Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən “Hamı oğul böyütmüşdü” (Hekayə)

Y
etim Qulu o qapıda, bu qapıda yetimçiliklə böyümüşdü; damdan yıxıla-yıxıla, çayda boğula-boğula, dünyanın bütün pis naxoşluqlarını çıxara-çıxara böyümüşdü.

Ancaq damdan yıxılanda qıçı sınmamışdı, çayda boğulanda batıb ölməmişdi, o ki qaldı naxoşluqlara, burda məsələ bir az qəlizləşir.

Çünki yetim Qulu uşaq vaxtı naxoşluğa düşürdüsə, kənddəki neçə-neçə uşağı da həmin naxoşluğa salırdı.

Qulu çiçək çıxartdı, kənddəki neçə-neçə uşaq da çiçək çıxartdı.

Qulu tamam sağaldı, heç o çiçəyin izi-tozu da qalmadı, ancaq kənddəki neçə-neçə uşağın sir-sifətində o çiçəkdən çopur qaldı.

Qulunun başı yara tökdü, kənddəki neçə-neçə uşağın başı da yara tökdü.

Qulu tamam sağaldı, heç o yaranın izi-tozu qalmadı, ancaq kənddəki neçə-neçə uşağın başında o yaradan keçəllik qaldı.

Bəli, yetim Qulu böyüdü, bir cavan oğlan oldu.

Tay-tuşları başladılar evlənməyə: sifəti çopurlar da evləndilər, başı keçəllər də.

Təkcə yetim Qulu bu qıvrımsaç başıynan, bu gül kimi sifətiynən evlənmədi ki, evlənmədi.

Yetim Qulu evlənməyə qorxurdu. Qorxurdu ki, evlənə - uşağı ola, ölə - uşağı yetim qala...

Yetim Qulu evlənmədi ki, uşağı yetim qalmasın.

Tay-tuşları oğul-uşaq sahibi oldular.

Qulu ölmədi.

Oğul-uşaq böyüdü, beş yaşına çatdı, on yaşını ötdü, on beş yaşından adladı, - Qulu ölmədi və başladı peşiman olmağa.

Fikirləşdi ki, ey dadi-bidad, evlənsəydim, indi oğlumun on beş yaşı olardı...

Yetim Qulu evlənsəydi, oğlu indi iyirmi yaşına çatardı ki, dava başladı.

Oğul-uşağı apardılar davaya.

Qulu fikirləşdi ki, ey dadi-bidad evlənsəydim, oğlum olsaydı, indi davaya gedəcəkdi...

Oğul-uşaqdan başladı qara kağızlar gəlməyə.

Poçtalyon Səməd camaatın qapısını qorxa-qorxa döyməyə başladı, poçtalyon Səməd camaatın qapısını döyəndə camaat qorxmağa başladı və Qulu fikirləşdi ki, ey dadi-bidad, evlənsəydim, oğlum olsaydı, davaya getsəydi, indi qara kağız gələcəkdi...

Və bu cürə fikirləşə-fikirləşə günlərin bir günü hiss elədi ki, poçtalyon Səməddən qorxur.

Yazıq poçtalyon Səmədin bu kənddə qorxmadığı bircə qapı vardısa, o da Qulunun qapısıydı.

Bu yandan da ki, Qulu başladı ondan qorxmağa.

Hər dəfə poçtalyon Səməd qapısını döyəndə Qulunun ürəyi düşürdü, rəngi-rufu qaçırdı.

Yetim Qulu onun nəyindən qorxurdu, niyə qorxurdu, - o yazıq heç cürə başa düşə bilmirdi.

Ancaq yetim Qulu elə sidq-ürəkdən qorxurdu ki, yazıq poçtalyon Səməd bundan qorxmağa başladı, bunun qapısını qorxa-qorxa döyməyə başladı.

Və ikisi də bir-birindən o cürə qorxa-qorxa, çəkinə-çəkinə axırda bir-birini elə şeyə inandırdılar ki, kimə desən inanmaz.

Əgər günlərin bir günü bu kəndə bir qara kağız gəlsəydi və belə məlum olsaydı ki, həmin qara kağız yetim Qulunun davadakı oğlundan gəlib, - nə Qulu bir damcı heyrətlənərdi, nə də poçtalyon Səməd.

Bəli, bunlar ikisi də səmimi qəlbdən inanmışdılar ki, yetim Qulunun bir cavan oğlu var, özü də davadadı...

Ancaq qəribə burasıydı ki, ikisi də Qulunun oğlundan məktub-zad gözləyib eləmirdilər.

Qulunun oğlundan təkcə qara kağız gələ bilərdi...

Yetim Quluynan poçtalyon Səməd bir-birindən bu cürə qorxa-qorxa, çəkinə-çəkinə ayları ötürdülər, illəri yola saldılar və günlərin bir günü baxıb gördülər ki, dava qurtarıb.

Davadan qara kağızı gəlməyənlər özləri bir-bir qayıdıb gəlirdilər. Bu hesabnan gərək Qulunun oğlu da qayıdaydı.

Yetim Qulu bütün kəndin gözünün qabağında həsrətnən oğlunun yolunu gözləyirdi və bu boyda kənddə bir adamın ağlına da gəlmirdi ki, yaxşı, bu Qulu hansı oğlunun yolunu gözləyir?.. Bu Qulunun oğlu nə gəzir?!..

Çünki hamı gözləyirdi, bütün kəndin gözü yoldaydı, davaya gedən oğul-uşağından qara kağız gələnlər də gözləyirdilər.

Yetim Qulu da gözləyirdi...

...Qayıdanlar qayıtdılar, camaatın bir parası gözünü yoldan çəkdi.

Qayıtmayanlar qayıtmadılar, qalan camaat da yavaş-yavaş başladı inanmağa ki, bu qayıtmayanlar deyəsən heç bir də qayıtmayacaqlar, bunlar da gözlərini yoldan çəkdilər.

Belə-belə bütün kəndin gözü yoldan çəkildi və bütün kənd gözünü zillədi Quluya; çünki Qulunun gözü hələ də yoldaydı.

Davadan gələnlər də özlərini itirmişdilər, təəccübnən gah camaata baxırdılar, gah Quluya.

Heç cürə başa düşə bilmirdilər ki, bu əhvalat nə olan şeydir?..

Camaat əhvalatı bunlara da başa saldı və davadan gələnlər bu əhvalata güldülər.

Doğrudu, bu əhvalat əslində gülməli deyildi, ağlamalıydı.

Ancaq bu davadan gələnlər min cürə odun-alovun içindən çıxmışdılar, min cürə ölüm-itim görmüşdülər və indi bu dünyadakı çox-çox ağlamalı şeylər bunlara gülməli görünürdü.

Davadan gələnlər başladılar Quluya sataşmağa; hamısı cürbəcür nağıllar quraşdırıb danışırdı, o nağıllardan belə çıxırdı ki, guya bunlar hamısı davada yetim Qulunun oğluna rast gəlmişdilər, onnan bir yerdə vuruşmuşdular və nəzərə alanda ki, bu adamların heç birisi davada bir-birinə rast gəlməmişdi, onda belə məlum olur ki, yetim Qulunun oğlu quş kimi bir şey imiş, bunun yanından onun yanına uçurmuş, onun yanından bunun yanına uçurmuş.

Ancaq o quşu harda vurmuşdular, kim vurmuşdu, - bunu Quluya deyən yox idi.

Bəli, davadan gələnlər danışırdılar, yetim Qulu kövrələ-kövrələ, doluxsuna-doluxsuna qulaq asırdı, xəlvətə çəkilib ağlayırdı və camaatın başı Quluya elə qarışmışdı ki, poçtalyon Səməd heç kəsin yadına düşmürdü.

Məsələ beləydi ki, yetim Qulunun oğlundan söhbət düşəndə poçtalyon Səmədin də əhvalı dəyişirdi, gözü dolurdu və söhbətin o yerində ki, day yetim Qulu özünü saxlaya bilmirdi, bir xəlvətə çəkilirdi ki, doyunca ağlasın, poçtalyon Səməd də camaatın arasından çıxıb büzüşə-büzüşə evinə gedirdi...

Və günlərin bir günü o yazıq yenə eləcə büzüşə-büzüşə evinə gedəndən bir az sonra kəndə xəbər yayıldı ki, bəs poçtalyon Səməd ölür....

...Poçtalyon can verirdi.

Yazığı dalıqatlı taxtın üstünə uzatmışdılar, arvadı başının üstündə durmuşdu, uşaqları ayağının böyründə dayanmışdılar.

Poçtalyon Səmədin arvadı hönkür-hönkür ağlayırdı, ancaq uşaqları hələ çox balacaydılar, ağlamırdılar.

Və bəlkə də poçtalyon Səmədin arvadı ona görə belə hönkür-hönkür ağlayırdı ki, uşaqlar çox balacaydılar, ağlamırdılar.

Poçtalyon Səmədgilə çoxlu adam yığılmışdı və o yazığın dodaqları tərpənəndə, son nəfəsdə Qulunu çağıranda bu adamlar çaşıb özlərini itirdilər...

Ora yetim Qulu, bura yetim Qulu!..

Qulunu tapıb gətirdilər.

Yetim Qulu içəri girəndə poçtalyon Səməd tamam hərəkətdən düşmüşdü, nəfəsi də gəlmirdi, ancaq ölməyinə də hələ ölməmişdi.

Gözləri açığıdı, qapıya zillənmişdi. Qulunu gözləyirdi.

Hamı Qulunu gözləyirdi.

Poçtalyon Səmədin arvadı da bir qırağa çəkilib kirimişdi, ağlamırdı.

Elə sakitlik idi ki, milçək uçsa, vızıltısı eşidilərdi. Və doğrudan da milçək uçurdu, vızıltısı eşidilirdi.

O milçək vızıldaya-vızıldaya düz poçtalyon Səmədin gözünün qabağında hərlənirdi.

Ancaq poçtalyon Səmədin o milçəyi qovmağa heyi yox idi.

Qorxusundan gözünü də qırpa bilmirdi.

Çünki bilirdi ki, gözünü qırpsa, day açmağa heyi çatmayacaq, elə o cür gözüyumulu ölüb gedəcək. Qulunu da görməyəcək.

Və elə ki Qulu girdi içəri, gəldi dayandı o yazığın başının üstündə, hamı da maraqnan başladı gözləməyə ki, görən poçtalyon Səməd buna nə deyəcək, o yazıq yavaşcadan pıçıldadı:

- Qulu, sən Allah bu milçəyi qov...

Qulu milçəyi qovdu.

Poçtalyon Səməd yenə yavaşcadan pıçıldadı:

- Qulu, ölürəm, halal elə...

Qulu başını tərpətdi, yəni ki halal eləyirəm.

Və poçtalyon Səməd bu dəfə lap yavaşcadan pıçıldadı:

- Qulu, bu neçə ili səni aldatmışam, Allah günahımdan keçsin... döşəyin ucunu qaldır, uşağın qara kağızı ordadı...

Camaatın gözü bərəldi: hansı uşağın qara kağızı?.. Nə qara kağız?..

Qulu əliylə döşəyin ucunu qaldırdı.

Hamı dörd göznən baxırdı; ancaq döşəyin altı bomboş idi...

Camaat rahat nəfəs aldı.

Yetim Qulu çevrildi poçtalyon Səmədə desin ki, bəs döşəyin altında heç nə yoxdu.

...Poçtalyon Səməd ölmüşdü...

1970


Tarix: 28.05.2013 / 15:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 477 Bölmə: Maraqli Hekayeler
loading...