beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buda qadınların gücü))) Tarixdə ilk qadınlar...

Gender bərabərsizliyinin və ya bərabərliyinin ən çox dartışıldığı bir dövrdə yaşayırıq. Hər gün bu mövzuda yeni nəsə eşidirik. Hər gün alimlərlə din xadimlərinin arasındakı mübahisələrə şahid oluruq. Hər gün qadınlarla kişilərin müxtəlif aspektlərdən qarşılaşdırılmasını görürük. Əbədi olaraq bir-brinə yoldaş olan bu iki varlıq həm də əbədi rəqibdir. Amma həm elmi, həm dini yönümdən qadın və kişi anlayışı bir insan, şəxsiyyət olaraq bütövdür və bu bütövü təşkil edən hər iki fərd önəmlidir. O zaman nədən bəzi cəmiyyətlərdə qadın hər zaman kişidən bir addım geridə görülür?

Zərif (bir az kobud deyildikdə zəif) və güclü (hegemon) cins. Bu ifadəni ilk dəfə kim işlədib, bilmirəm, amma qadınla kişini bir-birindən ayırmaq üçün ən çox istifadə edilən ifadədir. «Zərif» sözünün yerində çox zaman «zəif» sözünü də görürük. Tarix bizə göstərir ki, zamanın hər bir dönəmində qadın özünü və bacarığını göstərib. Bu matriarxal dediyimiz zamanda da belə olub, patriarxal dövrdə də belədir.

Tarix və təcrübə göstərir ki, qadın zərifdir, amma zəif deyil. Qadın da kişilərin bacardığını bacarır, asan və ya çətin iş olmasına baxmayaraq. Mövcud olan bütün peşələrdə də qadın əməyi var- analıqdan döyüşçülüyə, evdarlıqdan kosmonavtikayadək. Hər şeyin bir ilki vardır, zaman olub ki, qadınlar bu «ilk»i bacarıblar. Bu dəfə qadın «ilk»lərdən yazmaq qərarına gəldik. Beləliklə, tarix boyu dünyada mövcud olmuş peşələrdəki «ilk» qadınlar...

İlk Qadın Astronavt -Onun milliyəti rus olub. Zaman vardı ki, bütün dünya o qəhrəmandan danışırdı. Valentina Nikolayeva Tereşkova adını ilk qadın astronavt kimi tarixə yazdı. 1963-cü ildə, 19 iyun-da «Vostok VI » ilə 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr etdi. Bununla da bəşər tarixində qadının ən məsuliyyətli, ən çətin və ən cəsarətli işi bacarması faktı həkk olundu.

İlk Qadın Səfir - Aleksandra Qollandas adlı rusdur. Aristokrat bir ailənin övladı olan bu xanım 1915-ci ildə öz ailəsi və aid olduğu təbəqə ilə olan bağlarını qopardı və bolşeviklərə qatıldı. 1922-ci ilin payızında, Sovetlərin Norveçdəki səfiri təyin edildi. O tarixdə SSRİ hələ Norveç tərəfindən rəsmən tanınmamışdı, ona görə ilk xanım səfir Norveçin SSRİ-ni rəsmi olaraq tanınmasından, yəni 1924-cü ilin 15 fevralından sonra vəzifəsinin icrasına başladı.

İlk Qadın Memar - Peşəsini tam və əsaslı olaraq yerinə yetirən ilk qadın memar Ethel Meri Çarlz olduqca bacarıqlı bir qadın olub. Həm öz dövründə, həm də ondan sonra «qadın kişi işini bacarmaz» deyənlərə ən yaxşı sübut olaraq bu xanım göstərilir. Böyük layihələrə imza atan Meri 1898-ci ildə imtahandan uğurla keçərək "İngiltərənin Memarlar Otağı«na üzv oldu.

İlk Qadın Vəkil - „Qadın müdafiə olunandır, qadın zəifdir və qadın qayğıya ehtiyac duyandır“- Arabella bu sözlərdən bezdiyini deyirdi. O müdafiə olunan yox, müdafiə edən olmaq istəyirdi. Sadə Amerika vətəndaşı Arabella Mansfayld arzularını və istəklərini reallaşdırdı. Bir vəkilin bürosunda şagirdlik etdi, təhsilini tamamladı. Arabella 1869-cu ilin iyun ayında ilk məhkəməsinə çıxdı və məhkəməni qazandı.

İlk qadın həkim — Elizabet Blakvell əslən İngiltərədəndir, daha sonra ABŞ-a köçür. Həkim olmağa uşaqlıq zamanı qərar verir. Səbəbi isə uşaqlıq dostunu xərçəngdən itirməsi olur. Dostu ölmədən öncə Elizabetə „qadın bir həkim olsaydı dərdimi daha rahat deyə bilərdim“ demişdi və bu sözlər onun qulağında ömürlük qalmışdı. O Filadelfiya və Nyu-Yorkdakı tibb məktəblərinə müraciət etdi, amma onlar qız tələbə istəmədilər. Elizabet yenilmədi, var gücü ilə mübarizə etdi və sonunda məktəbə qəbul olundu. Məzun olduqdan sonra məhz qadın olduğuna görə heç bir xəstəxanada işə götürmədilər. O da məcbur olub öz tibb mərkəzini açdı. İlk xəstələri də xanımlar oldu.

İlk qadın hakim - Ester Morris amerikalıdır, hüquq təhsili olsa da, qadınların bu cür işlərdə işləməsi bir nöz qəbul edilmirdi. 1870-ci ildə, ABŞ-ın Vyominq əyalətindəki şəhərlərin birində məhkəmə sədri təyin edildi. Gözəl bədən quruluşuna, şirin dilə mailk və bir qədər də kəskin sözlü olan bu xanım məhkəmə sədri olduğu dövrdə 70 iddiaya baxdı. Şəhərdə həmişə onun ədalətli olmasından danışırdılar.

İlk qadın bələdiyyə başqanı - Susanna Medora Salter olub. 27 yaşlı cavan xanım 1887-ci ildə Kanzas əyalətinin Arqonuya şəhərinin Bələdiyyə başqanı seçildi. Seçicilərin üçdə ikisinin səsini yığan Susannanın namizədliyi, özünün xəbəri olmadan üzv olduğu bir dərnək tərəfindən irəli sürülmüşdü. O namizəd olduğunu səs vermək üçün məntəqəyə getdiyi zaman öyrəndi.

İlk qadın millət vəkili - Hər işdə olduğu qədər qadınlar siyasətdə də kifayət qədər başarılıdır. Bunu ilk dəfə Fillandiya xanımları sübut etdi. 1907-ci ildə Fillandiyada keçirilən seçkilərdə 19 qadın namizəd parlamentə üzvlük haqını qazandı. Doqquz xanım iqtidardakı İctimai Demokrat Partiyadan idi və aralarında bir jurnalist, bir dərzi, bir müəllim, bir bərbər və bir qadın haqqları müdafiəçisi vardı.

İlk qadın keşiş - Nyu-Yorkda doğulan Antoninette Brovn ilk qadın şagird kimi Oberlin İlahiyyat Kollecinə daxil oldu. 1853-cü ildə kilsəyə 300 dollarlıq maaşla işə təyin olundu. Bütün keşişlərin kişi olması səbəbindən ona maraq çox böyük idi. Kilsəni təmsil edən nümayəndə kimi bəzi görüşlərə qatılanda onu səs-küylə qarşılayırdılar. Amma sonralar buna alışdılar.

İlk qadın baş nazir - Bu Şirimavo Bandaranaykedir. O 1960-cı ildə öz hökumətini qurdu, Şri-Lanka hökumətinin ilk baş naziri oldu. Ondan sonra qadın baş nazirlərin sıralanması isə bu cürdür: Hindistanda 1966-cı ildə İndira Qandi, İsraildə 1969-cu ildə Elizabet Domiteyn, İngiltərədə 1979-cu ildə Marqaret Techer öz ölkələrinin baş naziri seçildilər.

İlk qadın pilot - Onun adı Elis Roşe olub. Elis səmanı çox sevirdi və bu sevgisi onu pilot etdi. 1909-cu ildə ilk dəfə təkbaşına uçan Elis bir illik təhsildən sonra ilk professional qadın pilot adı ilə tarixə düşdü.

İlk şalvar geyən qadın - Əslində ilk şalvar geyən bölməsində türklərin adını yazmaq lazımdır. Çünki tarix boyu at belində, döyüşdə-vuruşda olan türk qadınlarının ən rahat geyimi şalvar hesab olunub. Sadəcə o zamanlar qadınlar şalvarın üstündən uzun arxalıq geyirdilər və bu bir növ ətək-şalvar birləşməsi demək idi. Amma tarixə ilk şalvar geyən qadın kimi Fransalı müğənni Sarah Bernhard düşüb. Onun geydiyi şalvar pencəyi ilə dəst idi. Qadınlar dəbə minən şalvarı geyməkdə cəsarətsiz idi.

Heykəli ucaldılan ilk qadın - Zadəgan və varlıları nəzərə almasaq, heykəli ucaldılan ilk sadə qadın adi tibb bacısı olub. İngilis Doroti Patisson yoxsulların „mələyi“ idi. Gecə-gündüz onlar üçün işləyirdi. İşlədiyi qəsəbənin meydanında xalq ona heykəl qoydu.

İlk qadın polis - Dövrümüzdə kifayət qədər polis qadın var. Amma qadınların polis olmadığı bir zamanda ilk addımı atan Alisa Stebbin cəmiyyətin qınağına tuş gəldi. 1910-cu ildə Los Ancelesdə fəaliyyətə başladı. Cəmiyyət onu qəbul etmirdi. Polislərə verilən gediş kartı onu bir çox durmlarda çətin vəziyyətə də saldı Tez-tez ictimai nəqliyatlarda mübahisə etməli olan Alisa öz durumundan narahat olsa da sənətini atmadı… Polislər nəqliyyatda o kartın sayəsində pulsuz gedirdilər. Stebbin nə vaxt sürücüyə kartını göstərsə onu danlayırdılar və ərinin kartını istifadə etməkdə suçlayırdılar. Stebbin bundan narahat olurdu və bunu komandirinə dedi və onun kartına „kart qadın polisi üçün verilir“ yazdılar.


Deyirlər, qadın yalnız yaxşı ana, bacı, həyat yoldaşı ola bilər. Bunu deyənlər bir şeyi unudub, qadın həm də yaxşı mütəxəssisdir. Bunu statistika göstərir. Statistikaya görə qadınlar öz işlərinə kişilərdən daha məsuliyyətli yanaşırlar. Mütəxəssislər isə deyir ki, bir qadının uğuru başqa bir qadının uğurunun təməlini qoyur. Zaman pillədir, qadınlar pillə-pillə çıxaraq dövrümüzdəki hüquqlarını öz zəhmətləri ilə qazanıblar.


Tarix: 17.05.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri