beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni çox sevirəm...

Nyu-Yorkda yaşayan bir müəllim liseyin son sinfindəki şagirdlərini mükafatlandırmağı qərara almışdı.
Kaliforniya liseylərindəki bir təcrübədən istifadə edərək, şagirdlərini bir-bir lövhəyə çağırdı. Əvvəlcə, şagirdlərinə həm sinif yoldaşları, həm də onun üçün nə qədər qiymətli olduqlarını dedi. Sonra da hər birinə üzərində qızıl hərflərlə “Siz bizim üçün çox qiymətlisiniz” sözləri yazılmış mavi bir lent verdi. Ancaq məsələ bununla bitmirdi. Müəllim bu təcrübənin cəmiyyətdə necə təsir doğuracağını öyrənmək istəyirdi. Ona görə də hər şagirdə əlavə üç mavi lent verdi. Onlar da bu lentlərlə başqalarını “mükafatlandıracaq” və nəticə barədə bir həftə ərzində siniflərinə məlumat verəcəkdilər...

Şagirdlərdən biri yaxınlıqdakı şirkətin vəzifəli şəxslərindən birini “mükafatlandırmış”, yaxasına mavi lent sancmışdı. Sonra da əlavə iki lent verərək: “Sinfimizdə bir layihə həyata keçiririk. Əgər mümkünsə, siz də istədiyiniz bir adamı mükafatlandırın və ona əlavə bir lent verin. Qoy, o da başqasını mükafatlandırsın”, — demişdi...

O gün həmin vəzifəli şəxs acıdilliyi ilə tanınan müdirini mükafatlandırmağı qərara aldı. Müdirinin otağına girərək, “dahi bir insan olduğu üçün” onu mükafatlandırmaq istədiyini bildirdi. Sonra da mavi lenti yaxasına sancmaq üçün icazə verib-vermədiyini soruşdu.
Təəccübdən yerində donan müdir: “Əlbəttə ki, sanca bilərsiniz”, — deyə cavab verdi. Vəzifəli şəxs mavi lenti müdirinin ürəyinin başına sancdıqdan sonra ikinci lenti verərək: “Siz də mənə bir yaxşılıq edin. Bu lentlə başqa birini mükafatlandırın”, — dedi...

O gecə müdir evə qayıdanda on dörd yaşlı oğlunun yanında oturaraq: “Bu gün çox qəribə bir şey oldu”, — dedi. Sonra da davam etdi: “Ofisdə idim. Müdirlərimdən biri içəri girdi, mənim dahi olduğumu düşündüyü üçün yaxama bu lenti sancdı. Təsəvvür edirsən, dahi olduğum üçün… Üstəlik, “Siz bizim üçün çox qiymətlisiniz” yazılmış bu lenti ürəyimin başına sancdı. Sonra da mənə əlavə bir lent verərək, başqa birini mükafatlandırmağı xahiş etdi. Maşınla evə gələndə bu mavi lenti kimə verəcəyimi düşündüm və ağlıma sən gəldin. Mən bu lenti sənə vermək istəyirəm. Çünki günlərim çox gərgin keçir. Evə gələndə sənə kifayət qədər vaxt ayıra bilmirəm. Bəzən dərslərindən aldığın qiymətlərdən razı qalmayanda, ya da otağını yığışdırmadığını görəndə üstünə qışqırıram. Ona görə də bu gecə yanında oturmaq və sənə “mənim üçün nə qədər qiymətli olduğunu” demək istədim. Anan kimi sən də mənim üçün çox qiymətlisən. Səni çox sevirəm”… Təəccübdən yerində donan uşaq indi də ağlamağa başlamışdı. Bütün bədəni titrəyirdi. Başını qaldırdı və yaşlı gözləri ilə atasına baxaraq: “Sabah intihar etmək istəyirdim, ata”, — dedi, — “Çünki mən sənin… Mən sənin məni sevmədiyini düşünürdüm. Ancaq artıq hər şey başqadır. Ata, sən öz oğlunun… Sən öz oğlunun həyatını xilas etdin!..”

P. S. Unutmayın, haradasa sizin də sevginizi eşitmək istəyən insanlar var!


Tarix: 03.12.2014 / 13:43 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Maraqli Hekayeler