beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaqlara qulluq edilməsi

Dodaq dərisində piy vəzilərin olmadığı üçün dodaqların səthi daha həssas olub qurumağa və qabıq verməyə meylli olur. Bu hal vitaminlərin çatışmazlığı, orqanizmin bir sıra xəstəlikləri, streslər, uzun müddət soyuq havada qaldıqda və s. nəticəsində baş verir. Dodaqların qurumasının səbəblərindən biri də siqaret çəkilməsi, həmçinin krem və ya pomadaya qarşı allergiyanın olmasıdır. Bir sıra hallarda dodaqların qırmızı haşiyəsinin iltihablaşması prosesinin səbəbi günəş şüalarına qarşı yüksək həssaslığın olmasıdır. Bu halda çölə çıxmamışdan qabaq dodaq dərisinə tərkibində günəşdən qoruyucu filtrlər olan krem və ya pomada sürtmək tövsiyə edilir (çimərlikdə günəş vannaları qəbul edərkən də bu cür etmək lazımdır). Yadda saxlayın ki, şaxtalı və küləkli havada dodaqları yalamaq olmaz. Bunu etməklə siz onun qoruyucu səddini xaric edirsiniz ki, bunun da nəticəsində dodaqlar qurumuş olur. Şaxtalı havalarda dodaqların səthinə bir neçə qat yağlı pomada sürtmək lazımdır.

Bəs dodaqları necə gözəl və sağlam etmək olar? Buna nail olmaq üçün dodaqları hər gün səliqə ilə, dərini dartmadan təmizləmək lazımdır. Heç bir halda dodaqlarınıza pomada ilə yatmaq olmaz. Daimi olaraq davamlı dodaq pomadalarından da istifadə etmək olmaz. Dodaqları təmizləmək üçün üzərinə kosmetik süd və ya xüsusi yumşaq lasyon sürtülmüş pambıq disklərdən istifadə etmək lazımdır.

Orta hesabla 2 həftədə 1 dəfə olmaqla dodaqlara pilinq (skrablama) etmək lazımdır. Bu yolla biz onları ölmüş hüceyrələrdən təmizləyərək, dodaq dərisində qan dövranının və maddələr mübadiləsinin yaxşılaşmasına nail oluruq. Hazırda məhz dodaqların zərif dərisi üçün nəzərdə tutulmuş müxtəlif çeşidli xüsusi skrablar əldə etmək olar. Bu məqsədlə tərkibində polietilen qranulaları (dənələri) olan skrablara üstünlük verməyinizi məsləhət görürük. Belə ki, onlar dodaq dərisini daha incəliklə təmizləyirlər. Heç bir halda dodaqlar üçün içərisində bərk hissəcikləri olan skrablardan istifadə etməyin!

Hal-hazırda satışda qommaj adlanan kosmetik vasitələr (krem) vardır. Qommaj dəriyə sürtüldükdə dərinin ölmüş qatını zərifliklə əridir. Qommajdan dodaqların zərif dərisi üçün də istifadə etmək olar.

Dodaqlar üçün skrabı ev şəraitində də hazırlamaq olar. Bunun üçün yulaf yarmasını (“herkules”) qəhvə üyüdücü maşında xırdalayaraq, üzərinə bal və ya yağı az olan xama əlavə edib qarışdırın. Yumşaq salfeti ilıq suda isladın, yaxşıca sıxıb 3-5 dəqiqə müddətinə dodaqlarınızın üzərinə qoyun. Sonra hazırladığınız qarışığı (skrabı) dodaqlarınıza sürtün və ağız bucaqlarından mərkəzə doğru olmaqla yüngül masaj edici dairəvi hərəkətlər edin. Bu proseduranı dodaqlar önə çəkilmiş vəziyyət-də (sanki öpüşürsünüz) etmək daha rahat olur.

Təmizlənməsindən savayı, dodaq dərisinin qidalandırılması və nəmləndirilməsi də tələb olunur. Onun nəmləndirilməsi və qidalandırılması üçün xüsusi vasitələrdən istifadə edilməsi daha yaxşı olar. Bu məqsəd üçün xüsusi dodaq balzamları və müalicəvi pomadalar vardır. Onları makiyajın altından da çəkmək olar.

Onlar dodaq dərisinin qurumasının və çatlamasının qarşısını almaqla yanaşı, müalicəvi təsir də göstərirlər. Belə ki, onların təsirindən dodaqlar günəşin və küləyin zərərli təsirindən də qorunur, dodaqda olan kiçik çatlar isə sağalır. Bundan başqa, krem şəklində olan xüsusi qidalandırıcı vasitələr də mövcuddur ki, onlar həm dodaq dərisini qidalandırır, həm də nəmliyini saxlayır. Onlardan axşam saatlarında istifadə etmək məsləhət görülür. Kremi dodaqlarınıza sürtdükdən sonra barmaqlarınızın yastıqçaları ilə onları yüngülcə döyəcləyin.

Dekorativ kosmetik vasitələrdən istifadə etməyən qadınlar da istənilən halda dodaqlarının qurumasına yol verməmək üçün dodaqlarına krem, balzam və s. nəmləndirici və qidalandırıcı vasitələri sürtməlidirlər. Mağazalarda satılan vasitələrdən savayı, dodaqlara bu məqsədlə kərə və ya bitki yağı və xama da sürtmək olar.

Dodaqların qırmızı haşiyəsinin quruluğu zamanı dodaq pomadasından istifadə etməzdən əvvəl, dodaqlara gigiyenik karandaş və ya qidalandırıcı krem sürtmək lazımdır. Sizin bütün səylərinizə baxmayaraq dodaqlarınızın dərisi yenə də quru qalırsa, çatlayırsa, qabıq verirsə və s., bu halda mütləq həkimə müraciət edin. Çünki dodaqlardakı bu proseslər hər hansı bir dəri və ya daxili orqanın xəstəliyi nəticəsində də baş verə bilər.

Dodaqların dərisinə qulluq edilməsi üçün ev şəraitində hazırlanan vasitələrdən də istifadə etmək olar.
½ çay qaşığı kəsmik və ya süzmə götürün, üzərinə 1 çay qaşığı yağlı qaymaq əlavə edin, qarışdırın və dodaqlarınıza sürtün. 15 dəqiqə keçdikdən sonra maska qalıqlarını dodaqlarınızdan təmizləyin, üzərinə vazelin sürtün.
1 çay qaşığı xama bir neçə damcı limon şirəsi və bitki yağı ilə qatışdıraraq, dodaqlarınızın səthinə sürtün və 20 dəqiqə müddətində saxlayın.
Çay ağacının yağı dodaq dərisinə qulluq edilməsi üçün çox yaxşı vasitədir. Dodaqlarda olan çatlara bu yağdan sürtə bilərsiniz. Dodaq dərisinə qulluq edilməsi üçün kiçik yaşıl çay paketindən də istifadə etmək olar. Bu çay paketini ilıq suda isladıb bir qədər sıxdıqdan sonra dodaq dərisinin zədələnmiş yerinə qoya bilərsiniz.
1 çay qaşığı kivini həmcins şəkil alanadək əzərək üzərinə 1 çay qaşığı çaytikanı yağı əlavə edib qarışdırın. Alınan qarışığı dodaqlarınıza sürtün və 10 dəqiqə saxlayın.
Dodaqlarınıza bal sürtün və 20 dəqiqə saxlayın.
Bir neçə damcı kök və xiyar şirəsini hər birindən bir qədər bal və xama ilə qarışdırıb təmizlənmiş dodaqlarınıza sürtün və 10-15 dəqiqə saxlayın.
Meyvələrdən (alma, banan, ərik, yemiş, qarpız) hazırlanmış maskalar dodaqlara çox yaxşı qidalandırıcı, nəmləndirici və yumşaldıcı təsir göstərirlər. Meyvənin qabığını soyaraq onun kiçik bir hissəsini ən kiçik gözlü sürtgəcdən keçirin. Alınmış kütlədən az miqdarda (1 çay qaşığından artıq olmamaqla) götürüb onu ½ çay qaşığı yumşaq kərə yağı ilə qarışdıraraq dodaqlarınıza sürtün, 15 dəqiqə keçdikdən sonra silin.

Dodaqlar üçün ən yaxşı təravətləndirmə və tonuslaşdırma vasitələrindən biri qızıl gül, çobanyastığı, dəmrovotu və adaçayı dəmləmələrindən hazırlanmış kosmetik buzun dodaqlara sürtülməsidir. Bu prosedura dodaqların qidalanmasını artırır, onların əzələ təbəqəsini möhkəmləndirir, dəri örtüklərini müxtəlif təsirlərə qarşı daha davamlı edir. Dodaqlarınızı hər gün 1-2 dəqiqədən artıq olmayaraq kosmetik buz parçası (kubu) ilə silin.

Dodaqlar üçün xüsusi masajın edilməsi, onlarda qan dövranının yaxşılaşmasına səbəb olaraq, dodaqlara daha çox təravətlik və möhkəmlik verir, onlarda çatların əmələ gəlməsinin qarşısını alır. Təzə yumşaq diş fırçasını qaynadılmış sərin suda (yaşıl çay, çobanyastığı, adaçayı və ya cökə ağacı çiçəyi dəmləməsi) isladaraq (və ya bala batıraraq) 2-3 dəqiqə müddətində, yüngül dairəvi hərəkətlərlə (mərkəzdən ağız bucaqlarına doğru) əvvəlcə üst dodağı, sonra isə alt dodağı masaj edin.


Tarix: 24.12.2012 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 866 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri