədan arasında, Səhnə deyilən yerdəki qaya sərdabəsi isə dörd divarla qapanmış yaşayış yerini xatırladır. Onun qapısının üstündə qanadlı günəş lövhəsi qabarığı yonulmuşdur. Bu təsvir motivi qədim şumerlərdə geniş yayılmış işıq, günəş tanrısının simvoludur. Sonrakı dövrdə bu simvolu mənimsəyən parslar (farslar) ona müəyyən dəyişikliklər edərək daha da mürəkkəbləşdirmişdilər. Onlar bu günəş təsvirinə Ahura-Mazdanın (Hörmüzün) fiqurunu da əlavə etmişdilər. Başqa qaya sərdabələri kimi bu sərdabə də asma evi xatırladır. Bu iki qaya sərdabəsinin e.ə. VII əsrə aid olması güman edilir.

Sonrakı Midiya qaya sərdabələrinə misal olaraq Dukani Davud və Qızqapan sərdabələrini göstərmək olar. Hər iki sərdabə e.ə. VI əsrə aiddir.

Dukani Davud sərdabəsi Həmədandan Babilistana gedən yolun üstündəki çapılmışdır. İ. M. Dyakonov güman edir ki, bu sərdabə Midiya hökmdarı Astiaqın (e.ə. 584 – 550) Süleymaniyyə yaxınlığındakı Surdaş kəndinin yanında Şəhrizar dərəsindəki qayada çapılmış, Qızqapan isə Midiya hökmdarı Kiaksarın (e.ə. 625 – 584) sərdabəsidir. Bu qəbirlər quruluşu etibarilə də bir-birinə bənzəyir
Dukani Davud sərdabəsinin giriş hissəində qabarıq maq fiquru çapılmışdır. Maqın fiquru qarşısındakı sahədə isə təsvir yoxdur. Bu hissə ya yarımçıq, ya da işlənməmiş qalmış, və ya sonra kiminsə tərəfindən silinmişdir. Bu təsvirdə maq, əynində uzun köynək, başında başlıq, üzündə sarğı, əlində baresma tutduğu, əllərini irəliyə uzadıb dua oxuduğu vəziyyətdə yaradılmışdır. Maqların belə dua vəziyyəti haqqında Avestanın II kitabı olan Yasnada (29,5 və 50,8) məlumat vardır. Maqlar barsema tutduqda, homa içkisi, yaxud od qarşısında olarkən ağızlarını sarğı ilə sarıyırdılar ki, öz nəfəsləri ilə müqəddəs varlıqları murdarlamasınlar. Bu təsvirdə də maq əlində homa içkisi tutduğu üçün ağzı sarğılıdır.

Qızqapan sərdabəsinin sütunları pilyastr şəklindədir. Pilyastrların arasında tanrıların simvolları qabarıq şəkildə təsvir edilmişdir.Burada üstündə dördqanadlı fiqur olan dairəvi lövhə, aşağısında ay şəkli və ortasında insan fiquru olan dairəvi lövhə, üstündə ulduz, təsvir edilmiş dairəvi lövhə kimi qabarıq təsvirlər yonulub hazırlanmışdır.

E. Hersfeld birinci və ikinci təsvirləri Ahura Mazda ilə Mitranın simvolları hesab edir. Üçüncü təsvir – ulduzlu lövhə qədim Şumerdə İştarı və Venera planetini təmsil edirdi. Bu abidədə isə onun Anahitin simvolu olması güman edilir.

Bu sərdabənin qabarıq təsvirlərində solda xarakterik maq geyimində olan kahin dayanmışdır. Maq bu paltarın üstündən boş qolları sallanmış uzun əba geymişdir. Kahinin başında başlıq (Əhəməni dövründə bu geyim "patidana" adlanırdı), ağzında isə sarğı vardır. Maqın qarşısında üçpilləli od ibadətgahı görünür. Bu ibadətgahın sağ tərəfində dayanmış qısa geyimli padşahın da ağzında sarğı vardır. Həm padşahın, həm də maqın sol əlində kaman vardır. Burada kaman, qələbə, hökmranlıq rəmzidir. Onların sağ əllərinin hərəkətindən, ibadətgah qarşısında dua oxuduqları anlaşılır. Bu qabarıq təsvir ciddi simmetrik kompozisiyada yaradılmışdır. Fiqurlar alçaqboylu göstərilsə də, dinamik təsvir edilmişdir. Od ibadətgahı isə daha təmtəraqlı və əzəmətli verilmişdir.

Bu əsərdə padşahın kahinin sol əllərində qələbə, hakimiyyət simvolu olan kaman göstərildiyi üçün, qurbangahın qarşısında qələbəyə təsvir edilmiş ayin keçirildiyi güman edilir. Qədim Lişir Piriniyə həsr edilmiş və Bisütunda I Daranı göstərən qabartılarda da kaman qalibiyyət simvolu kimi verildiyindən, mütəxəssislər Midiyanın Qızqapan sərdabəsindəki təsvirdə də kamanın ənənəvi olaraq qələbə rəmzi və hakimiyyət nişanı olduğunu qeyd edirlər.
Dukani Davud və Qızqapan adları ilə məşhur olan bu iki qaya sərdabəsindəki qabarıqlar özünün traktovka kamilliyi, proporsiyaları və texnikası ilə məşhur Əhəməni qabartılarından heç də geri qalmır. İ. M. Dyakonov güman edir ki, Əhəməni qabarıqları Əhəməni şahlarının əsir tutub gətirdikləri Midiya ustaları, onların şagirdləri və başqa midiyalı ustalar tərəfindən hazırlanmışdır. O, göstərir ki, Bisütun dağındakı qabarıq kompozisiyada Midiya ustalarına tanış olan daha qədim Lulubilərin padşahı Anubaninin qabarıq süjetinin təkrar edilməsi də təsadüfi deyil. Təxti-Cəmşiddəki qabarıqlarda fiqurların bir qədər yastı, alçaq verilməsi də daha qədim Midiya qabarıqlarından gəlmə əlamətdir.

Heykəltəraşlıq sənəti sahəsində Midiya ustalarının çox qədim və zəngin plastik ənənələri və sınaqdan çıxmış təcrübələri, səriştələri vardı[178]. Midiya padşahları üçün yonulmuş qaya sərdabələrinin qabarıqları da bunu təsdiq edir. Midiya qaya qabarıqları – heykəltəraşlıq sənəti isə daha qədim lulubi – kuti ənənələrinə əsaslanır. Bundan əlavə Midiya heykəltəraşlığına Assur və Elam qabarıqlarının da müsbət təsiri olmuşdur. Bu təsirin əksər hallarda əsir tutulmuş ustalar vasitəsiylə reallaşdırıldığı güman edilir.

Midiyanın qaya sərdabələrinin memarlığı xalis xalq yaşayış binalarından alınmışdır. Həmin sərdabələrin qabarıqları Midiyanın saray və məbədlərini bəzəmiş daş heykəllərə nisbətən kobud və ibtidai idi. Bizə çatmamış bu heykəllər xüsusi emalatxanalarda hazırlanırdı. Midiyanın paytaxtı Ekbatanda və başqa şəhərlərində arxeoloji qazıntı işləri aparılmadığından, mütəxəssislər Midiya incəsənətini öyrənmək üçün qədim yunan tarixçilərinin məlumatlarına, Assur və Təxti Cəmşid qabartılarına, oyma şəkilli möhürlərə, Midiyanın ucqar rayonlarında aşkarlanmış arxeoloji abidələrə və s. əsaslanmışlar.

Midiya tayfaları mannalar, babil və assurlar vasitəsiylə qədim şumerlərin dini etiqadları, incəsənəti və mədəniyyəti ilə yaxından tanış olmuş və ondan bəhrələnmişlər. Bu yaxınlığa Midiyanın Şumer ölkəsi ilə qonşuluqda yerləşməsi və madayların şumerlərin mədəni varisləri olan babil və assur xalqları ilə iqtisadi, mədəni və hərbi münasibətlərdə olması imkan yaratmışdır. Midiya e.ə. VII–VI əsrlərdə öz dini etiqadları, incəsənəti və mədəniyyətləri ilə qonşu xalqlara təsir göstərə bilmişlər.

Memarlıq
Baba-Cantəpə adlanan iri məskən Mada mədəniyyətinin, xüsusilə tikinti sənətinin və memarlığının maraqlı abidələrindən biridir. Bu məskən Luristanıın Pi‏-e-Kuh adlı yerində, bir neçə təpədə yerlə‏şmi‏şdir. Həmin məskən çoxtəbəqəlidir, II və III Dəmir dövrlərini (e.ə. X-VI əsrləri) əhatə edir. Məskənin erkən təbəqələri Madaya qədərki zamana aiddir. Abidənin yalnız yuxarı təbəqəsi erkən Mada dövrü ilə bağlıdır. Bu məskən mədəniyyət abidələrinə və memarlıq detallarna görə Mada memarlığının Həmədandan təxminən 70 kilometr cənubda, XX əsrin 60-cı illərinin sonlarında arxeoloji cəhətdən tədqiq olunan mühüm abidələrindən biri Nuş‏i-Cantəpə ilə yaxındır.

Nuş‏i-Cantəpə kompleksi geni‏ş vadi üzərində yüksələn təbii təpənin zirvəsində yerlə‏şmi‏şdir, əsasən, iki məbəddən, "qalaçadan" və sütunlu zaldan ibarətdir. Memarlıq baxımından çox mürəkkəb olan mərkəzi od məbədi daha maraqlıdı. Bu, səcdəgaha və minbərə malik olan, mərtəbəli romb ‏şəklində ucaldılmış hündür qüllədir. Həmin qüllədə "müqəddəs" od alovlanırdı və bu odun izləri qaralmış çiy kərpiclər üzərində qalmışdır. Görünür, bu məbəd Nu‏şi-Cantəpə ərazisində yalnız ən qədim tikili deyil, habelə Midiyada zərdü‏ştiliyin bütün tələblərinə cavab verən ilk mazdaistik obyekt idi.
E.ə. VIII əsrin ortalarında Mada tayfa ittifaqı və Mada dövlətinin qüdrətli dövründə yaranmış, onun çiçəklənməsi dövründə də mövcud olmuş‏ Nuş‏i-Cantəpə kompleksi Selevkilər zamanınadək yaşayış yeri olmuşdur. Erkən Mada dövrünün bütün komplekslərində Urartu və A‏‏ssur mədəniyyətlərinin, xüsusilə memarl‎ıq ənənələrinin təsiri nəzərə çarpır.

Urartu hökmdarı II Sardurun (e.ə. VII əsrin ortaları) salnaməsinin məzmunundan bəlli olur ki, Midiyanın şimal-qərb vilayətlərində (Azərbaycanda) geniş miqyaslı inşaat işləri aparılmışdır. Salnamədə Azərbaycanın cənub-qərb vilayətləri sərhəddində iyirmi qalanın və yüz iyirmi yaşayış məntəqəsinin salındığı haqqında məlumat verilir.Midiya dövründən bizə bəlli olan bir çox tikinti tipləri əslində hələ çox əvvəl, Manna dövründə yaradılmışdı. Xüsusilə Urmiya gölü rayonunda bir sıra qaya sərdabələri, qayalar və Dur-Şarukkindən olan (e.ə. VIII əsrin sonları) məşhur Assur qabartılarında təsvir edilən tikintilər hələ Midiya dövründən əvələ aid edilməlidir.

Midiya dövründə Azərbaycan memarlığı başlıca olaraq indiki Cənubi Azərbaycan ərazisində (Araz çayından cənubda) və Azərbaycan respublikasının cənub rayonlarında inkişaf etmişdir. Bu rayonun əsas mədəni inkişaf mərkəzi isə Urmiya gölü ətrafı ərazi olmuşdur. Midiya memarlığının inkişafına şübhəsiz ki, bir tərəfdən qaya məskənləri, digər tərəfdən ağac qurğuları müəyyən təsir göstərmişdir. Monumental memarlıq öz inkişafında başlıca olaraq daş tikintilərdən ibarət olmuşdur.

VII əsrdə böyük dövlət kimi formalaşan Midiya, Yaxın Şərq memarlığının inkişafında əhəmiyyətli rol oynamışdır.

Midiyanın qüdrəli imperiyaya çevrilməsi möhtəşəm saray tikintiləri üçün şərait yaratmışdır. Tarixi səlnamələr Midiyanın paytaxtı Ekbatanda salınmış böyük tikintilər haqqında geniş məlumat verir. Qədim müəlliflərdən Herodot və Polibinin təsvirinə görə "bu şəhərin daxilində böyük saray var idi. O, halqaşəkilli qüdrətli qala divarlarına malik idi. Akropol elə tikilmişdi ki, bir halqaşəkilli qala divarı digərinin üzərində yüksəlirdi...Bütün divar halqaları yeddi idi ki, bunların da sonuncusunda padşahın sarayı və xəzinə yerləşirdi."

Ekbatan saraylarını təsvir edən Polibi onların genişliyini və bəzək zənginliyini xüsusilə qeyd etmişdir. O, sər və sidr ağaclarından düzəldilən, üstü gümüş və qızıl vərəqləri ilə örtülmüş sütunlardan bəhs edir.

Saysız-hesabsız istehkamlar və istehkam halına salınmış şəhərlər Midiya inşaatının digər tipini təmsil edirdi. Həcmi və siluetinə görə möhtəşəm və zəhmli təsir bağışlayan bu tikintilər dekorativ bəzəklərdən də xali deyildi. Tarixi mənbələr müxtəlif çıxıntıları olan Midiya qalaları haqqında məlumat verir. Ekbatan kremli Makedoniyalı İskəndərin yürüşü dövründə hələ abad vəziyyətdə olduğundan, İskəndər Təxti Cəmşiddən gətirdiyi pulları mühafizə üçün buraya göndərmişdi. Ekbatan məbədlərində İskəndərə qurbanlar gətirilməsi və bu şəhərdə gimnastika yarışlarının keçirilməsi də onun e.ə. IV əsrdə yaxşı vəziyyətdə olduğunu təsdiq edir.


Tarix: 27.01.2015 / 19:44 Müəllif: Feriska Baxılıb: 188 Bölmə: Midiya